Şeirlər
***
Gedək gəzək yer üzünü,
Gedək Allahın böcəyi.
Baxaq bu torpağın, daşın
Nədir bizə deyəcəyi?
Səni böcək edən Allah
Məni də adam elədi.
Dünyaya hökmünü verdi;
Bu işi xitam elədi.
Yeri bizə bağışlayan
Yer - göy arasını sevər.
Bir az qarışqasını,
Bir az arısını sevər.
Gedək gəzək yer üzünü,
Qayıdaq Allaha sarı.
Böcək, sənin günahın yox;
Bizi əfv eləsin Tanrı.
Ağır
Bir ağır işə qol qoyduq,
Qolumuz qaldıra bilmir.
Yana çəkilib yol qoyduq,
Yolumuz qaldıra bilmir.
Qıçını möhkəm uzadıb
Dəvə qulağında yatıb.
Bu daşı ağıllı atıb,
Dəlimiz qaldıra bilmir.
Olsa da bu işlər xırda,
Başa iş açır axırda.
Bu söz daş kimi ağırdı,
Dilimiz qaldıra bilmir.
***
Bir az kimə istəsən də,
Bir az elə bel bağla.
Bir az kimya istəsən də,
Bir az gülə bel bağla.
Bu qapını yavaş aç,
Ya baş apar, ya baş aç.
Nə tarixə savaş aç,
Nə bir belə bel bağla.
Baş altda bu nə balınc!
Dünya gülüncdü, gülünc.
Əyninə Misri qılınc,
Bir də Çənlibel bağla.
***
Qoy sənə tamaşa edim
Hündür yerdən düş aşağı.
Dünyayla sövdəmiz çoxdu,
Beş yuxarı, beş aşağı.
Yol qoy, çoxdu gedən-gələn,
Mən Kərəməm, bu eşq lələm.
O qədər ləngəm, tənbələm,
Göydən baxır eşq aşağı.
Sev məni, axı adamam,
Mən bir az ağır adamam.
Gəlmişəm, fağır adamam,
Dayanmışam başaşağı.
***
Bəlkə, bu etiraflar
Heç mənə aid deyil?
Sevgi qocalırmı ya,
Niyə müsaid deyil?!
Bax, qosqoca buludlar
Yenə də nalan edir;
Töküb göz yaşlarını
Eşqini elan edir.
Vurulub Yer üzünə
Allahın quşları da.
Qoca vaxtıma düşdü
Allahın işləri də...
***
Nəfsim min dağ dolaşır,
Allahım birdi, gözəl;
Sənə: sevirəm,- demək
Nə böyük sirdi, gözəl!
Bu, necə ömürdü ki,
Sıxır təkliklər məni.
Dörd yanım qayalıqdır,
Ötür kəkliklər məni...
Ən böyük qəlb içində
Ən böyük əsirlər var.
Yenə Allaha şükür,
Nə yaxşı bu sirlər var...
Elə bil...
Min yazının içində
Xəttini tanıyıram.
Hər yana kölgən düşüb,
Qəddini tanıyıram.
Sən elə nəğməsən ki,
Nə qəlb susar, nə simlər;
Elə bildim, sənindir
Qayadakı rəsmlər.
Qulaq kəsilib sənə
Elə bil ki, sükut da.
Səndən nəsə gözləyir
Ömrümdəki süqut da.
Elə bil, havam çatmır,
Tez gəl, qoşul havama.
Ömrümə bahar gətir,
Mən də dönüm obama.
Onda
Dünyasını dəyişmiş istedadlı
yazarların xatirəsinə
Hamı ayaq üstə idi,
ayaqda idi o gün -
bir cümlənin,
bir misranın,
bir kəlmə sözün üstündə.
O gün
sən gəlib çıxdın -
sözünün üstünə gəlib çıxan
adamlar kimi.
Yerdən sən götürdün sözü -
söz götürmürdün onda -
Yerdən sən götürdün o sözü;
Silib tozunu,
o üzünü, bu üzünü öpüb,
qoydun gözünün üstünə.
O gün
Ayaq üstə idilər,
Döyürdülər o sözü,
yıxıb sürüyürdülər,
sözlərinin üstündə söz yox idi.
Onda
ağılları dişlərinin dibindəydi,
söyürdülər o sözü.
O sözü
sən aldın əllərindən,
öpüb qoydun gözünün üstünə.
Sonra da köhnə əkinçilər kimi
səpdin şeir bitirən torpağın üstünə.
***
Yuxarı bağda sənsən,
Gələrəm güllər dalınca.
Mən bir anasız uşağam,
Qaçaram ellər dalınca.
Sözmü düzmüsən yaxana?
Söz paylayırsan baxana.
İzn versəydin yaxına,
Düşməzdim çöllər dalınca.
Nə desən, baldı, - deyirlər,
Sənə halaldı, - deyirlər.
Sevgiyə: laldı, - deyirlər,
Düşmüşəm lallar dalınca.
***
O əvvəlki qənd, şəkər
Dilini hardan alım?
Dünya çıxdı əlimdən,
Əlini hardan alım?
Dinən bir sözdü hələ;
Dönən bir qızdı hələ.
İçim köz-közdü hələ,
Çölümü hardan alım?
Aşiqə öz əsriylə
Könül dastan həsr eylər.
Yanmışammış Əsliylə,
Külümü hardan alım?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!