Azadlığın mübarək
Zəfər qartalları ucadan keçdi,
Sədası cavandan, qocadan keçdi.
Qələbəyə yollar Şuşadan keçdi,
Şuşaya bağlanan qollar açıldı.
Şuşasız günlərin gündüzü yoxmuş,
Gözümüzdən uzaq bir izi yoxmuş.
Şuşadan yuxarı göy üzü yoxmuş,
Şuşaya aparan yollar açıldı.
Zirvələrin tacı Şuşam,
Dağda dağdan uca Şuşam,
Ulu Şuşam, müdrik Şuşam,
Qayım-qədim, qoca Şuşam,
Azadlığın mübarək!
Abadlığın mübarək!
Bağın, bağçan gül açıbdır,
Bülbüllərin dil açıbdır,
Bəxtin yenə əlaçıqdır...
Qonaq-qaran xoş gəlib,
Dağa Aran xoş gəlib.
Cövhər ağa Xan bağına
Xalça, gəbə döşətsin.
Yolu, izi, keçidləri
Salsın dəbə, döşətsin.
Süfrələri özü açsın,
Özü düzüb bəzəsin.
Xonçalardan cilvələnsin
Şeir, sənət məzəsi.
Açılıbdır əli-qolu,
Qələm verin Vaqifə.
Şeir, sənət zirvəsində
Deyin yenin Vaqifə.
Natəvanın şair ruhu
Səmalardan süzülsün.
Süfrəsinə qoşma, qəzəl
Xonçaları düzülsün.
Mir Möhsünün rübabında
Fərəhlənsin qəlbimiz.
Zəfərlərin cıdırına
Sərələnsin qəlbimiz
Bu büsatı, qürur dolu
Səfərləri var ol olsun!
Azərbaycan - ulu vətən,
Zəfərlərin var olsun.
Yaşa, Ali Baş Komandan!
Yaşa, Zəfər ordumuz!
Var ol, bütöv Azərbaycan,
Var ol, ana Yurdumuz.
Payız deyilir
Belə tənhalığa payız deyilir,
Payızın nə həzin tənhalığı var!
Görən hara getdi durna qatarı? -
Əlvida geyinib bütün ağaclar.
Meşə yarpaq-yarpaq sarı simdədir,
Kimi səsləyəcək haraya, kimi?
Gəlin ağcaqayın ağ geyimdədir,
Çinarlar boy verib, arayır kimi?
İl keçib yaşıldan sarıya kimi,
Payız meşələrin qızıl tacıdır.
Vələs soyunubdur yarıya kimi,
Küknar, sərv ağacı əkiz bacıdır.
Görən, nə düşünür bağçalar, bağlar?
Heyva ətri verir gecikmiş göyəm.
Yaman nigarandır budağında nar,
Qızımızı almaya qısqanır deyən.
Belə qısqanclığa payız deyilir.
Payı var
Qaragözlü gecələrin
Gündüzə ulduz payı var.
Yeddi oğul anasının
Bir dənə də qız payı var.
Ya qürbətdə, ya vətəndə
Bəxti sınanar çətində.
Tanrının səxavətinidə
Şairlərin söz payı var.
Xoşdu ağı, qarası da,
Gül bitirir yarası da.
Saylı adlar arasında
Firuzənin öz payı var.
Dedilər
Sazı, sözü, səsi, qəlbi odlular
O dünyaya açıq qapı oldular.
Özlərində mərdlik tapıb öldülər,
"Qalanlara salam olsun!" dedilər.
Üzümüzə gülə-gülə getdilər,
Öldüklərin bilə-bilə getdilər.
Deməyin ki, elə-belə getdilər,
"Dünya sizə qalan olsun", dedilər".
Yeri vardı, yurdu vardı dünyada,
Kimə övlad, kimə yardı dünyada.
Hərə bir az od apardı dünyadan,
"Bizdən sonra talan olsun", dedilər.
Bir urvatlı dərd-hal edə bilmədik,
Göz yaşına dəsmal edə bilmədik.
Yetirib hal-əhval edə bilmədik,
"Biz var idik, yalan olsun", dedilər.
Gözəldir
Qılıqlanma, gileylənmə çox daha,
O əvvəlki həsrət, ümid yox daha.
İndi gözüm, könlüm səndən tox daha,
İndi daha ayrılıqlar gözəldir.
Səni, səni, səni dedi, yoruldu,
Bir ürək ki, əzab yedi, yoruldu.
Məkan deyil, zaman gedib yoruldu,
Yellə ki, o ağ yaylıqlar gözəldir.
Hesab imiş, vurdum, böldüm bu hissi,
Miraj bildim, xəyal bildim bu hissi.
Diri qaldım, diri öldüm bu hissi;
Bundan belə ah-vaylıqlar gözəldir.
Vaxta varan can - cəsəddi bu yaş da,
Nə ümiddi, nə həsəddi bu yaş da,
Yoldu, izdi, bəlkə səddi bu yaş da,
İndi ayıq-sayıqlıqlar gözəldir.
Oturdum evdə
Təqaüddə
Mən özüm özümə düşmən kəsildim,
Kəsildim də, dildən, dişdən kəsildim.
Özüm öz ağlımla işdən kəsildim,
Lap nahaqca yerə oturdum evdə.
Oturdum illərin yorğunluğundan,
Oturdum qəlbimin vurğunluğundan.
Oturdum bir ömrün solğunluğundan,
Bütün rənglərimi itirdim evdə.
Baxmadım içimdən can atan hissə,
Baxmadım qəlbimi qanadan hissə.
Bu qismət atadan-anadan isə,
Mirastək bəslədim, götürdüm evdə.
Bir az kəm-kəsirdi, sınaqdı ömrüm,
Gedişi yol üstə, - qonaqdı ömrüm.
Özümə göz dağı, qınaqdı ömrüm,
Hər nədir, beləcə ötürdüm evdə.
Qocalıq
Bu qoca yaşların da
Kəraməti yox daha.
Qanadlanmaq, ucalmaq
Əlaməti yox daha.
Qoldan, qıçdan, ürəkdən
Salamatı yox daha.
Bu qədər "yox" içində
Bilmir, yaşasın necə.
Haqqına, nahaqqına
Yana, sızlaya qalır.
Gələni, gedəni yox,
Elə gözləyə qalır.
Ümidi bir Allaha,
Bir də dözməyə qalır.
Gecəsi gündüz olur,
Gündüzü zülmət gecə.
Yox daha qollarında
Qanad olmaq həvəsi.
Daha qanadları da -
Oğlu, qızı, nəvəsi.
Bir də xatirələrdir
Ötən ömrün əvəzi.
Dinib-danışa bilmir,
Fikir qoca... Söz qoca...
Hardasan
Qayğıtək, sevinctək qəlbə dolanım,
Ömrümün qışına bahar olanım.
Hər an xəbər tutan, dərdə qalanım,
Salam, yenə salam, salam, hardasan?
Yüz yol soruşuram fikrimdən səni,
Ayıra bilmirəm zikrimdən səni.
Adını çəkirəm şükrümdə sənin,
Mən sənə açılan qolam, hardasan?
Bil ki, ömrümdəsən, ruhumdasan sən,
Heç vaxt doymadığım yuxumdasan sən,
Elə hey itirmək qorxumdasan sən,
Səni axtarası yolam, hardasan?
Eylə dərdlərinə mükafat məni,
Qəlbinin küncündə ocaq çat məni.
Cənnət də bir bazar, apar sat məni,
Olum yaddaşında qalan, hardasan?
Gələsən, həmişə gəlişin olsun,
Bizim sokaklarda gərdişin olsun.
Firuzə ovqatı vərdişin olsun,
Səsini eşidək, balam, hardasan.
***
Deyən, mənim deməyə
Daha sözüm qalmayıb?
Ucuzlaşıb bazarı,
Baha sözüm qalmayıb.
Nə demişəm, üzümü
Bir Allaha tutmuşam.
Anddan, fənddən üzülüb,
Sözü baha tutmuşam.
Söz qocadır, söz ərgən,
Söz alimdir, söz cahil.
Söz doğanaq, söz örkən,
Söz dəryadır, söz sahil.
Vermişəm söz çiynimi
Bir ömür dərd yükünə.
Dözmüşəm bu taleyin
Qəza-qədər yükünə.
***
De, qarşını kim kəsib,
Dağda, düzdə qaç, oyna.
Nəvə yox oynadasan,
Al ovcunda daş oynat.
Daha iş-işdən keçib,
Keçənlər başdan keçib.
Ömür də yaşdan keçib,
Daha az göz-qaş oynat.
Səsə, sözə uyma ta,
Anlama ta, duyma ta,
Öz havana oyna ta,
Düz oyna, ya çaş oyna.
Get bu yolu sonacan,
Yoruldun, say onacan.
Gey sonuncu donacan,
Bu yaşdan da daş, oyna.
***
Dizlərim - ana qucağı,
Başım dizimdə yatıram.
Beynim oyaq, ruhum oyaq,
Təkcə gözümdə yatıram.
Nə düşünür, nə dinirəm,
Gözümdə zərrə çimirəm.
Hirsəm, acığam, sinirəm,
Gör nə dözümdə yatıram.
Yuxu var, bölə bilərəm,
Yuxu var, ölə bilərəm.
El yatır, elə bilirəm,
Mənəm, özüm də yatıram.
***
Xəyalında - dünya mələk donunda,
Uçuş yoxmuş qanadında, qolunda.
O binəva diləkləri yolunda
Elə yuxa qulağımı yağlayıb?!
Kədəri də həna qoyub saçına,
Ağrımayıb hədər gedən yaşına.
Buxovlayıb, buraxmayıb başına,
Ömrü-günü göz altında saxlayıb.
Gərəkməzmi bir yol enə şeytana?!
Küyə düşüb o da dönə şeytana,
Di gəl lənət deyib cinə, şeytana
Bədgümanlıq harda onu haqlayıb?
Yaxşı ki varsınız
Qəzaya düşdüyüm zaman
dadıma yetən səfər yoldaşlarıma
Sınaq məqamında şüşədi qəlbim,
A dostlar, sınaya bilmirəm sizi.
Sizsiz bir də gördün üşüdü qəlbim,
Gör nə uca tutub illərim sizi.
Yaxşı ki varsınız, ürək dostlarım,
Yaxşı ki varsınız, ey yoldaşlarım.
Sevincə, kədərə gərək dostlarım,
Xanım yoldaşlarım, bəy yoldaşlarım.
Gördüm, dar günümdə isti qəlbiniz,
Mənə necə yandı, necə ağrıdı.
Gördüm, harayıma necə gəldiniz,
Qəlbiniz qəlbimdən öncə ağrıdı.
Neçə əl uzandı, ayağa qalxın,
Nə özün tanıdım, nə adın bildim.
Elə kövrəldim ki, gözümdən axdım,
Uzanan əlləri qanadım bildim.
Yaxşı ki varsınız, şükür, varsınız,
Axşamın, səhərin salamı dostlar.
Ömrə zinətsiniz, ruha baharsız,
"Dost yoxdur" hökmünün yalanı dostlar.
***
Ən yaxşı qocalığın
Pis tərəfi üzdədir.
Üzdə olan ən pisin
Ən yaxşısı bizdədir.
Ötüb keçən deyil ki,
Diz çökdü, bel əyildi.
Ömür sona meyilli,
Əcəl üzün gizlədir.
Baxırsan, sağ-sol durur,
Məkan durur, yol durur.
Vaxt özünü öldürür,
Ümid deyir, "gözlə bir".
***
Söz ardınca çapar oldum,
Gah qapı, gah hasar oldum.
Hərdən elə bezar oldum -
Sındırdım qanadım sözü.
Saldı məni ayağına,
Yatdım hərdən oyağına.
Düşdüm isti-soyuğuna, -
Ömrümə qaladım sözü.
***
Sayıqlayır bir qoca
Ömrünün yetmişini.
Gah əllisin hıçqırır,
Gah söyür yetmişini.
Dönə-dönə vaysınır,
Hey ağrıyır, hey sınır.
Çıxa bilmir heyfini
Huşundan itmişinin.
Bu yaz
Göylər sağmal inək deyib,
Buludları sağır yenə.
Açılmır yaz qaş-qabağı,
Narın yağış yağır yenə.
Yox bayırda yaz qılığı,
Hey sülənir qış qalığı.
Arsız canım yorğalığı
Ölçür fağır-fağır yenə.
Qar yorğanın harda salmış,
Bir az sisi, çəni qalmış.
Ağır yüklü dəvədi qış,
Keçir ağır-ağır yenə.
"İllərin" şeirimə sözardı
Mən özümü düşmən bildim özümə,
Qismətimi düşən bildim özümə.
Yığım, bəlkə, düşə bildim özümə
İndisini, keçmişini illərin.
Nə dar imiş... bu dünyaya sığmadım,
Zaman məni sıxcaladı, çığnadı.
Dən-dən olmuş zəmisindən yığmadım
Naxışını, çeşnəsini illərin.
Məni ötən kiçik bacım
Səni xatırlayıram tez-tez,
məndən iki yaş kiçik bacım.
Əvvəl əllərimizi ölçürdük,
Əllərin əllərimi ötürdü.
Sonra boyun da
boyumu ötməyə başladı.
Gücümüzü ölçməyə
çəkindim bir az,
nə bilmək olar?!
Gücün də gücümü ötsə...
Məndə bir az
pişik xisləti vardı,
arxamın yerə vurulmasına
dözməzdim.
Məktəb yaşım səndən
öndə olsa da,
məktəbə birgə getdik,
Boy-buxunum,
can-cəsədim səni gözlədi,
sənə arxalandı, -
məktəb yollarını ölçmək üçün.
Ötdün məni hər əməldə,
hər işdə.
Təkcə bilikdə,
oxumaqda ötə bilmədin.
Bəlkə də özün istəmədin ötəsən.
Toyunla da,
ana, nənə olmağınla da
ötdün məni, bacım.
Mən heç ana olmaq
iqtidarında da olmadım.
Batıb qaldım
dişimlə-dırnağımla
qazanmağa çalışdığım
gələcəyimdə.
Ötə-ötə getdin...
Və...
Dünyanı dəyişdin...
Bəli... Burda da ötdün məni,
bacım mənim.
Dərdim, ağrım-acım mənim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!