Mən səni neynirəm ki... Sən olmayan günlərin hər günü bir şeirdi... - Səddam Laçının şeirləri

 

 

Ölüm eskizi

 

Yarandın...

Yaşadın...

Yaşlandın...

Öldün.

 

Ağladın...

Ağlatdın...

Aldatdın...

Öldün.

 

Sevirdin...

Sevildin...

Sevindin...

Öldün.

 

Ölürdün...

Ötürdün...

Öldürdün...

Öldün.

 

Dirildin...

Dirildin...

Dirildin...

Öldün...

 

 

İlayda

 

Yığıb qəpiklərimi

iti addımlarımla

metroya tələsirəm...

 

Arxadan bir səs gəlir -

"Sevdiyin qızın canı..."

Bilirəm, dilənçidir, qızın sözün kəsirəm.

 

Pul istəyir deyəmi

Pulum qədər susuram?

Nə deyəcəm bilmirəm.

Gözlərinə baxıram

və birdən soruşuram:

 

- Mənim sevgisiz qızım,

nə bildin sevdiyim var?

sevdiyim qızın canı,

əllicə qəpiyim var.

 

Mənim qaraçı qızım,

Səni sevən olub ki?

Kim isə sevdiyinin

canına and verəsən?

 

Mənim balaca qızım,

Kimsə sənin canına

And verəcək, görəsən?

 

Başım dolu, cibim boş

Nə verəcəm sənə mən?

Nə deyəcəm, qara qız?

on qəpik dilənməsəm,

Gecə evə ayaqla

Gəlməyi düşünürəm.

 

Mənim payız bənizlim,

Çıxar, sən on qəpik ver,

Bu aralar onsuz da

Ölməyi düşünürəm.

 

Balaca, nəyi var ki, bəxş edə əmin sənə?

Böyüklük səndə qalsın,

Sən adını bəxş elə,

 

De görüm, adın nədir?

- İlayda

 

- Adını deyə-deyə

Necə gülə bilirsən?

Adına qurban olum,

Mənasını bilirsən?

 

İlayda - su pərisi!

 

Günə bax, saata bax,

Ada bax, həyata bax,

Qəpik-quruş hərisi

Dilənən su pərisi!

Əl açıb diləndiyi

Qafiyə dilənçisi...

 

Ehh, mənim kömür qızım

Bəxtinləmi yarışır gözlərinin qarası?

Əlləri boş qalanım, qəpik-quruş yuvası

Balaca əllərinə...

Gözlərinin xətrinə şeir yazım, bağışla.

 

Gözün kimi bax ona,

Ovuclarında gizlət,

Silinməsin yağışla...

 

 

Yuxu yozma

 

Yum gözünü, bəlkə hər şey düzəldi?

Bir yuxu ki, gerçəyindən gözəldir,

Oyanma.

 

Oyandınsa, yuxulara inanma.

Bir yuxudur gerçək olan, bir həyat

Aç gözünü, inanmasan, bir də yat.

Yubanma.

 

Yubandınsa, əbədi yat, oyanma.

Ölmüşəmmi ağlayasan, gözəlim?

Kim desə ki, ağlamaqla düzəlir,

İnanma.

 

İnandınsa, ağla qızım, utanma.

Bir eşqi ki, qurban verdik bir səhvə,

Yüz dəfə də "gəlmə" desəm, bir dəfə

Gəl, amma

Bil ki, səni gözləyən var,

yubanma.

 

 

Ölü adam

 

Əcəlin də öz vaxtı var,

Öldürməklə adam ölmür.

Sözün də bir söz vaxtı var,

Öl deməklə adam ölmür.

 

Adam ölür dərd çəkəndə

Adam ölür qəm çəkəndə.

Adam ölür bir gülüşə

Kirpikləri nəm çəkəndə.

 

Birdən-birə adam ölmür

Adam ölür ayrılanda.

Adam ölür bir yuxuda,

Adam ölür ayılanda.

 

Əkdiyini biçə-biçə

İçə-içə ölür adam.

Başın tutub qaça-qaça

Küçə-küçə ölür adam.

 

 

Səndən gözəl olmasın

 

Mən səni neynirəm ki...

Sən olsan da sevirəm, olmasan da sevirəm.

Ey dodağı yasəmən, yanaqları qızılgül

Qorxma payız gələndə.

Sən solsan da sevirəm, solmasan da sevirəm.

 

Sən sev deyə sevmirəm...

Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm

Sizin sevgiləriniz, bu gün olur, sabah yox.

Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.

 

Mən səni neynirəm ki...

 

Sən olmayan günlərin

Hər günü bir şeirdi, hər günü bir qəzəldi,

Səndən gözəl olmasın, sənsizlik də gözəldi.

 

 

Qarğa balası

 

Tək səbir gətirdi qarğa balası

Az yaşa dedilər çox yaşayanlar.

 

İncidi... İncidi qarğa balası

Bilmədi ölümün tezi gözəldi

Ömür yox, ölümün özü gözəldi.

Bilmədi... Bilmədi qarğa balası

Ən çox o duyacaq atəş səslərin

Ən çox o görəcək atəşkəsləri.

 

 

Qadınsan

 

Yaman kövrək olmuşam, ürəyim dərd tapalı

Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı

İnandığım qadınsan.

 

Heç kəsim yoxdur axı, dərdimi ovutmağa

Əl-ələ gəzmək nədi, gözlərinə baxmağa

Utandığım qadınsan.

 

Sən ayrısan, əzizim, ifadə etmək olmur

Gözlərindən uzağa gördüm ki, getmək olmur

Dayandığım qadınsan.

 

Səndə həqiqət tapıb, inanmışam sevgiyə

Hər doğulan günəşlə daha çox sevim deyə

Oyandığım qadınsan.

 

Çalış göz-gözə gəlmə, vədə vermə axşama

Sənə alışmayıblar, girmə könül bağçama,

Çiçəklər qısqanırlar.

Ən gözəl rəssam mənəm, bu da əsərim deyib

Qurban olduğum Allah, elə gözəllik verib

Mələklər qısqanırlar.

 

Üz cevirib gedirsən, getmə, qayıt deyəndə

Dağınıq saçlarını düzəltmək istəyəndə

Küləklər qısqanırlar.

 

 

Dikdaban

 

Acı həqiqətlər qorxudur deyə

İnsan adət edir xəyallar qura.

Kaş aşiq olduğum rəngli gözlərin

Ağ-qara dünyamı işıqlandıra.

 

Kaş ki, səhvlərimi saymaq yerinə

Çox yox, bircə dəfə məni sayaydın

Yerə qoymadığın telefon kimi

Məni də yanından ayırmayaydın.

 

Səni qısqanıram əyin-başına

Yaraşır deməzdim sevinməsəydin

Məni paltarıntək sev istəyərdim

Hər həftə təzəsin geyinməsəydin.

 

Məni incidirsən, yorursan demə

İzn ver qəlbinə girim bu səfər

Sənə yük olmaram həyatın boyu

Çiynindən asılan çantalar qədər.

 

Hələ hündürdaban ayaqqabları

Elə sevirsən ki, utanır ömrüm

O səni bir qarış uzun göstərir,

Mən səni görəndə uzanır ömrüm.

 

 

İbrahimə

 

Kaş səni İbrahim kimi

Yandıralar, yanmayasan.

Əzrail girə yuxuna

Yatasan, oyanmayasan.

 

Bir dodaqda ah olasan

Gah öləsən, gah olasan

Yusif kimi şah olasan

Qulluğunu danmayasan.

 

İnsan, nə gec oyanmısan?

Heç özündən utanmısan?

Murdar sudan yaranmısan

Özünü pak sanmayasan.

 

Allah sevər ar edəni

Günahını xar edəni

Niyə səni var edəni

Bircə dəfə anmayasan?

 

Su verib sən də içmisən

O salan yoldan keçmisən

Qanmazlığı sən seçmisən

Mümkün deyil qanmayasan.

 

Bəsdi oldun hayıl-mayıl.

İnsan ol, insandan sayıl

Ayıl, insan oğlu, ayıl

Ayıl ki, yubanmayasan.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!