Göndərim sənə
Yazım çiçək dilində,
Eşqi göndərim sənə.
Mənimçün qibləgahdı
Pirdi, göndərim sənə.
Əlinə qılınc elə,
Başıma qaxınc elə.
Ya saxla saxlanc elə,
Sirdi, göndərim sənə.
Yüz əkəm biri bitməz,
Nə bitib sona yetməz.
Mənimlə yola getməz
Kürdü, göndərim sənə.
Yazım çiçək dilində,
Dərdi göndərim sənə.
Yu göz yaşınla, nolar
"Kirdi", göndərim sənə.
Gedəsən
Səni qınayan olmaya,
Obaşdan durub gedəsən.
Rastına çıxan sədləri
Aşırıb, yarıb gedəsən.
Unudarsan dərdi-səri,
Dönməyəsən bir də geri.
Səni sevən könülləri
Sındırıb, qırıb gedəsən.
Guya gedirəm desən ki,
Qarşını kimdi kəsən ki?
O qədər yol gedəsən ki,
Yolları yorub gedəsən.
Gedəsən yollar uzunu,
Gedəsən illər uzunu,
Tanrı yazdığı yazını
Üzünə vurub gedəsən.
Qırmızı
Sıyrılıb qınından bahar
Çıxıb, dörd yanı qırmızı.
Köz kimi yanır lalələr
Tutub dünyanı qırmızı.
Çəmən, çiçəkdi hər üzü,
Şəkər üzü, zəhər üzü.
Doğub günəşi yer üzü
Üfüqü, danı qırmızı.
Arılar gül butağında,
Eşqin dadı damağında.
Oturub şah otağında
Pətəyi, şanı qırmızı.
Bu oğlan çağında yazın,
Çək zülmün, ədanın, nazın.
Sevda bağında bir qızın
Əkdiyi qanı qırmızı.
Şair adı
Şahmar Əkbərzadənin xatirəsinə
Yerli-yataqlıydı danışıqları,
Dost-tanışlarına ərki varıydı.
Qəlbinin oduyla dediyi sözün,
Yazdığı şeirin yükü varıydı.
"Mərkəzi poçtxana, əlac et mənə"
Qoy səsim hər yana çatsın deyərdi.
Haqqın tərəfində kim dayanıbsa
Səsimi səsinə qatsın deyərdi.
Sirdaşı Xuduydu, Bəxtiyarıydı,
Dərdi Laçınıydı, Kəlbəcəriydi,
Arzusu Vətənin bütövlüyüydu,
Ağdam Məkkəsiydi, Şuşa piriydi.
Bir vaxtlar yeriyən közün, alovun,
İndi torpaq altda vulkan odu var.
Hər kəsin dilində bir şair adı
Sözün damağında Şahmar dadı var.
Düşürsən
"Ruhum bacada oynar"
Sən yadıma düşürsən.
Ürəyimdə yerin çat,
Saçımda dən, düşürsən.
Hər gün yuxuma girib,
baxırsan qərib-qərib.
Yarı yerdən göyərib
Yarı göydən düşürsən.
Xatirələr selində
Tutub ömrün əlindən.
Oxuyub quş dilində
Əldən-dildən düşürsən.
"Ruhum bacada oynar"
Yadıma sən düşürsən...
Mən səni unutmuşam.
Bilməm nədən düşürsən.
Məni
Yarızarafat
Gah xoş baxdın üzümə,
Gah süzdün sərt-sərt məni.
Gah görüb əhvalımı
Ağladın dərd-dərd məni.
Hər arzu sona yetir,
Ömür kitabdı, bitir.
Oxudun sətir-sətir
Unutdun bənd-bənd məni.
Dəmirdən çarıq geyib,
Tapa bilməzsən, heyif.
Hardasan Valeh, deyib
Ha axtar kənd-kənd məni.
***
Hamı Səni sevdi, İlahi.
Mən sənə uzanan əlləri sevdim.
Bir tikə çörək kimi
Öpüb gözümün üstünə qoydum.
Hamı səni sevdi,
Mən əllərimi.
***
Bilirsən, son nəfəsdə
Niyə gülümsəyir adam?
Bilir ki ən etibarlısı
Elə ölümdü.
Axırda o tutacaq qolundan.
***
Günahlarımdan tanıyıram
Məni tutan ahları.
Məni tutan ahlara bağışla
Günahlarımı Tanrı.
***
İnsan anadan olan günü
Bükülür kəfəninə.
Və bilir ki ölüm haqdı.
Dünyanın ən gözəl ölümü
Elə insan kimi yaşamaqdı.
***
Yuxuma gəlib eləmə,
Barı rahat yata bilim.
Gəldin, qovuşa bilmədim
Get ki, sənə çata bilim.
***
Nolar, bir yol geri dön,
Görüm üzünü,
Bəlkə unuda bildim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!