Sığınacaqdakı oğlan - Nurlana İşığın hekayəsi

 

Müəllimimizi çox istəyirik. Düzdür, o, bizi heç də həmişə tərifləmir, başımıza sığal çəkmir, bəzən acıqlanır da. Ancaq bizə elə gəlir ki, ondan yaxşı müəllim yoxdur. Qısa kəsilmiş saçları yumru üzünə çox yaraşır. Tez-tez zarafatlar edir. Bizi ən çox güldürən insandır müəllimim. Biz deyəndə ki, dəftərimiz evdə qalıb, o, - siz dərsi keçin, mən də gedim sizin dəftərinizi gətirim, - deyir. Ya da biz deyəndə ki, dərsə hazır deyilik, o deyir ki, yəqin, müdiriniz bütün günü sizi işlədir, evə yorğun gəlirsiniz. Bu zaman biz həm gülürük, həm də bir az utanırıq.

Bir dəfə müəllim dedi ki, şənbə günü uşaq-ailə sığınacağına gedəcək, orada bizim kimi uşaqlar var, onlara dərs keçəcək. Mən xahiş etdim ki, onunla gedim, kömək edərəm. Müəllimim razı olmadı. Mənsə israr etdim və əlaçı olacağımı, bütün dərslərimi çatdıra biləcəyimi söylədim. O, gözlərimin içinə baxıb güldü. Axşam evə zəng edib valideynlərimin razılığını istəyəcəyini bildirdi.

Atam məni ruhlandırdı:

- Sən ağıllı oğlansan, bilirəm ki, getdiyin hər yerdə həyat təcrübəsi qazanacaqsan.

Biz müəllimimlə məktəbin həyətində görüşdük. Onun əlində həmişəki çantası yox, dəftər-kitabla dolu torba vardı.

Birlikdə ikimərtəbəli evin həyətinə daxil olduq. Cırıldayan taxta pilləkənlərlə yuxarı qalxdıq. Çox da işıqlı olmayan bir otaq göstərdilər bizə. Sonra iki cavan qız gəldi və dərslərin burada keçiləcəyini deyib getdi. Ortada alçaq bir masa, ətrafında da yeddi-səkkiz nəfərlik stul vardı. Beş dəqiqə keçməmişdi ki, otağın qapısı açıldı və içəri müxtəlif yaşlarda uşaqlar daxil oldular, bəzilərinin başı qırxılmış idi. Bizə baxıb səbəbsiz yerə gülürdülər. Müəllimim də gülümsədi, onlara əyləşməyi təklif etdi. Onlar bizə çox diqqətlə baxırdılar. Bayaqkı qızlardan biri içəri daxil olub sərt şəkildə elan etdi, - müəllimi incitməyin, artıq-əskik danışmayın!

Soyuq üz ifadəsi olan bu qızdan heç xoşum gəlmədi. Belə bir müəllimim olmağını istəməzdim.

- Dostlar, sizin şəkil çəkməkdən xoşunuz gəlir? - müəllimim mehribanlıqla soruşdu.

Bəzi uşaqlar başını tərpətdi.

- O zaman mən sizə rəngli karandaşlar və ağ vərəqlər verəcəyəm. Həyatda ən çox arzuladığınız bir nəsnənin şəklini çəkməyə çalışın. Çəkmək istəməyən isə mənimlə söhbət edə bilər...

Birdən qapının arxasında səs-küy qopdu, sonra qapı açıldı, hündürboy, kostyumlu bir kişi yeddi-səkkiz yaşlı bir oğlan uşağını sürüyə-sürüyə otağın ortasına atıb getdi. Uşaq onun dalınca "atama deyəcəm, səni döysün, zəhləm gedir səndən, sən dünyanın ən pis adamısan", - deyib ayaqlarını yerə vururdu. Uşaqlar isə ona baxıb sakitcə gülüşürdülər.

Müəllimim onlara, - siz davam edin, -  dedi və yerdə yatan qaraşın oğlanın yanına yaxınlaşdı.

Ancaq uşaq başını qaldırmadan döşəməni yumruqlayırdı və atasını çağırırdı.

Müəllim dedi:

- Ay oğlan, adın nədir?

O, hirslə "sənə nə var nədir, mən oxumaq istəmirəm, atamı istəyirəm, evimizə istəyirəm", - deyib qışqırırdı.

Müəllimimə cavab qaytarmağı məni çox hiddətləndirdi. Onun üzünə baxdım, ancaq müəllimimin üz ifadəsi heç dəyişməmişdi, o təmkinlə uşağı dindirirdi.

- Yaxşı, əgər mənə atan, evin haqqında danışmaq istəsən, sənə qulaq asaram, bəlkə bir gün məni atanla tanış edərsən, sizə qonaq da gələrəm. Əslində, sənin səsindən bildim ki, ağıllı və mehribansan. Oğlan sakitləşmişdi, o tərpənmirdi, əllərini alnına qoyub yerə baxırdı.

Müəllimim ucadan dedi:

- Ay uşaqlar, siz nə maraqlı şəkillər çəkirsiniz?! Mən bilirəm ki, bu oğlan da sizin kimi çəkə bilir. O da atasının şəklini çəkib bizə göstərə bilər.

Bir az keçmişdi ki, mən oğlanın başımızın üstündən boylanaraq uşaqların işlərinə baxdığını gördüm.

- Sənə vərəq verim? - soruşdum.

İri qara gözlərini yerə dikib başı ilə təsdiqlədi. Müəllim qalxıb öz yerini ona verdi, mənə isə yavaşca , - "afərin!" - dedi.

Dərs qurtaranda mən müəllimdən oğlanın çəkdiyi cızma-qaranın mənasını soruşdum.

Müəllimim: - Bu, cızma-qara deyil, bu uşaq ürəyinin yanğısıdır, - deyib kövrəldi.

İllər keçib, amma mən müəllimimin keçdiyi bu dərsi heç zaman unuda bilmirəm. Ən çox da yerdə uzanıb ayaqlarını yerə döyəcləyən qaraşın oğlanı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!