Dağlara qar düşüb
Dağlara qar yağıb, - payızın qarı,
Saralan yarpaqlar yerə enməmiş.
Dünən savaş üçün aşıb yolları,
Gedən ər igidlər geri dönməmiş.
Torpaq bəyazlığı çəkib canına,
İtib qar altında cığırlar, izlər.
Göylərin qaralan bulud donuna
Təşnədi hardasa çaylar, dənizlər?
Hələ bağ-bağçadan əl çəkilməyib,
Bitməyən savaşın uzaq yolu var.
Könlündən ümidi hələ silməyib,
Həsrətdə uzalı Vətən qolu var.
Qar yağıb, dəyişib dərəni-düzü,
Amma ki, zamanın üzü qaradı.
Kimdi, yolumuzdan saxlayan, bizi?
Bizim ki, yolumuz uzaqlaradı.
Təzədən başlayıb ruha qayıdış,
Zaman əzib keçir ruhu təkləri.
Sevdanın yolunu kəsəmməz ki, qış,
Duysun hay dölləri, fars köpəkləri.
Öldürüb min ildi bu lallıq bizi,
Bölünüb canımız əllərdə, tən-tən.
Doğudan Batıya silinib izi,
Doğudan Batıya sökülüb Vətən.
Qar yağıb, təzədən başlayır həyat,
Əlimiz əlində uca dağların.
Düşür yağıların bağrına çat-çat,
Şükr, zirvələrdə al bayraqlarım.
Ölürük payız-payız...
Sarı-sarı yarpaqlar qopub ələnir yerə,
Ağaclar çəkir cana payızla gələn qəmi.
Günlər də ömrümüzdən bax, beləcə sovuşur,
Dolan gözlərimizdə sozalır ümid nəmi.
Hardasa külək əsir, hardasa yağış yağır,
Yuyur sahildə dalğa son ayaq izlərini.
Qaralan buludların çiynində yükü ağır,
Dəli ağlamaq tutub göylərin gözlərini.
Gecədə tənhalıq var, hər yanı həsrət basıb,
Ayrılığı andırır zülmətin melodiyası.
Durnalar köç eləyir könlünü göyə qısıb,
Səsində dəstəsindən düşüb qalanın yası.
Dağlara qırov düşür, zirvə duman içində,
Buludlar çəpərləyir günəş ilə bağını.
Hər şey öz hayındadı, hər ümid öz köçündə,
Ağaclar yelə verir sonuncu yarpağını.
Suya həsrət səhratək çəmənin rəngi bomboz,
Yoxdu qəmini çəkən sozalan çiçəklərin.
Candakı tənhalığı indi gəl, ümidə yoz,
Görən halı necədi, könlü-gözü təklərin?
Ağac budaqlarında yalqız yuvalar qərib,
Dimdik-dimdik daşınan tənhalıqdan sökülür.
Meşələr örpəyini ayaq altına sərib,
Küləklərin önündə yumaq kimi bükülür.
Ucqarlarda soyuqdu qar qapını kəsdirib,
Şaxta ulduza dönüb əsgər papaqlarında.
Dünyanın qara əli qara yellər əsdirib,
Əllərimiz tətikdə yurdun uzaqlarında.
Dünya da payız üzlü, rahatlığa təşnədi,
Sabaha arzuları yanır şərin əlində.
Deyəsən, bu dəfə də haqqın sözü keçmədi,
Ölürük payız-payız əməllərin əlində...
Sarı-sarı yarpaqlar qopub ələnir yerə,
Ağaclar çəkir cana payızla gələn qəmi.
Günlər də ömrümüzdən bax, beləcə sovuşur,
Dolan gözlərimizdə sozalır ümid nəmi.
Təbriz
Başın dərddədi, bilirəm,
Qoyma ruhunu ölməyə.
Yüz illər bölünmüş canı,
Yenə gəlirlər bölməyə.
Ruhum Təbriz, canım Təbriz!
Meydanlarda qanın axır,
Qan tutacaq namərdləri.
Vətən boyu haray eylə,
Qaldır ayağa mərdləri.
Mərdliyim, ünvanım Təbriz!
Bu da bir bəxt yazısıdır,
Bu da bir tale qisməti.
Sən millətin dağ vüqarı,
Yandıq çəkməkdən möhnəti.
Yandıq, şöhrət-şanım Təbriz!
Üzündə qəm kölgəsi var,
Ərkin başı dumandımı?
Qara əllə axıdılan,
Qan çayları dayandımı?
Basılmaz bu qanım Təbriz!
Ocaqlarını gur qala,
Başını yadlara vermə.
Yürü bütövlüyə, yürü,
Daşını yadlara vermə.
Bütövlük ünvanım Təbriz!
Duyursanmı payızdı...
Duyursanmı payızdı, qapımızı kəsdirib,
Göyləri gözü yaşlı, yarpaqları sapsarı.
Deyəsən, bu ayrılıq bizi çox tələsdirib,
Bağlanıb üzümüzə ümidin qapıları.
İndi yanıq könlümüz peşmanlıq içində,
Baharda da payızın havasına oynayır.
Duymayanlar biləmməz, bir qaranlıq içində,
Sənin mənim ürəyim öz yasına oynayır.
Unutmağa nə var ki, könül incikliyini,
Eşq ki, ürəyə düşdü olmur unutmaq, olmur.
Ömrə hakim kəsilən bir gül incikliyini,
Dəyişib qayğılara uzaqda tutmaq olmur.
Hərdən sorağın gəlir, bilmirəm nə haldasan,
Dəyişir halın yəqin, payız qapı döyəndə.
Ürəyimdən keçir ki, sən də mən əhvaldasan,
Üzün titrəyir, adım qulağına dəyəndə.
Sən bir az xəyalpərəst, mən də bir az havalı,
Umduğun ucalıqlar yoluna çıxmadı ki,
Bu ömür deyilənlə hər ikimiz davalı,
Ayrılıq bizi yıxdı kimisə yıxmadı ki.
Göylər elə tutulub, tutqun könlümüz kimi,
Narın yağışlar yağır, buludların gözündən.
Üşüyən çiçəklərin yanaqları buz kimi,
Soyuq kuləklər əsir yolların o üzündən.
Saxla son xatirəni, sonuncu təsəllitək,
Daha dəyişə bilməz bu bəxt payı, bu yazı.
Bizdən sonra gələnlər başqa adla gələcək,
Duyursanmı payızdı, ömrün-günün payızı?..
Dönərik, Hüseyn dayı
Ağsaqqalımız Hüseyn dayı işğaldan azad edilmiş Cəbrayılda doğma ocağını ziyarətdən çox pərişan qayıtmışdı. Dedi ki, yurd yerimizdə bir tut və bir cökə ağacından başqa heç bir nişanə qalmayıb. Əlbir və amansız düşmənlər sonuncu daşı da söküb aparıblar. Yolları və bərəkətli torpaqları qanqal basıb. Tut ağacının gövdəsini qucaqlayanda göz yaşlarıma hakim ola bilmədim...
Ata babanın qoyduğu
Yurd daşı yerindəydimi?
Eşqlə hörülən divarın
Naxışı yerindəydimi?
Nələri söylədi sənə,
Son nişanə - tut ağacı?
Gözləri yollarda qalan,
Sonuncu ümid ağacı.
Göz yaşından sevgi tutan,
Gövdəsi gülümsədimi?
Yuxudan oyanmış kimi,
Yarpaqları əsnədimi?
Yağmalanmış əsir yurddan,
Nə qalıb, Hüseyn dayı?
Gördünmü, torpaq da dərddən,
Sozalıb, Hüseyn dayı?
Qara-qara dərd içindən,
Qara əllər göründümü?
Doğrunu çarmıxa çəkən,
Bəd əməllər göründümü?
Gör, nə günə qalıb dünya,
Durub şərin dayağında.
Cinayəti at belində,
Haqqı ölüm ayağında.
Bu erməni, bu rus, bu fars,
Hikkəli düşməndi bizə.
Milləti arxadan vuran,
Əzəli düşməndi bizə.
Keçər zaman, bu qəmi də,
Yenərik, Hüseyn dayı.
Dönərik, həsrət yurdlara,
Dönərik, Hüseyn dayı.
Dikələn şərin bayrağı,
Zirvələrdən enir, daha.
Tutub Tanrı ətəyindən,
Türk özünə dönür, daha.
Qoru bir az ürəyini,
Hələ çox işimiz qalıb.
Qoşulub gedən karvana, -
Yurda dönüşümüz qalıb.
Uzaqdan-uzağa
Əlim işə yatmır, ürəyim sözə,
Sənli günlərimin vaxtı daralır.
Bu həsrət ömrümün bir Allah bilir,
Sonuncu anına nə qədər qalır.
Yəqin, xəbərin var, duyğularımdan,
Adına bağlıdır, hökmü, nidası.
Elə yollarında donub qalmışam,
Beynimdə, başımda bir eşqin yası.
Amma elə sanma dönüb ürəyim,
Bu tale işidir, səndən küsmürəm.
Sonuncu sözünü sənə deməyə,
Ömür-gün tələsir, mən tələsmirəm.
Bəzən unuduram vaxtı-zamanı,
Bilməm, hansı ilin hansı ayıdır,
Sevgi göndərirəm hər səhər sənə,
Hər axşam cavabsız geri qayıdır.
Sən mənə oxşama, bu davranışda,
Ömür bir payıztək andırır məni.
Bir az təbiətim, bir az həsrətim,
Bir az şairliyim yandırır məni.
Yazıram, ürəyim atəş içində,
Yazıram, fikrimdə ayrılıq yası.
Bu da bir taleyin əzab yüküdü,
Bu da bir sevginin elegiyası.
Uzaqdan uzağa həsrətimiz var,
Bilməm günahdımı, bilməm haqdımı.
Nə vaxtsa bu dünya bizsiz olacaq,
Görən, nağılımız qalacaqdımı?
Kövrəltdi məni
Getdim kəndimizə, könlüm açıldı,
Qol açan qucaqlar kövrəltdi məni.
Düşdüm xatirələr burulğanına,
İtirdiyim çağlar kövrəltdi məni.
Günahı məndədi, düzü danmadım,
Sönən yaddaşımı sınayammaddım,
Ha baxdım, çoxunu tanıyammadım,
Gül üzlü uşaqlar kövrəltdi məni.
Boylandım anamın izinə sarı,
Əsdi ayrılığı üzümə sarı,
Çəkdim od-ocağı özümə sarı,
Yadlaşan bucaqlar kövrəltdi məni.
Duyğu var, önündə varlığım laldı,
Dilimə düşəli könlümü çaldı,
Gözüm bir gözəlin üzündə qaldı,
Titrəyən yanaqlar kövrəltdi məni
Ruhumu oxşadı, dən tutan zəmi,
Güllər gözəlliyin könül həmdəmi,
Sübhün çiçəklərə çilənən nəmi,
Sarmaşıq saçaqlar kövrəltdi məni.
Yadlığım içimi üşütdü, qıştək,
Sanki ürəyimdən asıldı daştək,
Susuz səhralarda bitən ağactək,
Yadlaşan ocaqlar kövrəltdi məni
Qalıb qulağımda nidası, səsi,
Könlümdə sevdanın qəm şikəstəsi,
Aldı bu yerlərdən gənclik həvəsi,
Heyif, o uzaqlar kövrəltdi məni.
Salam
Səhərin dan üzündə göylər al bayraq kimi,
Ümidlə gülümsəyib gələn səhərə salam.
Dünən yaddaşımızda dolanan-uzaq kimi,
Nərəsi yer titrədən eşqə, hünərə salam.
Yorulmuşduq əlindən, üzücü xəyalların,
Qalmışdıq bu üzündə yağmalanmış yolların,
Qarşısında baş əyən o Vətən oğulların,
Salam, bənd-bərə salam,
salam, dağ-dərə, salam.
Yüz illər həsrətindən sinəmiz dağ-dağ olub,
Dünya Türkə kəm baxıb, zaman üzə ağ olub,
Son savaşda dağların gülü də bayraq olub,
Bu hünərə, bu günə salam, min kərə salam.
Şəhidlərin qanıyla xınalanıb daşları,
O dağlar igidlərin doğma qan qardaşları,
İndi sevincdən tutur gülləri göz yaşları,
Şeh tutan çiçəklərin bağrında tərə salam.
Bu torpaq nələr çəkib, yağıların əlindən,
Çayların, bulaqların ağı daşıb dilindən,
Dünyaya mesaj verən - zirvələrin belindən,
Köksü aylı-ulduzlu bayrağa, zərə salam.
Min illik dümən olur, Vətən bağrı sökdürən,
Torpaqlara dərd əkən,
gözlərdən yaş tökdürən...
Yurdun ucqarlarında yadlara diz çökdürən,
Sinəsi sipər olan igidə, nərə salam.
Bir üzü payız, qışdı hələ ki havaların,
Sevgi ehtiyacı var - gəl deyən yuvaların,
Sabah hökmü olacaq bitməyən davaların,
Tarixə möhür vuran günə - Zəfərə salam.
Biz haqqın yolçusuyuq qoy, bunu bilsin hamı,
Ruhumuz yandıracaq Təbrizdə sönən şamı,
Bir aydın səhəri var, hər qovuşan axşamın,
Salam olsun Şuşadan bütün bəşərə, salam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!