Ulu öndərin yolu - Zahid XƏLİL

 

 

Əziz oxucu! Yeniyetmələr və gənclər üçün nəzərdə tutulan "Bu yol - Heydər yoludu" adlı kitabımı tamamladım. Bu, 2021-ci ildə TEAS PRESS nəşriyyatının çap etdiyi "Dəmir yumruq dastanı" kitabının ikinci hissəsidir. Burada Şuşanın işğaldan azad edilməsində göstərilən şücaətdən, Qarabağ bölgəsində gedən quruculuq işlərindən bəhs olunur. Müəllifin fikrincə, həm 44 günlük müharibənin zəfərlə sona çatmasında, həm də indiki möhtəşəm quruculuq işlərində ulu öndərimiz Heydər Əliyevin idealları, tutduğu mənəviyyat yolu xüsusi rol oynamışdır.

 

 

 

Bu yolun nüvəsində

Bir peyğəmbər ruhu var.

Ona görə canında

Nə hədə, nə qorxu var.

 

Bu yol ulu dünyanın

Haqq səsində yaşayır!

"Qarabağ azad oldu!"

Müjdəsində yaşayır.

 

Bu yol - uçaq yoludu,

bu yol - dəmir yoludu!

Bu yol xoşbəxt sabaha

Gedən ömür yoludu!

 

Pöhrələyən meşənin

Nəğməsində yaşayır.

Bildirçinin, turacın

Şən səsində yaşayır.

 

İgidlər cəbhələrdə

Sarılanda silaha,

Bizimlə addımladı

O, uğurlu sabaha.

 

Azərbaycan yaşadır

Bu yolu yaddaşında.

Əbədi məskən salıb

Vətənin hər daşında.

 

Qalib gələn millətin

Sədasında yaşayır.

"Qarabağ Azərbaycandır!"

Nidasında yaşayır.

 

O getdikcə böyüyür.

Şaxələnir, qollanır.

Günəşdən gələn bu yol

Al sabaha yollanır.

 

Dövlət başçısının müdrikliyi, xalqın mobilliyi, qəhrəman əsgərlərimizin şücaəti, ağsaqqal və ağbirçəklərimizin xeyir-duası öz nəticəsini verdi. Qarabağ azad oldu. O, insan qanına susayan, saxta əqidəsi yolunda minlərlə ailəni gözüyaşlı qoyan erməni qəsbkarlarından azad oldu. Şəhər dünya genişliyinə çıxdı.

Ora ürəyi işıq saçan insanlar gəlməyə başladı...

Əvvəlcə Qarabağa bir cüt işıq gəldi. Günəşin al şəfəqlərini xatırladan bu işıqlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva idi. Onların qədəmləri təkcə Şuşaya yox, bütün Qarabağa nur gətirdi. Bu nur qəsbkarların qara kölgələrini bir anda əridib külə döndərdi. Bu nur başında min illik qar saxlayan uca dağları, "Qu" desən qulaq batıran dərin dərələri, yaşıl düzənlikləri, sərt qayalıqları, meşələri, ucsuz-bucaqsız alp çəmənliklərini, həsrət nəğməsi oxuyan çayları, Qartalların güzgüsü olan çayları və gölləri işıqlandırdı. Bu işıq ürəklərə nüfuz etdi. Qarabağın yenidən qurulması prosesi belə başladı.

Dərələrə, sıldırım qayalara dəmir dirəklər basdırıldı. Qoca şairin fikrincə, işıq təkcə ermənilərin viran etdiyi Qarabağın şəhər və kəndlərinə çəkilmirdi, yurd həsrətinə dözüb, bu günlərə inamını itirməyən ürəklərə cəkilirdi. İnsanların üzündən tökülən nur bunu təsdiq edirdi.

 

İşıq - Allahın nuru

Bulaq kimi təmizdi.

İşıq var ki, ürəkdə

Çağlayan bir dənizdi.

 

Ətrafına yaxşı bax!

Gül qönçəsi işıqdı.

Dünyaya ilk göz açan

Körpə səsi işıqdı.

 

Çoxdu işıqlarımız

Qartal: - Uçan işıqdı.

Ceyran: - Qaçan işıqdı.

Günəş: - Qucan işıqdı.

 

Ağ bulud şölə saçır

Şəfəq qalağı kimi.

Cərgələnir durnalar

İşıq zolağı kimi.

 

İşıq var ildırımdı

Təlatümlər qoparır.

İşıq var ki, milləti

Arxasınca aparır.

 

Gəl işıqdan danışaq

Könlüm işıq soraqlar.

Baş Komandan işıqdı -

Ətrafında çıraqlar.

 

Yaxşı saxla yadında

Bu ürək sözlərimi.

O işıq kor elədi

Düşmənin gözlərini.

 

44 günlük döyüşün

Zəfər səsi işıqdı!

Ali Baş Komandanın

Qələbəsi işıqdı.

 

Əzəmətli yerişi,

Yürüşü də işıqdı.

Millətin qarşısında

Duruşu da işıqdı.

 

O parlayır günəştək

Vətənin qucağında.

Bərəkətə çevrilib

Hər kəsin ocağında.

 

Müqəddəs məscidlərdə

Şükr etməsi - işıqdı.

Düşmənin qarşısında

Kükrəməsi işıqdı.   

           

Bu şərəfə yazılan

Şeirlər də işıqdı.

İlhamı vəcdə gələn

Şairlər də işıqdı.

 

"Dəmir yumruq" düşünürdü ki, ölkəsi varlıdı - bu torpaqlarda hər cür firavanlıq yaradacaq: Möhtəşəm evlər tikəcək, hava limanları quracaq, yollar, su, qaz kəmərləri çəkdirəcək, amma bu yerlərin əvvəlki ruhunu, özünəməxsus ritmini, həyat eşqini yalnız bu torpaqların doğma sakinləri ilə birlikdə qaytara biləcəkdi. İnsanları dədə-baba torpaqlarına qaytarmaq üçün çox işlər görmək lazımdır.

Qarabağ torpağında müasir dünyanı heyrətə gətirən şəhərlər, kəndlər, istehsalat müəssisələri, yaraşıqlı idman meydançaları, mədəniyyət sarayları, məktəblər, kitabxanalar, otellər, insanların ruhunu oxşayan parklar, istirahət mərkəzləri, uşaq bağçaları tikmək, iş yerləri yaratmaq qarşıda dururdu.

"Dəmir yumruq" ideallarını həyata keçirməkdə tam qətiyyətli idi.

Qoca şair "Dəmir yumruq"un fəaliyyətini diqqətlə izləyir, bütün çıxışlarını dinləyir, mətbuatdakı məruzələrini su kimi içirdi. Və əlbəttə ki, gecəni gündüzə qatır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqına, qəhrəman döyüşçülərinə, şücaətli komandasına olan sevgisini ilhamla qələmə alırdı.

"Dəmir yumruq"un sevgisi İsa bulağının suyu kimi duru, Şuşa dağlarının zirvəsinə qədər uzanıb gedən işıqlar kimi təmiz idi.

 

Bir müqəddəs sevgi yatır

Milyonların ürəyində.

Tək sənin yox, tək mənim yox

Yer üzünün gərəyində gərəyində.

 

O, adicə sevgi deyil

Açılan səhər kimidi,

Çəkilən yollar kimidi

Salınan şəhər kimidi.

 

Bir şirin nəğməyə dönüb

Bülbüllərin dodağında.

Şəfəq kimi şölələnir

Yurdumuzun çırağında.

 

"Dəmir yumruq"un sevgisi

Doğan günəş, açan səhər.

Onun təmiz səmasında

Qanad çalır göyərçinlər.

 

O sevgi bütün ölkəni

Nurlu sabaha daşıyır.

O sevgidə hərbə nifrət

Sülhə məhəbbət yaşayır.

 

O çevrilib liman olub

Füzulidə uçaqlara

O sevgidən ilhamlanıb

Uç yaxına, uzaqlara.

 

Bu sevgidən qüvvət alıb,

Çiçəkləyir torpağımız

Səmalara uçmaq üçün

Qanadlanır bayrağımız.

 

Ağıllı kəndlər salınır

Kənd ağılı hardan alır?!

Onlar da öz qüdrətini

Bu tükənməz nurdan alır!

 

Bu sevgi ulu Tanrının

Yer üzünə töhfəsidir

Haqqın ruhundan doğulub

O, kamillik zirvəsidi.

 

Otuz illik Şuşa həsrətinə son qoyuldu. Yamacların yaşıl donu, təravət dolu sevgisi geri qayıtdı. Kirs yenə başını duman laylarının içindən çıxarıb məğrur-məğrur dünyaya boylandı. Cıdır düzündə duruşundan mərdlik tökülən Qarabağ atlarının kişnərtisi eşidildi. "Çahargah"ın, "Segah"ın, "Zabul"un yanıqlı zəngulələri nəhəng qayalara cırpılıb əks-səda verdi. İnsanlar doğma şəhərin görüşünə tələsdilər.

 

Otuz ildi bulaqlar,

Dərd, kədər çağlayırdı.

Yolları ot basmışdı,

Dərələr ağlayırdı.

 

Manqalların başında,

Araq vururdu yağı!

Ürəyimdə yanırdı

Yüz bayatı, min ağı.

 

Həsrətlə inləyirdi,

Şuşanın dağı, daşı.

Süzülüb qurumuşdu,

Qaçqınların göz yaşı.

 

Birdən dünya diksindi,

Haqqın qəfil səsindən.

"Dəmir yumruq" yarandı,

Allahın sevgisindən.

 

Durub bir nərə cəkdi,

Hay verdi xalq səsinə.

Sanki dünya oyandı,

Qəfləti haqq səsinə.

 

Komandanın səsindən,

Qalxdı dağ-daş oyandı.

Yataqda xallı pələng,

Budaqda quş oyandı!

 

İgidlər güc aldılar,

Komandanın səsindən.

Daha qorxu qalmadı,

Düşmənin hiyləsindən.

 

Qalxdı, ayağa qalxdı,

Boz qayalar yerindən!

Elə bil Yer kürəsi,

Ayrıldı məhvərindən!

 

Titrətdi bu dağları,

İgidlər - ildırımlar!

Kirs kükrədi yerində,

Hayqırdı sıldırımlar.

 

Qopub öz kamanından,

Hər igid bir ox oldu.

Ürəkdə qorxu hissi,

Bircə anda yox oldu.

 

Qan qaynadı damarda,

Dağdan-daşdan aşdılar,

Lap hörümçək sayağı,

Qayaya dırmaşdılar.

 

Sonra gəlib düşmənin,

Tutdular boğazından.

Aldılar göyərçini,

Şahin-şonqar ağzından.

 

Qayıtdı, sarı bülbül,

Sevincindən ağladı.

Yenə İsa bulağı

Həzin-həzin çağladı.

Yenə də Həkərinin,

Tərtərin səsi gəldi.

Şeirimə təbiətin,

Bahar nəfəsi gəldi.

 

Bakıdan bərli-bəzəkli avtobuslar Şuşaya üz tutdu. "Xarıbülbül" festivalı, Vaqif Poeziya Günləri başladı. Hamı məhz bu günlər Şuşada olmaq istəyirdi. Gedənlər sevinir, gedə bilməyənlər ümidlərini üzmürdülər.

Əziz dost, əgər Şuşaya birinci dəfə gedirsənsə...

...Onda şəhərə daxil olanda diqqət elə. Burda təkcə axan sular, çağlayan bulaqlar zümzümə etmir, bülbüllər, torağaylar cəh-cəh vurmur, burda daşlar da, qayalar da oxuyur. Cıdır düzündən daim kamança zümzüməsinə oxşayan nazik bir səs gəlir. Burda təkcə müğənnilərin deyil, hamının səsi var. Buna görə də Qarabağı musiqiçilər diyarı adlandırırlar. Bu torpaq Üzeyir Hacıbəyov kimi dahi bəstəkarı, Bülbül, Xan Şuşinski, Sürəyya Qacar, Keçəçioğlu Məhəmməd, Hacı Hüsü, Məşədi Məhəmməd, Bülbülcan, Əbülfət Əliyev, Məcid Behbudov, Əli Zülalov, Qəmbər Zülalov, Rəşid Behbudov və sair kimi müğənniləri yeti?dirmi?dir. Şuşada demək olar ki, hamının iki adı var. Bir doğulanda ata-ananın verdiyi ad, bir də sonra qazanılan təxəllüs. Musiqi dünyasında bu ənənə daha güclüdü. Məsələn, "Zabul" muğamını xüsusi məharətlə oxuyan Qasım Abdullayevi "Zabul Qasım", "Segah"ı yaxşı oxuyan İslam Abdullayevi "Segah İslam" adı ilə çağırırdılar. Burda qəribə bir adət də var. Sənəti ilə ümumxalq məhəbbətini qazanan müğənnilərdən biri hər hansı bir məclisdə oxuyurdusa, ona hörmət əlaməti olaraq həmin gün Şuşada heç bir müğənni oxumurdu. Bu, milli aristokratiyanın göstəricisi, şuşalıların musiqiyə xüsusi hörmətinin nümunəsidir.

Şuşanın oğlanları da, qızları da gözəl olur. Bunun da çox sadə bir səbəbi var: Şuşanın suyu da, havası da, təbiəti də, insanların bir-birinə münasibəti də gözəldir.

Bu gün hələ Şuşa tam tikilməyib. Orada həyata keçiriləcək layihələr təzəcə başlayıb. Amma hamı bu şəhəri təzə gəlinə bənzədir, gözəlliyini vəsf edir.        

                        

Təzə gəlin sayağı,

Geyinmisən darçını!

Yavaş tərpən, əzilər,

Paltarının qırçını.

 

Yenə nazlı qız kimi,

Nə özünü dartmısan?!

Bu ədayla çoxunun,

Gözünü çıxartmısan.

 

Gözlərdən yuxu qaçıb,

Sən mürgüdə, xumarda.

Səndən ötrü çoxunun,

Qanı coşur damarda.

 

Kimsədən bir qorxun yox,

Səni ərlər qoruyur.

Yumruğu dağ oynadan,

Sərkərdələr qoruyur.

 

Günəşin şöləsində,

Parılda şüşə kimi.

Qoy desinlər dünyada,

Gözəl yox, Şuşa kimi!

 

Şəhərin təbii gözəlliyini, daşlarının, qayalarının qeyri-adiliyini tərənnüm etmək üçün adi sözlər kifayət etmir, poeziyanın obrazlı dilinə ehtiyac duyursan. Şəhəri əhatə edən poetik elementləri - başı dumanlı dağları, Gümüş kəməri xatırladan Qarqar çayını, oxuyan, bəzən həyəcanla zarıyan bülbülləri köməyə çağırırsan. Həyatda hər gün rast gəldiyimiz adi əşyalar Şuşa mühitində qeyri-adiyə çevrilir, müğənnini oxumağa, şairi yazmağa təhrik edir.

 

Nə gözəldi bu şəhər,

Yaşıl paltar, ağ örpək.

Çətir tutub dumandan,

Ayaqları gül-çiçək.

 

Bilmirəm hansı sözlə

Vəsf edim bu şəhəri?!

Kirs başının tacıdı

Qarqar gümüş kəməri.

 

Azadlığa çıxıbdı

Şuşa yenə nazlanır,

Hər gülün budağında

Bülbüllər pərvazlanır.

 

Onun küçələrində

Gəzir dahi xilaskar.

Şəhər təzədən qurulur

Şuşa dirçəlir aşkar.

 

Yəqin ki, işıqdan danışan bu parçaları oxuyan qara niyyətli bir oxucu yumruğunu hiddətlə stola çırpıb deyəcək:

- Vallah bu lap ağ oldu!

Mən isə belələrinə Qoca şairin bir şeiri ilə cavab vermək istəyirəm:

 

İşıq olan məkanda

Kölgələr də yaşayır.

Bir işıqdan sallanan

Ölkələr də yaşayır.

 

Adam var ki, bilinmir

Nə yurdu, nə bölgəsi.

Üzü qar kimi ağdı

Qapqaradı kölgəsi.

 

Düşünmə bu bəladan

Qurtarmaq olmaz, qəti.

Kölgədən qurtarmağa

Yolu var hər millətin.

 

Ürəyinə bir damla

İşıq düşən hər kəsin,

Güc gələcək qoluna,

Ağaracaq kölgəsi.

 

Sən özünü unudub

"Vətən" deyə hayqırsan,

Dərhal şölə saçacaq

Ürəyində nə varsa.

                                            

O zaman görəcəksən

Kölgələr də ağarır,

Özünə dərd etdiyin

"Bəlkələr" də ağarır.

                

Dünya dolu işıqdı

Yığ bir az ürəyinə.

Çətinə düşən zaman.

Çatacaq köməyinə!

 

Əslində, bu kölgə niyyətli insanların varlığı bütün tariximiz boyu bizi izləyib. Yaxşılara ürəkdən "Yaxşıdırrr!" deməkdən çəkinmişik. Bu kölgələr qara niyyətli adamların ölkəmizdə at oynatmasına səbəb olub. Cəmiyyətdə baş verən qarşıdurmalardan məharətlə bəhrələnən qonşularımız bu qara düşüncəli insanların yardımından dərhal bəhrələniblər. Elə Stepan Şaumyan kimi...

 

İgid İbrahim xanın

Gur nərəsi Xankəndi.

Qarabağ atlarının

Kişnərtisi Xankəndi.

 

Görən hansı adamlar,

Kimdən nəmər aldılar

Ayqırların yerinə

Ulaqları saldılar.

 

Cavab ver, ulu babam,

Soruşum yana-yana!

Xankəndi necə çöndü

Stepan Şaumyana.

 

Bu Stepan Şaumyan

Özü boyda bir iblis!

Onu başa düşmədi

Nə bu rus, nə ingilis.

 

Çox-çox işlər qaynatdı

Nə çaşdı, nə mat oldu.

Əvvəlcə Rusiyada

Sosial-demokrat oldu.

 

Lenindən ünvan aldı

Kiçik Qafqaza çatdı

Kəsdirdi nə qədər baş,

Daşnaksütun yaratdı.

 

Başqa şey düşünmürdü

Vardı bir idealı:

Qafqaz boyda bir ölkə

Ermənistan olmalı!

 

Bir də Anadoluda

Ermənistan yaratmaq!

Çox şeylər keçirirdi

Ürəyindən bu axmaq.

 

Diriydi, civə kimi,

Atsan tonqalda yanmaz.

Lap dənizə tullasan

Batmazdı bu yaramaz.

 

Gah Ağcaqum cölündə

Öldü komissar kimi.

Heykəli də qoyuldu

Bakıda simsar kimi.

 

Gözlərində eynəyi,

Çənəsində saqqalı

Başımıza çıxartdıq

Hər tülkünü, çaqqalı.

 

Özü başqa diyarda

Gəzirdi buğa kimi

Heykəli də Bakıda

Qalmışdı sovxa kimi.

 

Deyirlər hərdən-birdən

Özgə adla gəlirmiş.

Heykəlinin önündə

Maymaqlara gülürmüş.

 

Bəs niyə tanımadıq

Bu boyda hiyləgəri?!

Onun adına yazdıq

Xankənditək şəhəri?!

 

Tarix qan yaddaşımız

Üstündə əsmək gərək.

Stepanakert deyənin,

Dilini kəsmək gərək.

              

Qarabağlılar hündür dağların başına, təpəliklərə "Şiş" deyirlər. Bəlkə şəhər təzə salınanda - hələ adı olmayanda belə söhbətlər olurmuş:

- Hara gedirsın?

- Şişə! - Yəni dağın başında tikilən kəndə.

Böyük şairimiz Qasım bəy Zakir də şəhərin adını "Şişə" kimi qeyd edir.

 

Fisqi fücur həddən aşıb Şişədə

Erkəyi, dişisi yaman peşədə.

 

"Şiş" və "Şüşə" sözlərində bir məzmun yaxınlığı da var. Sis - hündür, əlçatmaz, gözəl, qeyri-adi. Şüşə - parlaq, təmiz, qeyri-adi. Dilçilərdən üzr istəyib belə bir fikir söyləməyə cəsarət edirəm ki, bu şəhərin adı əvvəl "Şişə" olub və dilin inkişafı ilə bağlı "Şuşa"ya çevrilib. Şişədən Şuşaya qədər gələn bu şəhər indi sinəsində aparılan böyük quruculuğu duyur, lap yaxınlarda gözəl bir diyara çevriləcəyini hiss edir. Hiss edir, nazlanır və səbirsizliklə bu işlərin sonunu gözləyir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!