Vağzal - Hekayə. Nüşabə Əsəd MƏMMƏDLİ

 

İmran axırıncı dəfə çönüb Çiçəyin başdaşına vurulmuş şəklinə baxdı. Çiçək bu şəklində gülümsəyirdi.

"Əlvida, Azərbaycan, əlvida, Gəncə" - keçirdi beynindən İmran. Məzarlıq bom-boş idi. Oğlu Turan beş dəqiqə öncə anasını ziyarət edib, "ata, sən birbaşa vağzala gəl. Mən çemodanları evdən götürüb, dərhal vağzala gələcəm. Qadan alım, gecikmə. Sürət qatarı heç vaxt ləngimir". Turan yeyin addımlarla qəbristanın geniş qapısından çıxdı. İmran düşündü ki, əbəs yerə Çiçəyin qəbrinin yanında özünə yer saxlamışdı. Bu yer də onun qismətində deyilmiş. İndi İmran onu, dünyada ən sevdiyi qadını, ömrünün sevincini, bəxtiyarlığını həmişəlik tərk etməli olur. Oğlu Turan məzuniyyət götürüb Gəncəyə gəlmişdi ki, atasını özüylə Texasa aparsın. Turan təzəlikcə ABŞ vətəndaşlığını almışdı, əziyyət çəkib atasına viza açdırmışdı. İndi Amerikaya birgə uçacaqdılar. Turan Texasda neft şirkətlərinin birində menecer işləyirdi. Dörd il qabaq yəhudi əsilli amerikalı bir qadınla evlənmişdi. 3 yaşında İmran adında bir oğlu var idi Turanın. Atasının şərəfinə qoymuşdu bu adı.

Atası işdən çıxarılandan sonra, Turan onu israrla yanına çağırdı.

- Ata, mən ipoteka ilə 30 il müddətinə böyük bir ev almışam. Geniş həyəti var. Sənə görə böyük ev aldım ki, sərbəst olasan, istədiyin vaxt gəzə biləsən.

İşdən çıxması İmranı sarsıtmışdı. 65 yaş nədir ki, mən sağlam adam gedib evdə oturum? - düşünürdü o. İmran kardioloji xəstəxananın baş həkimi idi. Səhər xəstələri yoxlamağa gedəndə, qəfildən tanıdığı bir neçə məmur və tanımadığı bir nəfər cavan oğlan xəstəxananın dəhlizinə daxil oldular.

- Doktor, içəri keçək, bir balaca işimiz var.

İmran geri öz otağına qayıtdı. Qonaqlar da onunla birgə İmranın kabinetinə daxil oldular. Katibə qız dərhal ayağa qalxıb, çay tədarükü görməyə başladı.

- Heç nə lazım deyil, - məmurlardan biri dilləndi. On dəqiqəyə işimizi görüb gedəcəyik. Sonra üzünü doktor İmrana tutaraq:

- Bilirsiniz də İmran həkim, bizim sizə çox böyük hörmətimiz var, şəhərdə də, maşallah, hər kəs xətrinizi istəyir. Ancaq bilirsiniz də, qanun qanundur. On gündür sizin 65 yaşınız tamam oldu. Təlimata görə 65-dən yuxarı hamı təqaüdə çıxmalıdır. Bağışlayın, qəfildən oldu. Bir az da nazirlikdən tələb etdilər ki, qanuna riayət edək. Buyurun, bu da əmriniz. Gedin, yaxşıca istirahət edin. Məmur yanındakı cavan oğlanı göstərib - Bu da Rasim doxturdur. O, sizin yerinizdə işləyəcək. Hörmətli adamın qardaşıdır, özü də bir müddət Türkiyədə uzman işləyib, kardioloqdur. Rasim İmrana əl uzatdı, İmran biixtiyar ona əl verdi və bəyaz xalatını soyundu.

"Bir neçə gündən sonra mən öz sənədlərimi, kitablarımı götürmək üçün öz xəstəxanama getdim. Dəftər, kitablarımı götürmək istədim. Ancaq dəhliz qapısında dayanan tanımadığım tibb bacısı, ya gözətçi məni içəri keçməyə qoymadı.

- Kənar adamların içəri keçməsi qadağandır, - dedi işçi.

- Qızım, mən buranın baş həkimi olmuşam. Bu xəstəxana binasını da atam tikdirib.

- Mən heç nə bilmirəm. Mənə tapşırıblar ki, heç kəsi içəri buraxmayım, - qız qapını üzümə çırpıb, getdi. Mən kor-peşiman oradan uzaqlaşdım.

Heç olmasa qabaqcadan xəbər edəydilər. Özümü o qədər itirdim ki, heç kitab-dəftərimi, şəxsi ləvazimatlarımı götürə bilmədim. Mən oradan uzaqlaşdım. Bu xəstəxananı mən hələ Moskvada Çazovun yanında işləyəndə atam mənim üçün tikdirmişdi.

Atam onda Gəncədə ən böyük tikinti şirkətinin rəhbəri idi. 90-cı illərin əvvəli idi. Həm də atamın Samux ərazisində neçə hektarlıq əkin sahəsi vardı. İcarəyə vermişdi. Orda, deyəsən yonca əkirdilər. Atam ildə bir dəfə 150-200 min manat icarə haqqı götürürdü ordan və bütün pullarını xəstəxana tikintisinə xərcləyirdi. Atam olurdu ki, gecə də gəlirdi tikintiyə.  Moskvadan Gəncəyə gələndə, gecələr mən də tikintidə, atamın yanında olurdum. Sonra biz Almaniyaya birgə getdik avadanlıq almağa.

Kardiologiyada işlənən ən müasir avadanlığı Gəncəyə gətirdik.

Onda anam atamın bütün pullarını xəstəxana tikintisinə verməsinə narazı idi.

- Sən əminsən ki, bu xəstəxana həmişəlik İmrana qalacaq? Sabahı bilmək olmaz. Şər deməsən, xeyir gəlməz. Bu xəstəxanaya o qədər əllər uzanacaq ki, gör ki, balanın əlindən çıxa.

- Hə olar, əziyyətim hədər getməz. Bu xəstəxana məndən millətimizə yadigar qalar.

Anam daha dinmədi. Hər şey anam dediyi kimi oldu...

Mən xəstəxanada işləyəndə, atama qarşı iş açdılar, xəstəxananı və Samuxdakı torpaq sahəmizi müsadirə etdilər, ancaq məni işdən çıxartmadılar, nə də yaşadığımız evimizə əl vurmadılar. Bəlkə də ona görə ki evimiz anamın adına idi. Bilmirəm. Atam həbsxanada heç bir il yatmadı, insult keçirtdi və dünyasını dəyişdi. Atamdan sonra heç anam da yaşamadı. Araları cəmi 2 ay çəkdi. Mən valideynlərimin yoxluğuna çox çətin alışdım. İş yoldaşlarım - həkimlər, tibb bacıları, ələlxüsus Şəfiqə bacı çalışırdılar dərdimi ovutsunlar. Şəfiqə bacı hərdən bizdə rentgenoloq işləyən əri Məsimlə bizə gəlirdilər, söz-söhbət, ən nəhayət nərd oynayırdıq. Bu vaxtlar Şəfiqə bacı pürrəng çay dəmləyirdi, soyuducuda saxlanan ərzaqlardan ləziz yeməklər hazırlayırdı.

Onların hələ uşaqları yox idi. Bir-birlərini çox istəyirdilər.

Hərdən Şəfiqə bacı işdə də fasilə vaxtı mənə yemək bişirirdi. Mən bəzən gecə də xəstəxanada qalırdım. Valideynlərimin yoxluğuna çox çətin alışırdım.

- Başına dönüm, doktor. Qaranlıqdan sonra həmişə işıq olur, qadan alım. - Məsim onun sözlərini təsdiq edirdi. Şəfiqə də, Məsim də elə bilirdim mənim doğmalarım idilər.

Düşünürəm ki, nə yaxşı ki, ömrümün bu qarğaşalı çağında onlar mənim yanımda oldular.

Ancaq sonra möcüzə baş verdi. Mən Çiçəyi gördüm. O, sanki mənim ömrümün qışını bahara çevirdi. Onun ürəyi açıq əməliyyat olmalı idi. Kardioqram, EKO və bütün göstəricilər açıq əməliyyat üçün idi.

Müalicə edən Nailə həkim dedi ki, bu xanımın ürəyi anadan gəlmə qüsurludur. Bəlkə də vaxtında bizə müraciət etsəydi...

- Heç nə olmaz. Əməliyyatı özüm aparacam. Mən məsuliyyəti öz üzərimə götürürəm. Ertəsi gün əməliyyatı özüm apardım. Mən Çiçəyin ürəyini əlimdə tutmuşdum. Bu bir möcüzə idi. Həmişə soyuqqanlılıqla apardığım əməliyyatlardan fərqli olaraq, indi mənim əllərim əsirdi, həyəcan keçirirdim. Assistentimin köməyi ilə əməliyyat uğurla keçdi.

Mən xoşbəxt idim. Elə bilirdim ki, bütün dünya mənimdir. Çiçək sağalandan sonra, mən ona evlənməyimizi təklif etdim. O, ağladı.

- Mən heç vaxt ərə gedə bilmərəm. Səni bədbəxt etmək istəmirəm. Açıq əməliyyatdan sonra, xəstələr cəmi 10-12 il yaşayır.

- Biz heç olmasa 10-12 il xoşbəxt ola bilərik. Heç kim bizim qədər bəlkə də xoşbəxt illər yaşamayacaq. Bəlkə də onlar 50 il birgə ömür sürəcəklər. Lakin səadət anını bizim kimi yaşamayacaqlar. Məişət, gerçəklik ən ülvi hissləri də çamurluğa endirirlər. Biz həyatın, gerçəkliyin fövqündə bir ömür yaşayacayıq. Mən ömrümü sənsiz təsəvvür edə bilmirəm. Həyatımda təsadüfi qadınlar çox olub, ancaq mən birinci dəfədir belə vurulmuşam. Onun yaşıl-mavi gözlərindən iri damcılar axırdı. Mən onu qucaqladım və - hər şey yaxşı olacaq dedim.

Şəfiqə bacı qapını döymədən içəri girdi və dərhal da

- "Allah sizi xoşbəxt eləsin" deyib - palatadan çıxdı.

Mən Çiçəyi evimə apardım. Sonra da nikahımızı rəsmiləşdirdik. Çiçəyin ən yaxın qohumu - nənəsi bizə gəldi, xeyir-dua verdi bizə. Mən ona təklif elədim ki, həmişəlik bizdə qalsın.

- Qadan alım, bir az qalaram, ancaq Samuxda öz yurdumuz var. Yurdu boş qoymaq olmaz.

Qadın kövrəldi: - Oğlum Çiçəyi saa tapşırıram, səni də Allaha. Bu tifil ana-ata üzü görməyib. Anası elə doğuş zamanı öldü. Atası da o vaxtdan baş götürüb getdi Gəncədən. Bivec adamdır. Deyirlər Kanadada yaşayır, arvad-uşağı var. Çiçək qızımın balasıdır. Özüm tək böyütmüşəm, oxutmuşam onu.

Bir ildən sonra oğlumuz Turan doğuldu. Çiçək ona nəğmələr oxuyurdu - xalq mahnıları, Üzeyir bəyin "Leyli və Məcnun" operasından qızlar xorunu və s.

Çiçək Gəncə Dövlət Pedaqoji Universitetini bitirmişdi. Ancaq mən onu işləməyə qoymadım. Həm səhhətinə, həm uşağa görə. Özüm də günlərin, illərin, uzun olmasını arzulayırdım. İstəyirdim yaşayacağımız bu 10-12 il gec çox gec gəlsin. Yadıma düşəndə ki, mən onu itirərəm, beynimdə elə bil şimşək çaxırdı.

Nədənsə onu düşünəndə, gözlərimin qarşısına öncə bizim Hacıkəndə getməyimiz gəlirdi. Onda Turşsu bulağının yanında mən ona nə qədər güllər, çiçəklər yığdım. O da bu çiçəklərin ətrini ciyərlərinə çəkirdi. Sonra məni öpüb - Bizim övladımız olacaq, - dedi. Necə bəxtiyar idim. Mən onu qollarımın arasına aldım və qucağımda Cavad xan zirvəsinə qaldırdım.

- Mən ata olacam. Dağlardan əks-səda gəldi - Mən ata olacam!

Necə bəxtiyar idim, Allah.

Çiçəkdən sonra Hacıkəndə getməyi özümə qadağan etmişdim. Ora getməyə artıq nə mənəvi, nə də cismani gücüm qalmamışdı.

Turan doqquz yaşına çatanda Çiçək ondan soruşmuşdu.

- Sənin neçə yaşın var, Turan?

- qoqquz.

- Doqquz.

- Yox, qoqquz, - Turan gülürdü, sonra sözü düz tələffüz edirdi.

- Doqquz, anam, doqquz.

O gün nə İmran, nə Turan bilmədilər ki, sabahı Çiçəksiz açacaqlar.

Turan anasının boynuna sarılırdı.O, artıq 3 dildə sərbəst danışır, kiçik hekayələr yazırdı.

...İndi Turanın öz balası var.

Onda Çiçəyi dəfn edəndən sonra şər qarışanda qonaqlar getdi. Mən və balam tək qaldıq.

Gecəyarı Turanın səsini eşitdim.O sayıqlayırdı-uç, uç baba get anamı gətir. Onda mən oğlumu  qucaqladım və hər ikimiz bərkdən, səslə ağlamağa başladıq. Ata-bala səsimiz sanki zülməti yarırdı. Ancaq hamı yatırdı. Ağlamağımızı heç kəs eşitmirdi.

İmran məzarlıqdan çıxan kimi, dərhal taksi tutub - "Vağzal"a dedi, sürücüyə.

Turan hələ qəbristanda olarkən, atasına demişdi - Ata mən gedim evə çemodanları götürüm. Sən birbaşa vağzala get. Sürət qatarının yanında məni gözlə.

Turan anasının başdaşına vurulmuş şəklini öpəndə, qəhərləndi, atasının üzünə baxmadan yeyin-yeyin addımlarla "Səbiskardan" çıxdı.

İmran vağzala çatanda, Turan artıq qatarın yanında dayanmışdı. Yanında iki çamadan var idi - biri yaşıl, biri qara. Yaşıl İmranın idi. Turan qoymadı atası çox şey götürsün.

- Lazım döy, ata. Orada sənə təzə brend paltarlar alacam.

İmran taksidən düşən kimi, əməlli-başlı şok yaşadı. Onun qarşısında bir əlində süpürgə, digər əlində zibil qabı olan Şəfiqə bacı dayanmışdı. O, süpürməyini dayandırıb:

- Xoş gördük, başına dönüm, doktor. Turandan eşitdim ki, həmişəlik köçürsünüz buralardan.

- Şəfiqə, sən burda neynirsən?

- Məni də pensiyaya çıxartdılar. Yoldaşımın gözləri katarakta idi. Tələt həkim dedi ki, Məsimin hər iki gözü əməliyyat olunmalıdır. Kataraktadır. Bankdan bir illik kredit götürdüm. Sağ olsun Tələt Nəbiyev çox uğurlu apardı əməliyyatı. İndi Məsimin hər iki gözü görür. Sağ olsun həkimi. Əgər bankdan pul götürməsəydim, əməliyyat edə bilməzdik Məsimin gözlərini.

İmran çox pərt oldu. Tanıdığı, çox hörmət etdiyi, bacı qədər çox istədiyi qadını bu vəziyyətdə görməyinə.

- Qadan alım, doktor, Allah sizi və balanızı qorusun.

- Çox sağ ol, Şəfiqə. Yoldaşına salam söylə.

İmran oğluna yaxınlaşdı. Bir an arxaya baxdı. Şəfiqə artıq tualetin yanını süpürürdü. Turan telefonda danışırdı. Danışıq ingilis dilində idi.

- I miss you. Im waiting you. Come back home. Come back to me.

- Ata, oğlumdur, deyir ki, xəstəyəm, tez gəl. Sənsiz darıxıram.

- I miss you too.  Yes, yes, I will come back to you.

Qatarın zəngi çalındı.

- Ata, tez ol, qatar tərpənir.

- İmran - mən getməyəcəm, oğul. Sən mənim ürəyimsən. Ancaq mən anladım ki, oralarda yaşaya bilmərəm.

Mən orda qadan alım, başına dönüm sözlərini eşitməyəcəm. Mən öz dilimizi eşitməyəcəm orda. Bu mənə ölümə bərabərdir.

Yenə Turanın telefonu zəng çaldı.

Turan dəstəyi qulağına tutdu - Im waiting you, daddı.

Turan çaş-baş qaldı. Atasına baxdı.

- Get oğul, Allah amanında.

Turan qara çemodanı götürüb vaqona çıxdı. Qatar tərpəndi. Turan aynadan atasına baxdı. Ürəyi gizildədi. Atası ağlayırdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!