Bu doğma yurdumun qeyrət nəğməsi, Vətən əsgərinin addım səsidir... - Şeirlər. Nəzakət MƏMMƏDLİ

 

 

Mən zabit anasıyam!

 

Milli Ordumuzun zabiti,

oğlum Ramilə

 

Beşiyini asmışam, gözümtək qorumuşam,

Yuxusuz gecələri gündüzlərə qatmışam.

Şirin-şəkər balama həzin layla çalmışam,

Beşiyimə, laylama, övladıma bağlıyam,

Mən zabit anasıyam!

 

Şükür, sənin yanında alnım açıqdır, Vətən.

Bir cəsur, bir qəhrəman

            oğul böyütmüşəm mən.

Bir qarış torpaq üçün canını fəda edən,

Bayrağına, himninə, şərəfinə and içən

Zabit anasıyam mən!

 

Rahat yuxu yatmıram,

            çünki düşmən yatmayıb.

Hələ çox "arzusu" var, arzusuna çatmayıb.

Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.

Düşmənin arzusunu gözlərində öldürən

Zabit anasıyam mən!

 

Dağlarımın başında buludlarım ağlayır,

Dili batmış o yetim bulaqlarım ağlayır.

İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,

Məni bu intiqama, bu qisasa səsləyən

Zabit anasıyam mən!

 

Düşmənə "göz dağı"san,

            gücümsən, qüvvətimsən.

Ürəyimin təpəri, gərəyim, köməyimsən.

Vətənin "dar günü"ndə səsinə hay verənsən,

Bu torpağa, bu elə, bu Vətənə bağlısan.

Səni Vətənə verdim,

Sən Vətənin oğlusan!

 

 

Qarabağ

 

Elə bil səngərtək qazılıb sinəm,

Qəlbimdə duyğular barıt qoxulu.

Uğrunda ölməyə hazıram, Vətən,

Hər misram döyüşən bir əsgər yolu.

 

Ruhu qan ağlayır Molla Pənahın,

Şuşanın ağrısı qəbrindən keçir.

Pozulub dünyanın haqq tərəzisi,

Ümid qara daşın səbrindən keçir.

 

Dillərdə üşüyür "Qarabağ" sözü,

Böyük Pənah xanın ruhu göynəyir.

Qəbrinə söykənib qoca Vidadi,

Ağlaya-ağlaya bayatı deyir.

 

Kəsərdən düşübdü qeyrət qılıncı,

Sonuncu ümidin solur nəfəsi.

"Sənsiz" buz bağlayıb dodaqlarında,

Həsrətdən üşüyür Bülbülün səsi.

 

Dərdinə qısılıb çəkir içini

Bu yalçın qayalar, mamırlı daşlar.

Torpağın, ağacın, otun içindən

Həmişə bir həsrət cığırı başlar.

 

Şuşanın, Laçının acı nisgili

Millətin köksündə xəncərdi, xəncər.

Həsrət dağlarına dirsəklənərək

Qərib taleyinə baxır Kəlbəcər.

 

Boylanır yaddaşın binələrindən,

Bir ovuc bayatı, bir yarpaq ağı.

Vətən ağrısını duymayan ömrü

Heç vədə isitməz Vətən torpağı.

 

 

Şəhid anası

 

Köksündə ağrı var dağın, daşın da,

Qan izi buğlanır hər qarışında.

Oğlun heykəlləşib yurd yaddaşında,

Sil göz yaşlarını, şəhid anası.

 

Haqqın, həqiqətin sözü səndədir,

Sevgi ocağının közü səndədir.

Millətin, Vətənin gözü səndədir,

Sil göz yaşlarını, şəhid anası.

 

Dözümün, təmkinin lap son həddisən,

Namusun, qeyrətin pak sərhəddisən.

Düşmən bizə baxır əymə qəddi sən,

Sil göz yaşlarını, şəhid anası.

 

Oğlun itirmədi haqqı-sayını,

Asdı zirvələrdən öz harayını.

Dağıt qəlbindəki qəm sarayını,

Sil göz yaşlarını, şəhid anası.

 

Xətai babamın yolu diksinir,

Babəkin kəsilmiş qolu diksinir.

Vətənin hər şəhid oğlu diksinir,

Sil göz yaşlarını, şəhid anası.

 

Demə itib ömrün bəxtiyar çağı,

Qapıtək açılır haqqın qucağı.

Alışır ümidin sönmüş ocağı,

Sil göz yaşlarını, şəhid anası.

 

"Vətən", "ana" sözü tən yaranıb, tən,

Bu inam üstünə qoy enməsin çən,

Qoy baxıb üzünə sevinsin Vətən,

Sil göz yaşlarını, şəhid anası.

 

Göyləri titrədir ahı-naləsi,

Ana layla deyir qəbir daşına.

Hər gün qucaqlayıb soyuq məzarı,

Sanki gəlib keçir beşik başına,

Həzin layla çalır qəbir daşına.

 

Oğullar içində gəzir oğlunu,

Güc verir gözünün həsrət yaşına.

O qədər sözü var kimə desin ki,

Dərdini söyləyir məzar daşına,

Ana sığal çəkir qəbir daşına.

 

Gündə bir arzusun söyləyir ona:

- Axı heç keçmədin bəy otağına.

Xonçanı tutmadım, xına yaxmadım,

Gülüzlü gəlinimin əl-ayağına.

Ana gileylənir qəbir daşına.

 

Göylərə yalvarır məni də apar,

Sözümü deməyə çatım taxtına.

Göylərdən səs gəlir sənin oğlunun

Şəhid ucalığı düşüb baxtına.

 

Ana layla deyir şəhid oğluna.

Oğlunun qəbrinin üstünə gedən,

Ananın harayı, dərdin səsidir.

Tanrı dərgahında uca sayılan,

Oğlunun yetdiyi şəhid zirvəsi,

Ananın yeganə təsəllisidir.

 

 

Vətən

 

Dünyaya açılan qapımsan mənim,

Ruhumun, könlümün gözüsən, Vətən.

Mayası səndədir müqəddəsliyin,

İlahi qüdrətin özüsən, Vətən.

 

Qəlbimin işığı, gözümün nuru,

Uludan ulusan, ucadan uca.

Salım qollarımı boynuna, Vətən,

Səni misra-misra öpüm doyunca.

 

Zirvələr söz açır ucalığından,

Dərələr şahiddir dərinliyinə.

Sənin bərəkətli, barlı torpağın,

Geniş sərhədləri geyib əyninə.

 

Hünər dünyasına güzgüdü sanki.

Ömür kitabının hər səhifəsi.

Hər bir qarışında duyulur, Vətən.

Zamanın addımı, tarixin səsi.

 

Ulu əcdadların daşlaşan ömrü,

Boylanır Laçının qayalarından.

Hər daşda bir igid nərəsi yatır,

Qan damır tarixin yaralarından.

 

Ellərin arzusu qanadlanaraq,

Süzəcək səmada bir gün quş təkin.

Şərəflə qorunan yurd yerlərində,

Ruhu gülümsəyir ulu Babəkin.

 

Taleyindən keçən qərinələrin,

Alnını bəzəyir ərən imzası.

Sənin qüdrətinə qoşa qanaddır,

Xətai qılıncı, Ələsgər sazı.

 

Ana laylasından hənir alıbdı,

Ürəkdə alışan qeyrət ocağı.

Doğmalıq ətirli hər qarış torpaq,

Ana qucağıdır, ana qucağı.

 

Oğul qeyrətini əyninə geyən

Canlı səngərlərin mübarək, Vətən.

İlahi sevgiylə yoğrulubdusa,

Hər duyğu - Vətəndi, hər ürək - Vətən.

 

Dərbənd qalasından Təbrizə qədər,

Uzanan bu yurdun səsi içimdə.

Mənim Şah babamın, Şah Xətainin,

Əbədi harayı, ərzi içimdə.

 

Hər bahar gələndə sızıldayacaq

Qırılmış budağın qönçə ağrısı.

Bilirəm qəlbində heç uyumadı

Zəngəzur həsrəti, Göyçə ağrısı.

 

Ana laylasına hopan məhəbbət

Sənin təravətin, ətrindi, Vətən.

Millətin ruhunda, elin dilində,

Daim əzizlənən xətrindi, Vətən.

 

Ömrünə güzgüdür oğul qeyrəti,

Cürət qanad açıb hər qarışında.

Vətən əsgərinin məhəbbətindən,

Üzündə sevgi var dağın, daşın da.

 

Sənin qeyrətini çəkən oğullar

Ulu qüdrətini duyur dərindən.

Durub keşiyində igid ərənlər,

Qeyrət ətri gəlir səngərlərindən.

 

Çırağa bənzəyir Vətən torpağı,

Hər əsgər ürəyi pərvanəsidir.

Bu doğma yurdumun qeyrət nəğməsi,

Vətən əsgərinin addım səsidir.

 

Əsgər baxışları sevgiylə öpür

Vətən torpağını təbərrük kimi.

Yurdu bədnəzərdən qorusun deyə

Dolanır başına üzərrik kimi.

 

Əsgərin gözündə güzgülənir, bax,

Meşə də, dəniz də, dərə də, düz də.

Sərib gözlərinin yuxusunu o

Körpələr uyuyan beşiklər üstə.

 

Qartal baxışından hənir alıbdır

Quşqonmaz qayalar, mamırlı daşlar.

Torpağın, ağacın, otun içindən

Hər gün bir əsgərin çığırı başlar.

 

Böyük məhəbbətlə səngərdə durub,

Qəhrəmanlıq axır damarlarında.

Vətən qeyrətini əyninə geyib

Yayın bürküsündə, qışın qarında.

 

Onun qətiyyətli addım səsinə

Açıb yaxasını hünər yolları,

Qəlbində alışan Vətən sevgisi

Əridir üstünə ələnən qarı.

 

Vətən əsgərinin kirpiklərindən

Gecə ulduz-ulduz asır özünü.

Tətikdə dayanan barmağı üstə

Alagöz səhərlər açır gözünü.

 

Ömrünün-gününün hər məqamında

O, yurdu düşündü, Vətəni andı.

Qəlbində şərəflə dalğalanır, bax,

Vətən torpağına sədaqət andı.

 

Böyük dastanlara sığışan deyil

Vətən əsgərinin Vətən alqışı.

Hər daşı, qayanı çiçək sanaraq

Kəpənəklər kimi qonur baxışı.

 

Durub keşiyində müqəddəsliyin,

Böyük amalıyla müqəddəsdir O.

Ulu babaların ruhundan qopan

Canlı bir haraydır, ulu səsdir O.

 

Bu səs qanımızın səsidi, qardaş,

Haqqın dan yerindən yol gəlir bu səs.

Hünər bayrağıtək, qeyrət himnitək,

Vətən göylərinə yüksəlir bu səs.

 

Bu səsin işığı, bu səsin nuru,

Gün kimi ələnir yurdun başına.

Bu səs bir qılıncdı, ovxarlı qılınc,

Qurşa, yurd uğrunda, yurd savaşına.

 

Bu səslə durulur Vətən suları,

Bu səsdən ər oğlu bir Mən görünür.

Bu səs gündoğanım, günbatanımdır,

Bu səsdən bir böyük Vətən görünür.

 

Hər əsgər Vətənin bir məğrur səsi,

Hər səsin müqəddəs bir sərhəddi var.

Vətənin sərhədsiz səsidir, dostum,

Vətən qeyrətini çəkən oğullar.

 

Əsgərdən başlanır Vətən duyğusu,

Harda əsgər varsa orda Vətən var.

Əsgər addımını laylatək duyur,

Torpağın altında şəhid yatanlar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!