Gedək biz olmayan yerə - İlin son şeiri. Mahir N.Qarayev

 

 

Gedirik, İlahi, bu dünyanı biz

Allahsız, şairsiz qoyub gedirik...

                         Ramiz Rövşən

 

 

Yüz illərin yorğunuyuq,

min illərin üzgünü;

Eyni sözün vurğunuyuq,

eyni dilin susqunu!

 

Göylər Allahdan yorulub,

Allah göydən bezən kimi,

Ürək vurmaqdan yorulub,

ayaq heydən düşən kimi -

biz də bezdik bu dünyadan, yorulduq!

 

Bıçaq kimi gözümüzə dirənib -

gözdən düşüb, cılızlaşıb hər şeyi;

Söz qələmə, qələm sözə dirənib -

düyün düşüb, qəlizləşib hər şeyi.

 

İyrənirik çiy sözdən, qəlp kəlmədən -

kəlmə kəsib, söz tutmağa həvəs yox;

Qulağımız dəng olub hər nəğmədən,

hər qəzələ səs qatmağa nəfəs yox!

 

Səsimizi qısıb gedək,

gedək səs olmayan yerə;

Susub gedək -

nəğmə-qəzəl, şeir-söz olmayan yerə...

 

Bunun yayı o yay deyil,

Bunun qışı o qış deyil;

Bu dünya bizə tay deyil,

Bu dünya bizə tuş deyil!

 

Su deyincə - suyu axıb yoruldu,

daş deyincə - dağı-daşı töküldü;

Gözlərimiz baxıb-baxıb yoruldu,

dizlərimiz ağırlaşdı, büküldü...

 

Qəfəs də yox bu dünyada biz sığan -

qarmaqları, tilovları boşalıb;

Zindanına sığışmırıq biz daha -

çarmıxları, buxovları boşalıb!

 

Hər dərdinə şərik çıxıb,

hər şərindən keçmişik;

Məhbəsindən girib-çıxıb,

məhşərindən keçmişik!

 

Dərdi dərdə calamaqdan usandıq -

indən belə nə dərd versə, almayaq;

Yalquzaqtək ulamaqdan usandıq -

bir qurd kimi qiyamətə qalmayaq!

 

Nə itimiz-köpəyimiz azıbdı -

bu dünyada nə bitmişik, qalmışıq?!

Mismarlanmış əlimizdən qan sızır,

ovucları deşik-deşik qalmışıq!

 

Nə işıq düşən tərəfə,

nə it hürüşən tərəfə;

səssiz-küysüz, səs-səmirsiz -

gedək bir tikə səs-səmir,

            səmir-səs olmayan yerə...

 

Hələ bircə başdaşı da

adımızı tanımır -

əlindən su içdiyimiz adam bizi tanımır;

 

Tanımır bizi doğmalar,

özgələr tanımır bizi -

dünən baxıb keçdiyimiz güzgülər tanımır bizi!

 

Duyan kimdi, bilən kimdi

Tanrı yazan səbrimizi?!

Duamızı qılan kimdi -

Kimdi qazan qəbrimizi?!

 

Bu divarın o üzünü

görən kimdi, hörən kimdi?!

Allah baxır gizli-gizli -

ölən kimdi, qalan kimdi?!

 

Ölən bizi basdıran yox -

qalan bizə kim ağlayar;

Doğru bizə yas tutan yox -

yalan bizə kim ağlayar?!

 

Keçək dərədən sel kimi,

uçaq təpədən yel kimi;

hasardan-divardan aşıb -

çıxıb gedək dərə-təpə,

            duman-sis olmayan yerə!

 

Doğru nədir, yalan nədir -

bəlkə yalan, doğrudan da bizik, biz;

Dəyirman öz işindədir -

çaxçax olub, baş ağrıdan bizik, biz?!

 

Çərtdiyimiz qələmlərin ucunu

daşa çaxıb, daşımızı qırdılar;

Çəkdiyimiz hər ağrını-acını

başa qaxıb, başımızı yardılar!

 

Kitab-kitab

sözümüzə od vuraq -

kül olmayan bir sözümüz qalmasın;

 

Hər külünü

küləklərə sovduraq -

bir izimiz, bir tozumuz qalmasın!

 

İzsiz-tozsuz itib gedək,

sözsüz-sovsuz çıxıb gedək,

külək kimi bir kimsəyə görünmədən,

su kimi lal axıb gedək;

bu dünya toz içindədir -

            gedək toz olmayan yerə!

 

Bir kimsə tutmasın xəbər -

duyuq düşüb, züy tutan da olmasın;

Yolumuza çiçək səpən,

arxamızca su atan da olmasın!

 

Ağzımıza su alıb

bir kəlmə də danışmayaq;

Susub qalıb

heç Allahın sirrini də açmayaq!

 

Cınqırımız çıxmasın -

söz çıxmasın dilimizin ucundan;

 

Əlimizə kəsək yığıb,

daş götürüb çıxıb gedək,

baş götürüb çıxıb gedək -

əli şeytan ətəyində,

dili Allaha and içən

yığın-yığın allahsızın içindən!

 

Lap tüpürüb çıxıb gedək -

gedək bir Allah bəndəsi,

            bir ins-cins olmayan yerə!

 

Lap hər dərddən yaman olsun,

lap hər qəmdən acı olsun;

Anan - mənim anam olsun,

bacım - sənin bacın olsun!

 

Qoy uyusun hamı dərin yuxuda,

lap olmasın yuxuları çin də heç;

Üç balanı sən qoy şirin yuxuda,

cüt balamı oyatmayım mən də heç!

 

Gözüyaşlı çıxıb gedək,

başıdaşlı çıxıb gedək -

çıxıb gedək arvad-uşaq,

            oğul-qız olmayan yerə...

 

Çaşa-çaşa gəldim yolu -

azdım, yoluna çıxdım;

Dilim lal, ürəyim dolu -

susdum, yalana çıxdım!

 

Yol sən idin - səndən keçdim,

Yola döndüm - buyur, keç;

Tək sən idin - səni seçdim,

Ayrı kim var - ayır, seç!

 

Əyrisindən düzünü seç,

ayrısından özünü;

Buyur, məndən özünü seç -

ayır məndən özünü!

 

Ayrı sözlərdən söz tutub,

handa bir sözə çıxdıq;

Ayrı yollara üz tutub -

sonda üz-üzə çıxdıq!

 

Ayrı-ayrı, tək-tək gedək

eyni yolu sonacan;

Dayanım - gəl mənə qədər,

dayan - gəlim sənəcən!!!

 

Və beləcə -

gah sən mənə,

gah mən sənə gələ-gələ,

 

Sənli-mənli,

mənli-sənli -

gedək biz olmayan yerə...

 

P.S.

 

Qaranlıqdı sağ-solumuz -

yer-göy zülmət içində;

Qaranlıqdı son yolumuz -

hər şey zülmət içində...

 

Nə baxırsan yazıq-yazıq,

bir yalquzaq gözüylə?!

Tərpən gedək, yol uzaqdı,

mən də gəlim izinlə!

 

Birdəfəlik köçüb gedək,

yeri-göyü ölçüb gedək,

üstümüzdən çırpa-çırpa ulduzları

bu gecədən,

qaranlıqdan keçib gedək -

gedək üzü dan yerinə...

 

Bələk nədi,

kəfən nədi -

bu dünyanın son ucunda

ağaracaq ürəyimiz bir cüt qoşa varaq kimi!

 

Orda yanbayan durarıq,

qaranlıqda çaxmaq çəkib yandırarıq -

sən özünü çıraq kimi,

mən özümü şam yerinə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!