Sevgi varsa...
Tanrı yeri sevgi xalısı
toxuyub sərib ayaqlarımıza.
Naxışlara bax
Biri lalə,
Biri yasəmən,
Biri zanbaq.
Eşit, bu dünyada təkcə sevgi qalacaq.
Gedəndə
Nə var soyunacaqsan bədəndən.
Tək sevgin gedəcək getdiyin yerə.
Eh, göz görə-görə
Bu qədər nifrəti varkən adamın adama
Yaşamaq yapışmasa da.
Yaşamaq istəyirəm
Yaşamı gözdən salanların acığına.
Hər gecənin sabahına
İnanmaq
Özünə güvənməkdi.
Özünə güvənmək
Səni var edəni sevməkdi.
Niyə də sevməyim?
Bu boyda cahan mənə xidmətdə.
Mən qəflətdə
Yata bilmərəm.
Hər gün bu xalının üstündə neçə ilmə sökürəm
Bir o bilir, bir də...
Allahın sevgisi olsun yerdə
Yeri böyüdənlərə...
Sevgi olan yerdə Allah var, günah yox!
Hər yarpaq töküləndə
Hər yarpaq töküləndə anladım,
Ayrılıq var.
Hər bahar gələndə inandım,
Müvəqqətidir ayrılıqlar.
Quşların köçü,
Yaxın qonşumuzun üçü
İçimi göynətdi keçdi.
Bu payız da pis keçmədi,
Ara vermədi yağışlar
Yarpaq tökümünü seyr edək.
Bir də onda gördüm ki,
Ağaclar lümlüt
Külək yayın da qisasını aldı.
Bütün yarpaqlar yağışlara qoşulub yağmışdı
Fəqət geriyə bir yarpaq qaldı,
Ümid!
Bu çətir yarpaq,
Bu bahar ətri.
Əlimdən tutub gətirir
Məni yetişəcəyim ünvana.
Anlayıram bütün ağaclar quruyacaq,
Bütün yarpaqlar töküləcək
Təkcə ümid yarpağına
Toxuna bilməyəcək ən dəli külək.
Mənə ümid ver
Bəstəboy,
Arıq,
Mavi gözlü.
Onu dəniz bilərək
Hey uzaqlara baxım.
Baxdığım yerdə göylə yer birləşsin.
Siz adına üfüq xətti deyin,
Mən eşqin sərhədi deyirəm ona.
Anlayıram
Bütün ayrılıqların orda dəfn olunduğuna.
Həllini bilmədiyin məsələ
Oturasan təkliyin küncündə,
Təklik elə həyatın küncüdür.
Küncün küncü daha dəhşətdir.
Adamı bilsən nə qədər incidir
Birindən qopmaq...
Ha çözürsən, boğulursan.
Ən dəhşəti də
Bu ən ağır həndəsə məsələsini tapmaq.
Eh, hardan biləsən Teo.
Adam tək qalanda içində pıçıltısı verir exo.
Hə, oturursan təkliyin küncündə,
Həsrətin tətiyi tuşlanır sifətinə.
Uzaqdan iki göz
Atəş açılan qoşalülə kimi od saçır.
Gözlərin o oda qaçır, çatmır.
İstəyirsən durasan oturduğun yerdən,
Əllərini dirək vermək istəyirsən özünə,
Yer qaçır əllərinin altından.
Ayaqlarının altından göyə açılır qapı.
Təkliyin hesabı
Nisyə yazır yenə də səni sənə.
Bir günü də belə verirsən
Həllini bilmədiyin məsələnin həllinə.
Yıxılan ağacların
Yıxılan ağacların
Altından yeri çəkiblər əslində.
O qədər ayaq üstə ağaclar yıxılıb ki.
Budaqlar əyilib köklərindən.
Ağacların qulağındakı bu sarı sırğalar,
Təbiətin qocalığına əsən qasırğalardır.
Yağışlar torpağın alnının təri,
Qar buludların
göz yaşlarının donmuş formasıdır.
Noyabrın ulduzlu gecəsi
Səmaların möhtəşəmliyi.
Uzaqdan sükutun qulağını
batıran bir addım səsi,
Hardasa yıxılan ağaca görə tələsir.
Təbiətdəki ən güclü səslər də
uda bilmir o səsi.
O səs əslində həyat nişanəsidir.
Sabaha tələsir!
Sabahı içmək istəyənlərin
eşqinə fırlanır bu kürə.
Zaman adlı kirkirə
Öz işindədi.
Bütün ayaq üstə olan ağaclar
Əslində yıxılan ağacların üstündədi.
Bu dünyada
Bu dünyada getməkdən asan nə var ki,
Arxada qoyduqların yapışmasa yaxandan
Bu dünyada hər nə varsa
Öz ahəngindədi.
Səs var damar rəngindədi
Ha kəs heç nə çıxmır.
Vallah, Allah adamı yıxmır
Özü özünü yıxmasa.
Bədənin ritmini
Ruhdur tutan.
Ruhunu unudan
Ahəngini itirəndi
İtirənlər vitrin-vitrindi
Bu dükan dünyada.
Özünü itirir ahəngindən çıxanda adam.
İtirənlər qazananların vecinə də deyil
Və bil,
Adam adamdan qopanda başlayır
Bu dünyanın ahənginin döş ağrısı.
Süd də vermir körpə sevgimizə həyat!
Ahəng pozulanda yayda yağış,
Qışda isti yandırır adamı!
Yıxılan birinə ayaq olmağım cəhənnəmə,
Dayaq ola bilmirəmsə,
Götürün adımın üstündən insan adını.
Düşünmə
Bəzən ən güclü axından qaçır adam.
Yaxından qaçır adam,
Özünə yaxınlaşa.
Bir də görürsən
Bu get-gəl adlı tamaşa
Alqışsız bitir.
Pərdənin arxasından ha qışqırırsan
Səsini bir əl eşitmir.
Adam eşidilməyəndə batır səsi.
Öz içində batanlar o qədərdi ki.
Getməmək üçün heç bir bəhanə olmayanda
Bir çarə qalır ancaq
Qalmaq!
Yaşamaq!
Eşitməyənlərin acığına
daha ucadan qışqırmaq gərək.
Ta ki əllər səsini eşidəcək.
Bir düsturu var həyatın
Sev.
Sevirsənsə
Qalanı əfsanədi.
Əfsanə ərəbcədən fəsanədi, yəni boş.
Adam da boş şeyə görə gedərmi?
Sevgi qucaqlayıb anını.
Eşq cana gətirib canını
Düşün və yaşa!
Yaşamaq haqqındırsa
Borcunu düşünmə...
Təbrizə də salam de
Şuşaya əsən külək,
Təbrizə də bir baş çək.
Arazın sularına,
Sığal çəksən yavaş çək.
Arazın sularında,
Yosun bağlayıb Vətən!
Sahilin o üzündə,
Vətən deyir neçə mən.
O neçə mən mənində,
Vətən eşqi can verir!
Hər gün dildə duasın,
Vətənə qurban verir.
Şuşaya əsən külək,
Təbrizə də salam de.
Bir də azadlığınçün,
Burda özü-özünü
Qurban deyir balan, de.
Sən gözümə köçəni
Gözüm görmür özümü,
Sən gözümə köçəni!
Gözlərimə demişəm,
Daha unutsun səni!
Gözümün qarasında,
Doğulur ay bənizin!
Hər gün səndə boğulur,
Bu ruhum, ay dənizim!
Əllərim gözüm üstə,
And olsun yerə, göyə,
Çəkmirəm ki, gözümdən
Düşə bilərsən deyə!
Gözümün qarasına,
Ağ saldı ta gözlərin!
Sən gözümə köçəni,
Mənim deyil gözlərim!
Vətən deyir
Bu torpağın hər qarışı,
Vətən deyir!
Göyündən yağan yağışı,
Vətən deyir!
Tumurcuqlu arzularda,
Ətir saçır xoş bahar da.
Arazında lal sular da
Vətən deyir!
Bu tayının bəxti dönük,
O tayında dərdi böyük
40 milyonluq türk oğlu türk
Vətən deyir!
Qəmdən daşır xan Arazım,
Axır gözü qan Arazım!
Mən deyirəm can, Arazım -
Vətən deyir!
Neftçala
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!