Tabutdan başqa heç yerdə ayaqlarını oxxaynan uzatmayıb... - Qulu Ağsəsin şeiri

 

***

Atam

bu dünyada

o dünyanın

cəhənnəm əzabını çəkib,

Qırx bir-qırx beşdə

faşistlərlə döyüşüb Kerçdə -

atəş kəsiləndə,

ya da siqaret fasiləsində

Gülablıda odun doğrayıb,

axura ot töküb...

Üzünü xatırlamıram deyə,

hərdən elə bilirəm,

məni öləndən sonra əkib...

Bir tikə çörəyin dərdindən

gecə yatmayıb,

gündüz yatmayıb,

tabutdan başqa heç yerdə

ayaqlarını oxxaynan uzatmayıb...

Şəkli də qalmayıb

darıxanda  köksümə sıxım,

bütün ömrü dincəlsəm də doymuram -

atamın yorğunluğu

mənim canımdan çıxır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!