Şeirlər - Soltan ABBAS

 

 

İsa bulağı

 

Qışda mülayimdi, yayda buz kimi,

Dumantək dərəyə səpilən bulaq.

Durudur, təmizdir, saf ürək kimi,

Hər gün gözlərindən öpülən bulaq.

 

Düşər yamaclara gümüş iz kimi,

Gəzər dodaqlarda şirin söz kimi,

Yalayar qayanı daşı duz kimi,

Kül olub çəmənə səpilən bulaq.

 

Coşub çağlamağa ərinməyibdi,

Çaya qovuşmağa sürünməyibdi,

Pislərin gözünə görünməyibdi,

Yaxşılar gözüylə tapılan bulaq.

 

Şuşa, mart, 1981

 

        

"Bu yerdə kim nəğmə oxumursa, o, şuşalı deyildir".

  Sergey Yesenin

 

Qarlı qış köçünü çəkməyib hələ,

Yaz gəlib güneydə xalı toxuyur.

Təkcə insanlar yox, adi daş belə

Min ildir bu yerdə nəğmə oxuyur.

 

Yaşıl budaqlarda zərif puçurlar,

Şeirli dodaqdır, təptəzə səsdir.

Səslər qanadlanıb quştək uçarlar,

Bir bulaq nəğməsi bir elə bəsdir.

 

Qədim cıdır düzü - mahnı kitabı,

Onun notlarıdır - güllər, çiçəklər.

Sidqilə ovcunda sıxsan torpağı,

Musiqi süzülər, nəğmə çiçəklər.

 

Üzeyir nəfəsi, Cabbar avazı

Hopar iliyinə bir udum mehlə.

Bu yerdə əbədi musiqi yazı,

Musiqi baharı bəxş olub elə.

 

Natəvan bulağı həzindən həzin,

Qarqarın nəfəsi süd ağlığında.

Vaqif türbəsiylə yanaşı duysan,

Duyarsan səsini ucalığın da.

 

Qarlı qış köçünü çəkməyib hələ,

Yaz gəlib bu yerdə xalı toxuyur.

Təkcə insanlar yox, adi daş belə

Min il, milyon ildir nəğmə oxuyur.

 

Şuşa, mart, 1981

 

 

Ucalıqdan bir düz keçər

 

Ucalıqdan bir düz keçər,

Girişində el qayğılı bir məqbərə.

Sağı yoxuş, solu dərə,

Önü uçqun-daş mənzərə,

Gedər bu düz, gedər, gedər

Daş üstündən

Daş altıya enər birdən

Dodaqlayar Qarqarımı - misrimi o,

İtiləyər qəzəbimi, hirsimi o.

Sonra qalxıb

Qarlı Kirsə dönər birdən.

Qılınclaşıb qəsbkarın

boğazında dinər birdən.

Qanlı illər düşər yada,

Qalib ellər düşər yada.

Nə yaxşı ki, Eldarlar var bu dünyada,

Eldarlarla bir sırada

Şairlər var bu dünyada.

 

II

 

Ucalıqda bir düz yaşar,

Nəhəng, əlvan xalı kimi,

Simruqların yol kimi.

Naxışları - açan güllər.

Açan güllər -

Xan qızının söz butası,

Cabbarımın səs çaları,

Səs butası!

Musiqimin Koroğlutək

Mərd atası -

Üzeyir bəy nəğməsinin

Yanar gözü, not varağı,

Not yazısı...

 

III

 

Ucalıqdan bir düz keçər,

Qatar-qatar durna keçər,

Xəyalımdan bir qız keçər,

Tənha keçər, yalqız keçər.

 

Səmt alar bir məzar sarı,

Bilinməz ki, dönər haçan.

Gedər, gedər Vaqifimin

Torpağına, ruhunacan.

 

IV

 

Ucalıqdan bir düz keçər -

Tariximə qızıl xətlə

Nəqş olunan

Əcdadımın hünər düzü,

Yarış düzü.

Bu gün yenə sevənlərin

Peyman yeri, görüş düzü,

İbrət düzü.

                             

Şuşa, Cıdır düzü, Mart, 1981

 

 

Qısqandı Sənan dağı

 

Qarış-qarış gəzdik gürcü torpağın,

Məhəmmədlə Aydın oldu bələdçi.

Sonuncu gün qonaq olduq Tiflisə, -

"Belə ola hər vaxt" dedi sürücü.

 

Dörd tərəfdən dağ çəpərli şəhəri,

Küçə-küçə, meydan-meydan dolandıq.

Yaşıl telli, gül ətirli şəhəri

Ucalıqdan görmək üçün yollandıq.

 

Sənan bizi alan kimi qoynuna,

Tez bürüdü dumanına Tiflisi.

 Ha yalvardıq, ha yoncuduq biz ona;

"Çək pərdəni, barı görək Tiflisi".

 

Elə bu vaxt buludlandı asiman,

Ağ sel gəldi, doldu dərə boyunca.

Göy kişnədi, şimşək çaxdı, ay aman,

Şəfəq seli axdı Kürə doyuncan.

 

Dedim: Tiflis tül örtükdə Xumardır,

Zümrüd donlu Sənan dağı-Şeyx Sənan.

İlk dəfəydi görürdüm bu diyarda

Öz yarını qonağına qısqanan.

 

Gürcüstan,

12.04.1980


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!