Görəcəyik o günü
Döyüşən Vətənim yanar ocaqlı,
Ondan od payını alıbdır hərə.
Mənim qəzəbimin şimşəyi çaxdı,
Şübhələr qırılıb dağıldı yerə.
Al qanı axana söylədim ki, qalx,
İldırım vurmuşlar səni vurublar.
Arxanda gizlənən mollalara bax,
Xalqın taleyinə tələ qurublar.
Ölkə cavanların qəbristanımı?
Vətən nə verdi ki, sənə bu yaşda!
Axıtdın havayı qızıl qanını
Sənə haqq verməyən qanlı savaşda.
Ölənə-qalana şeyx nə verəcək,
Yenə qapıları inqilab açır.
Azadlıq gününü hamı görəcək,
İndidən günəştək o şölə saçır.
Məni göynədir
Yurdum üçün, yuvam üçün ümid göyərir,
Dərmədiyim güllər hanı, uzanır əlim.
Ağrılarım, acılarım məni göynədir,
Qələmimdən damcı-damcı damır ürəyim.
İnsan özü torpaq, özü ağac da, daş da.
Bahar deyib, diləyibdir qalıbdır qışda.
Qan tökülüb, od yağıb mərmi yağışdan,
Çadra altda qalan xalqım məni göynədir,
Qələmimdən damcı-damcı damır ürəyim.
Vaxt olub ki, dinməmişəm, susub qalmışam,
Haqq yolunda ölənləri yada salmışam.
Mən azadlıq istəyimdə Vulkan olmuşam,
Doğulmayan inqilabım məni göynədir,
Qələmimdən damcı-damcı damır ürəyim.
Açılmayan arzular var qönçədi, daşdı,
Analar var, bacılar var gözləri yaşlı.
Araz kimi misralarım səbrimi aşdı,
Yazıldıqca şeirlərim məni göynədir,
Qələmimdən damcı-damcı damır ürəyim.
Nəqmələri susdurulmuş dilim batıbdı,
Yüz illərdi ayrı düşən bəxtim yatıbdı.
Gör millətim azadlığın nəyə satıbdı,
Ölkə-ölkə bu davalar məni göynədir,
Qələmimdən damcı-damcı damır ürəyim.
Kəndlər var ki, küçələri səs-küysüz qalan,
Oğulları, igidləri hər gün azalan.
Ağır-ağır günlərini hey yola salan,
Bu obalar, bu oymaqlar məni göynədir
Qələmimdən damcı-damcı damır ürəyim.
Toydan çıxıb vaya düşən gəlinlər, qızlar,
Yaralı bir göyərçin tək ürəyi sızlar.
Kimdən kimə "siğələnən" bu "vəfasızlar",
Puç edilmiş məhəbbətlər məni göynədir,
Qələmimdən damcı-damcı damır ürəyim.
Güney boyu səngər ola döyüşəm mən də,
Bu azadlıq eşqim ilə qalmayam gendə.
Alovların içindəcə elə bu gün də
Yanmamağım, ölməməyim məni göynədir,
Qələmimdən damcı-damcı damır ürəyim.
Alnımdakı Vətən
Sənə nə lazımdır alnımdan soruş
Qırışlar alnımın yüzillikləri.
Əgər istəyirsən gəz qarış-qarış,
Alnıma almışam böyük vətəni.
Burda Səttarxanın istəyi də var.
Qəfildən vurulan şəhid də durur.
Burda Xiyabani ürəyi də var,
Burda hər qayada keçid də durur.
Burda kəndir kimi düyünlü zaman,
Burda nəsil-nəsil itənlər də var.
Burda ölümüylə hələ yaşayan,
Burda palıd kimi bitənlər də var.
Bir gün də alnımda Araz daşacaq,
Əlimdə tutduğum bu güllər kimi.
Qardaş qardaş ilə qucaqlaşacaq,
Dənizə qovuşan sahillər kimi.
Sovular yüz ildən qalan niskilim,
Adını tutaram qəhrəmanların.
Qara daşlar kimi qopar pis günüm,
Yaza çağıraram mən insanları.
Oyanan bəxtimə ümid sən oldun,
Tufanlardan çıxıb istədim səni.
Gecələr yatmayıb ömrümdən kəsib,
Alnıma yazmışam, Vətənim səni.
Urmiyə gölü
Mənim göz yaşlarımdı,
Düşüb yerə, göl olub.
Ahımdır, fəğanımdır,
Lalə olub, gül olub.
Sudur, içməli deyil,
Vurub keçməli deyil.
Adından ad götürüb,
Urmiyə bir el olub.
Şahlara əyilməyib,
Tarix ona dəyməyib.
Bu gün daşıb, kükrəyib,
Milləti sel-sel olub.
Azadlığı almayınca
Neçə ildir
üfiqlər də gülümsəməz
bir məmləkət üzərində,
azadlığı,
səadəti o ölkənin
olmayınca öz əlində.
Neçə ildir əsarətin
təməlinə
mübarizlər balta çalar.
Səttarxantək həyatları,
əməlləri nəğmə olar.
Neçə ildir bir məsləkdən,
bir arzudan
şaxə-şaxə ayrılıqlar
doğulmuşdur.
Neçə ildir xalqımızın
sevincləri
yanaqlarda,
dodaqlarda boğulmuşdur.
Məhəbbət də
ağ gününü gəzir hələ.
Bir məqama bənddir o da,
Ulduz kimi səpələnə.
Sən də bil ki, əziz Vətən,
Qaranlıqlar gözlərimi
bağlayammaz.
Tarix belə,
zaman belə
mənim vuran əllərimi
bircə an da
saxlayammaz!
Əziz Vətən,
fəth edilməz səngər oldun.
Sən vuruşlar meydanında
Sipər oldun.
Bir vulkanam -
bu dünyanla barışmaram.
Azadlığı almayınca,
azadlığım olmayınca,
ölsəm, Vətən,
torpağına qarışmaram.
Sözüm var
Ey İran, dövrü qədim,
Vətənim, məmləkətim.
Hər kəndinə, şəhərinə
Tükənməz məhəbbətim.
Hardadır, azadlğım,
Hardadır hürriyyətim?
Bayrağı dar ağacı,
Həyatı məşəqqətim.
Sözündə, işində yalan,
Təklənər tənha qalar!
"Mollası padşahlıq edən
Ölkə qəbristanlıq olar!".
Təbrizin Ərk qalası,
Urmiyənin gölü var.
Əhərin uca dağları,
Zəncanın da gülü var.
Baxın bir haqqı itən,
Nə qədər diri, ölü var,
Harda təhsil alacaq,
Məktəbsiz bu uşaqlar?
Türkə-xər deyəndən...
Necə müsəlman olar?
"Mollası padşahlıq edən,
Ölkə qəbiristanlıq olar!"
Dalğalı ummandı xalqım,
Qabarıb bu gün coşacaq.
Bir ölkə üsyandı xalqım,
Səbrin kasası daşacaq,
Sürenlə dostluq edən,
İranlı şeytanlaşacaq,
"Mollası padşahlıq edən,
Ölkə qəbiristanlıq olar!"
Üzümü çevirdim
xalqıma sarı
Oxudum atama şeirlərimi,
Od tutdu kişini, eynəyin taxdı.
Dedi, bir şeirin vermir yerimi,
Oğul, güclü idim mən cavan vaxtı.
Elə bil gen dünya mənə dar idi,
Dedim, şeir nədi?.. Bu kişi bilmir.
Dedi, oğul, mənim səsim var idi,
Heç sənin şerinin sədası gəlmir.
Dedim, ürək dözmür axı yazmasan,
Gecələr şairin yuxusu gəlmir.
Otçalan olmuşam dedi bir zaman,
Şeirindən gül, çiçək qoxusu gəlmir.
Dedim, ağla könül, yerə əyil sən,
Sən səyyahlar kimi hey axtar, arı...
Dedi, nə olsan da dahi deyilsən,
Çala bilməmisən çaldığım tarı.
Dedim ki, ay ata, insafın varmı,
Mən sözün üstündə zillət çəkmişəm.
Dedi, Vətənsiz də şair olarmı,
Sən sözün üstündə yuva tikmisən.
Ağlayan bir neyəm, dinən kamança,
Neynirəm dövləti, neynirəm varı.
Savalandan uca, Səhənddən uca
Üzümü çevirdim xalqıma sarı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!