XIII əsr fransız maarifçiliyinin görkəmli nümayəndələrindən olan Jan Jak Russonun məşhur bir fikri var: "Yoldan çıxmaq üçün min yol var, həqiqətin isə yolu birdir". Əyri yolla həqiqətə yetişmək qeyri-mümkündür. Həqiqət doğrunu əks etdirdiyi üçün ona aparan yollar da doğru-dürüst olmalıdır. Avropa maarifçisinin fikrini əbəs yerə xatırlamadım. Əlcəzair yazıçısı, modern ərəb ədəbiyyatının görkəmli nümayəndələrindən biri Tahir Vəttarın "Balıqçı və saray" romanı haqda nəsə yazmağı düşünəndə beynimdə nə vaxtsa fiksə olunmuş bu fikir özünü bəyan etdi. Əsərdə bir məmləkətin Əli əl-Həvvat adlı məşhur balıqçısının başına gələn əhvalatlar nəql olunur. Amma necə? Heç bir Şərq əfsanələrinə bənzəməyən qeyri-adi, metafizik naxışlarla süslənmiş süjet və mükəmməl struktur heyrət doğurur.
Əli əl-Həvvat maddi aləmdən uzaq, batini intuisiya ilə yaşayan dərvişmisal bir adamdır. Onun yaşam tərzi irfani halın təcəssümüdür. Ona qədər məmləkətdə rəiyyətdən bir kimsəyə saraya daxil olmaq səadəti nəsib olmayıb. O isə sarayla əlaqəsini üzmüş, şəhərdən keçib saraya yetişmək, rəiyyətin sədaqətini Əlahəzrətə çatdırmaq eşqiylə çırpınır. Çaya tilov atır və toruna düşən ən gözəl balığı hökmdarın xilas olması şərəfinə ona hədiyyə aparmaqda israrlıdır. Onu bu yoldan çəkindirməyə çalışırlar. "Səni fırıldaqçılıqda, cadugərlikdə ittiham edib yandırarlar. Ya da uğurlarına paxıllıq edib öldürərlər" - deyirlər. Əli əl-Həvvat fikrindən dönmür. Hədiyyəsiylə birlikdə yola çıxır və bir neçə şəhərdən keçməli olur. Hər şəhərin də öz dini, öz adət-ənənələri var. Yazıçı onu bu şəhərlərdə müxtəlif insanlarla qarşılaşdırır və bu insanların simasında oxucunu məmləkətin mənzərələri ilə tanış edir. Yazıçının güclü sarkazmı, nağıl estetikası üzərində qurulmuş təhkiyəsi, tragikomik situasiyalar oxucuda aydın təsəvvür yaradır: saray və xalq bir-birindən ayrı düşüb, xalqın saraydan, sarayın isə xalqdan xəbəri yoxdur. Absurd bir situasiya və bu şəraitdə Əli əl-Həvvatın saraya yetişməsi də qeyri-mümkün görünür. Roman bir çox məqamları ilə Conatan Sviftin "Qulliverin səyahəti" əsərini xatırladır. Aleksis Karrel məşhur "Dua" əsərində yazır ki, ruhun yarısı ağıldır, yarısı hiss. Əli əl-Həvvat ağılla hissin sərhədində var-gəl edən adamdır. O, qürur və kibrdən imtina edir. Məqsədinə çatmaq naminə hər zülmə, təhqirə dözür. Ruhun mənəvi səyləri və batini müşahidə isə davam edir. İçindəki hiss ona deyir ki, sən yalnız öz yaradıcılığının, öz mühitinin məhsulusan, sən dünyaya məhz bu missiyadan ötrü gəlmisən. Onun təkbaşına saraya doğru yürüməsi əslində yatmış vicdanları oyatmaq, insanları öz insanlıqlarına qaytarmaq, pozulmuş nizamı bərpa etmək, ədalətli cəmiyyət qurmaq cəhdi idi. Onda olan ehtiyac, iztirab və cazibə yalnız bir tənha ruha aid deyil, insanlıqla əlaqəsi kəsilmiş ruha aiddir. O istəyir ki, ruh bədənə qayıtsın və insanlar həm də ruhun daşıyıcısı olduqlarını hiss etsinlər. İnsan ruhunun kainatın əzəmətli və sirli mərkəzinə doğru qanad çalması Əli əl-Həvvatın ən böyük istəyidir.
Bəşəriyyət həmişə əqli inkişafla mənəvi inkişaf arasında yırğalanıb, gah bu tərəfə düşüb, gah o tərəfə. Bizim istəklərimizin və eşqimizin cavabı isə adətən ağır, hiss edilməyəcək, eşidilməyəcək dərəcədə verilir. Əli əl-Həvvat çox kiçik bir adamdır, onu yüksəldən, kamillik mərtəbəsinə çatdıran isə onun arzuları, ideyalarıdır. Əli əl-Həvvat əslində qiyamçı idi və sonda da cəzasını aldı. Görün bu cəza necə amansız olur...
Əli əl-Həvvat elə bir şəhərdən keçir ki, bu şəhərdə kişilər və qadınlar müdrik bir təbibin verdiyi dərmanı içiblər. Kişilər artıq kişiliklərini itiriblər, qadınlara isə kişi lazımdır. Kişilikdən məhrum olmanı hər iki anlamda başa düşmək olar. Yazıçı ədalətsiz bir cəmiyyətdə balansın, teoloji nizamın pozulmasına işarə edir. Bu, Axtalar şəhəridir və Əli əl-Həvvatın keçib getdiyi digər şəhərlərin adamları da mənən axtalanıblar. Teoloji nizama əsasən əşyaların təbiətində hədəfə doğru hərəkət etmək var, insan da təbiətin bir parçasıdır və onun da hədəfləri var. Tahir Vəttarın təsvir etdiyi məmləkətdə baş verənlər isə bu nizama qarşıdır, orda hər şey baş-ayaqdır, travestik anormallıq insanlığın kökünün kəsilməsi təhlükəsini yaradır. Kişini qadından, qulu ağadan, sultanı məlaikədən, düşməni dostdan ayırmaq mümkün deyil. Əli əl-Həvvat hələ bilmir ki, onu bu xoş niyyəti üstündə cəzalandıracaqlar. Ona deyirlər ki, adi balıqçının sultanla, sarayla nə əlaqəsi ola bilər? Qarşısına çıxan müdrik adamlar ona xəbərdarlıq etsə də, o, inamında möhkəmdir. Əhvalatların metafizik və yerüstü mənaları ustalıqla mətnə hörülür.
Saraya gedən yoldakı məntəqələrdə Əli əl-Həvvat dəhşətli səhnələrlə üzləşir. Onun sağ və sol qolları kəsilir, gözləri çıxarılır. Saraya yetişəndə isə dilini kəsirlər. Sonda məlum olur ki, Əli əl-Həvvatın qollarını budayan, dilini kəsən öz qardaşları imiş. Yazıçı qədim Şərq hökmdarlarının amansızlığını karnaval estetikasıyla qələmə alıb. Bu da yeni yanaşmadır. Bir əhvalat başqa bir əhvalatın pərdəsidir və oxucu bu pərdələri qaldıra-qaldıra dərinliklərə doğru gedir ki, mahiyyətə vara bilsin, mətləbdən agah olsun. Mətləb isə çox dərində - batindədir. Romanda vizual gerçəklikdən çox virtual situasiyalar çoxluq təşkil edir. Əhvalat nəql olunur, oxucu isə bu əhvalatın həndəvərində vurnuxur, arada nəfəs dərib düşünür və tədricən qaranlıq aydınlanır. Hansısa əhvalatın üstündən ötüb keçsən, roman sənə öz sirrini verməyəcək, cümlələr halqalar kimi bir-birinə bağlıdır.
Əsərdə yerlə göyün sürətlə yerini dəyişdiyi sürrealist təsvirlər də yetərincədir. Bəşəri və ilahi həqiqətlərin toqquşması fonunda bir məmləkətin üzləşdiyi fəlakətlər kompakt şəkildə mətndə təqdim olunur. "Balıqçı və saray" üslub və strukturuna görə, müasir ərəb ədəbiyyatının ən bənzərsiz əsərlərindən sayıla bilər. Qədim dövrə yeni roman texnikası ilə müraciət çətindən də çətindir, qeybi-mütləqdən gələn səsləri sözə çevirmək isə çox vaxt müşkülə çevrilir. Tahir Vəttarın dili şüşə kimi şəffaf və bərraqdır. O, sözün qəlbini ələ almağı bacarır və mətləbi birbaşa deyil, dolayısıyla, ağlıişləməz vasitələrlə çatdırır. Əslində, "Balıqçı və saray" romanı haqqında yazmaq çox çətindir. Əsəri sadəcə, oxumaq və düşünmək lazımdır. Müasir ərəb ədəbiyyatıyla daha yaxından tanış olmaq baxımından da Tahir Vəttarın romanını oxumaqda fayda var.
Kənan HACI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!