Sən hər gülümsəyəndə - Səhər Əhmədin şeiri

 

 

Sən hər gülümsəyəndə

bütün ağaclar çiçək açır.

Yaxınlıqdakı o qoca, o çopur,

o zavallı küknar belə...

Dağılır həyatımın toranlığı

Gözümə işıq gəlir,

İçim isinir, oğlum.

Uşaqlığımdakı o balaca,

o qaradinməz qız belə gülümsəyir,

Xoşbəxt olur bir anlıq.

 

Üzündə təbəssüm donanda

Qəfildən külək qopur,

Ləçəyi tökülür çiçəklərin.

Yaxınlıqdakı o qoca, o çopur,

o zavallı küknar

Bir az da miskinləşir.

Bir az da tündləşir

Həyatımın toranlığı.

Gözlərimə qaranlıq çökür,

İçim qaralır, oğlum.

Uşaqlığımdakı o balaca,

o qaradinməz qız

bir az da tökür qaşqabağını.

 

Bütün həsrətlərin

canı cəhənnəm, oğlum,

Bütün uzaqlıqların.

Bu dünyada olmasam belə,

Sən hər gülümsəyəndə

Göylərdə qanad açacaq ruhum.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!