O...Yol...Yağış...Külək...
Xoşbəxtliyə bircə hərf çatmır: "O".
R.Əhməd
Buludlar dən səpər yerə,
yollar göyərçin kimi
dənlər yağışı.
"Bayatı-şiraz" kimi evlər
dinlər yağışı.
Dodağı çatlamış asfalt küçələr
yağışı partdaq dodaqlarına çəkdiyi kimi
çəkərəm ciyərlərimə
mənə nəfəs verən öpüşlərini.
Bir yağış damlası olaram
qoparam buludların bətnindən saçlarına...
çırparsan tellərini
düşərəm ovuclarına.
Qaldır əllərini dodaqlarına:
nəfəs ver, isit məni...
Bir külək olaram.
Sonra...
Sonra dəcəl uşaqlar kimi
Qapını döyüb qaçaram.
Açarsanmı qapını?
Açarsanmı ürəyini?
Boya kimi çəkər
dodaqlarına
bir dünyalıq çəhrayı təbəssümü.
Çırpar,
çırpar buludlar yerin başına.
Zərbədən yıxılan yollar
sərilər ayaqların altına.
Ürəyim yeriyər çəkmələrinlə,
dənlər yerişinin addım səsini.
İndi pozacaq iş sükutunu
gecələr addımlayacaq "əsmər yuxum"da.
O yağış mənəm,
O külək mənəm,
O yol mənəm.
O mənəm.
O...
O..
O.
"27 oktyabr"a
Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini -
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən körpə səslərini -
sevdim gələcəyini.
Sevdim
el var, oba var -
daha demirəm nəyini sevdim.
Səni üzənin evi yıxılsın,
yıxılsın, lap belə nəyi yıxılsın...
Fitili çəkilmiş qumbarayam,
at məni
dərdlərinin səngərinə.
Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında,
ötüb Zəngəzur səmasından:
"əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq".
Səni səhər sevdim -
Azan gözləyən müəzzin kimi.
Səni günorta sevdim -
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni axşam sevdim -
demirəm necə sevdim...
Səni axşam,
Səni günorta,
Səni səhər sevdim,
Demirəm necə sevdim,
Ay zalım sevdim səni.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!