Əsgər
Davanın şirin yerində
Qarşı təpədən
Bir əsgər qəfil
Papağını atdı göyə,
Biz hələ səngərdəydik,
Osa özünü vururdu göyə.
Qaça-qaça,
Uça-uça gəlirdi,
Ağlayırdı,
Gülürdü.
Çıxarıb pencəyini
Yağışın ağzına atdı.
Əynində nə vardı
Hamısını islatdı,
Gölməçəyə uzandı,
Palçıqda batdı.
Nə vardı əynindən
Çıxarıb palçığa atdı.
Bir dəri qaldı,
Bir sümük,
Bir də ağzında səs.
Qaçırdı bizə tərəf,
Biz nə bilək, nə deyir,
Gah yıxılır,
Gah yüyürür,
Gah yeriyir.
Ağzında bir səs qalıb
Bir dənə də söz,
Müharibə qurtardı - dedi.
Başladı oynamağa
Ay alagöz, alagöz...
Oğulsansa gəl buna döz.
Şəhid
Görəsən, oyansan, nə eşidərsən?..
Gözlərin yumulanda
Güllə uğultusuydu,
Güllə səsiydi
İlk eşidilən.
Gördüyün nə idi, gözlərin bağlananda,
Yəqin ki, qan...
Qan idi səni isidən.
Bir də dostların səsi,
Səni çağırırdılar,
Uşaq kimi ağlayırdılar,
Yaranı bağlayırdılar.
Bu şəkillərlə kilidləndi gözlərin.
Bu səslərlə susdu qulaqların,
Su kəlməsiylə
Tərpəndi dodaqların.
İndi bu saat gözlərini açsan
Nəyi xatırlarsan,
Nəyi görərsən?
Bu dünyadan görəsən
Nə qalıb yadında?
Güllə
O günü torpaqda lalə qızardı,
Utana-utana baxdı lalələr.
Bir qarış torpaqda bahar ağladı,
Arzunu, sevgini güllələdilər.
Milyonlar qalxaydı o gün ayağa,
Bir barmaq nə idi, ləngidəydilər,
Bir güllə nə idi, söndürəydilər.
Yağdı ürəyindən lalə yağışı,
Torpağın sinəsi islandı güllə.
Şair sorağında gəzir dünyanı,
Dantesin Puşkinə atdığı güllə.
Qəribə xasiyyətim var...
Axşam-səhər kinolara baxıram
Təyyarə və gəmi qəzasına.
Ya da pələnglərin
Ceyranları parçalamasına...
Mənə deyirlər,
Nə daş ürəyin var.
Ya beyninə qan sızar,
Ya ürəyin dayanar.
Belə şeylərə baxma,
Kompüteri bağla.
Get həyətdə
Bir doyunca ağla.
Deyirəm hardan biləsiniz
Nə çəkirəm, nə?
Həmin faciələrdə
Mən də ola bilərəm -
Çıxış yolu axtarıram.
Top kimi
Hələ yanımızda
Uşaqlar ölürsə,
Biz ancaq dəfn etməyi bacarırıqsa,
Sonra heç nə olmamış kimi
Hələ mahnı oxuyuruqsa
Demək sevmək yalanmış...
Anaların döşündə ağlayır
Və ağrıyır süd.
İtir, diyirlənir evin içində
Süd şüşələri,
Dərindən fikir versən
Südün uşaq üsyanı
Daha ciddidir,
Bizim
Mənasız şeirlərimizdən.
Balaca körpələr, əgər bilsəydilər,
Müharibə nədir,
Vuruşan ölkələrin adı nədir?
Məni bu qədər yandırmazdı,
Bəlkə.
Onlar elə bilirlər ki, bu, bir oyundu,
Bir-birinə top atmaq yəni.
Sonra da o topu qaytarmaq yəni.
Oyuncağım üçün
Əllərim üzüləndə göydən,
Bir çiçək ləçəyindəki şehdən yapışıb,
Bir çiçək üzündən əsən mehə ayılıram.
Uşaq bağçasında əsən uşaq səsinə,
Ya da onun addımlarının yerlə oxunuşuna,
Əllərinin sevdiyi əşyalara toxunuşuna
Mən də böyüyürəm.
Gülməyin mənə,
Mən hələ böyüməmişəm.
Böyüməmişəm
Əsgərlərin əl-ələ tutub
Nəğmə oxumasına.
Böyüməmişəm, tankların
Sobalarda əridilib
Uşaq oyuncaqlarına çevrilməsinə.
Mən hələ də uşaq qalmışam,
Tankın tırtılında gedən
Oyuncağım üçün...
Uşaq bağçasında
düzələn sıra
Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin əlindən, gedir.
Bir az isti-isti əsir küləklər,
Öpüb körpələrin telindən, gedir.
Körpə cərgəsinə baxıb dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar,
Uşaq əllərindən, uşaq gözündən.
İlahi, nur elə, gur işıq elə,
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.
Alıb əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat durub.
Əgər
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı, əsla!
Ayaqların xatirəsinə
Mən susdum, sən susdun, biz
susan kimi,
Ayaq izlərimiz qarışqalartək
Dırmaşdı dağlara...
Qayalara,
Qayaların başındakı
çalalara...
Orda yuva qurdular.
Daha mehriban oldular.
Bilirsən, tanklar gəlirdi
Ayaq izlərimizi ayaqlamağa...
Mən susdum,
Sən susdun,
Biz susduq
Tankın adamlardan əvvəl
ayaq izlərini öldürməsinə.
Tək bir əsgər ayaqqabısı
qalmışdı.
Yolun tən ortasında,
Amma ayaq izləri
Quş dəstəsi kimi
Göy üzünə
Çoxdan uçmuşdular.
Bax o vaxtdan durna qatarı
Göy üzündə
Ayaq izlərinə oxşayır.
Sanki göylər
Abidə qoyub
Ayaqların xatirəsinə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!