Bircə sən qalıbsan, bir də eşq qalıb... - Şeirlər. Vasif SÜLEYMAN

 

 

Bircə sən qalıbsan,

bir də eşq qalıb

 

Dünyanın o başı nə yaxın imiş,

Gözlərə görünür sonlar, İlahi!

Arxada xatirə, öndə ölüm var,

Heç nəyə yaramır yanlar, İlahi!

 

Qaytaraq nə varsa yerindir, yerə,

Gah göyə qarışır, gah da sirr, yerə.

Eşqdən yananları topla bir yerə,

Hamı bir-birini anlar, İlahi!

 

Hamı gedəridi, indi seç, qalıb,

Nələr ödənməli, birə-beş qalıb.

Bircə sən qalıbsan, bir də eşq qalıb,

Getdi nə paşalar, xanlar, İlahi!

 

Bu ömrü

 

Beş addımdı əvvəliylə axırı,

Görürsənmi bəxti yatan bu ömrü.

Halal etdim, kim götürür, götürsün,

Yaşanmamış başa çatan bu ömrü.

 

Eh, nə imiş bir sevginin bədəli,

Olan-oldu ya ağıllı, ya dəli.

Bir çöpündən yapışıbdı yad əli,

Viran etdi halal butam bu ömrü.

 

Bəzəyi yox, nə aldan, nə qumaşdan,

Uçub getdi içimdəki təlaşdan.

Dəli sevgim kəsirdisə o başdan,

Uzadaydı bəlam, xatam bu ömrü.

 

Necə gəlib-getdiyini yaş ansa,

Bel bağladım ya qismətə, ya şansa.

Əməllicə ömürüydü yaşansa,

Bacarmadım əldə tutam bu ömrü.

 

Qucaq açmaz mənim kimi miskinə,

Yanmadısa, isinərmi tüstünə.

Yıxılmazdı... dağlar çöksə, üstünə,

Necə yıxdın vallah matam, bu ömrü...

 

Hələ inanıram

dönəcəyinə...

 

Hər şey elə belə qurtara bilməz,

Nəsə gözləməyin vallah, yeri var...

Bəsdi, həsrət ilə yorduq misranı,

Bəlkə də sonunda vüsal şeiri var -

Hələ inanıram dönəcəyinə...

 

Bəlkə ayrılığın döngəsindəsən,

Bəlkə də, başdasan o gündən bəri.

Hər gün yastığına sitəm eyləyən,

Qornan savaşdasan o gündən bəri -

Hələ inanıram dönəcəyinə...

 

Çox da ki əsər yox gün deyiləndən,

Çox da ki üstünə qaranlıq düşür.

Ömür qürubadır, bilmirəm nədən,

Hər addım başında viranlıq düşür -

Hələ inanıram dönəcəyinə...

 

Bəlkə də ayrılıq ayrılıq deyil,

Bəlkə də həsrətin sirri-sehri var.

Bu eşqin fərmanı İlahidəndir,

Bu eşqin sonunda Tanrı möhrü var -

Hələ inanıram dönəcəyinə...

 

Adına bir misra

yazmadıqlarım

 

Sizi parçalayan hissdən demədim,

Qəsdən danışmadım, qəsdən demədim.

İndi qulağınız cingildəyirmi,

Hər şeydən danışdım, sizdən demədim -

Adına bir misra yazmadıqlarım.

 

Soyuq yaddaşlarda hələ varamsa,

Eşqiniz, sevginiz mənə haramsa...

Viran eyləməyin viran olmuşu,

Boynum teldən incə... günahkaramsa -

Adına bir misra yazmadıqlarım!

 

Onu da Yaradan deyir, kimiydi...

Ötənlər sirr kimi, sehr kimiydi.

Tanrının hər gecə pıçıldadığı,

Bəlkə də ən gözəl şeir kimiydi -

Adına bir misra yazmadıqlarım.

 

Kimdi bu ömürdə bizi doyuran,

Qalan günlərimi özüm soyuram.

Sizə yazmadığım şeir əvəzi,

Bu gündən qələmi yerə qoyuram -

Adına bir misra yazmadıqlarım.

 

Bilirəm

 

Divanə könlümə divan eyləmə,

Sən də gözləyirsən muraz, bilirəm.

Dərdlərin mənlikdi, a dərdin mənə,

Sevgi deyiləndən bir az bilirəm.

 

Budurmu dediyin eşqin çıxarı,

Həsrəti bütövdü, vüsalı yarı...

Əgər duymadısa pıçıltıları,

Ahımı-naləmi duymaz, bilirəm.

 

Vüsala aparan yolları bağlı,

Nə olar havalı başların ağlı...

Bizdən gör, eşitsən uçub, dağılıb,

Tanrı bu sevgiyə qıymaz, bilirəm.

 

Şirin xata

 

İndi bu görüşün əlləri uzaq,

İndi bu gorüşün ayağı yalın.

Bir qərib sevgini apardı sazaq,

Biz ki, xatalıyıq, qadanız alım!

 

Dünya bizim üçün bircə xataydı,

Baxma ki, bir üzü yaşa gedirdik.

Hara gedirdiksə, xatamızı da,

Alıb çiynimizə qoşa gedirdik.

 

Bəlkə Yaradanın bir sirri idi,

Bir heyrət varıydı dərinliyində.

Biz şirin xatanın əsiri idik,

O da çatlayırdı şirinliyindən.

 

Bəlkə... Bir misranın qonağı idi,

Bəlkə verilmişdi bizə butaynan...

Bu qərib taleyi elə bilirdik,

Başa vurasıyıq şirin xataynan.

 

Xatanın bir əli, bir başı oldu,

Nə ondan, nə məndən həyan görmədi.

Adı xataların yoldaşı oldu,

Heç kim bu xatadan ziyan görmədi.

 

Böyüyüb at çapan sözdən xəbərsiz,

Lap xata yaşına çatıbmış, Allah!

Kimmiş, o xataya bizdən xəbərsiz,

Bu boyda şirinlik qatıbmış, Allah!

 

Hərdən danışanda, ürək sözümün,

Elə bilirəm ki, biri xatadır.

O xata tutmadı bulaq gözünü,

O xata o qədər şirin xatadır.

 

Yaşatdı, qoymadı gülüncə bizi,

Nəydi bu, bəlaynan qarmaqarışıq.

Yanaşı görməzlər ölüncə bizi,

Çünki aramızda şirin sevgini

Şipşirin xataya bağışlamışıq.

 

Şirin ağrı

 

Bu ağrı şirindir, bu əzab incə,

Bu sevinc payımdır sevinc yerinə.

Daha dəyişmərəm onu sevincə,

Məni qoyarsınız gülünc yerinə.

 

Qaraldı gözləri, sındı əlləri,

Diz çökdü bir əsim yelə, görmüşəm.

Göz açıb dünyaya gələndən bəri,

Sevinci bircə yol elə görmüşəm.

 

Dünyanın yolları qarışdı, aman,

Axtarıb tapıbdır sevincim kimi.

Bu ağrı boyuma ölçülüb yaman,

Onu qoruyacam sevincim kimi.

 

Bu ağrı nəçidi, bu əzab nədi,

Ömrünə-gününə çökənlər bilir.

Bu şirin ağrının şirinliyini,

Bu şirin ağrını çəkənlər bilir.

 

Bu ağrı şirindir, bu əzab incə,

Bu sevinc payımdır sevinc yerinə.

Daha dəyişmərəm onu sevincə,

Məni qoyarsınız gülünc yerinə.

 

Bilirsən

 

Bir Allah bilir, deyirik,

Doğrudan, bir sən bilirsən.

Bir dəlinin divanəyə,

Ömrünü məlhəm bilirsən.

 

Əzəldən ömrüm havalı,

Ölüm-qalımın sualı...

Gecələr dilim dualı,

Səhər gözüm nəm, bilirsən...

 

O qapıdan işıq düşdü,

Dərd-bəla qarışıq düşdü.

Sözlərim dolaşıq düşdü,

Doluram hərdən, bilirsən...

 

Bir ruhun əllərində can,

Gələr haçan, gedər haçan...

Sən onu qaytaranacan,

Nə çəkmişən mən, bilirsən...

 

Bir Allah bilir, deyirik,

Doğrudan, bir sən bilirsən.

Bir dəlinin divanəyə,

Ömrünü məlhəm bilirsən.

 

Məndən küsən şeir

 

Əzəldən yığvalı belədi bəlkə,

O məni qayğıya bələdi bəlkə.

Üstümə yüyürüb mələdi bəlkə,

Məndən küsən şeir, inciyən şeir.

 

Axır beş kəlməyə yiyə çıxarır,

Ağlımı başımdan niyə çıxarır...

Gecə kəndirimi "göyə çıxarır",

Məndən küsən şeir, inciyən şeir.

 

Göz açan bulağın gözünə bənzər,

Mən səni sevirəm - sözünə bənzər.

İnciyib-küsməkdə özümə bənzər,

Məndən küsən şeir, inciyən şeir.

 

Çöhrəsi nə qəmli, nə də ki, şəndi,

Bir də görürsən ki, məndən üşəndi.

O da bir mövzudu, göydəndüşəndi

Məndən küsən şeir, inciyən şeir.

 

O sevgi

 

Bir para ağrı var səndən ömrümə,

Vallah, ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə də çıxıb gedərdi.

 

Bu da bir ömürdü, bəxtindən küsən,

O səhər tutmuşdum üzünü sənə.

Yaxşı ki, vaxtında küsüb getmisən,

Bir gün deyəsiydim düzünü sənə.

 

Keçdin ürəyimdən ayağıyalın,

Keçdin, bu aradan yad keçməmişdi.

İnsanam, kimisə sevməli idim,

Mən səni sevməyə and içməmişdim.

 

O sevgi min ilin toyundan gəlir,

O sevgi o yerin suyundan gəlir.

Babam da beləcə sevdi nənəmi,

O sevgi kökümdən, soyumdan gəlir.

 

Bir para ağrı var səndən ömrümə,

Vallah ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə də çıxıb gedərdi.

 

Sevgi şeirlərimə

 

Sevgi şeirlərim, sözüm var, gəlin,

Daha ürəkmi var, oda düşəsi...

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi...

 

Siz də mənim kimi bir belə təmiz,

Siz də mənim kimi belə utancaq.

Eh, məni bir qıza sevdirmədiniz,

Mən sizi yüzünə sevdirdim, ancaq.

 

Atılan nə qədər, atan nə qədər,

Nə qədər zalım var, atam, nə qədər...

Ürək də yazıqdı çəksə bu dərdi.

Başını sındırma sevilməyənlər,

Elə sevənlərin sayı qədərdi.

 

Elə sevənlərdi sevilməyənlər,

Sevsə də, yansa da bəlası birdi.

Ağlımız kəsəndən sevən atılıb,

Canım yarımağa yar nə gəzirdi...

 

Mənim bu dünyadan alacağım var,

Mənim nə günüm var, olacağım var...

Sevgi şeirlərim sizdən savayı,

Mənim də nə küməm var, alacağım var.

 

Sevgi şeirlərim, sözüm var, gəlin,

Daha ürəkmi var, oda düşəsi...

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi...

 

Ayrılıb təzədən

qonşu olmuşuq

 

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm.

 

Ürəyim ovcumun içində hər gün,

Xəyalım göylərin qatından keçir.

İşə baxırsanmı, sənin yolların,

Mənim pəncərəmin altından keçir.

 

Bizi mənziləmi gətirdi yollar,

Bura havasızdı, yer nə, göy nədir...

Səni qucağına açılan qollar,

Məni üz qoyduğum balınc göynədir.

 

Ləngiyən vüsala tuşmu olmuşuq,

Yoxsa bu, taleyin çaşdığı yoldu.

Ayrılıb təzədən qonşu olmuşuq,

Ta bunun harası ayrılıq oldu...

 

Sevgisən, həsrətsən, gəlmirsən dilə,

Ürəkdən yüz hissin təlaşı keçir.

Hər səhər, hər axşam yanımdan belə,

Sevgim həsrətimnən yanaşı keçir.

 

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!