Vətənin yaxını uzağı yoxdur... - Şeirlər. Dəyanət Osmanlı

 

 

Türk bayrağı

 

Aşiq ruhum ondadı

al-qırmızı dondadı...

dikilməyə tək yeri

düşmənin bağrındadı.

 

Ölməz anısı vardı

dünya başına dardı

yaşını unutmuşam

dilimin ucundadı.

 

Göyləri yenər adı

önümdə-sonumdadı

göz çıxardan surəti

zəfər sorağındadı.

 

Torpağın kimliyidi

şəhidin kəfənidi

bozqurdun kutsal andı

millətin qibləsidi.

 

O qədərə basılmaz

ölümlə heç barışmaz.

türkün ulu dərgahı

könül səddi aşılmaz.

 

 

uzaqlarımız

yad əlində olsa belə

əzabdan

işgəncədən usanmayan

yenə kutsal Vətəndir.

 

Öz başının dərdiylə uğraşan

öz taleyi ilə barışmayan

vətəndir uzaqlarımız.

 

Yaşasın əbədi

savaşdan usanmayanlar

və yaşasın şəhid olanlar

və uzaqda

Türklüyümüzü yaşadan torpaqlar.

 

Türkü sevmirlər

öz torpağında...

 

xəyanətə uğrayar

öz odasında

çünki torpağı və milləti

canından əziz.

Ürəkləri yoxdur

qanları axmır

Türkü sevməyənlərin.

 

Türkə nifrət edirlər

çünki mübariz

            və namusludu.

Yurdunu atmış olsa

özünü satmış

və şərəfsiz sayılar.

 

Türkün qanına susayıblar

çünki bu qan

həyat rəmzi

            dirilik suyudur.

Və qanımızı içərək

yaşamaq istər vampirlər.

 

Türkdən qorxurlar

çünki zəfər alın

yazısıdı türklərin

...Və Türkü özünə

düşmən sayanlar

şeytanın belindən gələn

şər varisidi.

 

Ötən bir gün

 

uzun səfərdən qayıdıb

yorğun düşmüş kimiyəm...

tətilə getdiyim qatarda

müharibədə öləndən sonra

qayıdanları görmüşdüm.

Əsirlikdən can qurtaranların

            kürəyində

həbs düşərgələrinin qapqara

təpik izləri vardı.

Və qatarın pəncərəsindən

görünən meydanda

açıq muzeyə bənzəyən

            xəndəklərdə

gizlənməyə çan atan uşaqlar

qurumuş çörək kimi

süngülərin boğazında qalmışdı.

 

Mən yuxudan oyananda

müharibə qurtarmış

qatar çoxdan uzaqlaşmış

səfərim ertələnmişdi...

Gözlərimi qamaşdırıb

içəri keçmək istədi günəş.

Ağlıma gəzinmək düşdü

qatarın qəzaya düşdüyü yolda

amma dünyadan can qurtaranların

arxasınca sürünən günahları

tapdamaqdan qorxub

vaz keçdim keçmişi qurcalamaqdan.

 

Vətən türküsü...

 

Kor quyunun dibindən

haqqın ac gözü baxır.

Dustaq məmur evindən

Vətən sərvəti çıxır.

 

Nə duzsuzdu əkməyin

hamı doyub çəkildi.

Ac dərd oldu gərəyin

başında turp əkildi.

 

Evdə it də hürməyir.

nə ruzi var nə döyüş.

Hakimlər xalqa deyir:

həyat tərzini dəyiş.

 

Ömür yolu uzundu

gedib-gəlmək oyundu.

Səndən gedən doğmalar

yada möhtac adamlar

daha özünə dönmür

qədər üzünə gülmür.

 

Küləyin nə sərt əsir

uçdu evinin damı.

Haqqın qılıncı kəsir

üzü qara başını.

 

Çiynində gəzdirdiyin

qanından içirdiyin

ovcunda bəslədiyin

andına güvəndiyin

doğma zatıqırıqlar

iliyini vurdular.

 

Keçmişindən xəbərsiz

milliyəti bəlirsiz

insi-cinsi dolaşıq

içi-çölü bulaşıq

övlad ağlatdı səni.

Dişinlə-dırnağınla

qanınla ucaltdığın

o bayrağın başından

doğmalar atdı səni...

 

Türkü

 

Çox kasıb görünürsən...

bir adın

            bir bayrağın.

Zəhərlənib torpağın

lap pəsdən döyünürsən.

 

Xar günün gördüm sənin

Vətən

            gözüm kor olsun.

Yenə təzədi dərdin

köhnə yaran qanasın.

 

Yoxdur çörəyin duzu

doyanlar asi çıxıb.

Yalan yenibdi düzü

kasıbın süfrəsində

halal-haram qarışıb.

 

Gecən yaman qaranlıq

günün məzar içində.

Sözüm yaman bulanıq

bu bəlalı dilində...

 

Keçmiş olsun deməyə

azadlığı öyməyə

bircə kutsal gün olsun.

Vətən əkməyin olsun

ocağın tüstülənsin

yenə qonağın gələr...

Allah köməyin olsun.

 

Yaşamaq istəyi...

 

hər yeni yaranış

dünyanın ömrünün uzanmağıdı.

Sanki günlərin sayı artır

hər dəfə gün doğanda.

 

Hər yeni yaranış

Tanrının könül dəftərində

yeni bir fırçayla çəkilmiş

ömrün yeni rəsmidi.

 

Hər vədəsiz gedişdən

cənnətlə cəhənnəm arasında

adamsız ulduzlar vurnuxur

günlərin sayı azalır.

Hər gün

yaşamaq istəyi çoxaldıqca

hər an ölmək istəyi azaldıqca

səsimdə canım duyulur.

 

Hələ sağdı ümidlər

 

insanlar yenə soyuqqanlı

gecələr yenə qara

sabahlar yenə ağdı

hələ sağdı ümidlər.

 

Eyni vərdişlə

dünəni yola salmaq

sabah neyləməyi düşünmək

sabahın necə açılacağını bilmədən.

 

Hər gün neçə yol

məscidlərin minarəsindən

quş topası tək dağılan azan

qiyamət anının ağısıdı.

Bəlkə də indi

ürəyimdəki təlaş

hansısa bir dirilik savaşında

bir ruh qardaşımın

varlıq mücadiləsidi.

 

Eyni bir xəbəri

intizarla dinləmək

hər gün təzə bir həyəcanla

və son mənzilin qapısını döymək

eyni bir həyəcanla

və eyni tərəddüdlə

keçib dərgahın içində

qədərə boyun əymək

imanın son həmləsidir.

 

Yaylaq peyzajı

 

Yaylaq

səndə nə hikmət var

ağ üzləri qızardarsan.

Qonaq-qara abırlanar

ayırmadan dost-düşməni

həyatın sirrin açarsan...

 

Yaylaq

səndə nə hikmət var

yayın gülər, qışın ağlar.

Çeşmədə yudum suçumu

sən bulandın

duruldum mən

sonda söndürdüm yanğımı.

 

Yaylaq

səndə nə hikmət var

soysuz gedən soylu dönər.

Tanrı burda yatıb durar

günəş batıb-çıxan kimi

cənnətin yolu açılar.

 

Ruhunu arayan bozqurdam

yağmalanmış yazıq yurdum.

Sıcaq könüllər dolaşdım

            dolaşdım...

bir nahaq sözdən alışdım

            alışdım...

qar içində yuva qurdum

ayazı unutmadım.

 

Bütün gecə

yağış yağdı...

 

islandı qəbir daşlarında

ruhların rəsmi altında

doğmaların yazdığı

kövrək aftoqraflar...

 

Qətl etdiyimiz torpaq

hələ diriymiş qəbirdə

iniltisini duydum

sinə daşının çatından

və hər günün

öz keçmişinə

vida hekayəsi var

qədim bir yağışın

zümzüməsi tək...

 

Bütün gecə

            yağdı yağış

külək tutub yaxasından

silkələdi ağacları

bahar çiçəklərin

üzündə tələf oldu.

Baharı çiçəklərdən arılar

göyümüzü quşlar apardı

başımızın üstündən.

Arılarla və quşlar

adamlardan öncə

öz vətənindən ötrü

yollarda şəhid düşdü...

 

Həsrətin həzzi var

ayrıldığım ocaqda...

 

Məndən üz döndərənlər

yorğunam yol ayrıcında.

Ağacların

            insanların

səhraların arasında

gözləməkdən

            dinşəməkdən

yaşamaqdan yorğunam.

 

Ruhum yad vətəndən

qayıdıb gəldi

qanlı su kimi axdım

məmləkətin qırışlı üzündən.

 

Məndən üz çevirməz

əziz göyüzü

səsimdən vurulanda

dönmədim kimliyimdən.

Bir dəli bozqurdam

bozqırın yakasında yuva qurdum

dirilişin yol ayrıcında

külünü sovurdum gəncliyimin

özümə çoxdan həsrətəm...

 

Unuduram səni

keçmişin astanasında

 

bu qədər düşünməkmi olar

ağlımdan çıxırsan

yetir özünü

yaddaşın dumanında

itirirəm səni tamam.

 

Qarlı bir axşam

söykənmişəm pəncərədən düşən

hilalın zolağına.

Qar dənələrində

elə bil göylər enir

qarlı cığırına ürəyimin

itəcəksən bir azdan

bu həyatda ot basan

izlərimin içində.

 

Bu qədər düşünməkmi olar

ağlımdan çıxırsan.

Sızlayır ayaq izlərin

hər naqolay addımında

hələ də diksinirsən

nəbzimin atışında.

 

Yetir özünü sən

ölümdən öncə

ölüm çox şeyləri xatırladır

onunla üz-üzə qalanda.

Unuduram səni tamam

bax irəlidə sərt rüzgar izi var

yollar da buz bağlayır

itəcəksən bir azdan

ürəyimin qarlı cığırında.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!