Şeirlər - Nəcməddin MÜRVƏTOV

 

 

Bax arxamca

 

"Gəl" deməklə səsləmədin bir kərə,

İndi məni baxışınla yola sal.

Səndən ötrü hazır idim nələrə,

Bax arxamca, yana-yana baxıb qal.

 

Kəlməm, sözüm tuş gəlirdi lağına,

Hədyan sayıb yelləyirdin əlini.

Bu səbəbdi ürəyimin dağına,

Axıtmağa göz yaşımın selini.

 

Gerçəyimi bürümüşdü sis, duman,

Xəyallarda arayırdım əlacı.

Onlardan da çarə gəlmir hər zaman,

Kədər, qüssə yaradırdı çox acı.

 

Həzz duyurdun bu halımdan elə bil,

Saf sevgimi çevirmişdin oyuna.

Soyuyurdum, çəkdiklərim neçə il

Yavaş-yavaş "biçilirdi boyuna".

 

Rolumuzu dəyişdirdi Tanrı, bax,

Yaşayırsan yaşatdığın həsrəti.

Nə mənası, ürəyimi odla, yax,

Cavab şəksiz olmayacaq bil qəti.

 

"Gəl" deməklə səsləmədin bir kərə,

İndi məni baxışınla yola sal.

Səndən ötrü hazır idim nələrə,

Bax arxamca, yana-yana baxıb qal.

 

 

Qayğılarım

 

Qayğılarım azalmır ki, artır hey,

Hər birinin bambaşqa da çözümü.

O qədərdir, çaş qalıram olub key,

Tapmıram da vaxt, açmağa gözümü.

 

Növbə tutmur, yürüyürlər üstümə,

Yoruluram eşitməkdən "mən, mən"i.

Bax başımdan göyə qalxan tüstümə,

Ürəyimdə bu əhvalın sis, çəni.

 

Dəli təki yapışanı yaxamdan,

Arsızlıqla kürəyimə minən var.

Hara qaçım, de, başıma çıxandan,

Lağla baxan, qeyzlənən, dinən var.

 

Fənalığım bax, bundandır şübhəsiz,

Eləcə də diqqət çəkir görkəmim.

Özüm üçün lap olmuşam dəyərsiz,

Düşüncəmə hakimlikdən çox kəmim.

 

Əhvalımı soran da yox bircə kəs,

Sirdaş biləm, onla ülfət bağlayam.

Sinəsinə baş dayayıb, heç ün, səs

Çıxarmadan için-için ağlayam.

 

Qayğılarım azalmır ki, artır hey,

Hər birinin bambaşqa da çözümü.

O qədərdir, çaş qalıram olub key,

Tapmıram da vaxt, açmağa gözümü.

 

 

Kişi sözü

 

Dediyini eyləyərdi şəkk-şübhəsiz,

Reklamla yox, hay-haraysız, küysüz, səssiz,

İş görməzdi elə-belə, yox, ürəksiz.

Əməlinə cəmlənərdi dürüst, düzü,

Bir dənəydi babalarda kişi sözü.

 

Gətirməzdi boş bəhanə olsa nəsə,

Bildiyini söyləyərdi qısa, kəsə,

Göstərərdi öz yerini tərsə, nəhsə.

Dəyişməzdi öz fikrini sıxsa yüzü,

Bir dənəydi babalarda kişi sözü.

 

Haqq dilində, göstərərdi haqqa inad,

Düşünməzdi bax belədə heç qohum, yad,

Bəsdir, mənə - söyləyərdi pak, təmiz ad.

Varlığında ədalətə odu, közü,

Bir dənəydi babalarda kişi sözü.

 

Bambaşqaydı yaxınlıqda, etibarda,

Yetərdilər bircə himdən anda, dada,

Ummazdılar əvəz nəsə hər mənada,

Xəcil qalmaz, qızarmazdı bərkdə üzü,

Bir dənəydi babalarda kişi sözü.

 

Belələri indi də var, amma tək-tək,

İnanmaqla söykəyəsən ona kürək,

Çox-çoxları şeytan qəlbli, üzdə mələk,

Yalan anda, əllərində "Quran", cüzü,

Bir dənəydi babalarda kişi sözü.   

 

 

Bir az düzəm

 

Bir az düzəm, günahım bu,

Gəlmirəm çoxun xoşuna.

Yox, demirəm qanun, tabu,

Danışmıram da boşuna.

 

Az deyil də dodaq büzən

İşimə, dediyim sözə.

Rişxəndiylə, lağla süzən,

Səbəb köksümdəki közə.

 

Düşüncəmə gülən də çox,

Tutduğum dürüst yola da.

Olmağımdan göz, nəfsi tox,

Vurmamaqdan sağ-sola da.

 

Ürəyimdən keçənləri

Gətirirəm dilimə tək.

Yox onda kin, nifrət yeri,

Qərar vermir zənn, şübhə, şəkk.

 

Ummuram kimsədən nəsə,

Yetər, Tanrım ayırıb nə.

Qaneyəm də aza, bəsə,

Öz şükrümlə dönə-dönə.

 

Bir az düzəm, günahım bu,

Gəlmirəm çoxun xoşuna.

Yox, demirəm qanun, tabu.

Danışmıram da boşuna.

 

 

İş görmə gümanla, zənlə

 

Qərarlar verirsən zənlə, gümanla,

Seçib ayırmadan düzü, yalanı.

Yox ki, səbr adına ruhunda damla,

Olmazı deyirsən qoyub olanı.

 

Düşünsən azacıq, peşmanlığından

Başını soxmağa yer arayarsan.

Xəcalət təriylə edib and-aman,

Sıxar, dönə-dönə qapazlayarsan.

 

Nə olar, eşitdiyin sözü, kəlməni

Ağlın, dərrakənlə eylə çək-çevir.

Almasan nəticə, çox çətin yəni

Aqildən, müdrikdən sor nəsə tədbir.

 

Girmə bir kimsəylə havayı bəhsə,

"Dediyim olmalı" - bu səhv düşüncə.

Doğrunu, dürüstü düşmənin desə,

Uğur, bax, ordadır səbəb sevincə.

 

Yox, yox, qərar vermə gümanla, zənlə,

Başlama işə də yox, tez-tələsik.

Çatdırsan da sona min dürlü fəndlə,

Olar bir tərəfi, bil, salxaq, əskik.

 

 

Dayaq olacağam

 

Düşünmə barəmdə bəd niyyətdəyəm,

Məqam arayıram, yıxmaq fürsəti.

Ağlını başına yığıb eylə cəm,

Eynimdən keçməyib bu fikir qəti.

 

Hər sözdən, kəlmədən ötrü yerindən

Oynamaq, anla ki, mənə xas deyil.

Etdiyin pisliyə cavabım nədən

Eyni cür olmadı? - Bu əsas deyil.

 

Sənin tam əksinəm, gözləmə yox, yox

Xoşluqdan savayı heç nə, heç zaman.

Qəlbimdə hamıya sevgi yetər, çox,

Bəlkə əsirgərəm, etmə zənn, güman.

 

Saysız nümunələr göstərəm gərək,

Dəyişəm yönünü özüm tərəfə.

Barı, bax bu işdə azca et kömək,

Yol ala varlığın üzü şərəfə.

 

İndilik çəkinmə, bu xoş məramı

Qəbul et, inan ki, bir addımlayaq.

Şəksiz yaxşı gələr işin davamı,

Axı, olacağam sənə mən dayaq.

 

Düşünmə barəmdə - bəd niyyətdəyəm,

Məqam arayıram, yıxmaq fürsəti.

Ağlını başına yığıb eylə cəm,

Eynimdən keçməyib bu fikir qəti.

 

 

Sənə baxmayım?

 

Acıqlanıb deyirsən: "Nə baxırsan həsrətlə?"

Gülüm, yaxılım, yanım,

            həm də sənə baxmayım?

Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,

Təsirsiz and-amanım,

            həm də sənə baxmayım?

 

Nakam eşqə cavabı özüm özümdən alım,

Verməyir həyat heç nə, xəyallarla dolanım.

Deyirsən bu halımla səni insaflı sanım,

Ətrafında dolanım, həm də sənə baxmayım?

 

İstəyirəm qəlbini baxışın desin dilsiz,

Ruhlarımız görüşsün özümüzdən xəbərsiz.

Yolunda canı qurban mən demişəm əvəzsiz,

Qurbanlıq olsun canım,

            həm də sənə baxmayım?

 

Xiffətindən köksümü çalın-çarpaz dağlayım,

Sevinc, fərəh görməyim,

            qəm-qüssədən ağlayım.

Görüşünə ümidi təsadüfə bağlayım,

Ötsün belə hər anım,

            həm də sənə baxmayım?

 

Vurğunluğum səbəbdir bu bəlalı halıma,

Qərarlısan, ümidsiz, belə naçar qalım a.

Bax, dönmüsən insafsız, hökmün verən zalıma,

Qurula dərd, divanım,

            həm də sənə baxmayım?

 

Acıqlanıb deyirsən: "Nə baxırsan həsrətlə?".

Gülüm, yaxılım, yanım,

            həm də sənə baxmayım?

Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,

Təsirsiz and-amanım,

            həm də sənə baxmayım?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!