Hekayə
... sonra qatar fit verə-verə körpüdən keçəndə, qarşıdakı dağın uzaq yamacında üstünə ağ-göyümtül bulud çökmüş bir kəndin qırmızı kirəmitli evləri, o evlərin ağappaq əhəng divarları göründü və atası ağzını, burnunu qatar pəncərəsinin şüşəsinə dirəyərək, bir müddət o uzaq yamacdakı kəndə baxdı və:
- Kaş, mən də orda yaşayaydım!..- pıçıldadı.
Birinci sinif şagirdi, yeddi yaşlı Muxtar altdan-yuxarı əvvəlcə atasına, sonra o kəndə, sonra yenə atasına baxdı və atasının o kəndə yönəlmiş qəribə baxışı həmişəlik Muxtar Manaflının yaddaşına hopdu - illər keçdikdən sonra atasının o baxışını gözlərinin qabağına gətirəndə başa düşmüşdü ki, o zaman o baxışlardan yağış kimi, dəruni bir kədər yağırmış.
Qatar körpüdən keçib eləcə fit çala-çala yarğana girdi və o kənd də gözdən itdi, vaqonun pəncərəsindən sıldırım qayalardan başqa heç nə görünmürdü, ancaq yeddi yaşlı Muxtara elə gəldi ki, atası o pəncərə şüşəsindən yenə də həmin qəribə baxışlarla o kəndə baxır. Sonra yarğan boyu getdikcə qaranlıq çökdüyü üçün, qatarın işığı yandı və atası pəncərə şüşəsində öz əksinə baxa-baxa eyni sözləri pıçıldadı:
- Kaş, mən də orda yaşayaydım!..
İllər keçdikcə dağın yamacında üstünə ağ-göyümtül bulud çökmüş o uzaq kənd tez-tez Muxtarın gözlərinin qabağına gəlirdi, elə bil, o kəndə uşaq klaydeskopunda baxırdı və klaydeskop fırlandıqca yamyaşıl ağacların arasından görünən kirəmitlərin qırmızısı, divarların ağartısı, buludların, çöllərin rəngləri bir-birini əvəz edirdi.
Və elə bil, yeddi yaşlı uşağın atası ilə birlikdə getdiyi o qatar fit verə-verə Muxtarı ağ vərəqlərə, rəngbərəng karandaşlara apardı - elə o zamanlardan da Muxtar dağ yamacındıkı o kəndin şəkillərini çəkməyə başladı və hər dəfə də o şəkillər harasa, uzaqlara gedən qatar təkərlərinin tukkatukunu eşidəndə çəkirdi. Onun çəkdiyi o kənd - eyni kənd idi, ancaq rəngbərəng karandaşlarla, daha sonra akvarellə, sonralar isə yağlı boyalarla çəkidiyi o kəndin mənzərəsinə Muxtar hər dəfə yeni gözlə baxırdı və hər dəfə də bu kənd onun üçün daha doğma olurdu. Düzdür, "Prof. M.A.Salamova" qıpqırmızı manikürlü uzun və arıq barmqlarının arasında tutduğu siqareti tüsdülədə-tüsdülədə diri göy gözləri ilə bu şəkillərə baxanda, manikürü kimi qıpqırmızı da boya sürtülmüş nazik dodaqlarını aralayıb:
- Sən özünü təkrar edirsən- deyirdi.- Yeni mövzular tapmalısan.
Və Muxtar çalışırdı ki, çəkdiyi o uzaq kəndin şəkillərini "Prof. M.A.Salamova"dan gizlətsin, ancaq barmaqlarının arasında siqaret, daima kimsəsiz otaqlarda gəzişən "Prof. M.A.Salamova"dan nəsə gizlətmək olardı?
"Prof. M.A.Salamova" Muxtarın ana nənəsi idi və həm yeganə azərbaycanlı qadın idi ki, SSRİ EA-nın müxbir üzvü seçilmişdi, həm də bütün SSRİ-də nüfuzlu antik hüquq mütəxəssisi olan yeganə qadın idi. Mənzilinin çöl qapısında böyük hərflərlə "Prof. M.A.Salamova" yazdırmışdı və anası Muxtarı hər dəfə bu geniş mənzilə gətirəndə onun, yəni Muxtarın bütün daxilinə bir qaranlıq çökürdü - məsələ yalnız bunda deyildi ki, "Prof. M.A.Salamova"nın evində bütün pəncərələr uzun illər boyu saralıb-solub naməlum rəngli qalın pərdə ilə örtülü olurdu və gün işığı o pərdələrdən güclə keçib, otaqlara sıza bilirdi - bu öz yerində, əsas məsələ onda idi ki, Muxtar lap uşaqlıq çağlarından bu tərəfə, bu uzun, arıq qadını heç vəchlə doğma bir insan kimi hiss edə bilmirdi.
- Yenə eyni şeyi çəkirsən!?- "Prof. M.A.Salamova" siqaretdən dərin bir qullab vurub, diri göy gözləri ilə Muxtarın çəkdiyi dağ yamacındakı o uzaq kəndə baxa-baxa başını bulayırdı və on bir yaşlı Muxtar növbəti dəfə ürəyində özünə söz verirdi ki, bir də heç vaxt "Prof. M.A.Salamova"gilə gəlməyəcək, ancaq atası qəflətən vəfat etdikdən sonra, anası onu evdə tək qalmağa qoymurdu - Muxtar məktəbdən çıxıb, "Prof. M.A.Salamova"nın evinə gəlirdi, axşam isə anası işdən çıxıb onu öz evlərinə aparırdı.
Bir dəfə də "Prof. M.A.Salamova" göy gözlərini gah o şəkillərdəki kəndə, o qırmızı kirəmitli evlərə, gah da Muxtara zilləyib:
- Sən o kəndə elə baxırsan, elə bil, ilotlar azadlığa baxır,- dedi və Muxtar bu sözlərdən heç nə başa düşmədi, heç nə də soruşmadı, çünki "Prof. M.A.Salamova"nın hər bir sözü, elə bil, Muxtarın fikrindəki qatarın fit verə-verə keçdiyi o körpünü çilik-çilik söküb dağıdırdı.
"Prof. M.A.Salamova"nın əri, yəni Muxtarın babası çoxdan ölmüşdü, Muxtar onu görməmişdi, bilirdi ki, onun da adı Muxtar olub və anası həmişə rəfiqələrinə, qonşularına həmin Muxtarla "Prof. M.A.Salamova"nın əfsanəvi məhəbbətindən danışırdı, ancaq hər dəfə də kənardan bu söhbətlərə qulaq asan Muxtara elə gəlirdi ki, o rəhmətlik Muxtar dözməyib, ürəyi "Prof. M.A.Salamova"ya görə partlayıb.
Muxtar öz evlərində də çəkdiyi o kəndin şəkillərini gizlətməyə başlamışdı, çünki anası da başını bulayıb, "Prof. M.A.Salamova" kimi:
- Elə eyzən eyni şeyi çəkirsən…- deyirdi.- Başqa bir şey də çəkmək lazımdı, ya yox?
Muxtarın dərsliklər, məktəb dəftərləri düzülmüş dolabında, o dərsliklərin, dəftərlərin arxası, mizinin yeşikləri, çarpayısının altı dağın döşündəki o uzaq kəndin şəkilləri ilə dolu idi və nəhayət, "Prof. M.A.Salamova"nın məsləhəti ilə anası bir neçə şəkil də götürüb, onu rəsm dərnəyinə apardı. Muxtar dərnəyə getmək istəmirdi - ürəyinə bir qorxu çökmüşdü ki, dərnək onu o kənddən ayıracaq və dən düşmüş saçlarını səliqə ilə arxadan bürüyüb düyünləmiş, paltarının üstündən də göy xalat geymiş dərnək rəhbəri bir-bir o şəkillərə baxanda, Muxtar qaçıb gizlənmək istəyirdi, çünki dərnək rəhbərinin də "Prof. M.A.Salamova"nın dediklərini deyəcəyini eşitmək istəmirdi, ancaq qəribəsi bu oldu ki, dərnək rəhbəri:
- Qəşəng kənddi…- dedi və birdən-birə Muxtarın ürəyi bərkdən döyünməyə başladı.- Başqa şəkilə baxa-baxa çəkmisən?
Muxtar dərnək rəhbərinin sualının fərqinə varmadan, gözlərini ona zillədi və birdən-birə də Muxtara elə gəldi ki, bu qadının da baxışı atasının körpüdən keçən o vaqon pəncərəsinə dikilmiş baxışına oxşayır.
Dərnək rəhbərinin sualına Muxtarın əvəzinə anası cavab verdi:
- Yox, yox!.. Özündən çəkir…- Və anası bu sözləri aşkar bir fəxarətlə dedi.
Muxtar isə o anlarda yenə vaqonda gedirdi - qatar fit verə-verə körpüdən keçirdi və o qatarın təkərlərinin tukkatukuna qarışmış: "Kaş mən də orda yaşayaydım"- pıçıltısını da Muxtar o anlarda eşidirdi.
Dərnəkdə əvvəlcə qara karandaşla kubları, üçbucaqları çəkirdilər, sonra cürbəcür dolça, stəkan, alma, armud çəkməyə başladılar, sonra rəngli karandaşlara, flomasterlərə, sonra da akvarelə keçdilər və dərnək rəhbəri uşaqların şəkil çəkdiyi otaqda gəzişə-gəzişə tez-tez Muxtarın yanında ayaq saxlayıb, onun çəkdiyi dərnək əşyalarına baxırdı:
- Yaxşıdır…- deyirdi və Muxtarın ürəyinə yayılan mehriban bir səslə əlavə edirdi: - Sən rəssam olacaqsan. Özü də yaxşı rəssam.
Və ən qəribəsi də orası olurdu ki, dərnək rəhbərinin bu sözlərini eşidəndə Muxtarın fikrində həmin dərnək əşyaları - dolçalar, stəkanlar, almalar - elə bil onları pozanla fikrindən pozurdular - itib yox olurdu, əvəzində isə dağın yamacındakı o kənd canlanırdı və Muxtara elə gəlirdi ki, dərnək rəhbəri o kəndin sakinidir; Muxtara elə gəlirdi ki, saçlarına dən düşmüş bu gözəl qadın o kənddə əlini gözlərinin üstünə tutub diqqətlə uzaqdakı körpünün üstündən keçən qatara baxır və vaqonun pəncərəsi qarşısında dayanmış onu - yeddi yaşlı Muxtarı görür; Muxtara elə gəlirdi ki, saçlarına dən düşmüş bu gözəl qadının baxışları onu, yəni Muxtarı da o kəndə çağırır, qatar çarxlarının tukkatukunun müşayiəti ilə: "Bura gəl!.. Bura gəl!.."- pıçıldayır.
Muxtar o dolça və stəkanlara, o armud və almalara baxırdı, onları çəkirdi, ancaq çox zaman fikrində elə o kənd idi və Muxtar dərnək əşyalarını tələm-tələsik çəkib, yeni bir həvəslə o kəndi gah qara tuşla, gah pastellə, akvarellə, tempera ilə kağızda, kardonda çəkməyə başladı. Dərnək rəhbəri:
- A… Həmin mənzərədi?- soruşdu və: - Yaxşıdı…- dedi, ancaq bir müddətdən sonra yenə Muxtarın akvarellə vatman kağızlarında çəkdiyi o şəkillərə bir-bir baxıb: - Yox… Bilirsən, belə olmaz!- dedi, sonra da eynilə "Prof. M.A. Salamova" kimi: - Sən özünü təkrar edirsən. Yeni mövzular tapmalısan- dedi.
Beləliklə, saçlarına dən düşmüş o qadın bir də heç vaxt dağın yamacındakı o kənddən körpünün üstü ilə gedən o qatara baxmadı və ümumiyyətlə, həmin andan sonra Muxtarın həyatında daha heç kim o kəndin sakini olmadı. O vaxt ki, anası dərnək rəhbərinin tərifindən cuşa gəlib aşkar bir qürurla: "Yox, yox!.. Özü çəkir!.." demişdi, ondan bir müddət sonra anası o kəndin yeni-yeni şəkillərinə evdəki qazanlara, boşqablara necə baxırdısa, elə baxırdı.
Muxtar Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda oxuyanda həmin kəndi - uzaqdan divarları ağaran qırmızı kirəmitli evləri, o yaşıllığı, o ağ-göyümtül buludları kətan üzərində, kətan tapmayanda orqalitdə yağlı boya ilə çəkirdi və Moskvada quşbaşı qar yağan şaxtalı bir qış günü Muxtarın həyatında qəribə bir hadisə oldu: neçə il idi ki, vəfat etmiş "Prof. M.A.Salamova" birdən-birə Muxtarın yadına düşdü və sən demə, "Prof. M.A.Salamova"nın az qala iyirmi il bundan əvvəl dediyi o sözlər - "Sən o kəndə elə baxırsan, elə bil, ilotlar azadlığa baxır" - elə o vaxtdan Muxtarın yaddaşına hopmuşdu
O vaxt "Prof. M.A.Salamova" bu sözləri deyəndə, Muxtara elə gəlmişdi ki, "ilot" - pis sözdü, söyüş kimi bir şeydi, ancaq Moskvanın quşbaşı qar yağan həmin şaxtalı qış günü o, Akademiyanın kitabxanasında lüğətləri qabağına töküb, özü də səbəbini bilmədiyi və heç vaxt da hiss etmədiyi xoş bir ovqat və həvəslə "ilot" sözünün mənasını tapdı: eramızdan əvvəl IV-V əsrlərdə Spartada kənd təsərrüfatı ilə məşğul olan qullara "ilotlar" deyirmişlər və ilotlar uzaq tarlalarda əkib-becərən azad insanlara daimi bir kədər və həsədlə baxırmışlar.
Həmin şaxtalı qış günündən sonra quşlar ağacda yuva quran kimi, "ilot" da, elə bil, onun beynində yuva qurdu və Muxtar Manaflı V.İ.Surikov adına Moskva Rəssamlıq Akademiyasını bitirərkən, diplom işi kimi kətan üzərində yağlı boya ilə çəkdiyi o kəndin arxa tərəfində, az qala üfüq xəttində güclə görünən sakinləri nəsə əkib-becərirdilər və onların - o uzaqlıqda güclə görünsələr də - azad və xoşbəxt bir aura altındakı sevincləri aşkar hiss olunurdu, gözə görünməyən ilotlar isə həsəd dolu baxışlarla o insanlara baxırdılar. O ilotlar tablolarda görünmürdülər, ancaq onlar Muxtar Manaflının beynində iki min il bundan əvvəlki həmin daimi kədər və heç vaxt da yox olmayacaq həmin həsədlə o kənd sakinlərinə baxırdılar - onlar kətan üzərindəki o kəndin gözəgörünməz tamaşaçıları idi .
Surikov Akademiyası buraxlış komissiyasının sədri, məşhur rus şairi Osip Mandelştamın qardaşı oğlu, SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü, professor Natan Emilyeviç Mandelştam idi və o, Muxtarın çəkdiyi o kəndi ilk dəfə görürdü. Professor Mandelştam gözlərini qıyıb diqqətlə baxaraq, xeyli müddət o tablonun qarşısında dayandı , sonra elə bil, özü-özünə:
- İnteresnaya rabota!.. ("Maraqlı işdir!..") - dedi və bununla kifayətlənməyib, yenə elə bil, özü-özünə əlavə etdi: - Daje oçen interesnaya rabota!.. ("Hətta çox maraqlı işdir!..")
Qəribəsi də o oldu ki, professor Mandelştam bu sözləri elə dedi, elə bil, nədən isə ehtiyat edir, hətta qorxur - hər halda Muxtar bunu aşkar hiss etdi.
Muxtar Manaflı Moskvada ali təhsilini bitirib Bakıya qayıtdı və o kənd hər dəfə kətan, ya kardon, kağız üzərində canlananda ilotlar da eyni baxışlarla üfüq xəttində görünən o azad insanlara baxırdılar. Bir dəfə o, yəni Muxtar Manaflı az qala cismani olaraq hiss etdi ki, ilotlarla birlikdə atası da o uzaq kəndə baxır və qatar fit verə-verə o körpüdən keçən vaxt atası gözlərini dağın yamacında evlərinin kirəmiti qıpqırmızı qızaran o uzaq və azad kəndə zilliyəndə ilotlar da onunla bir yerdəymiş, sadəcə, Muxtar bunu görməyib. O zaman "Kaş mən də orda yaşayaydım" sözlərini də atası, əslində, içindəki ilotlarla birlikdə deyib və günlərin bir günü Muxtar Manaflının arvadı - Gülzar məşhur bəstəkar idi - növbəti dəfə ərinin çəkdiyi tabloya - dağın döşündəki o kəndə baxanda əsəbi halda türklər kimi:
- Allah-Allah!- dedi.- Bu, artıq maniyadır!..
Muxtar "prof. M.A.Salamova" kimi səhərdən-axşamacan barmaqlarının arasından düşməyən siqaretdən dərin bir qullab vurub, gülümsədi və onun gülümsədiyini görən Gülzar daha artıq bir əsəbiliklə:
- Açıq-aşkar bir maniya!- deyə təkrar etdi.
Muxtar yenə eləcə gülümsədi və həmişəki kimi heç nə demədi.
Məsələ burasında idi ki, təxminən bir il bundan əvvəl, Muxtar Gülzarın yeni çıxmış albomundakı musiqilərə qulaq asanda birdən-birə onu, yəni Gülzarı da dağ yamacında o gözəl və azad kəndə baxan ilotlarla birlikdə gördü - Gülzarla bağlı bu kəşf onu sarsıtdı, çünki evlənmələrindən on ilə yaxın bir vaxt keçirdi və sən demə, bu müddət ərzində o, Gülzarı tanımırmış, əsl Gülzar tamam başqa imiş, sadəcə, bundan Muxtarın xəbəri yox imiş və ən başlıcası isə, Gülzarın özünün də nəinki bundan xəbəri yox idi, bunu heç ağlına sığışdıra da bilməzdi.
Muxtar Manaflının emalatxanası o uzaq və azad kəndi çəkdiyi tablolarla, rəngli və rəngsiz qrafika ilə, etüdlərlə, eskizlər, qaralamalarla dolu idi və hərdən onun emalatxanasına gələn həmkarları bu qədər eyni mənzərəli rəsm əsərlərinə baxıb mat qalırdılar ki, bir mənzərəni nə qədər çəkmək olar, ancaq Muxtar Manaflı üçün gün işığı kimi aydın bir həqiqət var idi: bu rəsmlər bir-birinin eyni deyil və heç vaxt da olmayıb. Onların hər birinin öz ovqatı var idi, sadəcə, bütün bu işləri eyni azadlıq və xoşbəxtlik aurası birləşdirirdi və bu aura əsərdən-əsərə uşaq klaydeskopundakı kimi təzələnirdi, yeni-yeni rəng çalarları, nüanslar yaranırdı.
O, başqa mövzularda da çəkirdi: portretlər, natürmortlar, cürbəcür kompozisiyalar və s. Və bu əsərlər sərgilərdə nümayiş olunurdu, alınırdı, ancaq bu işlər həmişə Muxtar Manaflı üçün əsas işlə bağlı daxili səfərbərliyə kömək edirdi, yəni həmin portretləri, natürmortları və s. çəkə-çəkə özünü əsas mövzusuna hazırlayırdı.
Rəssamlar daha bu emalatxanaya gəlmirdi, hətta Gülzarın da bu emalatxanaya gəlməyə həvəsi yox idi və Muxtar Manaflı bundan qətiyyən incimirdi, çünki Gülzar bu rəsmlərdəki azad kəndə həsəd və həsrət dolu nəzərlərlə baxan ilotların arasında idi və sadəcə, özünün bundan xəbəri yox idi. Gülzarın musiqisi bunu başa düşürdü, özü isə bunu bilmirdi və Gülzarın heç ağlına da gəlməzdi ki, Muxtar Filarmoniyada onun kamera orkestri üçün yazdığı son konsertinə qulaq asa-asa o kəndə, elə bil, bir çox illər bundan əvvəlki kimi, uşaq klaydeskopu ilə baxırdı və hər bir akkorddan sonra o əhəng ağlığının, o kirəmit qırmızısının da cürbəcür çalarları bir-birini əvəz edirdi.
Muxtar Manaflı günün çoxunu emalatxanada keçirirdi və yalnız bu emalatxana onun üçün doğma və rahat bir yer idi - təkcə ona görə yox ki, burada işləyə bilirdi, o kəndin bir-birini qətiyyən təkrar etməyən - başqaları bunu görmürdü - rəsmlərini çəkirdi, həm də ona görə ki, burada ilotlarla birlikdə o uzaq kəndə nə qədər istəyirdi, o qədər də baxırdı, onun dünya haqqında, həyat haqqında düşüncələrinə, fikirlərinə, qənaətlərinə heç kim mane olmurdu.
Və belə günlərdən birində Muxtar Manaflıya elə gəldi ki, üzünü yalnız fotolarda gördüyü baba Muxtar da onunla birlikdə o azad kəndə baxır və bu, Muxtar Manaflıya bir az gülməli gəldi, çünki ani olaraq fikrindən keçdi ki, baba Muxtar "Prof. M.A. Salamova"nın əlindən, pəncərələri qalın pərdə ilə örtülmüş o geniş və boş mənzildən qurtula bilmədiyi üçün ilotlarla birlikdə ün yetməz, əl çatmaz, həmişə də eləcə bir uzaqlıqda qalacaq o kəndə baxır, ancaq Muxtar Manaflı üçün ən gözlənilməzi və təsirlisi o oldu ki, bir müddətdən sonra birdən-birə onun düşüncələrində, fikirlərində "Prof. M.A.Salamova"nın özü də ilotlarla birlikdə o azad kəndə baxmağa başladı.
Və bir gecə Muxtar Manaflı yatağında uzanıb heç cürə yuxuya gedə bilmədi, birdən-birə ayağa qalxıb geyindi və yuxudan oyanan Gülzar da heç nə soruşmadı, çünki yaxşı bilirdi, Muxtar emalatxanaya gedir - o biri böyrü üstə çevrilib gözəl yuxusuna davam etdi və Muxtar Manaflı taksidən düşüb, emalatxanasının qapısını açan kimi, tələsik boş bir kətan götürüb, molbertə bərkitdi, ikicə saat keçmədi ki, heç bir fotoya baxmadan "Prof. M.A.Salamova"nın portretini çəkdi: "Prof. M.A.Salamova" qırmızı boyalı nazik dodaqlarını bir-birinə sıxıb, baxışlarındakı kədər və həsrəti cidd-cəhdlə gizlətmək istəyirdi, ancaq bu mümkün deyildi, onun göy gözlərindəki diriliyin altında başdan-başa bir kədər və həsrət gizlənmişdi.
Muxtar Manaflı siqaret çəkə-çəkə gözlərini qıyıb, "Prof. M.A.Salamova"nın göy gözlərinə baxaraq, heç cürə özünü bağışlaya bilmirdi ki, bu gözlərin dərininə çökmüş həmin kədəri və həsrəti bu qədər illər boyu sezə bilməyib və bu dəm o, birdən-birə rəsm dərnəyinə getdiyi o günləri xatırladı, saçlarına dən düşmüş o dərnək rəhbəri gözlərinin qabağına gəldi. Muxtar Manaflı bu uzun illər boyu heç vaxt o qadını xatırlamamışdı və beləcə birdən-birə o qadını xatırlaması Muxtar Manaflının içinə bir qüssə doldurdu, çünki dərnək rəhbərinin də gözlərinin dibinə açıq-aydın bir kədər çökmüşdü, ancaq nə üçün onun özünün bundan xəbəri yox idi? Bəlkə adam özü xəbərsiz olanda onun içindəki kədər yuxulu olur, uzaq başı, mürgüləyir?!
Və həmin tarixi yay günü Muxtar Manaflı köhnə yumşaq kürsüdə - baba Muxtarın bu kürsüsü "Prof. M.A.Salamova"dan sonra anasına, rəhmətlik anasından da bu emalatxanaya gəlmiş bir yadigar idi - oturub diqqətlə o kəndə baxırdı və o kəndin molbertə bərkidilmiş kətanda yağlı boya ilə çəkilmiş rəsmi Muxtar Manaflının indiyəcən çəkdiklərinin arasında bəlkə də ən böyüyü idi, heç vaxt da heç bir işini bu qədər uzun müddətə - bir aydan çox - işləməmişdi və bu yeni işi dünən axşam bitirmişdi. Bitirdi və çox zaman olduğu kimi, evə getmədi, gecəni emalatxanada qaldı və ən maraqlısı bu idi ki, başqa vaxtlardan fərqli olaraq, evə getmək istəyirdi, ancaq elə bil, hansı bir qüvvə isə az qala cismani surətdə yapışıb, onu emalatxanada saxladı.
Gülzar səhər evdən çıxıb konservatoriyaya - orada bəstəkarlıq fakültəsinin professoru idi - gedəndə yolüstü emalatxanaya gəldi və bu yeni və böyük işi görəndə:
- Möhtəşəmdi!..- dedi.- Gözəldi!..- Sonra gözlərini rəsmdən çəkib Muxtara baxaraq gülümsədi.- Ancaq… incimə… mən bunu min dəfə görmüşəm!..- Sonra da ciddi bir adam olan Gülzar işvəli bir qəmzə ilə ona göz vurub getdi.
...Sonrakı illər boyu Gülzar bu son görüşü tez-tez xatırlayırdı və fikirləşirdi ki, necə oldu, nə üçün, hansı səbəbə həmin yay səhəri yolüstü emalatxanaya getdi? Nə olmuşdu? Muxtar ki, çox zaman gecələr emalatxanasında qalırdı və Gülzar da heç vaxt səhər-səhər ora getmirdi…
Ancaq o zaman Gülzarın o gözlənilməz gəlişi də, hətta eləcə işvəli bir qəmzə ilə göz vurmağı da Muxtar Manaflıya heç bir təsir etmədi, çünki Muxtar Manaflı bütün gecəni yuxu ilə ayıqlıq arasında körpünün üstündən keçən o qatarla yol getmişdi və Gülzar gələndə də o qatar təkərlərinin tukkatuku onun qulaqlarında idi. Yataq-divandan qalxıb baba Muxtardan yadigar qalmış o kürsüdə oturanda da Muxtar Manaflı hələ bir müddət həmin qatarda idi və həmin qatardan heç cürə düşə bilmirdi. Ümumiyyətlə, bu qatar onu hara aparırdı? - Muxtar bunun fərqində deyildi və Gülzar gedəndən sonra da körpünün üstündən keçən həmin qatarda gedirdi, atası da vaqon pəncərəsindən dağın uzaq yamacındakı o kəndə baxırdı, sadəcə xəbəri yox idi ki, o kəndə ilotların gözü ilə, ilotlarla birlikdə baxır.
Və o tarixi yay günü Muxtar Manaflı eləcə kürsüdə oturub, gözlərini molbertin üzərindəki o uzaq kəndə zilləmişdi və o anlarda, elə bil, o kənd kətan çərçivələrindən çıxmışdı, daha da genişlənmişdi, hətta Muxtar Manaflıya elə gəldi ki, uzaqlarda onun çəkmədiyi zəmiləri, o zəmilərdə deyib-gülə-gülə çalışan insanları da dəqiq görür.
Və bu vaxt Muxtar Manaflı elə bil, özü qalxmadı, hansı bir qüvvə isə onu ayağa qaldırdı və Muxtar Manaflını özünə çəkə-çəkə molbertin üzərindəki o kəndlə üzbəüz qoydu.
Muxtar Manaflı cismən hiss etdi ki, onu qucaqladılar və onun ürəyindən yaddaşının dibinə çökərək, bütün bu illər boyu susmuş bir hissiyyat baş qaldırdı: anası heç vaxt onu beləcə qucaqlamayıb, heç vaxt belə bir doğmalıq hiss etməyib, bu - tamam başqa bir doğmalıq idi, sərhədsiz, daimi, mütləq bir doğmalıq. O, gözlərini yumdu və həmin anlarda bütün varlığı ilə hiss etdi ki, daha ilotların arasında deyil, ilotlarla birlikdə baxmır, əksinə, ilotlar və ilotlarla birlikdə tanıdığı və tanımadığı bir çox insan da indi o uzaq kənddə ona - Muxtar Manaflıya baxır.
Və o tarixi yay günü günəşin şüaları birdən-birə qəfil bir sel axını kimi Muxtar Manaflının emalatxanasına bir çəkisizlik gətirdi və bütün emalatxananı bir şəffaflıq bürüdü.
***
Rəssamların, sənətşünasların arasında xəbər yayıldı ki, Muxtar Manaflı yoxa çıxıb - başına nə iş gəlib? Nə olub? Necə olub? - məlum deyil.
- Qəribəlikləri var idi…- deyirdilər.
- Eyni mənzərəni nə qədər çəkmək olardı?..
- Ancaq pis rəssam deyildi…
Gülzar:
- Axı mən bu otaqda onun təzə işini gördüm!..- deyirdi.- Böyük bir kətanda həmin kənd idi. Hanı o iş? Bəs, molbert hanı? O işi də, o boyda molberti də özü ilə aparıb?! Hara aparıb? Bəlkə onu aparıblar? Kim? Niyə? Aparmayıblarsa, Muxtar hara gedib?
2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!