Şeirlər - Faiq BALABƏYLİ

 

 

Şuşa

 

Mənim qoca şəhərim, mənim uca şəhərim,

neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!

Özümüzdən çox uzaq,

könlümüzə çox yaxın,

gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!

Axır ki, qayıtdıq, gözlərin aydın!..

 

Qırmızı koftalı, yaşıl tumanlı,

ətrafı çiskinli, çənli, dumanlı,

abırlı, həyalı, nurlu, imanlı,

yaşıl meşələrdən qurşaq bağlayan,

dumanı başına çalmatək çəkən,

yaşmaq bağlayan Şəhərim!

Qayası, qalası, didərgin balası

hirsindən, hikkəsindən ağlayan Şəhərim,

axır ki, qayıtdıq, gözlərin aydın!..

 

Nizama düşəcək qarışıq küçələrin,

verəcək özünə yaraşıq küçələrin...

Qaranlıqlar yox olacaq, işıq küçələrin

üzünə xal kimi düşən Şəhərim!..

Gözəldir hər tinin, guşən, Şəhərim,

axır ki, qayıtdıq, gözlərin aydın...

 

Dostum Xaqan dənizdə dözmədi,

qalxdı sinənə,

Səndən yan keçsin deyə, düşmən gülləsi

özünü sipərtək taxdı sinənə.

Döyüşə-döyüşə tapdı şəhadət,

ruhu səndə qaldı, adını

götürüb gəldi dənizə,

gəmiyə çevrildi, üzdü, Şəhərim.

Ruhu quşa döndü başının üstə

sərgərdan-sərgardan gəzdi, Şəhərim.

Axır ki, qayıtdıq, gözlərin aydın...

 

Doyunca əyilib içdim suyundan;

Tamı tamahlandırdı, yumdum gözümü,

dadı damağıma köçdü, içimə çəkdiyim

havanı udmaq

geri qaytarmamaq... yordum özümü...

Qaratikanların, böyürtkənlərin

əlimi daladı, ovcumu, dizimi -

amma incitmədi, beləcə açıldı günüm, səhərim.

Dağların qoynunda məğrur dayanan

ismətli, namuslu gəlin Şəhərim!..

Axır ki, qayıtdıq, gözlərin aydın!..

 

 

***

Qəfil yağan yağış isladacaq

uşaqlığımın ayaqyalın keçdiyi yollarını

anamın hər axşamüstü

ayağımı yuduqdan sonra

belimə dolanan qollarını

yelçəyinin altından çıxan saçlarını...

 

Anamın indi nəfəs aldıqca xışıldayan sinəsi

uşaqlığımın islanmış xatirələrində

pərqu balınc kimiydi, -

mən heç elə yatmadım sonralar...

Nənəmin qurşağından çıxardığı konfetlər

necə də şirin idi, indi bildim,

Yağmurda güclə nəfəs alan xatirələrimin

islaq tərəfindən içimə daman

içimə quzulayan

sinəmin alt divarından

qopan ağrılar o şirinliyin tamında

tamsına-tamsına qalıb,

indi bildim.

 

Atamın gülər üzü,

siqaret qoxusu verən öpüşü,

sarı tikan kimi üzümü

            dalayan bığı, üzünün tükü

və anama baxıb

            oğlanlarına görə qürurlanması...

Yuyulur qəfil yağan yağışın altında

o günlərə qayıdan yolum...

 

 

***

Yaxşı ki, kənddə qalmadım,

şəhərə köçüb gəldim.

Bir payız fəsli idi,

qoşulub durnalara

kəndin havasızlığından

havalanıb,

şəhərə uçub gəldim.

 

Gözümü çıxarırdı

ağcaqovaqların

qəfil "sərrast atışı".

Ayağımın altına batan

tikanların buxovunda qalırdım

hər dəfə tay tuşuma

uduzurdum qaçışı.

 

Yaxşı ki, kənddən elə o vaxt

çıxıb gəldim şəhərə.

Yoxsa bu qədər bağlanmazdım

içimdəki

qövr eləyən qəhərə...

İndiki kimi darıxmazdım,

sevə bilməzdim

kəndimizin

adamlarını,

torpağını,

suyunu.

Yayda cadar-cadar olan,

qışda daşan çayını...

 

 

***

Günəş yenə də çıxdı

Xəzərin o üzündən...

Göyərtəyə çıxıram -

dənizin mehi alsın

yorğunluğun, təkliyin

acısın üz-gözümdən.

Gecəni yatmamışam;

oğul-uşaq dərdini

asmışam ürəyimin

ən zəif damarından,

dərdlərimin rəngi saralmasın deyə,

üzərinə çiləmişəm qanımdan.

 

Balaca adaşımın,

son dəfə mən görəndə

yuxusu bal kimiydi, -

indi yatıbdı yəqin...

Necə laylay deyirdim? -

"qızıl gülün kölgəsində

Şirin yuxu tapasan?.." -

Qızıl gülün ətrinə

indi batıbdı yəqin...

 

Hər gün görüntü ilə

Danışıram onunla...

Toppuş əlin oynadıb,

çıxardığı qığıltı

yaralı ürəyimə

həm sevinc suyu səpir,

həm də verir sızıltı...

 

 

Bilirsənmi?

 

İndi səndən uzaqda

əsən küləklər ilə

söhbətim yaxşı tutur.

Cərrah bıçağı ilə

yenidən cana gələn

sağlam ürəyimdəki

xatirələr çözülür,

bilirsənmi?

 

Bilirsənmi,

sənin ətrini gətirir

bu acı rüzgar mənə,

dönüb olur bal kimi.

Axı hardan biləsən,

axı necə görəsən,

Axı necə duyasan

məndəki əhval kimi

əhvalı olanları...

sən hər gün dəyişirsən.

 

Mən çox yazıq adamam

qonşular da ardımca,

danışır dayanmadan.

Ömrüm qapqara rəngdə

kirpiyim yaş içində

fikrim, xəyalım cəngdə.

Acı rüzgarlar kimi

ümidimi, fikrimi

kəsirsən elə sən də...

Bilirsənmi?..

axı hardan biləsən

adam şəkli olmur

fotokameranın çəkdiyi şəklim, -

adama bənzəsə də... -

Şəkilçəkən neynəsin -

gah dişlərim yox olur,

gah da ki saçım - kəkilim...

 

Deyəsən, axtarıblar,

qonşudakı dükanın

nisyə dəftərlərində

adımı tapmaq olmur;

- Məllim, çoxdan görmürəm

deyir satıcı oğlan, -

dəftərə baxıram, heç

adını tapmaq olmur

vərəqlərin içindən, -

pəhrizdəsən, deyəsən?..

 

Bilirsənmi,

Daha sənsiz bir gün də

Heç ac qalmayıram, bil.

İçimi yeyirəm mən

Ağrıları, əzabı su bilib

içirəm mən.

Səninlə qoşa gedib,

Qayıtdığım yolları

Tək tənha keçirəm mən.

 

Soyuqdu, somsoyuqdur

avqustun ilk günləri, -

isinə bilmirəm mən.

Sənin xatirələrindir

məni belə üşüdən

nə edim, axı sənsiz

keçinə bilmirəm mən...

Bilirsənmi?

 

 

***

Ucsuz-bucaqsız dəryadadır,

heç nədən xəbəri yox onun.

Yelkəninə külək dolmur,

tək ümidi Allah, onun.

 

Udqunur, yox səs-sədası

duzlu sudan olub sərxoş

ucsuz səhra - qum adası,

ada tənha, ada bomboş.

 

İndi hay-həşir salacaq

uçacaq ac qağayılar

Qayığın saldığı izə

qonacaq ac qağayılar.

 

Ömrünü belə yaşayar -

nəfəsi kəsilənə qədər.

İçində qayğı daşıyar

Boğular nələr və nələr...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!