Sən, mən, bulud...
Buludların arasından
günəş gülür üzümə.
Bir işıltı şığıyır görən gözümə.
Səni düşünürəm,
dodağım qaçır.
Təbəssüm ilişib qalır
dodaqlarımda.
Bir qızartı görünür
yanaqlarımda.
Bu xəfif təbəssüm,
bu utancaq qızartı
doğulmayır özbaşına...
Səni xatırladım:
Bax belə bir günüydü,
buludlu bir gün,
Boylandı günəş buludların arxasından...
Qollarını geniş açıb
buludla birlikdə
günəşi qucaqladın.
Qəfildən bir qolunla da
qucaqladın çiynimi.
"Sən ondan da gözəlsən" - dedin.
Ondan da işıqlı,
ondan da yaraşıqlı.
Qoy bizi qısqansın
günəşlə bulud...
"Unut onları" - dedin, unut!
Bir sən ol, bir də mən...
Gözümüz görməsin qeyri-kəsi...
Qəzəbləndi sanki bulud,
yağdı, islatdı bizi...
Su içində qoydu
evə çatanacan hər ikimizi...
Çətirimiz də yoxuydu...
Cücəyə dönmüşdük ikimiz də...
Tellərindən axan yaş
çatıq qaşlarının arasından
dodağına süzülürdü,
silmirdin...
Sən onda nə qədər
gözəliydin
özün bilmirdin.
Özümüz də bilmədən
bulud yağış şəklində
aramızda durmuşdu...
bizə divan qurmuşdu...
Sən, mən, bulud...
Unut dediklərimi, gülüm, unut!
Dünyanın qayğıları...
Gözə girməyə çalışmadım,
yaltaqları sevmirəm.
Tısbağatək qınına çəkilməyə də
alışmadım,
rəzilləri sevmirəm.
Haqqım olana sahib çıxacağam,
buna inanıram...
Noolsun bəzən haqsızlıqlar
qarşısında pərt oluram,
sınanıram...
İnamım güclüdür haqq-ədalətə...
O inamım ölməsin,
bəsimdir mənim...
Bu dünyada düzlük, dürüstlük, səbr,
saf ruhum, tər nəfəsim
bəsimdir mənim...
İnamıma köklənib,
inamımla yaşadım
bu günə qədər...
İnamsız yaşamaq çətin olur...
İnamla yaşayan insan
dünyada heç nə itirmir,
qətiyyətli, düz, mətin olur.
Çəkilmişəm bir küncə,
izləyirəm aləmi,
qayğılar basıb məni...
Unutmuşam dəftəri,
unutmuşam qələmi...
Yazmıram neçə vaxtdır
ürəyimə dolanı...
Yazmıram ömrümüzdən
nə gedəni, nə qalanı...
Mənim kimi dünyanın
dərdi başından aşıb...
Sellər, sular çoxalıb,
çaylar da bəndin aşıb...
Dünya suyun içində,
sellər alıb qoynuna...
Təbiətin bəlası
bizdən də yan keçməyib,
Yazın gözəl çağında
kəndimizə qar yağıb...
Qonşum da söyləndi ki,
Arana dolu düşüb...
Ağladıb meyvələrin,
bağçaların anasını...
Kimi görsən, dindirsən,
giley-güzar eləyər
gah havadan, gah sudan,
gah uşaqdan,
gah arvaddan, gah ərdən...
Qayğılar çoxalanda
çəkilirəm bir küncə...
Bir özüm oluram,
bir də qayğılarım...
Öz yükümün çəkisi
ağır olur, duyuram,
Dünyanın dərdini də
dərdim üstə qoyuram.
O yük də yüküm üstdə
istəsəm də, istəməsəm də...
İnsanam axı... hər şeyi deməsəm də...
Qayğılar o qədərdir,
söylənirəm özümə...
Qələm, dəftər əlimdə
qısılmışam bir küncə,
Üst-üstə qayğıların
təpilmişəm gözünə...
Özüm üçün yaşamaq
alnıma yazılmayıb...
Özümə qapadan da
bəlkə bu qayğılardır,
Yükləndiyim
dünyanın qayğıları...
Necə uzaq eyləyim
ürəyimdən, içimdən,
görəsən, "bu yağıları"?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!