Son vaxtlar Taryel tumbuçkanın üstündəki zəngli saatın səsinə oyanardı. Əlhavasına saatı tapar, başına qapaz vurub kiridərdi. Sonra əlini saatın üstündən sürüşdürüb göz karandaşını götürərdi. Əvvəl sağ gözünün konturunu çəkərdi; bəbəyini, didəsini qoyardı, gözü açılardı. Görərdi ki, qadını Aynur güzgünün qarşısındadı; səliqəylə gözlərini bəzəyir. Onun bu qədər gözəl, bu qədər dəqiq göz çəkməyinə, bəzəməyinə həmişə heyran olardı. Bir səhər Aynurun gözləri dəniz mavisi olardı, bir səhər yarpaq yaşılı, bir səhər zeytun qarası, bir səhər sünbül sarısı... O gözlərinin içinə təbəssüm çəkməyi bacarırdı. Taryel bəzən şübhəli qalırdı ki, Aynur hamı kimi adi biri deyil, onun üzündə hamıdakı kimi sadəcə ağız, burun yox, həm də göz yuvasında anadangəlmə göz var. Göz karandaşıyla, sadəcə, onu daha da qabarıq göstərməyə çalışır.
Əvvəllər, - yeni evləndikləri vaxtlarda Taryelin gözünü hər səhər Aynur çəkərdi. Taryel gözünü açanda başının üstündə Aynurun üzünü görərdi. Gülərdi Aynur, əyilib onun dodağından öpərdi. Sonra... Sonra sarmaş-dolaş...
Bir dəfə Taryel gecə yarı oyanmışdı, sağ gözünü necə gəldi çəkib açmışdı, dönüb Aynura baxmışdı. Əmin olmuşdu ki, onun da göz yuvası hamıdakı kimi bütövdür, qeyri-adi heç nə yoxdur.
Sonralar da Aynur erkən durar, əvvəl Taryelin, sonra da gedib körpənin gözünü açardı. Evdə hamının gözü Aynurun gözünə bənzəyərdi. Sonra... Sonra da bu evə zəngli saat gəldi.
Taryel bu dəfə diksinib oyanmışdı, zəngli saatdan əvvəl. Yatağında oturub iki əlini də tumbuçkanın üstünə sürtə-sürtə göz karandaşını əl havasına axtarır, hərdən də Aynuru çağırırdı:
- Gəlmisən? Aynur! Qayıtmısan?
Yonulub, üç-dörd santı qalmış qara göz karandaşı hara diyirlənib düşmüşdüsə Taryel tapmırdı. Hirsindən əlinə keçəni götürüb atır, yerdə iməkləyə-iməkləyə axtarırdı. Daha Aynuru çağırmadı. Alnı tumbuçkanın tininə dəyəndə elə bil yaddaşı geri qayıtdı; axşam qapıdan içəri səntirləyə-səntirləyə girmişdi. Təxmin elədi ki, axşam hirsindən-hikkəsindən evin altını üstünə çevirəndə göz karandaşı da hansısa küncə, nəyinsə altına diyirlənib. Özü tapa bilməz.
Taryel döşəmədə oturub, belini çarpayısına söykədi. Qarşısındakı paltar dolabının iki qapısı da iri lay güzgü idi, əgər heç olmasa bir gözünü çəkmiş olsaydı, özünü görərdi. Görərdi ki, əlləriylə başını tutub belə oturanda necə yazıq, yalqız görünür.
Adam belə vaxtı hirsindən ağlamaq istəyir. Bəlkə Taryel də ağlayırdı, göz yaşı içinə süzülürdü, ona görə belə tez-tez udqunurdu.
Durub divara sürtünə-sürtünə evdən bloka çıxdı. Qonşunun qapısını döydü. Qapını yaşlı qadın açdı. Qadın bir gözünün konturunu çəkmişdi, bəbəyini, didəsini qoymuşdu, amma nə qaşı var idi, nə kirpiyi... Əli əsdiyindən bu bir gözü də almacığının üstünə əyilmişdi.
- Karandaşımı itirmişəm. Sizin göz karandaşı...
- Qoca arvadam. Göz karandaşım özümə çatmır. Niyə verim?! - Axıra qədər dinləməmiş cavab verdi.
- Mənim o da yoxdur. Karandaşın da gözümə düşməz. Onu istəmirəm. İndi sənin gözünə ehtiyacım var. Zəhmət olmasa, gəl, mənim göz karandaşımı tapaq.
- Arvadını saxlasaydın kor qalmazdın. - Qadın qapını onun üzünə çırpdı.
Taryel bir mərtəbə aşağı düşdü.
Qapını cavan gəlin açdı.
- Bağışlayın, göz karandaşımı tapmıram. Həmişəki yerində deyil. Kömək eləsəniz...
- İşə tələsirəm. - Cavan gəlin çəkdiyi iri gözlərini süzdürdü.
- Onda burda Aynur adını tapın, xahiş edirəm. - Taryel cibindən telefonu çıxarıb gəlinə uzatdı.
Taryel axırıncı pillədə oturub qudok səsini dinləyirdi.
- Alo... Alo... Aynur. - Sevincək bağırdı.
- Demişdim axı, bir də mənə yox, bizdən çox əzizlədiyin sevgilinə zəng elə.
- Hallüsinasiyam oldu. O hadisə baş verəcək... Yanıma gəlin...
Aynur onun sözünü ağzında qoydu. Sonra operator nömrəyə zəng çatmadığını dedi.
Taryel küçəyə çıxdı. Etiraz aksiyası başlamışdı; şüarları bağıran adamlar axın-axın mərkəzi küçəyə gedirdilər. "Göz verin!" "İmkan verin biz də görək! Göz karandaşının qiymətini endirin!" "Göz sayını artırın!"
Taryel hardan ayaq səsi, insan hənirtisi eşidirdisə qarşısını kəsir, az qala yalvarırdı ki, birlikdə mənzilə qalxsınlar, göz karandaşını tapmaqda kömək eləsinlər. Onun qoluna bir yaşlı kişinin əli girdi.
Pillələri qalxdılar.
- Kor cəmiyyətdə tək-tənha yaşamaq çətindi, oğul. Yanında mütləq gözünü açan biri olmalıdır. Əsasən də, qocalığa doğru yola çıxmısansa. - Boz kostyumlu, qalstuklu, silindrli, təkgöz kişi gün eynəyinin üstündən ayağının altına baxa-baxa amiranə danışırdı. - Etirazların xeyri yoxdu, amma yenə də lazımdır. Niyə bizim iki gözümüz də olmasın? Niyə camaat birinə qənayət eləməlidir? İlin axırına kimi karandaş çatmır. On ikidən sonra televizora da baxa bilmirəm. Deyirlər çox yaxşı verilişlər, xəbərlər olur... Amma biz nəinki dünyadan, heç özümüzdən xəbər ala bilmirik...
- Hiss edirəm. Olacaq. Hallüsinasiyalarıma inanıram. - Taryel öz hayındaydı. - Sən də özünə işıq tap.
Mənzilə girdilər. Kişi otağın səliqəsizliyindən vəziyyəti təxmin elədi. Ətrafa baxıb başını buladı, nırçıldadı.
- Hə. - dedi, - Deyəsən, çoxdan gedib! Gedər də, elə günə gəlmişik bir-birimizlə dil də tapa bilmirik. Anlamırıq bir-birimizi. İstəyirsən deyim niyəsini? Cılızlaşırıq. Bir-birimizi görmürük ki, dəyər verə bilək. Biz mexanizmin detallarına çevrilmişik...
Taryel kişiyə göz karandaşını həmişə qoyduğu yeri göstərdi, oturdu çarpayının ayağında. Xahiş elədi ki, tələssin, arvadını, uşağını indi tapmalıdı. Sonra gec olar.
Kişi hər tərəfə göz gəzdirdi. Sonra dolabın qapısındakı güzgünün qabağında dayandı, eynəyini alnına qaldırdı, göz karandaşını pencəyinin döş cibindən götürüb ikinci gözünü də iri çəkdi, açdı, sonra başladı axtarmağa. Yastığın, döşəyin altına baxdı. Dolabı açıb mücrünü tapdı, içində gözünə qiymətli dəyən nə vardısa götürüb pencəyinin cibinə basdı. Taryel hələ də danışırdı. Elə deyirdi hamı işığa qaçmalıdır. Kişi istəyirdi Taryel danışsın, lap uzada-uzada, arxayın söhbət eləsin.
- Bəs niyə uşağı da götürüb getdi?
- Qısqandı. Dedi ki, məndən çox onun olursan. Bizdən çox onun yanında qalırsan. Evə gələndə də dilindən düşmür. Belə-belə sözlər.
- Yalandı?
- Yox.
Kişi indi o biri otaqlardakı siyirmələri eşələyirdi. İri əşyaları astanaya yığmışdı. Əmin olanda ki, daha bu evdə dişinə dəyəsi, satıb pula çevirəsi, gücü çatıb aparası bir şey qalmadı, yığdıqlarını da qoltuğuna vurub elə getdi ki, Taryelin xəbəri olmadı. Taryel onda duyuq düşdü ki, evdən hənirti kəsilib. Kişini bir neçə dəfə çağırdı. Deyəsən, kişinin əsl niyyəti, məqsədi Taryelin ağlına indi gəlmişdi. Qapıya qaçdı, dəhlizdə ayağı ilişib yıxıldı, yenə cəld durub evdən çıxdı. Sonra nə fikirləşdisə, qayıdıb qapını açarla bağladı. Kişini çağıra-çağıra pillələri düşdü. Küçəyə çıxanda bağırdı ki, qoymayın oğru qaçır. Evimi soyub apardı. Tutun onu! Taryel adamları yara-yara, ona-buna çiyin vura-vura, büdrəyə-büdrəyə havadan aldığı iyə doğru gedirdi. Taryelin qurd kimi iy bilmə qabiliyyəti olsa da, bir neçə metr gedəndən sonra dayandı. Aldığı qarmaqarışıq iylərin içində kişinin iyi itmişdi. Kimin yoluna, qarşısına çıxırdısa bir tərəfə itələnirdi. Gəlib çıxdı yolun kənarına. İndi hansı istiqamətə gedəcəyini dəqiq bilmirdi, xahiş edirdi ki, kimsə onu mənzilinə aparsın. Etiraz aksiyası olmasaydı özü binanı tapardı. Tərslikdən telefonu da çarpayının üstündə qalmışdı.
Bir neçə yeniyetmə onun qolundan tutub dayanacağın arxasına gətirdi. Arxayın elədilər ki, onu dediyi binaya aparacaqlar. Sonra uşaqların hərəsi bir tərəfdən dartıb onun əynindəki köynəyi çıxartdılar. Onsuz da ayaqyalın idi, evdən qaçanda ayaqqabı geyinmək ağlına gəlməmişdi. Yerə yıxılanda, uşaqların ikisi Taryelin üstündə oturdu, şalvarını siyirib əynindən çıxardılar. Taryel söyürdü, bağırırdı, deyirdi heç olmasa evin açarlarını qaytarın. Uşaqlardan biri açarı havada cingildətdi ki, eşitsin. Qışqırırdı Taryel, deyirdi evdən gedib nəyi istəyirsiz götürün, bircə göz karandaşımı tapın, verin. Özünüz də işığa qaçın. Gedin işıq tapın.
- Deməyim budur ki, gərək heç kimi qınamayasan. - Taryelin qolundan tutan adam dedi. - Hər ay barmaq boyda göz karandaşının qiyməti qalxır. Bilmirsən sabah necə alacaqsan. Deməyim budur ki, illik əməkhaqqım bir göz karandaşı eləmir. Adamların gözünü oğurlamaq nə deməkdir? Niyə üçgözlülər, dördgözlülər hər şeyi görməlidirlər, biz yox? Deməyim budur ki, qəsdən istəyirlər kor qalaq. Göz karandaşlarının keyfiyyəti də çox pisdir. Zayını çıxarıblar. Əvvəllər, bilirsən bir karandaşla nə qədər istifadə edərdik? Üstündə göstərilən göz sayı da saxtadı. 365 günün üç yüzünü görmür. İyirmi dörd saat bitməmiş gözüm solub gedir. - Taryel bu dəfə ondan ehtiyat eləmədi, onsuz da tuman-maykada qalmışdı.
Kişi Taryeli binanın blokuna qədər ötürdü. Taryel pillələri iki-iki qalxdı. Qapının dəstəyini dartışdırdı, açılmadı. Çömbəlib qaldı qapının qabağında.
Cəftə içəridən siyrilməsiylə qapının onu itələməsi bir oldu. Taryel diksindi. Uşaqlar içəridən çıxdılar. Ütüy olanlar aradan çıxdılar. Taryel bir uşağın ayağından yapışa bildi. Üzünə, başına təpik, yumruq dəysə də bağrına basdığı ayağı buraxmadı:
- Nəyi istəyirsiz, aparın! Amma getməyin. Hər şey sizin olsun. Bircə göz karandaşımı tapın. Yalvarıram... Bir azdan baş verəcək...
Uşaqların təlaşı dağılıb getdi. Anladılar ki, bu adam təhlükəli deyil. Nahaq yerə dodağını, burnunu da al-qana bulamışdılar.
- Mən karandaşı gördüm... - Uşaq dedi. - Şəklin qabağındaydı.
- Şəklin? Hansı şəkil? - Taryel ayağı buraxdı. - Harda?
- Qamotun üstündə.
Taryel içəri iməkləyə-iməkləyə girdi, qamotun üstündə çərçivəyə salınmış ailə şəkli qoyulmuşdu; Taryel oğlunu qucağında tutmuşdu, sol qolunu salmışdı Aynurun boynuna.
Taryel əlini qamotun üstündə gəzdirəndə barmağı karandaşa toxundu.
Bir gözünü açanda işıq beyninə doldu, o biri gözünü güzgüyə baxmadan tələsik çəkdi. İkisi də əyri idi. Gedib əynini geyindi, uşaqlar şalvarı evin ortasına atmışdılar.
Taryel telofonu götürüb pillələri düşəndə Aynura təkrar-təkrar zəng elədi.
Blokdan çıxanda dayandı. Sərin yel əsirdi. Taryel bu yelin gətirdiyi buz soyuqluğunu hiss elədi. Səmaya baxdı: bozarmış buludlar Günəşin üstünə sürünürdü. "Gəlir!" dedi öz-özünə. Qaçdı. Qaça-qaça bağırdı:
- Qaçın! İşıqda gizlənin! Qara duman gəlir! Qara duman!
Bəziləri sadəcə duruxub Taryelin dalınca baxır, sonra öz yoluna davam edirdilər. Aydın qaçdığı yol boyu eyni sözü deyirdi: "Qara duman gəlir. İşığa qaçın! İşığı tapın".
Qara üzüm giləsi boyda yağış damlaları yerə çatdı. Taryel onları başında, boynunda, burnunun üstündə hiss elədi. İki əlini də durbin kimi gözünə tutdu ki, yağış yumasın, qara duman çökənə qədər Aynuru, uşağı tapsın. Yağış damlası kimin başına dəyirdisə Taryelin sözünə inanırdı. Hərə vay-şivənlə bir tərəfə qaçırdı, toqquşub yıxılırdılar...
Sərin yel getdikcə şaxtalı küləyə çevrilirdi; külək yağış damlalarını güllə kimi səpələyir. Kimin gözü axıb tökülürdüsə ortalıqda bağıra-bağıra qalırdı. Ha istəyirdi üzünü silib yenə gözünü açsın, alınmırdı. Göz karandaşı nəm üzə çəkilmirdi.
Bir qadın təlaşından göz karandaşını əlindən salmışdı, iməkləyirdi, gölməçənin içində əlini şappıldada-şappıldada axtarırdı.
Taryelin bir dəfə geri çevrilib baxmağa fürsəti oldu, onda da gördü ki, Qara duman dağların başından yerə əyilir.
Tarladan hamı perikmiş kimi qaçırdı. Maşınlar kimini vurub yıxır, kimini də atırdı yoldan kənara. İndi yol hərəkəti qaydaları, nizamlı gediş tələbləri heç kimin vecinə deyildi. Hamı pərvanə kimi işıq axtarırdı.
Geriyə baxanda görürdün ki, Qara duman kimi bürüyübsə, həmin adam yerindəcə müqəvvaya çevrilib; ağzı açıq, əlləri havada, bir ayağı yerdən üzülmüş, yıxılıb yerdə qalmış müqəvvalar...
Taryel özünü çatdıranda Aynurun gözləri yanağına axmışdı. Əllərini qabağa uzadıb qorxudan bağıra-bağıra qaçırdı. Taryel Aynuru səsindən, ətrindən tanıdı. Qaçdı, yapışdı onun havada həyan axtaran əllərindən.
- Qorxma, gəldim. Bir gözüm qalıb. Uşağı götürək. Bilirəm hara getmək lazımdır, bilirəm!
Aynur etiraz eləmirdi, onun əlindən tutub qaçırdı.
Qara duman şəhərin bütün Günəş panellərini udmuşdu. Adamların sığınacağı işıqlar getdikcə azalırdı. Belə vaxt adamlar sağ qalmaq üçün bir lampalıq işığın üstündə bir-birini didirdilər. Kim işığı üzündə qoruya bilirdisə Qara duman ona çökə bilmirdi. Bəzi evlərin pəncərəsində alov görünürdü.
Bir yanda da gölməclər selə çevrilmişdi, üzü aşağı axırdı...
- Mayaka qaçmaq lazımdı. Mayaka!
Taryel oğlanı çiyninə çuval kimi atmışdı. Aynur Taryelin pencəyindən tutmuşdu. Taryelin gözünün kənarları yanağına axsa da hələ bəbəyi, didəsi qalmışdı. Əlini durbinə çevirib gözünü qoruyurdu.
Mayaka çatmışdılar. Bircə qalırdı üzü yuxarı qalxmaq. Üzü yuxarı qalxdıqca yağış damlaları üzünə çırpılırdı.
Taryelin əli mayakın beton gövdəsinə dəyəndə daha heç nə görmürdü. Amma illərlə gəlib-getdiyi, hər daşına tumar çəkib oxşadığı, boyunu sevdiyi mayakı onun əlləri, ayaqları, əzbər tanıyırdı. İndi göz lazım deyildi. İçəri girdilər. Taryel onları dolama pilləkənlə yuxarı qaldırdı. Aradabir Aynurun heyi kəsildi, amma yenə özündə güc tapıb qalxdı.
Pillələri qalxa-qalxa Taryel deyirdi:
- Görürsənmi, mayaka sığındıq. Deyirdin Mayakı məndən çox sevirsən. Deyirdin bizdən çox Mayakın yanındasan... Bilirdim Qara duman gələcək... Bilirdim bizi ancaq bu sevgi xilas edəcək.
Taryel yuxarı qapını açanda yağış başlarına döyəclədi, yenə də qalxdılar. Bir səhv addımla mayakın başındakı iki addımlıq yerdən qayalığa düşərdilər. Külək ata bilərdi onları, amma Taryel ayaqlarını qoyacaqları yeri lap çoxdan hazırlamışdı.
Oğlanın kürəyini sinəsinə sıxdı. Üçü də əllərini trosdan tutub mayak işığının qarşısında dik dayandılar. Mayakın fırlanan isti işığı qaranlığı qılınc kimi kəsirdi. İmkan vermirdi ki, onların qurşaqlarına qədər qalxmış Qara duman çiyinlərinə, üzlərinə çatsın...
Taryel gözünü açanda pəncərədən düşən günəşin şüaları onun bəbəklərini qıcıqlandırdı. Sonra Günəşlə onun arasına baş silueti girdi, birçəklərdə burulmuş nazik tellər günəşin şüalarında tel-tel göründü. Sonra dodağı öpüldü. Aynurun gözlərini indi gördü; həmən gülən gözləri. İndi hərəsinin bir gözü var idi.
- Deyəsən, yenə qarabasman oldu?
- Hə. Dəhşətli...
- Nə gördün?
- Gördüm oyanıram, göz karandaşımı tapmıram. Məni yenə Mayaka qısqanmısan. Oğlanı da götürüb getmisən. Mən də...
- Sən vaxtında gəldin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!