Div boyda arzuların cırtdan ayaqları var... - Şeirlər. Nigar ARİF

 

 

Gecikmiş görüş

 

Bax belədir, əzizim,

Yol uzundur, zaman dar,

Hardan biləydik axı

Div boyda arzuların

cırtdan ayaqları var...

Xəyallar qura-qura

Ağlımız kəsmədi heç

arzular da gecikər,

birdən bizə çatammaz.

Bir gün şirin yuxular

daha yalan satammaz...

Böyüməyə tələsdik

uşaqlıq dura-dura

Nə gənclik yaşadıq ki,

özümüzü o dağdan

bu daşa vura-vura...

Bir vaxt fil qulağında,

oyandıq qəhqəhəylə,

Elə bil dan söküldü

əlimizdə qədəhlə...

Boylandı arxamızca

yük dolu karusellər,

Gülümsədi uzaqdan,

Londonlar, Brüsellər...

Öyrəşdik uçaqlara,

Kim nə deyə bilər ki,

indi bu qoçaqlara?

Gəzdik bütün dünyanı,

Nə sən bezdin, nə də mən

O cırtdan ayaqların

ümidindən yapışdıq,

Gec olsa da neyləyək

əsas odur, ölmədik,

evvəl-axır tapışdıq...

 

Bəstəsi mən, sözü sən

 

Bir dənizə dönmüşəm,

Ləpəsi sətir-sətir.

Dalğaların altında,

Balıqlar yallı gedir.

 

Bir dənizə dönmüşəm,

Şeirimin sahilində.

Kövrəlib sərt qayalar,

Günəş tutur əlindən.

 

Bir dənizə dönmüşəm,

Göyün üzünə qaçır.

Gəmi boyda arzular,

Sinəmdə yelkən açır.

 

Bir dənizə dönmüşəm,

Dəniz bəbəklərində.

Çaxılıram daş-qaşa,

İncə biləklərində.

 

Bir dənizə dönmüşəm,

Saçları yosun-yosun.

Zaman dodaqlarında,

Dincəlir uzun-uzun.

 

Bir dənizə dönmüşəm,

Bu dənizin özü sən.

Oxuduğu nəğmənin,

Bəstəsi mən, sözü sən.

 

İçimdəki səs

 

Bir səs gəlsə uzaqdan,

çağırsa gedənləri...

Axtarıb tapsa bir-bir

gözümdən itənləri,

qəlbimdə susanları,

dilimdə bitənləri...

Bir səs gəlsə uzaqdan,

Gəlsə, lap yaxın olsa...

İllərin dostu kimi,

Könül yoldaşı kimi

Keçmiş qayğılarımdan

Təzə qayğılaradək

gəlib dadıma çatsa,

əl tutsa bacım kimi,

Əlim çatmayanlara,

uzansa ümidlərin

boyu qardaşım kimi,

Bir səs gəlsə uzaqdan,

Gəlsə, lap yaxın olsa,

Evimdə-eşiyimdə,

Xoş günlər keşiyində,

dayansa atam kimi.

Arzular beşiyimdə

həzin bir layla çalsa,

oxusa anam kimi...

Bir səs gəlsə uzaqdan,

gedənləri çağırsa,

Gedənlər eşitməsə,

gedənlər qayıtmasa,

Bu səs məni də alıb,

kaş özüylə aparsa...

 

Sən də mənim kimisən

 

"Kaş"lardan corab hördün,

günlərimin başına,

Bir ayağın ilişib

bəlkələrin daşına,

Gözlərimdən, əllərimdən sürüşüb,

vərəqlərin üstünə

söz-söz tökülən ömür...

Ovcumun içində

qoca qırışlar kimi,

beli bükülən, ömür,

Sən də mənim kimisən...

sən də mənim kimisən,

Bir az cılız, balaca,

Əynimə geyindiyim,

bu köhnə pencəyimdə,

düymələrin yerindən

yersiz sökülən, ömür..,

Eh. Daha bir-birimizə

dar gəlirik dəyəsən,

Əl dayayıb ağaca,

dincəlmək istəyirsən,

Duz olub dizlərimə,

vaxtsız çəkilən ömür...

Ciblərimdə gizlənən,

beş qəpiklər kimisən,

Beş qəpik qalan, ömür,

Əlim sənlə doludu,

Saydım qəpiklərimi,

bir çörəyin puludu...

İndi sol yanımda

dərin bir nəfəs dərib,

az əvvəl yandırdığın siqaretin közünü

ayağınla əzirsən...

Dodağın yana qaçır,

Gülməkdən çox elə bil,

gülüşündən bezirsən,

başı dikələn ömür,

Bilirəm, düşünürsən:

"buna da şükür",

buna da şükür...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!