Ömür - yanmış zəmi kimi
Suçəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı
Yığılıbdı dan yerinə?!
Məni sevgi fəsli çəkir,
Göy üzünün qəsri çəkir...
O kimdi eşq rəsmi çəkir
Sinəmin kətan yerinə?!
Ömür-yanmış zəmi kimi,
Su basmış zirzəmi kimi.
...O qız batan gəmi kimi
Dönmədi liman yerinə...
Qar susmağındı bəlkə?
Bir az dinlə o quşun
Şikəstəsin, İlahi.
Gülə yaz dəydi açdı,
Ya nəfəsin, İlahi?
Sıxdı bu şairi də.
Dar qəfəsin, ilahi.
Burax qəfəsdən onun
Son nəğməsin, ilahi...
Qar susmağındı bəlkə,
Yağış səsin, İlahi?
Gəl, qurutma o qızın
Bənövşəsin, İlahi.
Bir uşaq yatağında
Ölümüylə oynayır -
Al əlindən sən onun
Bu nəşəsin, İlahi...
Yolunu tapmışam
diri qalmağın...
Bir quş dimdiyindən atdı ruzumu,
Bir quş lələyiylə şeirimi yazdım.
Mən səni tapmağa gəldim dünyaya
Ancaq bu dünyada özümü azdım...
Yağışla ağlayıb toxdayır bir az.
Göylərin əhvalı hər qarışanda.
Səni günçıxanda gözləyirəm mən
Sən gedib durmusan şər qarışanda...
Bizim əllərimiz arasındakı,
Kimin barmağıdı, kimin barmağı?
Hərdən oxuyuram məktublarını -
Yolunu tapmışam diri qalmağın.
Haçan gözlərindən gəlib keçərsən -
Kölgəni bir ömür pusub, qalaram.
Adını dilimin ucunda tutub -
Sonra da ömürlük susub qalaram...
Dua
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Qoyun bu sevinclə şəkil çəkdirim
Onsuz da bir azdan çıxıb gedəcək.
Nə yaxşı, bu axşam səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı göy üzünə tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
Mən yerə asiyəm... göylər də uzaq,
Nə yaxşı, ruhumun göy ağları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq - kimin ki, qanadları var...
Bu yolu nə yaman uzun çəkiblər? -
Yolun yarısında yorulur hamı.
İndi ürəyindən sınır adamlar,
İndi çörəyindən vurulur hamı...
Qaldı şair başı dar ağacında,
O cavan saçlara indi dən düşür...
İlahi, bu dünya bir damla yaştək,
Bəlkə də haçansa gözündən düşüb?!
Bəlkə son tövbədi sonuncu nəğmə?
Mən də son sözümü yazıb qalmışam.
Bu həyat - qərib bir şəhər kimidi,
Bu qərib "şəhər"də azıb qalmışam...
Nə yaxşı, dilimə toxundu adın -
Başladım dilimdən həya etməyə.
İlahi, nə yaxşı, lal doğulmadım -
Nə yaxşı, dilim var dua etməyə...
Göylərin dilini mənə də öyrət,
Öyrənim sirrini ayın, ulduzun.
İlahi, bir dəfə üzünü göstər -
Adamlar bilmir ki, hara yıxılsın...
Ömür necə varaq tutur?
Bir xatirə ağacı ək,
Məni unutduğun yerdə.
Durub bir şam yandırarsan
Adımı tutduğun yerdə...
Ömür neçə varaq tutur?
Bu can neçə yamaq tutur?
Özünü ağlamaq tutur,
Məni ovutduğun yerdə.
Kim dəyişər bu halımı?
Kədər belə arxalımı?
...Ölüm siləcək "xalımı" -
Dünyanı udduğum yerdə.
Günəş əridi getdi...
Yağış yağıb... çiçəklər
Elə bil doluxsunub.
Gecəni məst eləyib.
Axan çayın ovsunu...
Bir ovuc ay işığı...
Kim dəyişər altına?
Göy üzü bir çətirdi -
Hamı girib altına...
...Bu da yaşın əllisi,
Ölüm gəlib haqlayıb.
Sənin yükün ağırdı -
Ver, dərdini saxlayım...
Günəş əridi "getdi..."
Qaldım yağışlar ilə.
Ad günümü keçirdim
Çöldəki quşlar ilə.
Mən atmışdım özümü...
Kim məni tutub gəlir?
...Unutmuşdum adımı -
Adıma məktub gəlir...
Sirr
Hər şey dəyişib yerini -
Ucuz nəymiz? Baha nəymiş?
Sən demə, sevməkdən ötrü
Yaşamaq bir bəhanəymiş...
Dünyanı yüz donda gördüm
Sonam, səni sonda gördüm...
Mən dərviş olanda gördüm
Mağara nə, kaha nəymiş.
Qaçıb getdim o səsə də,
O səs məni görməsə də.
Şahın xoşu gəlməsə də
O şeir nə şahanəymiş!..
Sevda nədir? - mən də bildim,
Bənd olan hər bəndə bildim...
Qəfəs düzələndə bildim
Bu azadlıq aha, nəymiş...
Dünən var sabahdan gözəl
Ah çəkdin, hər ahdan gözəl.
Dünyada allahdan gözəl
Daha nəymiş? Daha nəymiş?!
Çiçək olmaq nə zülümmüş...
Gedir suların savaşı
Gedir suların savaşı
Axan selin içində.
Bizimki köz axtarmaqdı
Köhnə külün içində...
Torpaq yatıb, daş oturub.
Daş qurub bardaş, oturub.
On iki qardaş oturub,
Bu bir ilin içində.
Bir ürəyə qəfəsmişəm,
Mən cəmi bir nəfəsmişəm...
Dirilik suyu gəzmişəm.
Demə, lilin içində...
Gün doğmursa, bun ə günmüş?
Bizə qalan bir ölümmüş.
...Çiçək olmaq nə zülümmüş
Bu zibilin içində...
Bu ömür bir qazan qardı...
Yoxdu bu qəmi yiyəsi,
Götür göy gözün üstünə.
Sinəmdəki yaraları
Kim sərib duzun üstünə?
Səs deyil hər haray - həşir,
Canımız bir sevda nəşi...
Tuta bilmədik günəşi
Yıxıldı tozun üstünə...
Yanan ağac koğuşuyam,
Gəlmə, bir yol yoxuşuyam...
Mən də bir qürbət quşuyam -
Uçuram yazın üstünə...
Yerdi əsən, yeldi əsən?
Axsaq imiş o tələsən.
Qələm yorulub deyəsən,
Əyilib sözün üstünə...
Qəfəs deyil, amma dardı,
Yer üzü damar - damardı.
Bir ömür bir qazan qardı -
Qoymuşuq közün üstünə...
Yağış dərirəm sənə...
Sənə ocaq çatıram -
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından...
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qururam sənə
Cəhənnəm əzabıyla...
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram,
Çiçəklərin qaşından...
Sənin üzünə baxıb,
Ayı da danmaq olan.
Səndən ömür düzəldib,
Min il yaşamaq olar.
Gör harda tapdım səni
Güllərin nəfəsində.
Bir nəğmə yazdım sənə
Axan çayın səsindən...
Dərdin də dərdi varmış...
Ruhun bəs edər mənə,
Al apar bu əzanı.
Ayrı günah edənlər,
Çəkir eyni cəzanı.
Göy üzüdü yazdıran,
Nə ilham gəz, nə təb tap.
Yaşamağa səbəb yox,
Ölməyə bir səbəb tap...
Yer qaçır ayağımdan -
Mən yerimə qalıram.
Gecikdiyim sevginin,
Qəzasını qılıram.
Yoldu taqətdən düşən,
Ya mənim bu dizlərim?
Sənin də gözün aydın -
Daha görmür gözlərim...
Necə ovudum indi,
Bu taleyi, bu baxtı?
Çıxdın cüt şəklimizdən -
Yanımı boş buraxıdın...
Dərdin də dərdi varmış -
Bəlkə ona əlacam?
Meşənin qırağında
Darıxan bir ağacam.
Gözüm dincəlsin deyə,
Gözlərinə baxıram.
Çaylar dənizə axır,
Mən ölümə axıram...
Gözünlə çək şəklimi -
Bir az da sitəm olsun.
Qoy, qara kirpiklərin
Qara çərçivəm olsun...
O ay işığından
bir Şüşə salın...
Bir az həqiqətəm, bir az yalanam,
Tapa bilmədiyin tapmayacam mən.
Baxma böyük-böyük danışmağıma -
Bir az bu dünyadan balacayam mən...
Külü alışdıran köz ola bilsəm,
Göy üzüm olarsan, göz ola bilsəm?..
Kaş sənə qoşulub Söz ola bilsəm
Sənsiz söz olmayan bir hecayam mən.
Xəstəyəm, yadıma bənövşə salın...
Mənim ürəyimdə bir Şuşa salın...
O ay işığından ağ Şüşə salın -
Şüşəsi qırılmış bir bacayam mən...
Bu ömür islanmış kağızmış, demə...
Hər gün ürəyimdən durnalar uçur -
Mənim də canımda payızmış, demə.
Hərdən bu dünyanı yadıma salan
Şəkildə gizlənən o qızmış, demə.
Bu yol hara belə köçünü çəkir?
Ölüm də kəfənin ucunu çəkir...
Baxdım ki, bir söyüd içini çəkir -
O da mənim kimi yalqızmış, demə.
Udduğum havanın içində dadın,
Yanım - bir isin, üşüyən qadın
...Çərpələng düzəltdim, o da uçmadı -
Bu ömür islanmış kağızmış, demə...
Hamı çıxır su üzünə...
Hamıdan çıxıb gedəsən,
Gedəsən çox uzaqlara.
Yer üzün tapşırasan
Bu balaca uşaqlara...
Götürəsən qələmini
Son şeirinin varağından.
Hərdən əyilib öpəsən,
Çiçəklərin yanağından...
Bir qız çıxa yolun üstə,
O ağlaya, yol ağlaya.
Gedəsən batan günəşi
Soraqlaya-soraqlaya...
Dənizi içib gedəsən,
Su adına, qan adına.
Yorulanda baş qoyasan
Bir qağayı qanadına...
Bir səhəri yola salıb,
Bir axşama yeriyəsən.
Üz-gözündən ay işığı
Dama-dama yeriyəsən...
Dalğaları çevirəsən,
O üzünə, bu üzünə.
Bat, ya batma - nə fərqi var
Hamı çıxır su üzünə...
Qoy arxanca danışsınlar: -
Hara getdi, nəyə getdi?
Bir uşaq göyü göstərə -
Allahı görməyə getdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!