***
Bir də baş qoşan deyiləm
gecə ulduza, Aya,
Aldığım son xəbəri də
verdim getsin yuxuya.
Yatmamış instaqramdakı
hekayə nəydi - baxdım,
Bu arada votsapa da
barmağım dəydi - baxdım.
Baxmaqdan ağı qarışdı
gözümün qarasına
Tez uzandım... siqnal girdi
yuxumun arasına.
Düşündüm, görən O neynir,
hardan tapır dincliyi?
Gecə Ona,
gündüz Ona,
saat Ona işləyir!
Pəncərəmdə Günəş doğdu -
üzünə töküb telin,
Olan-qalan ağlımı da
qarışdırdı sübh yeli.
Uzaqda göy guruldadı
qəfil, yağış çilədi
Qalxıb fərman imzaladım,
hamını əfv elədim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!