Güney Azərbaycan şairlərinin şeirləri - Sayman Aruzun təqdimatında

 

Dilsiz bir millətin dili olmağa çalışırıq. Son yüz ildə beş azadlıq inqilabının müəllifi olan Güney Azərbaycan xalqının səsi olmağa çalışırıq. "Dil varlığın evidir" - deyə ana dilimizlə ev, yəni varlıq yaratmağa cəhd edirik. Bizim xalq olaraq yarada biləcəyimiz ən dağılmaz, sarsılmaz evimiz məhz ana dilimizdir.

Sayman Aruz

Azərbaycan Yazıçılar Birliyi,

Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri

 

 

Alma Muğanlı

(Tehran)

 

İki kəlməlik sözüm var

 

Dünya dolanır.

Dünya o qədər dolanacaq ki,

Hər şey tərsinə çevriləcək.

Artıq heç bir it hürməyəcək insanlara

Və insanlar itlərin

            artıq çörəyinə marağa yatacaqlar.

Quşlar bəşəriyyəti daşlayacaq

Və quş tüfənglərindən

            insan qorxusu partlayacaq.

Bütün pişiklər köşə bucaqlarda

            insan qovalayacaqlar.

İnsanlar girib qəfəslərdə özlərini asacaqlar.

Kəpənəklər insanları silləyə çəkib

Mıxlayacaqlar duvarlara

Və bütün xiyabanlarda insanlıq ovlanacaq.

Qurillər siqara sündürəcək insancıqlar ovucunda

Və heç bir qurd

Heç bir qarışqa ölülərə yaxın düşməyəcək.

Dünya ölü qoxuyacaq,

Tanrı nəslini kəsəcək insanlığın,

Söykənəcək Kanapəsinə

İzləyəcək dünyanı...

 

 

Aydın Araz

(Culfa)

 

Bu gecəlik buyurun içərimə

İçdən söz açıram

İçimdən!

Yeni bir biçimdən

Ordakı meşəliklərdən, güllərdən

Yollardan

Hər gecə onunla pıçıldaşdığım,

İçimdəki quyudan!

Dışarını göstərmişəm!

Bu gecəlik buyurun içərimə!

Dinləyin

İçimdəki dustaqların etiraflarını

Dinləyin eleqansların işığını

Polislərin bığını!

Turistlər, gəlin!

pasportsuz, biletsiz

diksinməyin

görsəniz meşələrimə balta darışıb

siqar tüstüsü şoxumlayır ciyərlərimi

alkola dolub sevdiklərim

flaş vurmadan foto çəkin lütfən

pıçıldaşdığım quyunun

            sükutunu pozarsınız birdən

uşaqlarınızdan!

Ah

Uşaqlarınızdan göz olun

İçimdəki qarışqalar əkəcəkdiyim

            qızlarımı və oğlanlarımı

Yeyib qurtarıb!

Və qadınlar

Məndəki aynalarda özünüzə baxmayın

Qoca gürünəcəksiniz haaaa!

Polislər!!!

Axtarışlarınıza açıqdır içim

Ancaq ulduzlarınızı çıxardın

Eleqanslarınızı dışarıda park edin

Kimsə ças qavzamayacaq ulduzlarınızda burada!

Kimsə qamaşmayacaq al mavi işıqlarınızdan!

Gəlin,

Seçin,

Aparın,

Sağçıları,

Solçuları,

əziz terroristlər,

bomba qoymağa yer,

uçaq partlamağa göy

tapmadınızsa

buyurun içərimə!

Dünyamda səs salın, dəhşət yaradın

İnancınızın overdose olduğundan

            intihar da edə bilərsiniz.

Cənnətiniz məndən,

Huriləriniz də.

Jurnalist çağıracağam

İntiharınızı baş titr vursunlar.

 

***

Jurnalistlər!

Siz!

Tökülün içimə

Kameralarınızı

Mikrofonlarınızı

Sevdiyiniz yerlərimdə əkin!

Analiz eləyin,

Sataşın tütəmlərimə,

Sındırın tapolarımı,

Yalan əkin! Doğru biçin!

Karikator çəkin belə hərnəyimdən

soyun,

sevin

amma siz! Sevdiyim qızlar!

Qalmayın içimdə!

O qədər siqar çəkmişəm

İçimdə uzun pərdəsi cırılmaqda

Siz hara bu qalabalıq hara-çıranlar

Təxliyə hökmünüz

Ürəyimdə,

Mizin üstündə

Gedin deyirəm (ərlərinizlə yatın)

Qalsanız birdən,

Terroristlərə tükan olacaqsız,

            jurnalistlərə çörək ağacı

Polislər nisbətimizi soruşacaq sizdən

Turistlər foto çəkəcəklər özəl anılarımızdan

Gedin!

Dünyamın qiyamətini qurmuşam

            neçə dəqiqə sonraya

Dünyamın qiyaməti çox da inanılmaz deyil!

inanmırsınızsa,

biləyimdən axan qana baxın

Dünya dolanır başıma

Dünyanın əziziyəmmi mən?!

Yoxşa sərxoşam...

 

 

Behruz Seddiq

(Muğan)

 

Yazlıq

Durmuş yağışın

mahnı bağında.

Saçları,

Muğanın buğdalıqları

Əlində Füzuli şeirinin odu

Könlündə Müşfiqin sevgisi

Susamış çiçəyi

Suvaran yazlıq

Yanağı didilmiş

qanlı,

Arazlıq.

 

 

Duman Ərdəm

(Təbriz)

 

Ağacların şüuraltında sınıq-sınıq aynalar var

Ata tərəfindən göyüzü

Ana tərəfindən dəniz şivəsində baxır

Hər kəsin öz tikəsində öz şəkli

Öz ləhcəmdəki göy üzünün aynasına baxdım

Özümü gördüm gecələr

Hələ yeniyetmə idi

Hələ kölgə idi gecələr

Aynada Tanrı

Həyatda insan

Ölümü tədqiq üçün gecələr yatır insan

Həyatı yazmaq üçün ağaclarda oyanır Allah

Hər gecə, hər səhər

Bu yat, dur, yat, dur,

Yat, dur, yat, dur,

Yat, dur, yat, dur, yat, dur, yat, dur.

Ritmi qədim musiqi alətlərinin burnundan

            çıxan dağların şüuraltıdır

Dağlar və ağaclar insanı

            düşündükcə uşaqlaşdırırlar

Uşaqlaşdıqca uşaqlaşırıq

Uşaqlığın o tərəfinə keçirik

Qapı qabaqlarında qocaların

            uşaqlığı quruyub qalır...

Bir buludluq sərçə səsidir insan

Ağacların şüur altında Tanrı insan təkrarına

Ayaqlarımız torpaq altında ölülər üzərində

Gözlərimizin tarixi bundandır

Sözlərimizin qədimliyi...

Torpağın altında öyrənirik

Üzərində xanım hey...

Yuxularımız torpaq altı ölümün həyatıdır

Bir qarıc ölüm

Bir dürməklik

Sadəcə bir içimlik...

Yat, dur, yat, dur, yat, dur, yat, dur

Ritmindən bütün ölümlər və həyatlar

Bircə yerdə barışırlar:

Yaaaaaaaaaaaaaaaaaaaaaaaaat...

 

 

Elnaz İslamvənd (Köylü qız)

(Təbriz)

 

Gizlinpaç

 

Səni başqasıyla gördüyüm anda,

Özümdən sabaha yol yerimişdim.

O qədər yerinə utanmışdım ki,

Səhər açılınca lap ərimişdim.

 

Toxundu saçıma süpürgəçimiz,

Vitrində matışka güldü üzümə.

Bir az buraxılmış siqar qutusu,

Bir az da qəhqəhə dəydi gözümə!

 

Səni başqasıyla görməyə nə var?

Hər zaman deyəndə: "Alma", gəlmişəm.

Bir az gecənizdən heyva tökülüb,

Heyva, yəni gəlmə, özüm gəlmişəm.

 

Səni başqasıyla görmək də olur,

Bu da ki, bir tordur, bu da bir biçim.

Mən gərək zamanın durduğu yerdə,

Bu kefli nağıldan adlayıb keçim.

 

Səni başqasıyla görmək də gözəl,

Dağ kimi səsimi qaytarır odam.

Ömür var sevərəm məni buraxsan,

Bir yerdən başlayıb gərək unudam...

 

 

Əli İqdam

(Təbriz)

 

Biz iki tumurcuğuq

alma ağacının əlində

Burası, uzaqlara tullanmış bir kənd, bulaq başı

yuxularımız

Uşaqların atdığı daşlar ilə

qırılar bəzən,

Yuxularımız

qadınlıqlarını suya yuyan

qadınların hay-küyləri ilə cızılar.

Qonşuluğumuzda neçə yapraq

payızı görməyə tələsən

başmaq dadını dadmağa canverən yapraqlar

pis deyil...

Günəş, doğu-batı yolunu

            asta-asta addımlayar burada

onun hər addımında

quşların qorxusunda daldalanıb

bir-birimizə baxarıq.

Biz iki tumurcuğuq

Biz iki sevgili

yetişmək ümidi ilə hər gecə axan ulduzları

yeriyərik gözlərimizdə

yetişmək ümidi ilə

            ağacın əlində oyuncaq olduğumuza

dözərik

bir-birimizə yetişmək...

gül açıb, yekəlib, yetişmək, düşşşşşşşşş...

bu dəhşətli kəlmənin yarısını

Ayağımızın altındakı su

daşıyıb uzaqlara aparıb

Biz iki tumurcuğuq,

            tumurcuq qalmaq ümidi ilə...

 

 

Kiyan Xiyav

(Təbriz) 

 

Özgür qadın

 

Barmaqları büyüləyici olsa da,

Barmaqlarıyla gəl deyə

            danışa biləndən qorxma, get.

Dodaqları büyüləyici olsa da,

Dodaqları gəl deyə yaza biləndən qorxma, get.

Sorma üzünə dağılmış ağ kirli sular kimdən

Yardım et dursun yerindən anlam tərəzisi arasın,

Qoysun tərəzinin iki gözünə

Ən cılız xəstə böcəklər ağır gəlsə belə,                                  

insan dəyərindən sev, dinmə.

Əllərinə pis qoxulu bir yığın ət

            yükləsə də, sev, danışma.

Şəhər-şəhər bazara çıxartsalar da, sev

Ən cılız xəstə böcəklər bu ucuz bir fahişədir

            deyə car çəksələr də sev.

Qoy böcəklər sənə baxıb ağızdolusu gülsünlər.

Sən ağla, sən düşünərək ağla

            sevdiyin qadını ürəyində

Tərəzidə ədalət yoxsulluğuna ağla və sorma

Qadının üzünə dağılmış ağ kirli sular nədən

Ən cılız xəstə böcəklər

            insan arxasınca güləcəklər

Nədən, nədən, nədən, nədən,

Burax onlar kirli sularını sunsunlar qadına.

Sunsun onlara ağzını, dilini, əllərini

Versin bütün orqanlarını qadın da sən sev, dinmə.

Qadınlar birər büyüləyici barmaqlarıyla

            danışa bilirlər sev, danışma.

Birər büyüləyici dodaqlarıyla

            yaza bilirlər sev, yazma,

Qoy pıçıldasınlar sənə böcəklər bizi

            dünyaya tanımlayırlar deyə

Dünya qadına qıymayıb

Və özgür bir qadındır

            sevdiyin qadın, bunu düşün,

Gəl dedi, get sənin olsun gecəyə yaxın zamanlar.

Get dedi, get özgürlüyü düşünərək.

Gəl dedi, get sənin olsun

            ömürdən qalan bütün son saatlar,

Get dedi, get özgürlüyü düşünərək.

Bütün filmlər bitmiş: son

Gəl son planda öp məni

            və qal desə, get öp və qal,

Get desə, get özgürlüyü düşünərək.

Ömürdən ötəki saatlarda da

Ağ kirli sulardan üzü tanınmır kimilərinin!..

 

 

Mortəza Dustəlinəjad (Dinməz)

(Təbriz)

 

Bu günlər sözcüklər donub beynimdə,

Dilim tikilibdir dodaqlarıma.

İçərim, eşiyim yalqızlıq yağır,

Ölüm fişqalanır qulaqlarıma.

Baxışım günəşin son nəfəsləri,

Əllərim boşluğu yaşamdan paydır.

Gözüm Azərbaycan, başım dumanlı,

Ürəyim çırpınan o tay, bu taydır.

Dünyalar boyunca darıxmalarım,

Bir gün şəhərlərə sevgi yağacaq.

Dünyalar boyuca sıxılmalarım,

Göydə buludlardan dəniz doğacaq.

Özümün əlimdən yapışmalarım,

Səni sevməyimi bəsləyir türkan.

O tayın qızına bu tayın oğlu,

Salamlar, sayqılar diləyir hər an.

Silinməz izinin acılıqları,

Demə günlərimə kölgə salacaq.

Silinməz izinin acılıqları,

Demə əllərimdən səni alacaq.

Bir gecəlik yol var işıqlıqlara,

İstəsək yenidən gülə bilərik.

İstəsək yenidən birləşib türkan,

Yaxın uzaqları silə bilərik.

Bağlı gözlərini aç yollarıma,

Gecə gözlərinə Ay gətirəcəm.

Sənə varlığımla qızıl tikəsi,

Təbrizi gözümdə pay gətirəcəm.

Sən mahnılar oxu, mən şeir yazım,

Günləri ayları ili yaşadaq.

Günlərdən aylardan illərdən 'dinməz'

Dilsiz bu millətdə dili yaşadaq.

 

 

Hüseyn Münzəvi

(Zəncan)

 

Aç gözün, qoy yuxudan güllər oyansın, qəzəlim

Aç gözün, qoy baxışından gün utansın, qəzəlim.

 

Görə bilməz gözəlim, Ay da üzündən gözəlin

Bax Aya, qoy həsədindən paralansın, qəzəlim.

 

Sən olan yerdə gülüm! Gül nədi? Dur gülşəni gəz

Qoy sənin başıva pərvanə dolansın, qəzəlim.

 

Çıx çəmən seyrinə, mədhuş elə sərvi, səməni

Qoy adın ətir kimi bağda calansın, qəzəlim.

 

Gün nədi? Ay nədi? Ulduz nədi? Göyçəklər adı

Sən olan yerdə gərəkdir qaralansın, qəzəlim.

 

Qalmışam qaşıvı, kirpiklərivi, gözlərivi

Qələmim hansını vəsf eyləyə? Hansın? Qəzəlim!

 

Səni ağuşə çəkəndə ürəyimdən deyirəm

Ola kaş devri-zaman burda dayansın, qəzəlim.

 

Ya dayansın, ya da hər ləhzəni hər saniyəni

Bir il olsun, ili bir ömr uzansın, qəzəlim.

 

Səni hər kim dilə çalsa, görüm ağzı qurusun,

Görüm ağzında ümürkən dili yansın, qəzəlim.

 

Elimin qəmləri bəsdir mənə, sən qəm yemə day

Qoyma qəm, qəmlərin üstündə qalansın, qəzəlim.

 

Ağlama, qəm yemə, qoy güllər açılsın, bala can

Elə gül ki, qoy atan qəmləri dansın, qəzəlim.

 

Vədud Dusti (V.İlqar)

(Marağa)

 

Eşq bir təbirə sığmaz yuxu, mən lal, dadlım!

Aşiq olsan düşünərsən nədi bu hal, dadlım!

 

Mən bu kərvanda, bu dağ-daşda yoruldum, bəsdir

Sənə çatmırsa bu yol, saxla məni sal, dadlım!

 

Acı ölməkdi bu sənsiz yaşamaqlar, duzlum!

Və həyat sənlə bilirsən nədi? Bal... Bal, dadlım!

 

Bu evin pəncərəsi, pərdəsi sənsiz darıxır

Sil bu göz yaşlarımı, burda özün qal, dadlım!

 

Qınama, qəlbinə gül, qəlbimə pərvanə desə

Oddan, odtək yetişəndən nə bilir kal, dadlım!

 

 

Nadir İlahi

(Xiyav)

 

Torpağam, ellərin ağlar alayı var məndə

Gözü yaşlı Arazı, Arpaçayı var məndə.

 

Bayatı dağlı sinəmdən umanım, qoy umsun,

Bir çiçək hər dərənin nəğmə payı var məndə.

 

Yaylığından əl atıb dərməmişəm... Sevdicəyim!

Ellərin güllü yazı, güllü payı var məndə

 

Bükmə qorlu səsimi buqçalara bükmə... Qorun

İldırım aynasıyam, od harayı var məndə.

 

Şəngülüm! Qaç özünü qurtar əlimdən hələlik

Qurd var məndə... Mənim nazlım! Ayı var məndə!

 

Canımı yollara sərdim, günəş addımlamadı

Həsrətin gör nə dumanlı dolayı var məndə.

 

Damarımda qan ağır addım atır... Neyləməli?

Ellərin bəlkə boğulmuş Sarayı var məndə!

 

 

Huşəng Cəfəri

(Zəncan)

 

Bir gecə asdılar aslanları, dan qışqırdı

Qurquşumlar sinəsində gül açan qışqırdı.

 

Zəlilər sordular dörd cürədən əndişələrin

Qədd o qamət yerə düşdükcə əzan qışqırdı.

 

Qızların naləsi qavzandı buludlar döşünə

Havalar şaqqıdı gördüm Savalan qışqırdı.

 

Qaralıqlara qaranlıq törədən bayquşlar

Çapdılar ayələr üstündə Quran qışqırdı!

 

Birinin qış tayasın damda gamışlar sökdü

Bir arıq toxlu acından bacadan qışqırdı.

 

Gecə bir vaxt belə sancıldı tikanlar döşünə

Vay deyərkən dodağın yumdu tikan qışqırdı!

 

Hər gecə hər yeni bir Babəkə neştər dəydi

At gölündə qara qaşqa ucadan qışqırdı.

 

Dağların şihəsi az qaldı yeri şaqqalasın

Qulağım batdı dedim yer göy əlan qışqırdı.

 

Sazı sındırdılar al mahnıların qoynunda

Hər sazın tozlu telində min ozan qışqırdı.

 

Dərisin soydular göz baxdı dili ax demədi

Soyulan güldü o bir ləhzə soyan qışqırdı!

 

İstədim şeiri əruz ilə yazam bir kəlmə

Qilü-qal saldı yapışdı həyəcan qışqırdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!