Qəlbin ümmanı
...Alinin ən alisi
yaradanda insanı,
insanın sirri oldu
sonsuz, ulduzlar sanı.
Hər kəs özü qəlbinin
ümmanından xəbərsiz,
hər qəlbdə tellər var ki,
ilahidən, bənzərsiz.
Nə qədər olsa dərin,
zəkanın sərhədi var,
qəlbinsə sərhədi yox,
kim bilir kainatda
tutur o hansı qərar?..
Qəlb ləngər eyləyəndə,
üzə çıxır batili -
bir yanda nur mələyi,
bir yanda nur qatili.
İnsanı öyrənməyin
keçilməz bir həddi var,
o həddi keçənlərin
dərd içində dərdi var.
Haqq aşığı Ələsgər
Kainatın ruhu bayram edəndə,
Nurlardan doğulub endi Ələsgər,
Üzündən, gözündən bəşər övladı,
Qeybin nəfəsiylə dindi Ələsgər.
Boy verdi qəlblərin zirvələrindən,
Göründü tarixin hər bir yerindən,
Hikmət qüdrət alır kəlmələrindən
Haqqın dərgahından ündü Ələsgər.
Tanındı dünyada bir haqq aşığı,
Hər bir əməlində türkün işığı,
Öz boyu-buxunu, şux yaraşığı,
Şanı-şöhrətiylə gündü Ələsgər.
Böyük ustadları Məhəmməd, Əli,
Mürşid, müəllimi müdrik Şeyx Alı,
Allahın yolunda ağlı, kamalı,
Müqəddəs ərkandı, yöndü Ələsgər.
Hiylələr içində çırpınır dövran,
Qəvi burulğanlar, bəlalar hər yan,
Qəşəmoğlu, əgər tapılsa həyan
Görər xilaskara döndü Ələsgər.
Türk ruhu
Fırtınalar kükrəyir
dövranın dəryasında,
yer üzü
yeni bir aləmin astanasında...
Qərq olub getmədə gəmilər bir-bir...
göy üzündə bulud-bulud
ağlayır nalələr...
bomba kimi yağır hər yandan
iblis qəhqəhəli yeni hiylələr...
Çalxanır tarix... calxanır dünya...
batıb gedir aləmlər,
üzə çıxır bir vədə
sular altda qalmış aləmlər...
...Məzarlarda torpaq olan sümüklərdi,
ruhların özünün kəhkəşanı var...
üzə çıxır
tilsimə düşmüş ruhlar,
silkinirlər dünyanın sirri-sehrindən...
Ey dünya!
ruhun qüdrətindən xəbərin varmı?
Türkün ruhunda nurlanır indi
babalarımızın ruhu...
sərkərdələrimizin, alimlərimizin,
şairlərimizin, müdriklərimizin ruhu...
Türkdü yer üzünün ulu memarı,
türk olacaq bu bəlalardan
yer üzünün xilaskarı...
Kəlağayı
Gömgöy göy üzündə ağ lələk bulud,
Əlvan, titrək, ürkək, çox kövrək bulud,
Bizim kəlağayı sənə bənzəyir
Sanki yer üzündə gül, çiçək, bulud.
Doğma elin qız-gəlini, gözəli,
Hər biri göy üzü, gözün süzəli,
Bəlkə kəlağayı qeybdən, göylərdən
Bir bəlgə gəlibdi, eşqin əzəli?...
Qəlbi gözəllərə nur, yaraşıqdı,
Onları vəsf edən sirli işıqdı,
Ulu tarixlərdən bizə yadigar,
Yurdumun qüdrəti ona aşiqdi.
Dahi Ələsgər də tərif eylədi,
İlham aldı, məclislərdə söylədi,
Başında kəlağayı olan hər gözəl,
Sanki məlakədi, sözsüz, öylədi.
Vardır bu örpəyin öz fəlsəfəsi -
Onda müqəddəslik, saflıq nəfəsi,
Qəşəmoğlu, xalqımın sabahının
Uğurlu yolunun müqəddiməsi.
Ay qara zurna
Səsin nə az gəlir, ay qara zurna?!
Düşmüsən dolanbac düşmən toruna,
Qəvi oyunlarla susdurulmusan,
Dillən, qüdrət gətir sabahlarıma.
Türkün tarixi var, ruhu var səndə,
Min illər hay verir səsin gələndə,
Ümid, hünər dinir, qeyrət boy verir
Sənin harayınla el köklənəndə...
Səsin kainatın sehrindən gəlir,
Safdı, xainlərin beynini dəlir.
Dar gündə savaşa səsləyir eli,
Şənlikdə qəlblərin eşqiylə gülür.
Səsin nə az gəlir, ay qara zurna?!
Düşmüsən dolanbac düşmən toruna.
Qorxma "bəy" sözündən
Sən ay "bəy" sözünə tərs baxan ellim,
Əslindən, nəslindən xəbərin varmı?
Kimsən, nə karəsən bilirsən bunu?
Dərin düşünməyə təpərin varmı?
"Bəy" sözü qədimdən bu günə qədər
Ulu türk sözüdür, zəngin deməkdir,
Sənə bəy deyənin gözündə, yerin,
Qüdrətli, münəvvər, gülgün deməkdir.
Sən niyə hürkürsən bu sözdən belə?
Bu sözün türk ruhu qorxudur səni?
Özündə bilmirsən bu təlaşların
Hansı qaranlığa axıdır səni.
Deyək türk deyilsən, bunun nə fərqi?
Sənə bəy deyən kəs, alisən deyir,
Sənin hikkələrin, bu qorxun, hürkün
Yox, ali deyiləm, demə, söyləyir?
Bu söz müqəddəs söz, ruhu dindirir,
Bu söz səksəkəyə salır düşməni,
Bu sözü hər dəfə eşidən vədə
Xəbislik ilantək çalır düşməni.
Sən ay "bəy" sözünə tərs baxan ellim,
Yadlara qoşulub ürkmə bu sözdən,
Bu sözün mənasın hər dəfə soruş
Qəlbinin səsindən, ocaqda közdən.
İşığın gül sevdası
İşıqdan yaranır hamı,
amma
hərənin öz işığı var...
Səni sübh işığı
yaz vədəsı yaradıb,
təbəssümü çəhrayı
bir ağ qızılgülə
aşiq olduğu vədə yaradıb...
Ağ buludlar göy səmada
gün işığına boyana-boyana
seviniblər
sənin dünyaya gəldiyinə...
Bəlkə də min-min
çiçəyə xəbər aparıb küləklər...
Bəlkə o vədə
mənim də üz-gözümə
toxunan mehlər
səndən xəbər gətirib...
Mən heç bilməmişəm
nədən əhvalım...
çəhrayı təbəssümlü
ağ qızılgülün
ətrinə bələnib birdən...
Qızılgül qurudu
Sənə saxladığım,
sənə həsrət qalan qızılgül
qurudu...
Toz oldu ləçəkləri,
qəlbim qəmli-qəmli
sorğu-suala tutdu
gerçəkləri.
Dünyadan soruşdum ki,
dərd dolu sevginin mənası nədi?
üstümə yağdı, yer üzündən
nakam məhəbbətlə köçənlərin
kədəri...
Yeri ruhumun ruhu... yeri...
bilməm ki,
ölüyəm, yoxsa diri?
Xəbərim yox, bu aləm
indi hansı gündədi...
Aldanıb yar bildiyim gözəl!
mən heç vədə demədim
çəkdiyim müsibətin
günahı tək səndədi!..
Sübh üzünün bir üzü
şəfəq-şəfəq ağlayır,
əlindən tutammadın,
əlim matəm saxlayır.
Bunu sənə deməzdim,
qəlbim sözə baxmayır!
Gülüm! ruhum!
ömrüm ağrıyır...
İncə xətlər
İncəlik hər vədə bir gözəllikdir,
Yar öldürür məni çox incə-incə,
Deyir incə xətlər var aramızda,
Əlinə bir xəncər alır çox incə.
Yolunu gözlədim illər uzunu,
Şükür, bu dünyada gördüm üzünü.
Bəxtimin bu doğma, ya tərs üzümü?
Tilsimə düşürəm onu görüncə.
Şeirin diliylə danışır dünya,
Onun hər hökmüylə barışır dünya,
Sevgilimsən desəm, qarışır dünya
Hirslənir, sözümüz ora gəlincə...
Bu incə xətləri kim çəkib belə?
Sevda boy göstərir kövrək qəm ilə.
Ümid mənə deyir, yar gülə-gülə
Silər o xətləri bir gün gizlincə.
Vədəsində
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində,
Ögeylik ömrümə olmuşdu qənim
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır, karıxma belə,
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.
Sən haqqa aşiqsən, mən sənə lələ,
Sübhdə bal arısı qonmaz hər gülə,
Üzündən birçəyi tez ol, dəstələ
Ömrümə gülümsə tez, vədəsində.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!