Yol üstə toy - Barat Vüsalın şeiri

 

Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, şəhid olmuş bir əsgərimiz döyüşlərə yollananda, bir yol üstə sevincindən öz toyunda oynayırmış kimi oynamaq istəmişdi və oynamışdı.

 

Başladı savaşlar savaşı, dedi,

Qardaş, bir maşını yavaşıt, dedi,

Mən burda bir "Cəngi" oynayım gərək,

Lap babalar həngi oynayım gərək!

 

Nə gözəl oynamaq yeridi bura,

Qarabağa gedən bax, bu yol üstü...

Qanlı döyüşlərə yollanmamışdan,

Burda bir doyunca oynamamışdan

Mən hara gedirəm, hara, əlüstü?!

Maşın dayanmamış sıçradı yerə,

Vurub çəkməsini biri-birinə,

Vurub əllərini biri-birinə,

Əsgər toy havası çalıb oynadı.

Biz onun ağrısın alana kimi,

Bizim ağrımızı alıb oynadı.

 

Getdi döyüşlərə nərildəyərək,

O əsgər bir azman Diviymiş bəlkə?

Oynaya-oynaya döyüşə getmək,

Özü də bir döyüş növüymüş bəlkə?! 

           

Düşmənin üstünə mərmi yağdırdı,

Tez-tez yerə dəyən ayaqlarıyla.

Özü də nə yaxşı oynadı, baxın!

Dağlarla, daşlarla verib baş-başa,

Səngərlə yanaşı oynadı baxın!

Dönə-dönə oynadı,

Yenə oynadı...

Yenə oynamaqdan doymadı, baxın!

Özü yox, ürəyi oynadı sanki,

Nə həkət çıxartdı hər oyunuyla.

İndidən yol üstə döyüşə girdi,

Kişi oyunuyla, Ər oyunuyla!

 

Yol üstə toy səsi bürüdü Ərzi,

Əsgərə qoşulub qol qaldırmağa

O Tayda qol açıb bu Taya gəldi.

Qollar havalanıb, yollar yığışıb,

Yol üstə çalınan o toya gəldi! -

 

Belə xidmət etsin xidmət eyləyən,

Vətənə, istərəm, yurda, istərəm.

Belə olar igid,

Mərd olan, bəli!

Bir heykəl ucalsın burda, istərəm,

Sevincdən oynayan əsgər heykəli!

 

Bu yolun üstünü el məhəbbəti,

Doldurub, boş-bekar qoymayacaqdır.

Əminəm, o əsgər necə oynayıb,

Heykəli də elə oynayacaqdır!

 

Əsgərim, ölsən də, qələbə çaldın,

Oyna! Çox yaraşır oynamaq sənə!

Mümkünmü sənintək heç oynamamaq,

Mümkünmü heç heykəl qoymamaq sənə?!

 

...Oynaya-oynaya döyüşə gedən,

İgidlər, oğullar beşiyi vətən!

Sənin də haqqındı...

Sən də dur, oyna!

Bu gündən qol açıb gülmək, sevinmək,

Oynamaq vaxtındı...

sən də dur, oyna!

Necə oynamışdı oğlun yol üstə,

O qayda əl qaldır, o qayda oyna!

Oyna, Qarabağın toyunda oyna!

Uğrunda döyüşə girirmiş kimi.                      

Hər kim ki, oynadı...

onunla oyna!

 

Ey üçrəngli bayraq, ey şanlı torpaq,

Dur, başına dolan, boyundan doyma!

Oynadın qəhrəman oğlunla bir vaxt,

İndi şəhid olmuş oğlunla oyna!

İndi qazi olmuş oğunla oyna!

 

...Nə yaxşı vaxtında əl uzatdı, əl,

Əsgər əllərindən yapışa bildik.

Oynayan əsgərin heykəlinə də

Vətən, daha səni tapşıra billik!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!