Zəfər yolu və Zəngəzur bayatıları - Musa URUD

Zəngəzuru tanıyaq və tanıdaq (On üçüncü yazı)

 

 

Zəngəzur haqqında silsilə yazılarımı ötən ilin sonunda yekunlaşdırmağı düşünürdüm. Lakin cənab Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixdə, öz ad günündə Qərbi Azərbaycan icmasının binasının açılışında söylədiyi konseptual fikirlər məni bu mövzunu davam etdirməyə sövq etdi. Cənab Prezidentin həmin görüşdə söylədiyi  "biz ata-babalarımızın yurdlarına qayıdacağıq", "bu bizim haqqımızdır", "biz sülh yolu ilə qayıdacağıq" - kimi fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının kontur cizgiləri  kimi qiymətlidir və hər birimiz bu yolda bacardığımızı etməli, öz töhfələrimizi verməliyik. Deməli, bizi Şuşaya qovuşduran Zəfər yolu davam edir. Bu yol bizi Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə, Ağbabaya aparacaq. Necə deyərlər, ömür bitər, yol bitməz. Yolumuz açıq olsun. Mən inanıram ki, o yurdlara gedəcəyik, bizdən öncə isə arzularımız, sözlərimiz, nəğmələrimiz gedəcək o ellərə. Bu vəsilə ilə də "Zəngəzur bayatıları"nı yazdım. Məndən əvvəl də Zəngəzura bayatılar yazan Sarı Aşığa, Hüseyn Kürdoğluya, Ağa Laçınlıya, Eldar Baxışa, Zəlimxan Yaquba, İlham Qəhrəmana və digər söz ustadlarımıza Salam olsun!

 

 

Zəngəzur bayatıları

 

Mən aşiq Zəfər yolu,

İgid yolu, ər yolu.

Zəngəzura gedənin

Qədəminə sər, yolu.

 

***

Yolum Zəngəzuradı,

Kəbəm, qibləm oradı.

Hər qayası bir ayə,

Hər dağı bir surədi.

 

***

Aşıq Zəngəzurludu,

Üzü, gözü nurludu.

Yurdsuz xar olan igid,

Eliynən qürurludu.

 

***

Əzizim buz bulaqlar,

Yanı yarpız bulaqlar,

Dəniz, insafın olsun

Körpədi qız bulaqlar.

 

***

Əzizm İşıqlıya,

Gün düşüb İşıqlıya.

Göygöl Kəpəzə aşiq,

Qaragöl İşıqlıya.

 

***

Salvartıda qara bax,

İgid düşüb dara, bax.

Çən - dumandan xəbərsiz

Yol gözləyən yara bax.

 

***

Əzizinəm Qafan oy,

İtirən oy, tapan oy!

Sinəsindən gül açan,

Butasından gopan, oy!

 

***

Mən aşıq Qazan gölə,

Xustuba, Qazan gölə.

İndi düşmən tor atır,

Bir vaxr yar üzən gölə.

 

***

Mən aşiqəm Şıxlara,

Sofuluya, Şıxlara.

Yağı yolu kəsibdi,

Həsrətdi aşiq yara.

 

***

Urud, Ağdü, Vağədi,

Xandı, bəydi, ağadı.

Bazar çayın boynunda

Üç qızıllı cığadı.

 

***

Mən aşiq Ağbulağa,

Gorusa, Ağbulağa.

Qar yağmır neçə ildi

Həsrətdi bağ bulağa.

 

***

Zorzor bulaq gur gəlsin,

İç, gözünə nur gəlsin.

Əvvəl yol, dəhliz olsun,

Sonra Zəngəzur gəlsin!

 

***

Mən aşiqəm düz, düzə,

Gəl oturaq diz-dizə.

Əl uzatsan çatandı

Zəngəzurdan Təbrizə.

 

***

Bəd gözdə nəzər yana,

Nə zərgər, nə zər yana.

Araza od düşməsin,

Qorxuram Xəzər yana.

 

***

Aşıq nagüman ağlar,

Yamacda duman ağlar.

Oxçu, Yaycı viranə,

Ox ağlar, kaman ağlar.

 

***

Mən aşıq, tel üşüdü,

Cıqqada tül üşüdü.

Üçtəpədə yel əsdi,

Gorusda gül üşüdü.

 

***

Buğda əkdim dəmiyə,

Maral doldu zəmiyə.

Zəngilandan nə qalır

Lökə, Maralzəmiyə?

***

Quzeydə qar qalandı,

Qarğalar qırğılandı.

Şəkiyə gedəmmədim,

Yoluma qar qalandı.

 

***

Dərdli hər dərdə ağlar,

Kiriyər, bir də ağlar.

Qərib aşıq əlində

Tel ağlar, pərdə ağlar.

 

***

Yaz arzum qışa döndü,

Gözümdə yaşa döndü.

Qırxqız dağında qırx qız

Daş oldu, daşa döndü.

 

***

Əziziyəm İrəvan

Şuşa, Təbriz, İrəvan.

Gözümüzün nurusan

Candan əziz, İrəvan!

 

***

Əzizim Zəngəzura

Yol gedər Zəngəzura

Daha nə qəm yaraşır,

Nə kədər Zəngəzura.

 

***

Əzizim Alagözə,

Aşiqəm ala gözə.

Qar yağıb Ağbabaya,

Gün düşüb Alagözə.

 

***

Mən aşiq Comərdliyə,

İgidliyə, mərdliyə.

Çatdınsa Ərəfsəyə,

Nə qalır Comərdliyə.

 

***

Xan gəlsin, paşa gəlsin

Qəlbimiz cuşa gəlsin.

İrəvanla Təbrizin

Müjdəsi qoşa gəlsin.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!