Amerika şeirləri silsiləsindən
Medelin gecələri
Medelin, gecələrin çox qaranlıq
Ulduzdurlar - səpələnib
göylərinə armud qızlar...
Alma kişilər ağı deyirlər
qısa ömrə.
Həzzə bax
bircə anlıq...
Medelin, gecələrin çox qaranlıq.
Kartaxenada yanıb günəşdən
sənə qayıdıram
Mayami unudub artıq
sahildəki gülüşümü
Medelin, həyata bax,
qeyb olubdur qəhrəmanlıq
qınaya bilmirəm,
gecələrin çox qaranlıq.
Ay işığı süzülür
ağ süd kimi.
İkimiz də ağladıq
bulud kimi
sən mənə sarıldın
mən sənə
dünya
nə oyanlıqdır,
nə də bu yanlıq
Medelin, gecələrin çox qaranlıq.
Ürəyə bax,
hələ də Bakıdadır
biri yoxdu, biri vardı
nağıla bax
alma düşdü,
armud qalıq
Ağaclara inanıb
yaşılı müqəddəs sandıq
Medelin, gecələrin çox qaranlıq.
Amazonda budaq var ki
quş qonmayıb,
torpağı günəş görməyən meşə kimi
qaranlıqdayıq
Rio hələ qocalmayıb
dəvələr asfaltdan
yorulub
arabalar qumluqda
yol bulub
hansı tez çatacaq
mənzil başına
budur vacib sual artıq
Medelin, gecələrin çox qaranlıq...
Medelində artıq
bahardır...
Baxıram sən gedən yollara,
Yazığım gəlir səni qucmağa
həsrət qalmış qollara...
Sağımda dəli, solumda da dəli,
sonunda hər şey gülməli...
Söyləyirsən Medelinə bahar gəlmiş,
Əkdiyim kaktus kolları bir boy da artmış...
Riodan bu yana gətirərsən rom,
bir də mandarin...
Mənimsə könlümdə olsa da bahar,
çölümdə qar var...
Qocalmağa çalışan cavan adamlar...
Qoca qartalların yerişini yeriyə bilməyib
uşaqlaşan böyükləri kimi cılızlaşıb
əsl qəhramanların haqlarını yeyən varlıqlar...
Baxıram sən gedən yollara,
Yazığım gəlir səni qucmağa
həsrət qalan qollara...
Medelində artıq bahardır...
Riodan gələn bağlamada rom,
bir də mandarin vardı...
Azadlıq
Saçlarında bircə tükdən asıb sanki
Yer üzünü böyük Fələk,
buludların üzərində qərar tutub
gözəl mələk...
İnsanların ümidləri
göyərərək
əlləridir ağac olub
uzanırlar göylərədək...
Qara külək göy üzündə
bərq vuraraq
bəzən qovur buludları,
bəzən isə səssizliyə qərq olaraq
hiylə ilə, riya ilə ağuşuna almaq istər
insanların büt sandığı, tapındığı
o mələyi.
Topa-topa şəffaf bulud
süzür onun ətrafında,
gah görünür, gah yox olur zamanında.
bəzən yağır günahları
yuyan yağış...
İnsanlarsa gəzir onu
göy üzündə qarış-qarış...
İşıqlaşır aram-aram...
günəş özü gülümsəyir
onu görcək
kainatın üzü gülür
damağı çağ -
budur gerçək.
Okeanlar, dənizlər də
sahilindən aşıb daşıb güclənirlər...
Fırtınalar, təlatümlər qaçılmazdır,
o mələyə çatmaq üçün
buludlara dartınırlar...
Süxurlar da dirənirlər
yer təkindən lap üstədək
insanlartək...
iztirabla dolu heyhat,
o mələyə gedən yoldur
əsl həyat...
Şirin yuxu, böyük vüsal,
qəhrəmanlıq...
Kimdır axı gözəllərin ən gözəli? -
Huri-cənnət...
Azadlıqdır, Azadlıqdır, Azadlıq...
***
Siqaret
Qutudakı ən sonuncu siqaret,
Yandırım?.. yan mənimtək.
Yan qurtar, külə dön get,
Sən də tənha, mən də tək.
Sən bir dəfə ölürsən,
Yandırıldın, bitirdin.
Mən gündə neçə dəfə
yandırıldım, dirildim.
Bəlkə heç yandırmayım?!
Sonuncusan... yandırır...
Gecənin qaranlığı
Sabahı yubandırır.
Tənhayam bu şəhərdə,
Kimdən alım siqaret?
Sonuncu dostum səndin,
Yandıracam... sən də get...
Yuxu
Rəngarəng işıqların
arasında ağ işıq
gördüm yenə yuxumda -
Yuxularım qarışıq...
Sarısaçlı bir körpə
ağ atın belindəydi.
mənə əl edirdi: "gəl",
dünyanın məhvəri
onun əllərindəydi...
Ağsaçlı bir qocaydım,
ağ işıqların ən yaşlısı
olacaqdım...
Çatdım atlı körpəyə -
ağ işığa qərq etmişdi
Tanrı onu
nurunun işığından -
görünmədi bir anlıq
uzun yolların sonu...
Sonra böyümüş gördüm
o sarışın körpəni:
bir əlində qılınc,
birində dünyanın məhvəri -
mənsizlərdən, mənasızlardan təmizləyirdi
nura qərq etdiyi
qədim şəhəri...
***
Dərdim yenə dərd içində,
ayaq üstə ölurəm mən.
İblislərlə bir biçimdə olanlarla
dərd bölürəm.
Dost gorəndə üzüm gülür,
qamətimi düzəldirəm,
gözlərimdən yaş süzülür -
ürəyimdə gizlədirəm.
Hamı məndən kömək umdu,
dərdimə kömək olmadı.
başqasının sözün dedim,
sözümü demək olmadı.
Allahdan başqa bir kəsə
Dərdlərini söylə, bilməz.
Nə qədər Tanrı quludur,
Vahid dərddən ölə bilməz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!