Qan rəngində doğulan qırmızı üfüq kimi Azadlıq günəşinə dan olur bu xiyaban... - Ay Bəniz Əliyarın şeirləri

 

 

 

Əbədi ruhlara ithaf

 

20 Yanvar şəhidlərinə

 

Doğma Bakı. Soyuq qış. Dağüstü park. Yenə biz.

Doymur günahsız qandan torpağın qara üzü.

Tarix təkrarı sevir, təkrarlanır dərdimiz,

Bəlkə elə Tanrıdır, sınağa çəkir bizi?

 

Torpaq üçün ölənlər doğulub dönə-dönə,

Tarixin qara üzün daşlara nəqş edirlər.

Müstəqillik uğrunda şəhid olanlar yenə

Gələcək nəsillərə azaqlıq bəxş edirlər.

 

"Azadlıqlar verilmir, alınır", deyimi var,

Gələn tufan qəflətin uyğusunu dağıtdı.

Bildirib şər niyyətin bir amansız qəsbkar,

Günahsız insanların al qanını axıtdı.

 

Hədsiz idi düşmənin bizə olan nifrəti,

Onuncün gecikmədən pusqu qurdu gizlicə.

Neçə insanımızın vətəndaşlıq qeyrəti

Şəhidlik məqamıyla naxışlandı o gecə.

 

Ağır faciələrlə üzləşdik zaman-zaman,

Çox gördük haqsızlığı, heç üzümüz gülmədi.

Bakı küçələrində axıdılan həmin qan,

Azadlıq eşqimizi tələf edə bilmədi.

 

Dostlara qürur yeri, düşmənlərə göz dağı,

Azadlığın özbəöz heykəlləşən ünvanı.

Oduna yandığımız Qəhrəmanlıq ocağı,

Müqəddəs bir and yeri - Şəhidlər xiyabanı...

 

Hər il 20 Yanvar - tarixi ildönümü

Qərənfilə qərq olur, anılır bu xiyaban.

Qan rəngində doğulan qırmızı üfüq kimi

Azadlıq günəşinə dan olur bu xiyaban.

 

***

Yad bir şəhərdəyəm sanki,

Quşlar dənləyir ayaq izlərimi.

Unutduqlarım kölgə kimi arxamda,

Düşündüklərim sədd kimi önümdə.

 

Quşlar dənləyir ayaq izlərimi,

Xırda pul kimi səpirəm yollara.

Adamlar görməzdən gəlir,

Adamlar dirigözlü basdırır bir-birini.

 

Bir uydurma arzu var gözlərimdə,

Gəlinlik geyindirmişəm yoxluğuna.

Quşlar dənləyir ayaq izlərimi,

Qatarlar hardasa fit verir ayrılıqlara.

 

Qanlı köynəyində gülür baharım,

Ətri bihuşdarı kimi zərif.

Amma və lakin... anlamsız...

Quşlar dənləyir ayaq izlərimi.

 

***

Keşkə bir Şeir yazasan,

bütün işlərin düzələ...

Alnındakı qırışları

silə, ata, sevinəsən.

O Şeirdən misra-misra

dada-dada sevinəsən.

 

Yarpaq-yarpaq sola payız,

uça isti əllərindən.

Yenə bu soyuq əllərim

aça isti əllərində...

 

Ağ vərəqlər yağış ola,

sətirlər üstünə cuma.

Qəmi, kədəri yox edə,

Sevincin keçə hücuma.

 

Şeirdən bir ev tikəsən,

Şeir ola üstü, damı.

Qızınmağa od olmaya,

Yandırasan, yana hamı...

 

Yazdığın o Şeir ilə,

Bildirəsən bitdiyini.

Anlayasan yoxluğunu,

anlayasan getdiyini.

 

***

Mən yatanda öləcəyəm, bilirəm bunu,

Gecə ölmək daha asan, daha şirindi.

Basdıracam gözlərimdə sənin yuxunu,

Bir də gördün göz qapağım qəfildən endi...

 

Bir ömür də səhifələnib olacaq boyat,

Saxlayacam zamanı da salıb kəməndə.

Yuxu kimi gələcəkdir keçdiyim həyat,

Yuxu kimi görəcəyəm ölümü mən də.

 

Solacaqdır şeirimdə al-əlvan rəngin,

Göz yaşlarım axmayacaq bəyaz varağa.

Çəkəcəyəm yorğanımı başıma o gün,

Köçürəcəm həsrətini soyuq torpağa.

 

Bəlkə bu dəm həsrətin də qopa kökündən,

Quşlar kimi qanad çalan görəm özümü.

Canım, bəlkə, rahat ola sənin yükündən,

Bir hovur da mən dincələm, yumub gözümü.

 

Anam yəqin, şeir kimi dinəcək məni,

Əvəzimə qoxlayacaq iki qızımı.

Qış olacaq o gün yəqin, qarlı qış günü,

Yoxsa niyə üşüyüm ki, ömrün uzunu?

 

Qar yağacaq göy üzünün qaşqabağından,

Niyə yazı gözləməyə gücüm yox mənim?

Yığacaqlar gözlərimi dərd tabağından,

Yarı yolda donacaqdır zəif bədənim.

 

Sən də qalib gələcəksən o gün qorxuna,

Sevdiyini deyəcəksən dodağın altda.

Vüsal üçün gələcəyəm sənin yuxuna,

Bəlkə belə qıza canım torpağın altda.

 

***

Bir il də beləcə haqqa qovuşdu,

Sağ çıxdıq bir ömrün qalmaqalından.

Kiminin həyatı yoluna düşdü,

Kiminin həyatı qaldı yolundan.

 

Azca göz atıram keçən bir ilə,

Nələr oldu keçdi, nələr qaldı bəs?

Nə olsun, canımız suludur hələ,

Yükünü azaldır əvvəlki həvəs.

 

Tanışlar o deyil, dostlar o deyil,

Məclislər o deyil, tostlar o deyil.

Yoxdu o əvvəlki salamlaşmalar.

(Varsa da içində min saxtalıq var).

 

Daha yığışmırıq əvvəlki kimi,

Səsimiz, ünümüz əvvəlki deyil.

Toyuq hinindəki bic tülkü kimi

Bizi bir soyuqluq pusur elə bil.

 

Hər kəs bir-birindən küskün, gileyli,

Hər kəs bir-birinə yad, ögey, uzaq.

Arzular sərgərdan, zaman tüfeyli,

Ömür boş biyaban, sevgi yalquzaq.

O qədər sınığıq, o qədər pərtik,

Daha üzülmürük ayrılıqlara.

Qara daş kimiyik, sərtdən də sərtik,

Qara necə olur, eləcə QA - RA.

 

Bir il də beləcə keçdi ömürdən.

 

***

Sən...

Ən köhnə dərdimə dərman kimisən,

Ən təzə arzuma pərvanə kimi.

Sən yara sağaldan zaman kimisən,

Yarası sağalmaz divanə kimi.

 

Sən...

Gecələr gözümdə axan yuxusan,

Gündüzlər ovcumda gizlənən dua.

Sən bəzən Tanrıdan gələn qorxusan,

Bəzən də cəsarət, bilmirəm guya?

 

Sən...

Ağlımın üstündə kilidləndiyi,

Ruhumun içində əridiyisən.

Bütün varlığımın yoxa döndüyü,

Kölgəmin məhşərə yeridiyisən.

 

Sən...

Yox ikən varımsan, var ikən yoxum,

Hey sənə varıram nəyi düşünsəm.

Gözümdən getməyən əbədi yuxum,

Qırılan qanadım, inadım - Sənsən.

 

***

Bu ölü ümidlər - ömür tayası,

Bu ölü arzular - ağ yalan həyat.

Bu ölü sevdalar - günün boyası,

Bu ölü adamlar - dünya, boz-boyat.

 

Bu ölü çiçəklər - ucuz xatirə,

Bu ölü çəmənlər - dul qalmış qadın.

Bu ölü söyüdlər - ödənməz kirə,

Bu ölü çinarlar - isitməz odun.

 

Bu ölü küçələr - məzlum yağışı,

Bu ölü dalanlar - boşluq öncəsi.

Bu ölü gecələr - ulduz sancısı,

Bu ölü röyalar gətirir qışı.

 

Bu ölü ürəklər - doğmaqda qısır,

Bu ölü beyinlər - vahimə qusur.

Bu ölü baxışlar - cəhənnəm odu,

Bu ölü qulaqlar - bayquş qanadı.

 

Bu ölü şəhərlər - kiflənmiş kitab,

Bu ölü səhərlər - zəqqutum əlac.

Bu ölü gözləniş - saxta bir şərab,

Bu ölü təsəlli - bitməz ehtiyac.

 

***

Necə deyim indi ona,

"Mən bitirdim, sən də bitir!".

Bilirəm ki,

məhv edəcək dünyasını

bu bir sətir.

 

De, bu ahı, bu ağrını,

söylə, necə götürəsən?

Sevgi axı yemək deyil,

doyan kimi bitirəsən.

 

Könlümün qəm bucağında,

çox istərdim, sevgi qalsın.

Hərdən-birdən darıxanda

təkliyimə həmdəm olsun.

 

Mən susanda o dillənsin,

bülbül kimi həzin ötsün.

Qınamıram öz-özümü,

istəməzdim belə bitsin.

 

Ömür bumu, bir sevdalıq

yolçuluğa arxa durmur.

Bir sevdayla yaşamını

sonlandırıb, başa vurmur.

 

"Dost da dosta tən gərəkdi" -

Nədən məni öz-özünə

tən bilmirdi?

Bəlkə o da həvəsliydi

bitirməyə,

mən bilmirdim?

 

Söylədiyi hər acı söz

qırsın məni, istəyirdi.

Soyuqluğu bezikdirib,

yorsun məni, istəyirdi.

 

Yaxşı günlə yaman günü

qarşı qoymaq istəmirəm.

Aramızda olanları

bir-bir saymaq istəmirəm.

 

Doğruları demək ilə

öz üstümdən yük götürdüm.

Bəlkə elə edirdi ki,

mən söyləyim:

"Mən bitirdim!"

M Ə N  B İ T İ R D İ M ...

 

***

Zaman qum dənəsi, ovcunda qalmır,

Bəzən öz hökmüylə əzilir hər an.

Dost incidir səni, yad saya salmır,

Nə dosta güvən yox, nə yada güman.

 

Uyuyub dilində ağrı bir udum,

Nə dindir, danışdır, nə dinlə, anla.

Ağlayır içində bir kövrək adam,

Ümidsiz sevişir xəyallarınla.

 

Zaman qum dənəsi, yellər sovurur,

Olanın-olmazın tərk edir səni.

Saatlar əqrəbin tərsinə qurur,

Silirsən ömründən qalan hissəni.

 

Yolların yoxuşu mənzilə varmır,

Yolların enişi dinclik gətirmir.

Daha həyəcandan sinən qabarmır,

Daha xəyalların səni götürmür.

 

Zaman qum dənəsi, az-çox varındı,

Gözün bu səfər də yolda qalmadı.

Nə yaxşı, bu dəfə dərddən arındın,

Nə yaxşı, bu dərd də sənin olmadı.

 

***

Deyirlər ki, məndən qalan xatirələri

zirzəminin bir küncünə yığıb atmısan.

Ovunmayıb ürəyinin sızlayan yeri,

üstündə də şəkillərdən ocaq çatmısan.

 

İşıqlanıb zirzəminin zülmət gecəsi,

məktublarım gec alışıb, birdən sönübdü.

Yanıb, yanıb ağrı dolu şəkil-nəfəsim,

əllərim də şəkillərdə külə dönübdü.

 

Gözləmisən bu "yanğın" da yetişə sona,

yavaş-yavaş ürəyinə bir ağrı dolub.

Sonra birdən qıymamısan baxışım yana,

əl atmısan alovlara, amma gec olub.

 

Saçlarım da çırthaçırtla yanıb şəkildə,

ümidimin son nəşəsin çəkib o gecə.

Bağçanızda paltar üçün asılan teldə

xəyallarım öz-özünü asıb gizlicə.

 

Sənsizliyi taleyimə dərd yazıb yazan,

söndürmüsən bir ürəyin gur alovunu.

bilməmisən yığıb külün hara atasan,

qorxmusan ki, torpaq belə götürməz bunu.

 

Deyirlər ki, səninçün də bitibdir bu dəm:

sevda dəmi, vüsal tamı, hicranın dadı...

deyirlər ki...

qoy desinlər... mən ki, bilirəm....

ürəyində yerim ayrı, taxtım ayrıdı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!