Mənim eşqim qucaq-qucaq - Anam torpağa qonacaq... - Nurəngiz Günün Təbriz şeirləri

12 dekabr - 21 Azər günüydü - Cənubi Azərbaycanda istiqlal tarixinin unudulmaz səhifələrindən biri. 21 dekabrda isə Nurəngiz Gün dünyaya göz açıb. Nurəngiz Günün həm ata, həm də ana babası əslən Güney Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərindəndirlər. Unudulmaz şairin Təbriz həsrətli şeirlərini təqdim edirik...

 

 

Salam çörəyə, gülə, günəşə

 

Salam sənə, İnsan!

Salam sənə, doğma yurd! Doğma lisan!

Salam sənə, ən ulu eşq! Bu torpaq!

Salam sənə, odlu diyar! Yanar çıraq!

Salam sənə, anam! Can yadigarım!

Salam sənə, nakam sevgim! Rüzgarım!

Salam sənə, bircəciyim! Evladım!

Salam sənə, kövrəkciyim! Qanadım!

Salam sənə, dünyam! Sərhədli dünyam!

Salam sənə, dumanlı, dərdli dünyam!

Salam sizə, dərin-dərin dəryalar!

Salam sizə, yalqız, yalçın qayalar!

Salam olsun, salam! Bir də sizlərə -

Salam olsun, Təbrizli əzizlərə!

Salam olsun, ulduzlara, atəşə!

Salam, bir də çörəyə, gülə, Günəşə!..

 

1979

 

Mənim eşqim

 

Mənim eşqim rüzgarlardır -

dağ tanımaz, dərə bilməz.

Mənim eşqim ilk bahardır -

sevincləri saya gəlməz.

Mənim eşqim azad quşlar -

nə bənd bilər, nə də çəpər.

Mənim eşqim qaranquşlar -

ruhuma müjdələr səpər.

Mənim eşqim al səhərlər -

çiçəklər huşun itirər.

Mənim eşqim ağ kəhərlər -

Təbrizə təbrik yetirər.

Mənim eşqim atəş, ocaq -

Novruzgülüm qızınacaq!

Mənim eşqim qucaq-qucaq -

Anam torpağa qonacaq...

 

2013

 

Torpaq yuxularım

 

Qayıtdım bu torpağa.

Bu torpağa dönüncə

dizlərim titrəyir...

Bu torpağın önündəyəm.

Eləcə mil durmuşam,

dil tutulub, nəfəs təntiyir.

Bu torpaqda nələr tapdım, nələri itirdim!

Bu torpağın üstündəki yuxularımda,

Ağappaq örtüyümdə ağappaq gəlin olub,

tutulub-dolub,

bir rüzgarın tilsiminə əsir düşdüm.

Bir çiskini yağış bilib, bihudə üşüdüm.

...Bu torpağın üstündən Araz adlı bir çay axar -

Qubar dolu suyundan hönkürüb şərbət içmişəm.

Kənarında dəmir çəpər var!

Bu çəpərin küncündə

ölmək üçün

üç arşın yer seçmişəm.

Bu çəpərin küncündə atamın ləpirləri!

Bu çəpərin küncündə anamın həsrət əlləri!

Bu torpaqda nələr tapdım, nələri itirdim.

Bu torpağın üstündə bir qoşa məzar var -

Bürünüb göz yaşına,

sərilib soyuq daşına,

bu candan ruh çıxınca,

tabım, tavanım çatınca

içim yanar, yaxılar.

Biri atam, biri anam!

Vardı, vardı! Vallah, vardı!...

Hər ikisin bir uzun, zalım yuxu apardı.

Əlim əllərindən qəfilcə düşdü.

Yerdə qalan nə idi ki! Uşaq könlüm!

O da fəğan qoparıb,

haqsızlıqdan büzüşdü...

Bu torpağın içindəki yuxularımdan

zərif, kövrək, bir ağappaq ömür sürüşdü...

qara sellər apardı...

Bu torpaqda nələr tapdım, nələri itirdim!

 

1983

 

Ərk qalasına

 

Əl vurunca

yorğunluqdan

ovum-ovum töküləsi

o daş qala,

a daş qala!

Daş çəpəri

daş səbrinə

sirdaş qala,

a daş qala!

O qalanın nə qəribə

qubarı var -

yağış döyər,

ildırımlar qamçılar,

yaralar, hey yaralar...

Uca qala,

Uca qala!

Qocalardan qoca qala,

qoca qala!

Bir vaxt dəmir dəbilqəli,

Bir vaxt dəmir həlqəli

darvazandan

kimlər keçə, kimlər qala?!

Uca qala,

uca qala!

Əl vurunca

yorğunluqdan

kövrələsi,

töküləsi

o daş qala,

a daş qala!

Daş çəpəri

daş səbrinə

sirdaş qala,

sirdaş qala!

 

1980

 

Bakı-Təbriz bayatıları

 

Dağların dağı varmış,

Qarası, ağı varmış.

Əl vurmayın, kövrələr,

Bir gözəl çağı varmış.

 

Hisdi, bu dağlarındı,

Sisdi, bu dağlarındı.

Deməyin biganədi,

Tüstü bu dağlarındı.

 

Əzizim İran oldu,

İran bir dastan oldu.

Haqqa, imana gəlin

Bu torpaq viran oldu.

 

Nənəm, nağılın vardı,

demədin, qar apardı.

Əllərimi əlindən

acı rüzgar qopardı...

 

Vay sizi, uca dağlar,

Qocadan qoca dağlar!

Niyə susub durmusuz,

Ahı doyunca dağlar?...

 

Qəmdən üzüldü bu can.

Ürəyim oldu şan-şan.

Anamdır, qərib ölür

Aman əcəl, bir dayan!...

 

Bu cığır hayanadı,

Arazdan o yanadı.

Tanrım! Bir cüt qanad ver,

Bu quş məni yandırdı.

 

Təbriz qədim, köhnədir,

Cahanda bir dənədir.

Əllərim həsrət çəkir

Dağı, daşı göynədir.

 

Təbrizdə dayım yaşar,

Rəssamdır, fırçası var.

Rəsmində rüzgar əsər

Bulud ağlar, sel aşar.

 

Torpaq cadar oldu ki!

Yollar qabar oldu ki!

Həsrət nə uzun çəkdi,

Ürək qubar oldu ki!

 

1980

 

Bədənimdən qanad açıldı

 

Gözlərimin önündə quşlar dolaşır,

Gözlərimin içinə quşlar doluşur,

Kipriklərimi budaq bilib,

Üstündə dolaşalar dalaşır.

Vallah, vallah, bu quşlar dəli edəcək məni,

Oyub, soyub qəhr edəcək könlümü.

Axı, bu quşlar niyə fəğan eyləyir,

Axı, quşlar nə istəyir, nə deyir?

Bəlkə quşlar insan dili anlayır,

Bəlkə elə, quşlar məni

quş diliylə danlayır?

Yox, yox! Vüsal nəğməsidir,

oxuyur bu quşlar,

Deyən dimdiklərində "Cənub damlası" daşıyır,

gözlərimin yaşın yuyur, bu quşlar...

Tutun, tutun əllərimdən, quşlar huşumu aldı,

tutun titrək əllərimdən, kömək olun quşlara,

quşlar qanad bağışladı!..

Bütün bədən uyuyur, quşlar çəkib aparır,

yol veriniz, siz allah,

quşlar köksümü alıb, yerdən qoparır... aparır...

Oxxayy, oxxayy!.. Salam, göy üzü! Salam...

Salam, pak buludlar, salam, Ay! -

Salam çiynini öpdüyüm fağır dağlar! -

Salam, dədə Şəhriyar!

Xoş gördük, a Savalan!

Salam, salam! Salam baba yadigarım,

dərdi qoca Təbrizim,

bağrı yara, köksü duman, can Təbrizim!

Ver saçını qoxlayım, burnumun ucu göynəmiş!..

Üzüdönük bilmə məni,

Əfv elə sən, mənim susqun,

mənim naçar, mənim gücsüz əllərimi!..

Gözəl Təbriz! Harayına necə yetim,

mən özüm bir köklü yetim!

Sus baba, sus! Heç nə danışma! Dinmə...

Dözümsüzəm, yaman qəribsəmişəm,

Xəyallar simində uçub gəlmişəm!

...Çağır bütün obamı,

bu quru canımı edim qurbanı!

sarıyım qan sızan yaralarını!..

Hər şeyi deyə bilmirəm,

öz içimdən didilirəm.

Gəlin, gəlin! Gəlin mənim küskünlərim,

gəlin mənim didələrim!

Gəlin, a dərbədərlər!

Daha dözə bilmirəm,

quşların amanatıdır, birovuzdur bu qanadlar...

Tir-tir titrəyirəm, qaytarasıyam,

qəfildən bir anda qırıla bilər.

Di, gəlin! Arazın qırağındayam,

Ustufca öpüşək... uslu görüşək...

Fəda olum hamınıza...

Bağrım yarıla bilər!..

 

1988


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!