...yağış yağanda yarpaq altda gizlənən kəpənəktək yenə də sevgiyə pənah apardım - Şeirlər. İlham QƏHRƏMAN

 

 

Gedirəm məni görməyə

 

Laçına niyə gedirəm?

Dağlarda çəni görməyə.

Şəhər içində cökəni,

Meşədə vəni görməyə.

 

Ovu güllə çatımında,

Şamama tağ yatımında.

Doğumunda, batımında

Yaxından Günü görməyə.

 

Durnatək səfiniz varmı,

Pakınız, safınız varmı.

Ayə, insafınız varmı,

Gedirəm məni görməyə.

 

İçimdə biri ağlayır

 

İçimdə biri ağlayır,

Elə zülümlə ağlayır.

Ağlayan kimdi bilmirəm,

Mənim gözümlə ağlayır.

 

İçimdə biri ağlayır,

Baxmaz evdir, baxmaz yoldur.

Toxta, deyirəm toxtamır,

Yaşı tökür bıldır-bıldır.

 

Hərdən dəli kimi -

Açıq ağız, ağaran dişlərlə,

gülürmüş kimi ağlayır,

İçini elə çəkir

ölüsü ölmüş kimi ağlayır...

 

Özümü elə aparıram

Guya tərpənmir tüküm də.

Sözgəlişi pıçıldadım,

Qurudu qaldı həkim də.

 

İçimdə biri ağlayır,

ağlayır düşən axşamla,

ağlayır açan sabahla.

Dəli gülməyi var, Allah, - 

bunun gülməyindən saxla!

 

Mən qəsdən qəşş eləyirəm,

O elə ağlayır...

Çatdıra bilmirəm - ağlamaqdan

gözümdə bulaq tutulur,

Elə hönkürür

hönkürtüdən qulaq tutulur.

 

Dincəlim bilmir,

Dayanım bilmir,

Allahın ver günü ağlayır,

Ağlayır - nə bilim 

Bəlkə də gülən adamı,

Bəlkə də məni ağlayır.

 

Bilsəydim

 

Baş atıb dəyib gələrdim

Yol-yolaq, bərə bilsəydim.

Gedənlər nə cürə gedir

Görən nə cürə? - bilsəydim.

 

Durub yanına qaçmazdım,

Yazmağa kağız açmazdım,

Namərdə ağız açmazdım,

Havayı yerə - bilsəydim.

 

Gördüyü sirdi gözümün...

Qalmazdı dərdi gözümün, -

Ölərdi qurdu gözümün,

Dağları görə bilsəydim.

 

Bayram yeri

 

Yar dilini şirin edə,

Qasiddən söz yollayanda.

Könlün almaq müşkül olur

O mısmırıq sallayanda.

 

Meh kimi əssə yaxşıdı,

Demə ki, küssə yaxşıdı,

Başımı kəssə yaxşıdı,

Uduzub cığallayanda.

 

Qəmzəsi heyran yeridi,

Camalı seyran yeridi,

İlhama bayram yeridi

Telləri sığallayanda.

 

Ayrılığın oğlan çağı

 

Daha ayrılığın oğlan çağıdır,

Sən ey uzaqdakı könlümə yaxın,

Həsrətin ulayır içimdə - bəlkə

son qu nəğməsidi ölümə yaxın.

 

Səni görmədiyim neçə il oldu,

Yollar möhürləndi gediş-gəlişə...

Rənglərə su qatan rəssamlar kimi

Göz yaşı qatıram indi gülüşə.

 

O qədər söyləndim - dil yorğunuyam,

Dinib-danışmıram, ta lal misalam.

İçim də, çölüm də sənə əl edir,

Havada yellənən bir əl misalam.

 

Daha ayrılığın oğlan çağıdır,

Hər yerdən üstümə sənsizlik yağır.

Qulaq cingildəsin, ürəyim qurban,

Nə olar pıçılda, adımı çağır!

 

İstəsən sevinəm, çətin iş deyil,

Bir əlcən məktub yaz, lap üçcə sətir,

Məktubda yalan sat - de gələcəksən,

Ooy könlüm xoş olsun - səndən nə gedir?!

 

Yarpaq altda kəpənək

 

Mələklər sayacaq gedən günümdə

Nə qədər ah çəkdim sənin ucundan,

nə qədər sinəmdə mən ah apardım.

Amma usanmadım - yağış yağanda 

yarpaq altda gizlənən kəpənəktək

yenə də sevgiyə pənah apardım.

 

Sevgi sehrbazı

 

Bu yanımdan baxsan o yan görünər,

Mayam sevgidəndi, zatım sevgidən.

Yağ çəkib od tutan piltə kimiyəm,

Çəkdiyim səndəndi, odum sevgidən.

 

Sənə kim deyibsə, yalan deyibdi -

Tək elə şairəm, şeirbazam mən.

Sevgidən qov kimi od çıxardıram,

Bir gəl gör nə usta sehrbazam mən.

 

Bu canım indilər bazar üstüdür,

Oda can qıymışam, nəf eləmişəm.

Şübhəm yox, babamız atəşpərəstmiş,

Simurqtək odunu ev eləmişəm.

 

Şəhid Şahgündüzün şeiri

 

Sizsiz qara bulud oldu

Gözlər yağdı, ay Şahgündüz!

Kamil bir yumar, beş tökər,

Atan dağdı, ay Şahgündüz!

 

Ürəyi çox yara tutdu,

Bircə ərki sizə çatdı,

Sizi dərman kimi atdı,

Vətən sağdı, ay Şahgündüz!

 

Şəhid paltarı yaradı,

Kimlər paltarı aradı,

Anan paltarı qaradı,

Üzü ağdı, ay Şahgündüz!

 

Bir göy üzü,

bir də mənəm

 

Günü, Ulduzu Ayıyla

Bir göy üzü, bir də mənəm.

Payızı, qışı, yayıyla

Bir göy üzü, bir də mənəm.

 

İsti-soyuq havalarla,

Başımdakı davalarla...

Dilimdəki dualarla,

Bir göy üzü, bir də mənəm.

 

Bu alnımdı, o da qurşun,

Gör mənzili neçə arşın?!

Bütün pisliklərə qarşı,

Bir göy üzü, bir də mənəm.

 

Bir vər toxu, bir vər qat sal,

Can ağrılı, ruhum qutsal,

Quyudakı Abbas misal

Bir göy üzü, bir də mənəm.

 

Səni hiss etmək

 

Uzaqlığın dərd deyil,

görmüş kimi vəsf edirəm səni.

Pəncərədən düşən Günəşi

gözüyumulu hiss etdiyim kimi

həmişə hiss edirəm səni.

 

Döyüş adamı

 

Qarabağ qazisi mayor

Muxtar Həşimova

 

İki davadan çıxmısan,

Necəsən, döyüş adamı?!

Gözü-könlü tox qazisən,

Ucasan, döyüş adamı!

 

Bir az xatırla, komandir,

Yaddaşının küncünü de,

Əsgər dağa dikləndikcə

Dağların sevincini de.

 

Görüşəndə kövrəldimi

Palıdımız, ulasımız?!

Sizdən yadigar zəfərdir

Tarixlərdə qalasımız.

 

Döyüş vaxtı əsgər ki var -

Mərmilərin yol yoldaşı.

Vüsala qənşər gedəndə

Ayrılıqlar vidalaşır.

 

Dar günü gendə dayansa,

Tüstülədər kim ocağı?!

Yəqin, səni tanıyıbdı

Duadan Cicim ocağı!

 

O Karkümbəz, Məlikəjdər,

Yurd yerimiz pirdi, qardaş.

Həkəridə "oxqay!" demək

Bu dünyayla birdi, qardaş.

 

Yağılara "vay" verdiniz,

Gözünün odun aldınız.

Daha yurda zaval yoxdu

Silahla satın aldınız.

 

Su

 

Göydə od oynar dalınca

buludlardan yağan sular.

Sərt qayalar bağrı oyub

şır-şır ilə axan sular.

 

Kəntdə dəyirman  işləyər,

Bağda sulanar bəhərlər...

Üzümüzə çırpdıq səni

"Bismillah" ilə səhərlər.

 

Çox sirlərin bostanısan,

Qoynunda gömülər gedər...

Üstündən körpü salınar,

Altından gəmilər gedər.

 

Mis səhənglərə dolarsan,

Qızlar daşığında sular.

Kimə topuğundan gələr,

Kimə aşığından sular.

 

Mələklər səvaba yazar

haçan bir ağac sularıq.

Sevdiyimiz əzizlərə

səncən ömür arzularıq.

 

Ağır günü gözümüzdə

Hüzün sular, matəm sular.

Kür, Araz, Həkəri boyu,

Xəzər boyu Vətən sular.

 

Çay qıjovunda cilvəli,

ləm yerində şüşəlisən,

Çöllərə yaşıl don biçən

sehirli Tanrı əlisən.

 

Qayıqlar doğrayar, çapar,

Yenə də çapıqsız sular.

Hamıya əlçatan - Güntək,

Havatək qabıqsız sular.

 

 

Məktub

 

(Silsilə)

 

Üstünə sağlıq, 10 gündü

Yerdəyəm, ağır yatıram.

Hərdən qalxıb pəncərədən,

Bir hovur baxır yatıram.

 

Kor öskürək tutub məni,

Gözlərimdə çimir yoxdu.

Bir beləki, dərdə dözür,

Canım kimi dəmir yoxdu.

 

Çox qəribə xəstəlikdi -

Titrətməsi, üşütməsi...

Bunu necə öskürəsən

Qonşuların eşitməsin?!

 

Əvvəlki İlham deyiləm,

Özünə az yalvard məni.

Yeddi taxta tuman geymiş,

Ağlasın dörd arvad məni.

 

Çox da heç kəs maraqlanmır,

Özümü aciz tutmadım.

Şairtək ucuz tutuldum,

Mən sözü ucuz tutmadım,

 

Gərək belə olmayaydı,

Yuxumdan çıxmır ölənlər...

Bir qudum su gətirmədi,

Laçına gedib-gələnlər.

 

Hələ nəfəs gedir-gəlir,

Yenə də şükür, diriyəm.

Bu gün yerimi yığmışam,

Ta qorxma, yönübəriyəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!