Cavid cihadı - Poema. Elçin İSGƏNDƏRZADƏ

Dünyanın ən sadiq cavidşünası, Turan Cavid yadigarı Azər Turan qardaşıma sonsuz şükranlarımla

 

 

Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözlərini kor elədi. Lakin dumanlar onun qarşısını aldılar...

Ərtoğrol CAVİD

1939-cu il

 

Ümid edirdim ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək. Göz yaşımı siləcək. Keçirdiyim günlərimi qələmə alacaq. Əfsus ki, o yola gedən gəlməz imiş.

Mişkinaz Cavid

1973

 

...Hər şeyə görə - atamı Vətən torpağına qovuşdurduğuna, Cavid ocağının çırağını

yenidən yandırdığına... və nəhayət, Cavid külliyyatının mükəmməl nəşri üçün sərəncam verdiyinə görə unudulmaz Heydər Əliyevə Tanrıdan rəhmətlər diləyirəm.

 Turan CAVİD

19 mart 2004-cü il

 

 

Epiloq əvəzi

 

Min illərdi, Əfəndim,

talandı bu dünyada.

Eşqdən başqa nə varsa

yalandı bu dünyada.

 

Mənim eşqim, həsrətim,

diyari-yar cənnətim,

Müqəddəs məmləkətim -

Turandı bu dünyada.

 

Yağışı, küləyi var,

arısı, çiçəyi var,

insanı, mələyi var,

Söz candı bu dünyada.

 

Min dürlü hikmətimiz,

çiləmiz, möhnətimiz,

Vətəndə qürbətimiz

fərmandı bu dünyada.

 

Gəzmişəm diyar-diyar,

ruh uçar - səfa duyar...

Şair külli-ixtiyar

Sultandı bu dünyada...

 

***

Sən qutlu şaman idin

Şamanlar arasında.

Sən səma şairiydin

dumanlar arasında.

 

Şair eşqə aşiqdi,

səmada barışıqdı.

Zəmanə qarışıqdı,

zamanlar arasında.

 

Göy üzü damar-damar,

göydən yerə nur damar...

Hardan əsdi bu rüzgar

tufanlar arasında.

 

Göydən yağış tökülür,

qara qarğış tökülür...

İblisin üzü gülür

şeytanlar arasında.

 

Ömürdən günlər keçir,

yaslar, düyünlər keçir.

Köçəköçdü - yurd köçür

Düşmənlar arasında.

 

Mövlana neyi çaldım,

yerdən göyə ucaldım.

Yolayrıcında qaldım

gümanlar arasında.

 

Şairin cihadı

 

Yer-göy alovlanıb ümid yananda,

sular alışanda, bulud yananda,

çılğın qəhqəhələrlə

            güləndə qoca İblis,

hansı cəhənnəmdə sərxoşdunuz siz?

Səma şairlərini güdaza verib, sonra

yamyam kimi, şairlərin

ehsanını acgözlüklə yeyənlər,

boğazdan yuxarı şeir deyənlər,

dünyanın məhvəri dönəcək bir gün,

sizin çırağınız sönəcək bir gün.

Ah, nə dəhşət, nə vəhşət -

bir gün cəhənnəm sırası

Sizə çatacaq əlbət!..

Bir gün hamı diz çöküb

edəndə acı fəryad,

sən buluddan qanad taxıb

göy səmada uçacaqsan

Əfəndim, Ustad!

Eheyyy! Cavid Əfəndi,

sən səma şairisən -

Lütf et, həqiqətin gözəl üzünü

bir daha mənə göstər -

heç mümkünmü unutmaq

Sənin o ilhamlı üzünü...

Sən bilirsən bu dünyanın

əyrisini, düzünü.

Sən bilirsən Əfəndim,

yerin-göyün sirrini.

Sən bilirsən

sözün, səsin sehrini.

Sən bilirsən İblisə

uymuşdu bu dünya -

sən bilirsən şair ömrü

bir röyadı, gözəl röya!!!

İnsan oğlu min illərdi

göylərə əl açıb etmədə fəryad -

iştə ümid ver mənə, Ustad...

Bu dünya sirri-hikmət,

bir nuri-həqiqət...

Gözümdə qanlı yaş var,

ürəyimdə təlaş var,

İblislə son savaş var -

ümid ver mənə, Ustad!

İnsan oğlu hara gedir

bu günahlar içində,

sən səma şairisən

bu məddahlar içində.

Ustad, yenə davam edir

İblis ilə qutsal cihad.

 

Hüseyn Cavidin

ev-muzeyində

 

Cavidin köynəyi qalıb

Turan Cavidə yadigar.

Cavidin eynəyi qalıb,

eynəkdə göz izi var.

 

Burada yavru Turan,

burada cavan Cavid.

Sanki dayanıb zaman,

Dayanıb zaman, Cavid!

 

Burda həmişə payız,

burda həmişə kədər.

Pəncərəni aç, ay qız,

bu nə tale, nə qədər?..

 

O yandan kölgə düşdü,

mən diksindim bir anda.

Nə bahardı, nə qışdı -

mən azmışam dumanda.

 

Duman hanı, çən hanı -

Ev-muzeyi... dörd divar.

Axır şeirin qanı -

burda Cavid ruhu var.

 

Vaxt vardı, Turan xanım

qarşılayardı bizi...

Sıxıldı birdən canım

hanı şairin özü.

 

Xəyalımdan silinmir

Turan xanımın üzü...

Bax, burda oturardı

pəncərənin önündə.

Bir Turan Cavid vardı

günlərin bir günündə...

 

***

Sibirə yol uzanır

dörd divar arxasından.

İki damla süzülür

gözümün qarasından.

 

Gecələr Ay doğanda

Şair yuxular yozub.

İlhamlı anlarında

ölməz şeirlər yazıb.

 

Qapısından at nalı

və ümid asılıbdı.

Məmləkətin taleyi

alnına yazılıbdı.

 

Sevgi əskik olmayıb

heç zaman bu hücrədən.

Şair dünyaya baxıb,

baxıb bu pəncərədən.

 

Tüfəng qundağı ilə

qapısını qırdılar,

Bir müqəddəs şairin

yapısını qırdılar.

 

Şairi apardılar

Kremlin göz dağıyla.

Bir qadın tənha qaldı

iki körpə uşağıyla.

 

Elə bil yer titrədi,

Göy kişnədi o gecə.

Ulduzlar axıb getdi,

Ay ağladı gizlicə.

 

Bir gecə yarısıydı,

şəhər yuxuda idi.

İnsanlar röyada da

Qara-qorxuda idi.

 

Daş döşənmiş səkidə

qara ölüm kölgəsi.

Şair nə isə dedi,

amma qırıldı, səsi...

 

Qorxu məmləkətiydi

Qədim Odlar ölkəsi...

 

Naxçıvanda Cavidin məqbərəsi

 

Ağla gəlməyənlər başına gəldi,

İblis də şaşırdı bu xəyanətə.

Sən könül vermişdin mavi göylərə,

sən könül vermişdin nuri-hikmətə.

 

...Üzünə durdular, Cavid Əfəndi,

"Burjua şairi" dedilər sənə.

Sənə yol göründü - Sibir yolları

şairə qıyanlar qıydı vətənə.

 

Qəsdinə durdular, səma şairi,

Qəsdinə durdular şair "dostların".

Cavan komsomollar, qoca həpəndlər,

və sair... və sair... sair "dostların".

 

Səni şöhrətinə qısqananları

tarix unudacaq, Cavid Əfəndi.

Bir cüt mələk gəlib məzarın üstə

səni ovudacaq, Cavid Əfəndi.

 

Bosforun suları soyuqdu, bəyim,

İstanbul havası vardı başında.

Kreml bayrağı altında şair

Müşfiq güllələndi cavan yaşında.

 

Ya Rəbbim! Azacıq lütfü-inayət

kor tale zəbundu, bu dünya gidi.

Sənin ruhun Ərtoğroldu, Turandı,

sənin Tanrın gözəllikdi, sevgidi.

 

Sən İblisə cihad etdin hər zaman,

Türk oğlu sözündən

            dönməz demişdin.

Şair ruhu səmaların vurğunu,

həp yüksələr,

            göydən enməz demişdin.

 

Biz sənin izinnən gedirik, Ustad,

həp səsləyir bizi Turan elləri.

Üfüqlərdə al şəfəqli bir səhər,

əsir Asiyadan bahar yelləri...

 

Göy üzünün qapıları bağlanıb,

Açılıb Şuşanın bəndi, bərəsi,

bu gün Türk oğlunun iman yeridi

Naxçıvanda Cavidin məqbərəsi...

 

Hüseyn Cavidin

abidəsi önündə

 

Yağışlı, çiskinli payız günündə

dayanmışam Cavidin abidəsi önündə.

Şəhərin üstünü buludlar almış,

uzaqlara baxaraq şair xəyala dalmış...

Ağaclar yorğundu, səma pərişan,

heç umrunda deyil nə şöhrət, nə şan.

Axar sular kimi axıb bir zaman,

pəmbə buludlara baxıb bir zaman.

İndi heç nə ovutmaz

            ruhumuzu bu anda,

ömür payız röyasına

            bənzər dumanda.

Sevgililər ötüb-keçir yanımdan

sanki bir sarsıntı keçir canımdan.

Fəqət bu hal nə haldı?

Bəlkə süslü bir xəyaldı?!.

Bakıda Cavid bağında payız,

ağacların yarpaqları

            tökülməyibdi hənuz.

Yağışlı, çiskinli payız günündə,

dayanmışam Cavidin abidəsi önündə.

Türk elidi bu məmləkət əzəldən,

yurdum cənnət olub, cənnət əzəldən.

Öz kökü üstündə bitər hər millət,

aləmi-zevqi səfadır

            eşq və məhəbbət.

Payız günü səmada buludlar çılğın,

payız günü şairin çöhrəsi dalğın.

Tarix vərəqlənir, dəyişir halım,

Cavidə bəllidir şair xəyalım...

 

Epiloq

 

İçimizdə dərd ağlayar,

ağlayar, səsi duyulmaz.

Bu dünyada axan qanlar

Yağışlarla yuyulmaz...

 

İnsan oğlu, bu nədir-

qulağında vəsvəsə.

Uyma, Allah eşqinə,

uyma, uyma o səsə.

 

Bir gün haqq qapısında

son dua edəcəksən.

Üryan gəldin dünyaya

üryan da gedəcəksən.

 

Bəs bu asilik nədir,

nədir şahmari-üsyan?

Uzaqdan sənə baxıb

təhəkküm edər şeytan.

 

Hər yanda bir vəhşət var,

hər yerdə ruzimiz şəb.

Adəmdən bu günəcən

bağışla bizi, ya Rəbb!

 

Göy üzü vərəq-vərəq

oxunmamış bir kitab.

Şəhərin üzərində

yenə min türlü mehtab...

 

Dekabr, 2013


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!