Səhraların da dərdi var... - Şeirlər. Bəhram BİLALOĞLU

 

 

Səhraların da dərdi var

 

Səhraların da dərdi var,

Aparır külək qumları.

Dözmür qumun gedişinə,

Qalır yaddaşda anları.

 

Gedənlərin apardığı

Cahan boyda bir ümmandır.

Gözü yaşlı qalan bizik,

Qalan bizə, bil, gümandır.

 

Yollar var ki, yolçusuyuq,

Dərk etmir, hələ gedirik.

Yaxşı-yaman da bilmirik,

Gülə-gülə tərs edirik.

 

Sonu olmayan yoldur ki,

Bəxt aparır, gedir hələ.

Tanrı yazan yazıdır ki,

Özü bilmir nə vaxt ölə.

 

 

Hisslərim tufan qopardı

 

Qürbət eldə çox yaşadım,

Yıxdı qəribçilik məni.

Vətənimin aşiqiyəm,

Saçlarımın artdı dəni.

 

Hisslərim tufan qopardı,

Apardı uzaq səfərə.

Qərib adamları gördüm,

Qayıtdım o bir nəfərə.

 

Bağlıyam elə-obaya,

Şirinim-acım ordadır.

Axtarsam qəmi, həsrəti,

Vətənimdən kənardadır.

 

Vətən adlı zirvədəyəm,

Bundan böyük qürur olmaz.

Vətənsizin göz yaşını

Axıtsan dəryalar dolmaz.

 

 

***

Quru bir cism olsam da,

Ruhumda can-can gəzirəm.

Düşünəndə şəfa yerin,

Yalnız qalır, dərd əzirəm.

 

Açıram əlimi, Allah,

Səndən nicat istəyirəm.

Canıma can olanları

Dərgahına səsləyirəm.

 

Aləmlərin sahibi Sən,

Sənsən bizi biz eyləyən.

Sənsən doğru yola çəkib

Haqqımızı üz eləyən...

 

Ruzidə payı var

 

Çəkirəm hər səhər

bəxtsiz dərdini.

Tale yazısıdır,

Alır qəmini.

 

Doğulan cisminin

Günahı nədir?!

Ruhu əsir qalır,

Demir ki, bəsdir.

 

Yaradan yaradıb,

Biz nəkarəyik.

Anlayın, deyin ki,

Fəqir, nökərik.

 

Ruzidə payı var,

Çatdırmaq olar.

Etsək insanlığı,

Savabı qalar.

 

 

Allah sevgisi

 

Xoşbəxtlik danışmaq, gülmək deyil ki,

Allah sevgisindən doğan bir eşqdir.

İnsanın ömrünü ömür eyləyən

Əbədi açılmaz düyün, sirr eşqdir.

 

Çatmaz ki ərşinə hər bəndə ruhu,

İmanı, təqvası, nizamda ola.

Haramı, halalı eyni bilənlər

Gərək min yuyula, min qüsl ala.

 

Hidayət yolçusu olmayan kəslər,

Ağıllı zənn edər, özün hər zaman.

Alimə, arifə rişxənd edərək,

Görürsən heç kəsə verməyir aman.

 

 

Tale yazısı

 

Yolum üstə bitən gördüm,

Bənövşəni, yasəməni.

Boynu bükük qalan güllər,

Həyat qocaldacaq məni.

 

Hardan biləydim axı mən,

Siz də bəxtdən küsmüsünüz.

Taleyə bax, qismətə bax,

Yolum üstə əsmisiniz.

 

Xətrinizə kim dəydi ki,

Ayrıldız ayrı düşdünüz.

Ümidini üzməyənlər,

Ağıllı bir iş gördünüz.

 

 

Təbiətin sehridir

 

Darıxır ruhum kimi: -

Tökülən sarı yarpaq.

Payızı yaman sevir

Sevdiyim ulu torpaq.

 

Təbiətin sehridir,

Ayırıb fəsillərə.

Yetişdirir ağacı

Gələcək nəsillərə.

 

Möcüzələr baş verir,

Adam heyrətə gəlir.

Ömrünə az qalanlar

Torpağın üstə ölür.

 

Belə yazır taleyi

Yaradan hər insana.

Cismə əzab verəni

Alar torpaq canına.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!