Türkiyədəki dəhşətli zəlzələ qurbanlarının xatirəsinə
Gənc Ayişə Aykutun ana olmasına bircə ay qalmışdı. Bətnində gəzdirdiyi, canından bir can olan kiçicik varlığın dünyaya göz açacağı günü səbirsizliklə gözləyirdi. Nəbzi ciyərparəsı ilə bir vurur, çöhrəsindən gülüş əskik olmurdu. Bapbalaca ayaqları ilə ana bətnini döyəcləməsi, sürətli hərəkətlə qıvrılıb-açılaraq müxtəlif şəklə düşməsi və yenidən sakitləşib öz doğma "yuva"sında uyuması Ayişəni çox sevindirir, qəlbini munis hislər bürüyürdü. "Tezliklə ilk balam doğulacaq, gül ətrini doyunca içimə çəkəcəyəm,"- deyə düşünür, özünü dünyanın ən xoşbəxt qadını sanırdı. Həkimlərin dediyinə görə, bir qız cocuğuna sahib olacaqdı.
Vaxt yaxınlaşdıqca qayğıları da artırdı. Körpəyə veriləcək addan tutmuş, ona ilk günlərdə qulluq göstərilməsinədək bütün incəlikləri ölçüb-biçir, götür-qoy edirdilər.
Həyat yoldaşı Engin anasının bu işdə yardımçı olmasını istəyirdi. "Anam altı uşaq böyüdüb, bizim balamıza da kömək əli uzadar", - deyirdi.
Ayişə bu təklifdən çox məmnun olmuşdu. Kahramanmaraşda yaşayan, ixtisasca həkim olan qayınatası zəng edərək vəziyyəti soruşmuşdu. O, gəlininə məsləhət görmüşdü ki, uşağı dünyaya gətirmək üçün yaşadıqları Malatyadan Kahramanmaraşa gəlsin.
Gənc ailə bu məsləhətə qulaq asaraq, az sonra valideynlərin ziyarətinə gəlmişdi. Körpənin doğulacağı klinika ayırd edilmiş, müəyyən hazırlıq işləri də görülmüşdü.
Vaxt-vədə tamam olmuşdu. Gəlişi ilə ata-anasına, nənə-babasına bir dünya sevinc bəxş eləmiş balaca Ahunu gül-çiçəklə qarşılamışdılar. İlk iki ay ərzində cocuğun baba evində qalmasına qərar verilmişdi.
"Pis günün ömrü az olar", - deyiblər. Amma bu dəfə xoş günlər uzun sürmədi.
...Xəstəxanada tibb bacısı işləyən qayınanası gecə növbəsində idi. Ayişə körpəsinin qığıltısına oyandı. Gecə yarıdan keçmişdi, səhərə az qalırdı. Masaüstü lampanın işığını artırıb körpəsini qucağına aldı. Qızcığaz yaman acmışdı. Onu təzəcə əmizdirib qolları üstündə uyutmuşdu ki, qarşıdakı divar saatına baxdı. Əqrəblər 04:17-ni göstərirdi.
Gözünü balasından ayıra bilmir, müşk-ənbər qoxusundan doymur, çöhrəsinin zərif, incə cizgilərinə tamaşa edirdi. Uşaq qucağında ikən birdən ayaqları altından yer qaçdı. Cocuğu köksünə sıxıb qapıya tərəf getmək istədi. Yeraltı təkanlar fasiləsiz davam etdikcə güclü zəlzələ baş verdiyini anladı. Var qüvvəsi ilə çölə çıxmağa, mənzili tərk etməyə can atırdı. Dəhşətli uğultu, gurultu səsləri, müxtəlif mərtəbələrdə insanların çığırtısı, ah-naləsi eşidilirdi. Sanki indicə dam-daş, hündür divarlar, pəncərələr, eyvanlar çartıltı ilə bir-birindən aralanıb dağılacaqdı.
Özünü birtəhər toparlayıb körpəsi ilə birgə otağın bir küncünə sığınarkən binanın çökdüyünü hiss etdi. Ananın və on dörd gün öncə doğulmuş Ahunun ətrafına daş qalaqları, beton yığınları uçub tökülürdü. Darısqal bir boşluqda qalmışdılar və yaxşı ki, nəfəs ala bilirdilər. Dağıntıların törətdiyi toz-torpaq, vahimə doğuran qatı qaranlıq göz açmağa imkan vermirdi.
Beşcə saniyə ərzində hər şey alt-üst olmuşdu. Ayişə özündən çox balasını düşünürdü. Bu məsum yavrucığazın günahı nəydi? Dəqiqələr, saatlar ötdükcə Ahunun əhvalı qarışırdı, qızcığaz üşüyür, qızdırırdı. Daş-kəsək, taxta parçaları Ayişənin qollarını qanatmış, dizlərini yaralamışdı. Şaxta, soyuq da bir yandan.
Ana körpəsini tez-tez əmizdirirdi. Onun dodaqları qupquru qurumuş, taqətdən düşmüşdü. Artıq üç gün idi ki, ac-susuz qalmışdı, ana südünü artıran heç nə yoxuydu. Bəs vəziyyətdən necə çıxsın, yavrusunu necə ovutsun? Ağlına qəribə bir fikir gəldi və ağız boşluğunda udquna-udquna yaratdığı tüpürcəyi balasının dodaqlarına ötürməklə onu yedizdirməyə çalışdı. Susuz qalan qızcığaz bu "qida"dan azca duruxdu. Ağzına düşən damcıların ana südü olmadığının fərqində idi, deyəsən.
Sivri daşlar, beton qırıqları aşağı yuvarlandıqca Ayişə qatı zülmətdə əllərinin yüngül təması ilə balasını yoxlayır, onun zədələnmədiyindən arxayın olmaq istəyirdi. Cocuğu aramla yedizdirir, başına sığal çəkir, soyuqdan buz kimi olan xırdaca ayaqlarını ehmalca ovuşdurur, titrək əllərini ovcuna alıb dodaqlarına yaxınlaşdırır, nəfəsi ilə isidirdi. Günün hansı vədəsi - gecə və ya gündüz olduğunu dərk edə bilmirdi. Bir sözlə, vaxt, zaman məfhumunu itirmişdi. İtirilməyən isə təkcə Ümid idi. Axıradək çarpışan, sonadək duruş gətirən Ümid!
Balaca Ahu ilə nə vaxtsa xilas olacağı anın intizarında idi. Uçqun altında qaldıqları ilk dəqiqələrdən bu inam onu tərk etməmişdi. Dualar edir, uca Yaradana üz tutub imdad diləyirdi. Darısqal arakəsmədə hərəkət etməyə, addım atmağa, oturmağa imkan yoxuydu. Elə düşdüyü vəziyyətdə də qalmışdı: ayaq üstə, uşaq qucağında. Necə deyərlər, ayağının birini götürüb, birini qoyurdu, qolları keyiyib az qala odun parçasına dönmüşdü. Sağ qalmaları üçün bütün gücünü toplayıb olumla ölüm arasında çarpışırdı.
Bu arada zavallı körpə bərk ağlamağa başladı. Anası onu kiridə bilmirdi. Ahu heç cür aram olmur, qıyya çəkib elə bil yeri-göyü köməyə çağırırdı. Ayişə sağına-soluna səpələnmiş daş-kəsəyə əlləri ilə, bəlkə, yüzüncü dəfə toxunur, bu keçilməz səddi nə olur olsun yarmaq, övladını ölümdən qurtarmaq istəyirdi. Fəqət bu mümkünmü?
Birdən lap yaxından danışıq səsləri və itlərin hürüşməsini eşitdi. Ona elə gəldi ki, beton qalıqları təmizləyən kimsə onları axtarır. Arxaya qanrılanda isə .... nöqtə boyda bir boşluqdan işıq süzüldüyünü gördü. Bu həyat işığı cocuğun çöhrəsini də aydınlatdı. Artıq nicat yolu tapılmışdı!
Uzun sürən axtarışdan, çabalardan sonra ana-balanı xilas etmək mümkün olmuşdu. Üzüntülü günlər, dəhşətlı anlar yaşamış Ayişənin qurtularkən dediyi: "Nə böyük xoşbəxtlik! Uca Tanrım, sənə minnətdaram!" - nidaları dağıntıları dövrələyib, əzizlərinin öldü-qaldısından xəbər gözləyənləri sevindirmişdi. Ətrafdakı hər kəs onları görməyə can atırdı. Ən çox sevinən isə xilasedicilər idi. Bu canlar alan zəlzələ baş verən gündən ayrı-ayrı ölkələrdən fəlakət zonasına axışan, uçqunlar altında qalanları gecə-gündüz demədən, gözünün çimirini almadan axtaran, olmazın əziyyətlə daş-kəsəyin, beton qatlarının altından çəkib çıxaran xilasedicilər!
Saatlarca məhkum olduğu qorxunc, qaranlıq hücrədən gün işığına çıxarılmış Ayişənin gözləri qamaşırdı. Gücsüz, taqətdən düşmüş, ayaqları bir-birinə dolaşan ananın körpəsini ehmalca ondan alıb isti adyala bükərək başları üzərinə qaldırdılar. Sonra isə onları xərəyə qoyub təcili tibb yardımı göstərən maşına çatdırmağa tələsdilər. Sərgərdan qalmış, doğmalarının öldü-qaldısından xəbər gözləyən kütlənin sağ-salamat tapılmış ananı və körpəsini görərkən bir an içində çalxalanıb sevinc dolu "Keçmiş olsun," "Tanrı türkü qorusun!" sədaları ətrafı bürüdü, gözlərdə ümid qığılcımları göründü. Xilasedicilər dağıntılar altından sağ-salamat çıxardıqları gənc qadına və onun ciyərparəsinə heyranlıqla baxırdılar. Bu, əsl möcüzə idi! Həyat verən və qoruyan Allah onları hifz eləmişdi.
Ayişə onları xərəkdə aparan xilaskarlarının azəri türkcəsində söylədiklərinin fərqindəydi:
- Ceyhunun gətirdiyi cihaz işimizə çox yaradı.Yoxsa bu ana-balanın vəziyyəti görən necə olardı, - bu sözləri axtarış-xilasetmə qrupunun bir üzvü dilə gətirmişdi.
- İlk günlər inanmaq olmurdu ki, bu qədər maneələri dəf edib çökən binanın alt qatına yetişə bilərik. Görünür, qismətdə varmış. - Ceyhun sevincini sanki var gücüylə çatdırmaq istəyirdi:
- Dağıntılar altından, təxminən on altı metr məsafədən görüntülər əldə edib, səs ötürmək və çox zəif səsləri tuta bilməklə neçə məsum tifili və bu ana-balanı uçqundan qurtardıq. Allaha şükürlər olsun!
Ayişə başlarındakı qoruyucu kaskalarında və xüsusi geyimlərində məmləkətlərinin bayrağı əks olunmuş bu gənclərin dost Azərbaycandan gəldiklərini, bəlaya düşmüş türk qardaş və bacılarına yardım əli uzatdıqlarını anlamış, məmnunluq hissi keçirmişdi...
Əvvəlcə onları çadırlarda salınmış səhra hospitalına çatdırmışdılar. Ahunu həkim nəzarətinə götürüb, qızcığazın qidalanması qayğısına qalmışdılar. Ananın yaralarına məlhəm, sarğı qoymuşdular. Az sonra isə müalicə üçün ambulans təyyarə ilə Ankaraya gətirdilər. Ailə üzvləri onlarla paytaxtda görüşəcəkdi.
...Uçuş zamanı Ayişə bir an gözünü balasından çəkmir, həkimdən onun sağlıq durumunu xəbər alırdı. İndi bütün olub-keçənlər dəhşətli bir filmin gərgin, ürəkağrıdan epizodları kimi gözü önündə canlanırdı. O üzüntülü, amma ümid dolu saatların, yaşantıların hər saniyəsi, bəlkə, bir insan ömrünə bərabər idi. Nə yaxşı ki özündə təpər tapıb balasının sağ qalması üçün ağlı kəsən hər şeyə əl atmışdı. Həm də nə yaxşı ki Ahu vaxtından iki həftə əvvəl doğulmuşdu. O, ana bətnindəykən zəlzələnin qurbanına çevrilsəydi, onda taleyi necə olardı? Dağıntılar arasında qalıb doğuş ağrıları çəkən hamilə qadına kim kömək edərdi? Şükürlər olsun ki, artıq bu nədənlər cavablanmayacaqdı və hər şey geridə qalmışdı.
Təyyarədə onlarla birgə uçan, bu amansız təbii fəlakətdən qurtulmuş şəxslər Kahramanmaraşda 7,7 bal gücündə baş vermiş zəlzələnin acılarından, bəlaya düşən insanların aqibətindən danışır, xilasedicilərin dəhşətli hadisələrlə qarşılaşdıqlarını nəql edirdilər. Ayişə bitib-tükənməyən bu olayları eşitdikcə bir daha sarsılır, için-için ağlayır, göz yaşları yanağı boyunca süzülürdü. Azca toxtayanda məhəbbət dolu nəzərlərlə qızına baxırdı. Balaca mələklərə bənzəyən, başı müsibətlər çəkmiş, ölümdən qayıtmış körpəsi indi isti bələkdə uyuyurdu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!