Gəncə çayı, Araz çayı, Kür çayı... - Lirik poema. Nəriman HƏSƏNZADƏ

 

 

"Gəncəyə gəlmişəm, Nəriman qağa..."

   Sərvaz Hüseynoğlu

 

 

Önsöz əvəzi

 

Eşitdim, Gəncədə anıbsan məni,

Gəncə çayı kimi axdım elə bil.

Yellər gətirmişdi meh nəfəsini,

Göy-göldən,

            Kəpəzdən qalxdım elə bil.

 

Canımdan gizli bir üşütmə keçdi,

bilmədim, canımdan düzü, nə keçdi.

Bu nə şikayətdi, nə də ki, giley,

ruhum təzələndi,

            bax, belə bir şey!

 

Nələr deyəcəyəm, bilmirəm hələ,

Sərvaz, unudulmaz gördüklərimiz.

Zahirdə nə qədər dəyişsək belə,

daxildə -

            o qədər yenə bizik, biz!

 

Anam sağ olaydı kaş bu yaşımda,

yüyürüb üstünə qucaqlayaydım.

Dizinə baş qoyub yataydım, amma

sonra da,

            doyunca bir ağlayaydım.

 

Təzədən gələydim mən bu dünyaya,

gələydi,

            dünyanın təzəsi bir də.

Bakıdan zəng vurub Vağzal Poyluya,

Ana! - çağıraydım o səsi, bir də.

 

I

 

Axır Gəncə çayı,  sahillərində

nə var, Allah bilər, bəndə nə bilər?

Dahi Nizaminin durduğu yerdə

bəlkə biz durmuşuq?

            Kim bilə bilər?

 

Bəxtimiz gətirib o dəmdə, nə qəm!

Mənim anam ölsün, çoxu yan baxıb.

Bəxti gətirəni özüm görmüşəm,

istedad,

            həmişə kənardan baxıb.

 

Məni yaxalayıb sual verənlər,

nə elə naşıydı, nə elə həssas.

Hardasa, üstümü "unlu" görənlər

məni,

            dəyirmançı çağırdı, Sərvaz.

 

"Segah" üstə tək bir ana laylası 

nəbzimdə döyünən ürəkdi, candı.

Gəncə çayı,

            Araz çayı,

                        Kür çayı

mənim ünvanımdı, Azərbaycandı!

 

Nə qədər doğmadı, nə qədər yaxın,

xalqın kimsələri - Tanrı səsiydi.

Nizami - Gəncənin,

            Vurğun - Qazaxın,

Xan qızı - Şuşanın nişanəsiydi.

 

II

 

Araz qırağıyla

            Kür sahilləri

beşik dünyamızdı - alın yazımız!

Gəncədən başladı təhsil illəri,

bu da - yeni tərcümeyi-halımız.

 

Gözüm qatarların dalınca qaldı,

ürəyim Bakıda, özüm Gəncədə.

Kimsə, Universitet təhsili aldı,

mən də pedaqoji,

            bizim Gəncədə.

 

Sənə dediklərim şikayət deyil,

həyatın özüdür, deməsəm, olmaz.

Oxuduq, qurtardıq, bu son hədd deyil,

ömrün,

            imtahandı hər anı, Sərvaz.

 

Ağstafa çayı, bir də Kür çayı,

gümüş kəməriydi Vağzal Poylunun.

Bilənlər çoxuydu məndən savayı,

günlərin bir günü,

            gördük ki, onun

açılıb belindən kəməri düşdü,

dillərə çayların xəbəri düşdü.

 

Elə ki, yay gəldi, töküldük suya,

sonradan eşitdim, mən lap sonradan.

Hələ Nizami[1]

            Ağstafadan

çimməyə gəlirmiş Vağzal Poyluya.

 

Kürü bu üzündən biz o üzünə

arxası üstündə üzüb keçirdik.

Bəzən də "qırdırma" -

            yəni düzünə,

o da sel gələndə,

            and da içərdik.

 

Anamı indi də xatırlayıram,

o, məni tapanda dolmuşdu gözü.

Vurdu bir çubuqla, bir dəfə anam,

ağrıyan məniydim,

            ağlayan özü. 

 

Hələ on beş idi yaşım o zaman,

hamıdan güclüydüm, hamıdan üstün.

Düz bir il soruşdu anam sonradan:

- Çiynin ağrıyırmı,

            ay anan ölsün?!

 

III

 

Şair, bu çaldığın pərdəni dəyiş,

başqadır, torpağın xeyir-duası.

44 Gün -

            tarixi bir möcüzəymiş,

dəyişdi dünyanın ab-havası.

Şuşa, Zəfər yolu!

            Qalxdım o yerə,

səndən, sənə baxdım, can Azərbaycan!

Qalib Sərkərdəyə, qalib əsgərə,

qalib bir millətə səs verdi zaman.

 

Yanaşı yeridi İlham, Ərdoğan,

oyatdı Laçını "Ay Laçın..." səsi.

Yazdı imzasını qardaş Pakistan,

dəyişdi dünyanın,

            son xəritəsi.

 

IV

 

Mən, Sərvaz - dedikcə, qızır ürəyim,

soruşma, bilmirəm, sənə nə deyim?

Millət bir-birinə qohumdu, - deyir,

Siseron[2],

            demir, yox, sübut eləyir.

Qədimdə, Romada, eradan qabaq,

sənindi, mənimdi, Güneydə o xalq!

İndi Araz çayı

            Kürü səsləyir,

onda od ələnir torpağa-daşa.

Millət - Vətənində Vətən istəyir,

İranda deyirlər:

            Vətənsiz yaşa!

 

Nümayişə çıxıb Araz sahili,

millət - öz dilində yazmaq istəyir,

oxumaq istəyir,

            özgə nə deyir?

İranda deyirlər:

            yalnız fars dili!

 

Sevincim, kədərim, hissim, həyatım,

ya ana çağırmaq, adicə "ana!".

Mənim Azərbaycan mənəviyyatım

orda,

            yasaq olub Azərbaycana.

Nailə Bəhriyə deməyin bunu, -

O Tayın qızıdı, Bu Tayda sınar.

Vurdular atanın körpə oğlunu,

maşında,

            uşağa atəş açdılar!

 

İran,

            millətinə günmü ağlayır?

Nə vaxtdı gizlədir bu bəd xəbəri, -

erməni - məsciddə donuz saxlayır,

öpür Paşinyanı islam rəhbəri!

 

Üçrəngli bayrağı qaldırıb bir əl,

Qalib Sərkərdənin baxır şəklinə. -

Böyük Azərbaycan əl eləyir, əl,

Arazın

            o biri tayından mənə.

 

V

 

Məhəbbət Gəncədə çıxdı qarşıma,

məhəbbət - ali bir şah kürsüsüymüş!

Dedilər, sevinmə, sən çox danışma,

gözə gələcəksən,

            demə, düzüymüş.

 

Dünyaya gələndə hamı tək gəlir,

ayrıca taleyi, ağlı, həyatı.

Çalışır, vuruşur, enir, yüksəlir,

sonda da

            haqqında

                        bir bənd bayatı!

 

O da qismət ola, olmaya, cəhddi, 

həyat - bir ömürlük məsuliyyətdi.

Onu da, nə deyim, yəqin sonradan,

bir az ayılanda dərk edir insan.

Sonra nəfəsdən də, gözdən də qorxdum,

susdum ki, düşməsin dilə-ağıza.

"Titanik" haqqında bir də oxudum, 

gözün bəlasıymış,

            o da, nə isə!

 

Sirlidi taleyi, məncə, hər kəsin,

mənası başqadı hər taleyin də.

Sənin məhəbbətin gözə gəlməsin,

sənin,

            haqdan gəlir şairliyin də.

 

 

VI

 

Bilmirəm, Gəncədə Gəncə dururmu,

qədim babaların bu şah əsəri?

Bizim şerimizi

            heç oxuyurmu,

bizim institut tələbələri?

 

Zarafat gəlməsin, Sərvaz, həyatdı,

demə səni sayan, məni duyan var.

Axı, filankəs də

            laureatdı,

nə bir maraqlanan, nə oxuyan var.

 

Unuda bilmirəm, düzü, hələ də,

elə bil qəfildən ayılır insan.

Ağsaçlı bir alim, əsa əlində,

qalxırdı,

            yüyürüb keçdim yanından.

 

Bəlkə də ilahi bir qəlbə dəydim,

kaş onda olaydı bu ağıl, bu baş.

Gedib o kişidən üzr istəyəydim,

o da indiyəcən

            yaşayaydı kaş.

 

 

VII

 

Gəncə çinarları canlı mirasdı,

yaraşır özünə o şah vüqarı.

Yayın istisinə bir etirazdı

yaşıl yarpaqların

            pıçıltıları.

 

Gəncəli bir gənc də, qaynar yaşında

"Muraoğlu" yazıb çinarın üstə.

İstəyib, çinartək ucalsın o da,

salsın kölgəsini,

            yollasın üstə.

 

Deyirəm, dünyanın işinə bax ki,

bizi heyran qoyur adi bir ovsun:

Arzuyla yatanda,

            məqsədlə qalx ki,

həyatda sənin də həyatın olsun.

 

Gəncədə böyüyüb o çinar, bu qız,

bizim Vüsalə də -

            lobarantımız.

Cədvəldən yapışıb, zənglərə baxmır,

o, sinədəftərdi, dəftərə baxmır.

 

VIII

 

Bağlı qovluqları açırdı, Sərvaz, -

Gəncə, Gəncəlilər, "Gəncə üsyünı...",

Gəncəli Nəsib bəy qaçırtdı, Sərvaz,

Metix qalasından,

            Nuru Paşanı!

 

Nə deyim, deməyə sözüm də çoxdu,

necə? Bizmi deyək hər sözü gərək?

Hələ Cavad xanın heykəli yoxdu,

bir xan,

            Sisyanovla tək vuruşdu, tək.

 

Sərvaz, maraqlıdır insan həyatı,

nə qədər gizləsən, sir qalmır, inan.

Yerin - qulağı var,

            sözün - qanadı,

biri eşidəndi, o biri uçan.

 

Xanın köməyinə gəlmədi xanlar,

çarın pişvazına xəlvət çıxanlar!

Göydəmi,  yerdəmi çaxdı o şimşək?

nə susmaq mümkündü, nə açıq demək.

 

Sonsöz əvəzi

 

Məndən inciməsin Şəmistan[3] qağa,

bir az ərkim çatır belə yazmağa.

Onun filan qədər tədqiqatı var, 

həyatda maraqlı bir həyatı var.

Alimin sözünə hörmət, ehtiram,

Peyğəmbər buyurub -

            Əleyhissalam.

 

O xanlar mənimdi, millət də mənim,

içimdə çəkdiyim xiffət də mənim.

Məni danışdıran bax, budur əlbət, -

tarixə -

            tarixi bir münasibət!

 

Biri qayıdaydı kaş o illərin,

dünyada mən deyən bir gün olaydı.

Borcundan çıxaydım Gəncəlilərin,

mümkün olmayanlar

            mümkün olaydı.

 

 

 Noyabr, 2022



[1] Nizami Cəfərov - Akademik

[2] Qədim Roma filosofu

[3] Şəmistan Nəzirli - tədqiqatçı alim

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!