XX əsr rus poeziyasının daim bərq vuran ulduzu Sergey Yeseninin yaradıcılığı Azərbaycan şairlərini, bədii təfəkkür sahiblərini 90 ilə yaxındır ki, ardıcıl olaraq özünə cəzb etməkdə, maraqlandırmaqdadır. S.Yeseninin dünyanı tərk etməsindən 93 il keçsə də, o, sanki yenə də yazmaqda, yaratmaqda, Bakı buxtasından boylanıb Xəzəri seyr etməkdə, Bakımıza nəğmə qoşmaqdadır. S.Yesenin cəmi 30 il ömür sürsə də, onun poetik düşüncə məhsulları nəinki rus, dünya, həm də Azərbaycan oxucularını, mütərcimlərini, tədqiqatçılarını zaman-zaman özünə cəlb etməkdədir və yəqin bundan sonra da cəlb edəcəkdir.
Elə buna görə də bütün dünyada olduğu kimi, Azərbaycanda da onun əsərlərinə maraq və münasibət heç zaman səngimir. S.Yeseninin əsərləri Süleyman Rüstəmdən başlamış Ə.Ziyatay, Ə.Cəmil, R.Zəka, S.Sadiq, Ə.Kürçaylı, F.Qoca, Anar, S.Məmmədzadə, N.Kəsəmənli, E.Borçalı, E.Nəsib Sibirel, T.Bayram, H.İsaxanlı, İ.İsaxanlı, F.Mustafa, G.Paçxataşvili, M.Qarayev, C.Xalid, R.Rövşən, K.Aslan, R.Qudyalçaylı və başqaları tərəfindən dilimizdə səsləndirilmiş və nəticədə S.Yeseninin əsərləri müxtəlif interpretasiyalarda öz pərəstişkarlarını qazanmışdır.
Bundan başqa, S.Yeseninin Azərbaycan tərcümələri, onun əsərlərinin çeşidli keyfiyyətləri də alimlərimiz tərəfindən araşdırılmışdır. Bu tərcümələrin bədii-estetik keyfiyyəti barədə Ə.Xəlilov, R.Novruzov, P.Məmmədova, Y.Quluzadə, H.Orucov, S.Məmmədov və başqaları xeyli dəyərli fikirlər söyləmişlər.
Bu yay Azərbaycan Milli Elmlər Akademiyası və Nizami adına Ədəbiyyat İnstitutu Mərdəkanda yerləşən Dendroparkda (bura indi AMEA-nın İnstitutu kimi fəaliyyət göstərməkdədir), daha doğrusu, Sergey Yeseninin ev muzeyində əməkdaşların bədii yaradıcılığına həsr olunmuş kitabların təqdimatını keçirirdi. Burada olduğumuz zaman AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstutunun Türkologiya şöbəsinin aparıcı elmi işçisi Rəşid Təhməzoğlu ilə fikir mübadiləsi apardıq. Məlum oldu ki, Rəşid müəllim təkcə Türkiyə ədəbiyyatı ilə bağlı araşdırmalar aparmır, o, tərcümə işləri ilə də yaxından məşğul olan ziyalılarımızdandır. Bundan başqa o, eyni zamanda, çoxsaylı bədii-poetik kitablara da həyat vəsiqəsi vermişdir.
Söhbət əsnasında Rəşid muəllimin həm də S.Yeseninin şeirlərinə müraciəti bizi çox maraqlandırdı. Ondan xahiş etdik ki, S.Yesenindən etdiyi tərcümələri bizə gətirsin. O da məşhur rus lirikinin iki şeirinin tərcüməsini orijinalla birlikdə bizə təqdim etdi.
Bizə bu da məlumdur ki, S.Yeseninin elə şeirləri var ki, onlar dilimizə on dəfə, bir neçə dəfə və hətta on altı dəfə tərcümə olunub. Belə olduqda biz mütərcimlərimizin, bir tərəfdən, orijinal müəllifinin, digər tərəfdən özləri ilə öz aralarında poetik yarışmalarının şahidi oluruq. Nümunə üçün deyək ki, S.Yesenin " Прощай, Баку! Тебя я не увижу" şeirini müxtəlif illərdə (ehtiyac duysaydıq, biz, heç şübhəsiz ki, bu tərcümələrdən hər birini oxucuların diqqətinə təqdim edə bilərdik) səkkiz mütərcim - Ə.Ziyatay, Ə.Cəmil, R.Zəka, Ə.Kürçaylı, K.Aslan, F.Mustafa, E.Nəsib Sibirel, H.İsaxanlı dilimizdə səsləndirmişlər. İkinci " Клён ты мой опавший, клён заледенелый" şeirinə gəldikdə isə bizə onun Ə.Kürçaylı tərəfindən tərcümə olunduğu bəllidir. Məlum olduğu kimi, mütərcim nəsrdə qul, poeziyadasa orijinal müəllifinin rəqibidir. Bu baxımdan biz R.Təhməzoğlunun orijinal müəllifinə necə rəqiblik etməsini göstərmək üçün onun çevirməsini orijinalla birlikdə oxucuların, tədqiqatçıların, mütəxəssislərin və mütərcimlərin diqqətinə təqdim edirik. Poeziya tərcüməsinin eyni zamanda, belə bir qızıl qaydası da var ki, sözbəsöz, söz birləşməsinin tərcüməsi yox, mənanın, məzmunun estetik təsir gücü, müəllif fikrinin oxucuya adekvat catdırılması zəruridir. Dəyər vermək oxucuların ixtiyarındadır.
Nizami Tağısoy
ədəbiyyatşünas-tənqidçi, professor
Sergey Yesenin
Bakı, sağ-salamat qal
Bakı, sağ-salamat qal! Bəlkə, görmədim səni,
Varlığımı çulğayıb indi qəm, təlaş özü
Əlim ürəyim üstə, duyuram bu qüssəni,
Hiss edirəm əzizdir adicə bir "dost" sözü!
Bakı, sağ-salamat qal! Göy türk yurdu, əlvida!
Damarımda donur qan, öləziyir taqətim.
Məzar mənzilimədək olacaq səadətim
Kaspi dalğaları da, Balaxanı mayı da!
Bakı, sağ-salamat qal! Sadə bir nəğmə təki!
Son kərə qoy bağrıma basım ürəkdaşımı!
O, yasəmən çalarlı tüstülər içindəki
Qızılgültək ehmalca yırğalasın başını!
***
Прощай, Баку! Тебя я не увижу.
Теперь в душе печаль, теперь в душе испуг.
И сердце под рукой теперь больней и ближе,
И чувствую сильней простое слово: друг.
Прощай, Баку! Синь тюркская, прощай!
Хладеет кровь, ослабевают силы.
Но донесу, как счастье, до могилы
И волны Каспия, и балаханский май.
Прощай, Баку! Прощай, как песнь простая!
В последний раз я друга обниму...
Чтоб голова его, как роза золотая,
Кивала нежно мне в сиреневом дыму.
May-1925
***
Çılpaq qayın ağacım, bağlamısan sıra-sıra,
Nə durursan qar-çovğun qəddini qıra-qıra?!
Yoxsa, nəsə görmüsən? Nə çatıb qulağına,
Gəzmək üçün çıxmısan, yoxsa kənd qırağına?!
Ya yolda səndirləyən bayğın gözətçisayaq
Batmısan qar tığına, dona dönübdür ayaq?!
Ah, mən özüm də indi çox sustalmışam, nəsə,
Mənzilə yetəmmərəm, düşmüşdüm dost məclisə.
Orda gözümə dəydi şam ağacı, pişpişə,
Çovğunda yay nəğməsi oxudum-bir bax işə!
Mənə elə gəldi ki,beləcə bir qayınam,
Tökülməmiş yarpağım, hələ yaşılam tamam!
Çaş-baş olmuşdum bütün, daha həya bilmədən
Qucdum ağcaqayını yad arvadı kimi mən!
***
Клён ты мой опавший, клён заледенелый,
Что стоишь, нагнувшись, под метелью белой?
Или что увидел? Или что услышал?
Словно за деревню погулять ты вышел
И, как пьяный сторож, выйдя на дорогу,
Утонул в сугробе, приморозил ногу.
Ах, и сам я нынче чтой-то стал нестойкий,
Не дойду до дома с дружеской попойки.
Там вон встретил вербу, там сосну приметил,
Распевал им песни под метель о лете.
Сам себе казался я таким же кленом,
Только не опавшим, а вовсю зеленым.
И, утратив скромность, одуревши в доску,
Как жену чужую, обнимал березку.
28.11.25
Tərcümə etdi: Rəşid Təhməzoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!