Əfsanə sözüydü əfsanələrin o tərəfində... - Məmməd İSMAYIL

Dünya şeir festivallarının keçirilməsi bir də ona görə vacibdir ki, dünyanın müxtəlif ölkələrindən festivalda iştirak edən şairlər oxucu görüşlərində yalnızca təmsil etdikləri ölkələrin poetik ruhunu duyurmağa çalışmır, (əlbəttə, bu da var!) həm də bir-biri ilə tanış olur, gələcək yaradıcılıq əlaqələrinin özülünü də qoymuş olurlar. Əslində festival günləri dəyişik üslubların, tərzlərin yan-yana gəldiyi, yarışdığı, qaynayıb-qarışdığı mənəvi zaman anbarının, ya da dənizinin meydana gəlməsinə də sahiblik edir. Bunu öz təcrübəmdən deyirəm. Son illərdə dünya şeir festivallarında tez-tez iştirak etdiyim üçün dediklərimə hardasa şahid sözləri kimi də baxa bilərsiniz. Amma bütün bunlardan sonra "heyif cavanlıq çağından" nidası da içindən üsyan etməyə bilmir. Bizim nəslin cavanlığı keşməkeşli sovet dönəmində keçdi və hardasa mənim bu yöndən şikayət etməyə haqqım az olsa da (Çünki sovet illərində SSRİ Yazıçılar İttifaqının Xarici komissiyasının xətti ilə xarici ölkələrə az-çox getmək şansı olanlardan birisi də mən idim), deyə bilərəm ki, xaricdə yaşayan sənətkarlarla yaradıcılıq əməkdaşlığı qurmaq baxımından çox geridə qalası olduq. Həm də Dünya şeir festivallarında qarşımıza çıxan dil problemləri məni gənc ədəbi qüvvələrə üz tutmağa çağırır: Vaxt itirmədən ən azından bir xarici dil öyrənin ki, ədəbi münasibətlər qovşağında "dilsiz" qalmayasınız. Sovet dönəmi belə idi ki, əsasən rus dilinə önəm verilir və təbliğat maşını belə bir düşüncə yaradırdı ki, sanki bu dili bilməklə hər şeyi bilmiş olursan. Bunun belə olmadığı xarici dünyaya açılış imkanları yarandıqdan sonra ortaya çıxacaqdı ki, bu da gec olacaqdı, həm də çox gec!

Bu gün şeirlərini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etmək istədiyim alban şairi (Nə də olsa onu mənə doğmalaşdıracaq "alban" kəlməsi də öz işini görəcəkdi!) Jeton Kelmendi ilə hələ 2015-ci ildə Rumıniyanın Krayova şəhərində keçirilən Mixail Eminesku dünya şeir festivalında tanış olmuşdum. Amma bu tanışlığımız elə tanışlıq olaraq da qalacaq. Yola salmağa hazırlaşdığımız 2017-ci ildə isə iki ay ara ilə biz yenidən iki dəfə görüşəcəkdik. İyun ayında İtaliyada və sentyabrda Rumıniyada keçirilən dünya şeir festivalında daha yaxından tanış olacaqdıq.

Balkan Albaniyası, Qafqaz Albaniyası paraleli!.. Albaniya ilə Azərbaycanı coğrafi, tale baxımından bir çox şey birləşdirir. Bizim Rusiya ilə İran arasındakı sıxışıqlığımız Albaniyanın Qərbi Avropa ilə Rusiya arasında sıxışıb qalmağına bənzəyir. Onlar da uzun əsrlər azadlığa can atmışlar, biz də. Onlar da bizim kimi güclü qonşularından az çəkməmişlər. Bütün bu tale sıxışmışlığını Jetonun şeirlərindən də oxumaq mümkündür. Qırx yaşına yenicə nərdivan qoyan Jeton bu çox olmayan yaşında daha nələrə şahidlik etməmişdir. O, Kosova müharibəsində (1998-1999)  əlində silah iki il vətəninin azadlığı uğrunda ölüm-qalım mübarizəsinə girişmiş bir müharibə qazisi - veteranıdır.

Şair, dramaturq, tərcüməçi, siyasi icmalçı, jurnalist Jeton Kelmendi 1978-ci ildə Kosovanın Peja şəhərində dünyaya gəlmişdir. Kelmendi soyadı adını Albaniya ilə Makedoniyanın sərhədindəki dağ silsilələrindən birinin adından almışdır. Bu soyun məğrur və döyüşkən təmsilçiləri uzun əsrlər ölkələrinin azadlığı uğrunda savaşlarda böyük qəhrəmanlıqlar göstərmiş, qurbanlar vermişdir. Jeton bir vətəndaş, ya da bir yaradıcı adam kimi belə bir soyun görən gözü, danışan dili olmaqdadır. Orta məktəbi və liseyi öz məmləkətində bitirmiş, ali təhsilini Priştinedə tamamlamışdır. Magistraturanı Brüssel Universitetində (Uluslararası politika və güvənlik sorunları) oxumuşdur. Sonra uluslararası güvənlik politikalarında medianın rolu adlı elmi işini müdafiə edib alimlik dərəcəsi almışdır. Uzun illərdir ədəbiyyatla ilgilənməkdədir.

Şeirlər, dram əsərləri, hekayə və məqalələri dünyanın bir çox yerlərində çap olunmaqdadır. Albaniyada və özəlliklə də beynəlxalq qəzet və jurnallarda mədəniyyət və siyasi mövzularda yazılar yazmaqdadır.

Jeton Kelmendi, ədəbiyyat dünyasında 1999-cu ildə çap etdirdiyi "Vəd çağı" adlı ilk şeir kitabı ilə tanınmışdır. İlk uğurun ardından bir çox kitabları çap olunmuşdur. Şeirləri iyirmi beşdən çox dilə çevrilmiş və uluslararası antologiyalarda yer almışdır. Desək yanlış olmaz ki, alban  şairləri arasında şeirləri ən çox tərcümə edilən və ən çox uluslararası mükafata layiq görülən də yenə Jeton Kelmendidir. O, ədəbi tənqid tərəfindən modern alban  şeirinin ən önəmli təmsilçisi kimi dəyərləndirilir. Moskvalı şair Aleksandr Dimitrievin dediyi kimi, Jeton Kelmendinin şeirləri modern Avropanın şeir üfüqlərində qeyri-adi bir hadisədir. Bir çox ölkədə bilinən bu gənc şair maddənin ruhsal dərinliklərini mənəvi işıqla aydınladan və oxucularına "mən"inin köklərini tapma imkanı tanıyan fərdi bir sənət dünyası yaratmağı bacara bilmişdir. Əldən çıxmışların xəyali əraziləri, kədərli və şən, qəzəbli və həyəcanlı xatirələr vətəni Albaniya Jetonun modern şeirlərinin ana xəttini təşkil edir. Bu xətt hətta sevgi və gənclik şeirlərinin alt qatlarında bir az aydın, ya da bir az dumanlı bir biçimdə hiss edilməkdədir. Jetonun şeirlərində zamaniçi yolçuluq keçmişin, bu günün və gələcəyin vəhdəti elə bir ustalıqla birləşdirilmişdir ki?! Az sözlə çox fikir ifadə etmək imkanları Kelemendi şeiri zənginliyinin önəmli fərdiliyini təşkil edir. Özgür metaforalarla simvollardan yerli-yerində istifadə başarısı, xəyal və gerçəkliklərin qovuşması, ahəng və ritmlərin düzülüşü onun sənətkar ustalığının daha önəmli yönlərinin xəbərçisidir. Əsərlərində şeirsəl anlatıma, mesajın ustaca ötürülməsinə və mətnin dərinliyinə önəm verilir. Yazarın ən sevdiyi tür; ayətlərlə, metaforalarla və simvollarla iç-içə olan lirik şeirlərdir. Hüznü və sevinci ayıran sərhəd hardadır? Əsl şair zamanlardan uzaqlaşabilmə istedadına sahibdir: uzaq, əski, çox uzaq olmayan, indiki və gələcəkdəki xəyal edilənlər kosmopolit oxucuya nə verə bilir? Günümüz torpaqlarının sahibləri, sıradan adamların, zaman və məkan bağlarını necə  bağlayacaqlarını öyrənməsini istəmirlər. Yaşadığı və çalışdığı hər ortamda şairin düşüncələrini və ümidlərini daha yaxşı anlamamıza yardımçı olmaq üçün Kelmendinin cəsur axtarışları razılıq doğurur. Bu düşüncələr bəlli bir ölkədə dünyəvi olmağın mümkünlüyünü isbatlayan düşüncələrdir.

Kelmendi, özəlliklə ingilis, fransız, rumın və bir çox uluslararası şeir akademiyalarının üzvüdür, müxtəlif ədəbiyyat və kültür jurnalları ilə davamlı əməkdaşlıq etməkdədir...

İndiyə qədər əllidən çox şeir, dram və tərcümə kitabları dünyanın bir çox ölkələrində çeşidli dillərdə yayımlanmışdır. Əsərləri Uluslararası "Solənzara" böyük ödülü (2010) Paris, Ulusal "Muhamməd dini" ödülü şiir buluşması (2011)Yakova, Doktor Honoris Causa - Ukrayna və Kafkasya Araşdırma İnstitutu, Ukrayna Fən və Sanatlar Akademiyası (2012) Kiyev, Uluslararası "Triumph Nikolay Gogol" ödülü (2013) Ukrayna, Uluslararası "Böyük İskəndər" ödülü (2013) Yunanıstan, Uluslararası "Dünya şiiri" ödülü (2013) Bosniya və Herseqovina, Uluslararası "Yılın tərcümanı" ödülü (2013) Çin, Uluslararası "Ludviq Nobel" ödülü (2014) Udmurtiya-Rusiya, Uluslararası "Naji Naman" ödülü (2014) Livan, Ulusal "Rahibə Tereza" ödülü, Uluslararası Albaniya  ədəbiyyatı (2014) Yakova-Kosova, Uluslararası "Mixail Eminesku" ödülü (2016) Krayova - Rumıniya ödülləriylə mükafatlandırılmışdır.

Məmməd  İSMAYIL
Çanaqqala-Türkiyə

 

Jeton Kelmendi

SABAHIN BEŞİNDƏ PEJA 

Atam üçün

Şəhər yuxuda.

Gecə və insanlar uyuyarkən,

Yenə dinlənmədə səssizlik,

dünənin yorgunluğunda.

Beləcə, Pejada şəfəq saçmağa başlar

Sabahın beşindən sonra.

 

12 aprel günü,

Yox, o qədər asan deyil

            hər röyanı anlada bilmək.

Bəziləri röyasında baharı görür,

Bəziləri çox şeyi:

Xərcini-borcunu, arzularını.

Röyalar olmadan yuxu yox bundan sonra.

 

Mən də uyuyurdum

və röyamda

Atamın gedişini gördüm,

Dağlara,

Nə qədər erkən olsa da, dağlara getmək.

Atamın

Qaydasıdır hər işi erkən görmək.

Amma bu səfər çox erkən oldu.

Oyanmışdı,

bir sonrakı dünyaya

bağlayan körpünü keçmək üçün.

 

Ruqovada,

gözəgəlimli kişilər erkən ölür,

Belə gərəkdirir təbiət

Söylərdi atam,

Qəbilələr, soylar haqqında danışardı.

Onlar arzularını-əsərlərini gerçəkləşdirir

bir ömür boyu.

Sonra qəlbə yenilib

sonsuzluğa qarışırlar.

 

Atamı xatırlayıram,

hər bitirdiyi iş

Özünə zövq verərdi

əylənərək

keçirərdi bütün günü.

 

Cümə günüydü o gün.

Və atam

hər zamankı kimi səssiz,

bütün xəyallarını təslim etmiş,

Röyaları olmadan yxuya getmişdi.

Azad vətənini tərk edirdi.

Oyandı, saysız şikayətləriylə,

yanına çağırdı oğullarını:

Bu üzdən gözü qapalı,

özgür ilk baharı görə bilmədi

Atam.

 

Ah, bahar!

Belə gözəl bir gündə

geri dönüşün əvəzini alırdı,

amma bu səfər

atamı aldı.

Bundan sonra bizi rahatsız edər,

çox mal-mülk,

çox xatirələr, hekayələr...

Hər şey daha çox.

Sadəcə, nəsihətlər azalmış

Çünki artıq atamız yox.

 

ONUN RÖYASI

Bütün görüntüləri dördnala gəlib aldı,

misrada çörək kimi o gözəl qadın.

Özü bir şeir

ya da bir söz kimi o gənç qadın.

Mənaları dəyişdirən kraliça…

Daş da bilir

Üzünü ağartdıqca

günəşim

qəlbimin səsini arayar.

Bunca zamandır

məni o şəkildə sevər.

Misranın təbii ki atəşi vardır.

 

BÖYÜK AYRILIĞIN QIŞI

           İbrahim Rugovaya

Görmədim

Heç bir zaman

bu qədər səssiz

qızıl heykəlimizin

özündən uzağa gedişini.

Uzaqlarda

bir başqa gün tapmadımı?

 

Şəhidlər təpəsində

dinləndiyin

sürə içərisində

xəyal et.

Və dua et Dardaniya

üçün.

 

Qaşların arasına

qış yalnızlığı düşmüş.

Hər şey göz yaşıyla gəldi

böyük göy üzündən

ayrılıq günü yaslı ocaqdan.

 

Danışmayanların mizrağı,

kəlmələrin və xəyallarn devi

rüzgarları necə toplayıb

sərhədləri aşdın o gün?

 

Dağlı

kəlimələrin nə qədər ağırlığı vardı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!