"Ədəbiyyat nəzəriyyəsi" silsiləsindən şeirlər - Ağamir CAVAD

 

 

Suprematizm

 

Əli Şirin Şükürlüyə

 

Zaman dayanmır...

Zaman ötüb gedir.

Allah idarə edir zamanı,

Allah idarə edir məkanı.

Hər şey qocalır.

Hər şey başa vurur ömrünü.

Zaman qocalmır,

Allah qocalmır.

Zamanı ehtiva edir Allah.

Allahı sevənlər,

Allahın ətəyindən tutanlar

Dəyişir dünyasın.

Tək qalır Allah.

Tənha qalmır, yox, tək qalır.

Tək qalır ən ali eşq məbədi.

Ucalıqda tək,

Böyüklükdə tək,

Məbudluqda tək,

Zamantək əbədi...

 

 

Sentimentalizm

 

Qəlbində yanğı,

            ruhunda yanğı,

                        ürəyində ağrı

baxıb yaratdığın dünyaya

            əzab çəkirsən, Tanrı.

Ağrı bürüyüb, əzab bürüyüb

            yeri, göyü.

Qəmlə, göz yaşlarıyla yazılıbmı

            dünyanın taleyi,

                        insanın taleyi?

Bəşərin çiyinlərində

            bu nə yükdür, Allah?

Özüntək əzabın da böyükdür, Allah.

Yaratdığın sadə insanların

            sevgisi qorxu içində...

Həyatı ağrı içində

            itirmək qorxusunun

                        vahiməsini yaşayır

            sevgisi böyük olan sadə insanlar.

Hər kəsin içində bir qorxu,

            bir dəhşət yaşar.

Hər qəlbdə bir eşq əzabı,

            bir həsrət əzabı...

Ən ağır əzabmış məhəbbət əzabı.

İnsanların dönüklüyü,

            etibarsızlığı

sənə ən böyük dərddir,

            iztirabdır, Allah.

İnsanların səni anlaya bilməməsi

            ən böyük əzabdır, Allah.

Yenə sən duyursan bizi,

            sən anlayırsan bizi.

Ancaq dünya xali deyil.

Xeyirxah insanlar,

            işıqlı insanlar da çoxdur dünyada.

İşıq paylayırlar doğmaya, yada.

Bu sadə insanlar,

            xeyirxah insanlar

eşqinin yolunda fəda eyləyir canı.

Bir inamları var:

            Məhəbbət xilas edəcək cahanı.

 

 

Magik realizm

 

Şaman babam ocaq çatardı,

şam yandırardı

dua edəndə,

and içəndə.

Sən də ocaq çatırsan, şam yandırırsan.

Atəşpərəst baban tonqal qalayar,

üstündən atılardı.

Şam yandırardı

dua edəndə,

and içəndə.

Sən də yandırırsan.

Xristian baban şam yandırardı

kilsədə

and içəndə, dua edəndə.

Sən də yandırırsan.

Müsəlman baban şam yandırardı

ocaqda, pirdə

dua edəndə, and içəndə.

Sən də yandırırsan.

Əllərini göyə qaldırıb,

Allaha şükranlıq edər,

istəyini diləyərdi.

Sən də edirsən.

Torpağın bərəkətinə,

suyun paklığına,

havanın təmizliyinə,

odun istisinə and içərdi.

Sən də içirsən.

İmanı,

qəlbindəki od, torpaq, hava, su

paklığıdır

insanın sabaha aparan səsi.

Odun torpağın, havanın, suyun

müqəddəsliyinə inamdır

insanın özünə qayıdışı,

Allahla əlaqəsi.

 

 

Maarifçi realizm

 

Təbiət ən böyük kitabdır,

Oxuyub öyrənmək savabdır.

Dərk elə bu kamil kitabı,

Yox olsun dünyanın əzabı.

Dərk elə həyatda özünü,

Həyatın hər cürə üzünü.

Bil nədir savabın, günahın,

Eşqinlə gül açsın sabahın.

Dağları, düzləri gəz öyrən,

Hər dərdə, əzaba döz, öyrən.

Kainat düzülmüş nizamla,

Özünə, sözünə inamla.

Dərk elə bu böyük cahanı,

Cahildir itirən hər anı.

Müdriklik insanın zinəti,

Böyükdür, alidir qiyməti.

İnsandır dünyanın əşrəfi,

Tanrının yerdəki xələfi.

Anlasan ilahi fitrəti,

Taparsan özündə qüdrəti.

Aləmi dərk etmək istəsən.

Dərk elə özünü sən öyrən.

 

 

Tutun məni

 

Camal Yusifzadəyə

 

Tutun məni, buraxmayın,

            qırmışam zəncirlərimi,

            sındırmışam buxovlarımı.

Sığmıram dünya boyda dar qəfəsə.

Birnəfəsə

            aşıb neçə dağ, dərə,

Yarıb meridianları,

            qırıb paralelləri

                        baş vurmuşam göylərə.

Min rəngə çalır göy üzü,

            həşəm-həşəm.

Göylərin haqq tərəzisində

            ən ağır daşam.

Dünyadan ağırdı

            kədərim, nəşəm.

Tutun məni,

            qoymayın yerə düşəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!