Budda heykəli - Vaqif Sultanlının hekayəsi

 

 

On illik ayrılıqdan sonra vətənə dönərkən ən böyük istəyi keçmiş iş yerinə - universitetə gedərək bir zamanlar eyni kafedrada çalışdığı müəllim yoldaşları ilə görüşmək, dərdləşmək, xatirələrin işığında ötən günləri yad etmək idi.

Ölkəni tərk edəndə hər kəsdən çox dərs dediyi tələbələrin taleyinə ağrımışdı; ona ehtiyacı olduqlarını bilirdi. Ancaq bəlli səbəblərdən getməyə məcbur idi, daha dözüb gözləyə, həyatını bundan artıq təhlükəyə ata bilməzdi. Bununla belə, indi də hərdən yollar ayrıcında vurnuxduğu o dönəmlər bəlkə tərəddüdlərini yenib vətəni tərk etməməyinin mümkünlüyünü zehnindən keçirir, atdığı addımın doğrumu, yanlışmı olduğunu kəsdirə bilmirdi.

Əslində, qürbət ona ürək ağrısından savayı bir şey verməmişdi. Bütün dərdlərini, əzablarını özü ilə aparmış, bir gün olsun belə qoyub getdiyi doğmalarının, yaxınlarının surəti gözlərinin önündən çəkilib getməmişdi. İndi neçə illik ayrılıqdan sonra vətənə dönərkən ötüb keçən illərin həzin, kədərli səhifələrini xəyalından keçirir, həyəcanı daha da böyüyürdü.

Nə zamandan bəri həsrətlə gözlədiyi görüşün kafedrada çay süfrəsi arxasında, səmimi ovqatda keçməsini düşündüyündən bir gün öncə xüsusi tort sifariş vermiş, ancaq sürpriz olsun deyə gələcəyini kimsəyə bildirməmişdi.

Taksidən enəndə əvvəlcə yanlış ünvana gəldiyini düşündü; hər şey tanınmaz şəkildə dəyişmiş, universitetin girəcəyində tağlı qapı, qarşı tərəfdə şüşəli kitabxana binası ucaldılmış, metro xəttinin yeni girişi açılmışdı. Ancaq yol kənarında, tanıyıb-biləndən bəri yanından etinasız keçmədiyi, həmişə əlləri dizlərinin üstündə bardaşqurma oturmuş, məğrur duruşu ilə Budda heykəlini xatırladan kor dilənçi gözlərinə sataşınca bu illər ərzində çox şeyin dəyişmədiyini anladı, geri dönərkən mütləq ona baş çəkəcəyini, yardım edəcəyini ağlından keçirdi.

Tağlı qapıdan adlayaraq universitetin binasına girərkən alışmadığı kəsif yemək iyi onu vurunca bir zamanlar kitab dükanı olan böyük salonun kafeyə çevrildiyini gördü. Kafenin qarşısından liftə qədər uzanan hay-küylü izdihamın arasından keçərək mərmər pillələrlə üçüncü mərtəbəyə qalxan zaman tanış bir çöhrə ilə qarşılaşa biləcəyinin yaratdığı həyəcandanmı, ya hansısa səbəbdən başını qaldırıb kimsənin üzünə baxmağa ürək eləmirdi.

Kafedranın qapısını açanda gözünə ilk dəyən otağın sağ küncündə bilgisayarın arxasında oturan tanımadığı gənc qız oldu. Salam verincə qız təəccüblə onu süzərək:

- Kim lazımdı sizə? - soruşdu.

- Məni tanımadınız, deyəsən?

Qız baxışlarını bilgisayardan ayırmadan:

- Yox, tanımadım, - dedi.

Pərtlyini gizləməyə çalışaraq adını söylədi, sonra da:

- Mən bu kafedrada düz iyirmi il müəllim işləmişəm, - dedi, - siz təzə gəlmisiniz, deyəsən?

Qız başı ilə təsdiq etdi.

- Nə işləyirsiniz burda?

- Baş laborantam.

- Bəs müəllimlər hardadı?

- Müdir iclasdadı, müəllimlərin bəziləri dərsdə, bəziləri də repetitorluqla məşğuldular.

- Zəngə çox qalıb?

Laborant qız öncə otağın yuxarı başındakı yatmış divar saatına, sonra isə telefonuna baxaraq:

- Yox, bir azdan zəng vurulacaq.

Dəvət gözləmədən əlindəki tort qutusunu masanın üstünə qoyaraq kafedra müdirinin kreslosu ilə yanaşı nimdaş meşin stulda oturdu.

Bir azdan qapı açıldı, deyinə-deyinə içəri girən kafedra müdiri yorğun, əsəbi, ya fikirli olduğundanmı, yaxud hansı səbəbdənsə ona məhəl qoymadan keçib kreslosunda əyləşdi. Müasir ədəbiyyatdan mühazirələr oxuyan, bir zamanlar həyat eşqi ilə coşub-çağlayan, indi isə həvəsi, ehtirası büsbütün sönmüş kafedra müdiri tələbəlik illərində müəllimi olmuş, universiteti bitirəndən sonra onun doktoranturada saxlanılmasına səy göstərmişdi.

- Deyəsən, məni tanımadınız? - dedi.

Kafedra müdiri ani baxışla onu süzərək ayağa qalxıb:

- Sən Allah bağışla, hamısı qocalıqdandı, - dedi və əl uzadıb görüşəndən sonra çantasını eşələyə-eşələyə laboranta səsləndi: - Qızım, mənə bir stəkan ilıq su ver, dərmanımın vaxtı keçir.

Laborant həvəssiz yerindən qalxaraq küncdə dəmir seyfin üstündəki gümüşü rəngli çaydandan bir stəkan su dolduraraq müdirin qabağına qoydu.

- Səhərdən dilimə bir şey dəyməyib. Allah kəssin belə günü, belə güzəranı...

Zəng vurulunca kafedranın müəllimlərindən biri, o zamanlar barışmaz müxalif mövqeyi ilə seçilən xanım professor yorğun, üzgün halda içəri girdi və onu görüncə sevincini gizləyə bilmədi.

- Elə biryolluq gedən oldun...

- Nə bilim, vallah...

- Hansı ölkədəsən?

- Almaniyada.

- Yəqin dərs deyirsən universitetdə?

- Yox, özəl bir şirkətdə çalışıram.

Otaq bürkü idi - qapı-pəncərə açıq olsa da, boğucu havasızlıq sezilirdi. Üzü qapıya sarı oturduğundan dəhlizdən keçib gedən insanları soyuq bir etinasızlıqla seyr edirdi.

Tənəffüs olunca kafedraya dönən, əksəriyyəti qadın olan müəllimlərin bəziləri onu tanımadı, bəziləri isə tanışlıq verəndən sonra güclə xatırladı, xatırlayanlar da ağızucu hal-əhval tutmaqla kifayətləndi.

Hərdən tələbələr içəri girərək hansısa müəllimə yaxınlaşır, çeşidli səbəblərdən növbəti dərsə girə bilməyəcəyini söyləyərək icazə istəyirdi. Kafedra müdiri müəllimlərə müraciətlə:

- Heç kəsə icazə verməyin, - dedi, - bunların fikri dərs oxumaq deyil.

Tələbələrdən biri:

- Mənə icazə verməsəniz də dərsə girməyəcəyəm, - deyərək əsəbi addımlarla otaqdan çıxdı.

- Tələbə küçədə gəzib-dolaşsa, daha çox bilik qazanar, nəinki bu divarların əsarətində...

- Sən vaxtında canını qurtardın burdan... Heç olmasa, özünə, övladlarına gün ağladın, - bunu kimin söylədiyini bilmədiyindən cavab vermədi.

Müəllimlərin çöhrəsində aşırı yorğunluq, həvəssizlik duyulurdu, sanki istəmədikləri bir işlə məşğul imişlər kimi, özləri də sezmədən eləcə vaxtın axışını izləyir, hər şeyin tez-tələsik bitməsini gözləyirdilər. Sözarası keçmiş iş yoldaşlarının bəzilərinin dünyasını dəyişdiyini eşidəndə isə çox üzüldü.

Zəng içəri vurulunca müəllimlər ayağa qalxıb dərsə tələsdiklərini bildirərək kafedranı tərk etdilər. Laborant qız ona bir fincan çay süzdü, içərisində iki-üç sorma konfet olan köhnə qənddanı çəkib qarşısına qoydu. Bu arada telefon zəng çaldı, dəstəyi qaldıran qız kafedra müdirinə dönərək:

- Sizi istəyirlər, - dedi.

Kafedra müdiri önündəki paralel dəstəyi götürüb telefonda sorulan hansısa suala cavab verdi və dərhal ayağa qalxaraq:

- Mən evə getməliyəm, - dedi, - tamam yadımdan çıxmışdı, bu axşam qonaq gələcək, yolüstü bəzi şeylər almalıyam. Sonra asılqandan əzik boz şapkasını götürüb başına qoyaraq: - Hələ buralardasan yəqin, vaxtın olanda gəl bir söhbətləşək, - əlavə etdi və ağır-ağır otaqdan çıxdı.

İndi kafedrada laborant qızla ikisi qalmışdı. Qız bilgisayarın arxasında, bayaqkı yerində oturub gözlərini monitora zilləmişdi, əl hərəkətlərindən və üzünün sayrışan cizgilərindən hansısa əyləncəli oyunu izlədiyi sezilirdi.

Otağı başdan-ayağa gözdən keçirdi - zahirən heç nə dəyişməmişdi. Köhnə kitab dolabında bir zamanlar universitet tələbələri üçün yazılmış, müəllifi olduğu dərsliyin solğun cildi gözlərinə dəydi. Uzun illər işlədiyi, həyatının ən gərgin, mürəkkəb, həyəcanlı çağlarının keçdiyi bu otaqda hər şey ona yad görünürdü. Kafedranı gözdən keçirdikcə onun olmadığı illər ərzində burda yaşanılanları xəyalında canlandırmaq istəyirdi.

Gözlərini yumdu, bir anlığa işdən çıxmadığını, ölkəni tərk etmədiyini, növbəti zəngdən sonra o da başqa müəllimlər kimi mühazirə oxumaq üçün hansısa auditoriyaya yollanacağını zehnindən keçirdi və ruhunun çalxandığını duydu. Ancaq bu bircə anlıq çəkdi, təkrar zamanın axarı sərt dönüşlə gerçək məcrasına yönəlincə özünə gəldi... və qəfildən darıxdığını hiss etdi.

Bu arada laborantın cib telefonu zəng çaldı. Qız telefonu qulağına tutaraq:

- İndi gəlirəm, - dedi və tələsik masanın üstündəki əşyalarını yığışdırmağa başladı.

Bilgisayarın söndürüldüyünü və elektrik xəttindən çıxarıldığını duydu. Laborant qız:

- Müəllim, bağışlayın, yoldaşım aşağıda məni gözləyir, getməliyəm, - yad bir ahənglə bildirdi.

Ayağa qalxdı, qapıya yaxınlaşanda qız:

- Bir az yaxşı alınmır, ancaq inciməyin, tortu götürün özünüzlə. Sabah iş günü deyil, burda qalsa xarab olacaq.

Özünü itirən kimi oldu, ancaq toparlanaraq:

- Aparın, sizin qismətinizmiş, - dedi.

- Yox, yox, biz belə şeylər yemirik, mən də, yoldaşım da pəhriz saxlayırıq, - deyərək tort qutusunu masanın üstündən çəkib ona verdi, otağın qapısını bağlayaraq sağollaşmadan cəld addımlarla uzaqlaşdı.

Nə edəcəyini bilmədiyindən əlində tort qutusu böyür-başından ötüb keçənlərin təəccüblü baxışlarını duymadan bir sürə dəhlizdə, kafedranın qapısı önündə dayanıb durdu. Beyni gizildəyir, vətənə ayaq basandan bəri səngimiş həsrət duyğusu oyanaraq yenidən onu acımasızcasına içinin qürbətinə sürükləyirdi.  

Qəfildən nə fikirləşdisə, qəti addımlarla pillələri enərək universitetin hündür tağlı qapısından keçib əcnəbi dillərdəki yazıların yadlaşdırdığı küçəyə çıxdı. Sağa-sola boylandı, kitab dükanı ilə üzbəüz mətbuat köşkünün böyründə daş səkinin üstündə oturmuş Budda heykəlinə bənzəyən kor dilənçini görüncə ürəyi üstünə gəldi. Yaxınlaşıb həmişəki kimi salam verdi, çöhrəsinə yayılan həlim ifadədən aradan bunca zaman keçməsinə baxmayaraq unudulmadığını duyunca onu qucaqlayıb bağrına basdı, sonra keçib yanında oturdu.

- Müəllim, nə vaxtdı ki, gəlmirdiniz...

- Burda deyildim...

- Ayaq səsləriniz kəsiləndən düz on il keçir, - dedi və dərindən köks ötürərək əlavə etdi: - Sizdən sonra çox sular axdı, çox yellər əsdi...

Dilənçinin kövrəldiyini hiss etdiyindən sözünü kəsərək:

- Sənə kiçik bir hədiyyəm var, - dedi və tort qutusunu ehmalca onun daş kimi soyuq əllərinə tapşırdı.

Qutunun içərisindəkini barmaqlarının sığalı ilə öyrənməyə çalışan dilənçi nə isə demək istədi, ancaq səsi titrədiyindən deyəcəklərini uddu, kor gözlərinin çuxurunda iki damla yaş gilələndi.

Metronun girişinə yaxınlaşanda ixtiyarsız olaraq ayaq saxladı, geriyə çevrilib uzaq tələbəlik çağlarının həyəcanlarını yaşadığı, iyirmi ildən artıq müəllim kimi ömrünü əritdiyi, bir daha dönməyəcəyi ünvanı kədərlə süzdü və bu illər ərzində onu qara kölgə kimi izləyən, özü ilə qürbətə daşıdığı keçmişindən bir an erkən ayrılmaq inadı ilə addımlarını yeyinlətdi.

 

02-14 fevral 2023,

Qahirə-İskəndəriyyə-Bakı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!