Bu dünya qürbətdən nə qaldı yadda... - Şeirlər. Məmməd İSMAYIL

 

 

Günlərin birində...

 

Sənlər yoxa çıxır səni görüncə,

O sənlər içində bir sən varıydı.

Dünya fanisinə gəlmədən öncə

Sən elə hardasa irsən varıydın.

 

Varıydın... Qalmışdın gün saya-saya

Ömrünü gələcək vaxtdan aldılar...

Özündən xəbərsiz gəldin dünyaya

Ruhunu bədənlə tora saldılar.

 

Bülbüllər nə belə haray qoparır

Nə xəbər eşidib səhər yelindən?

Əzəldən əbədə çəkib aparır

Kim tutub, görəsən, vaxtın əlindən?

 

Boşuna getməz ki, qürbətə gedən

Nə qədər qalar ki, gəmi limanda.

Getdin, gedişini duymadı vətən

Döndün, tapılmadı qarşılıyan da.

 

Toxum göyərəcək əkən əkirsə

Yolunu gözləyər nur içində nur.

Unudulduğundan dərdmi çəkirsən,

"Bəndə unudanı Allah unutmur".

 

Gözəgörünməzlər gözə görüksə...

Uyuyar torpağın altında almaz.

Bir də ki, cevizin içi çürüksə

Üstündə qabığın mənası qalmaz.

 

Vaxt paltar misalı qalmaz əyində

Gələcək duymaz ki, keçmiş vaxtları...

Quşlar caynağıyla yer eşməyində

Hərə bu dünyada nəsə axtarır.

 

Dünya fanisini bölüşər, bölər

Torpağa qovuşan kiçik bir dən də.

İlan qabığından çıxmasa ölər

Bəs ruh neyləsin köhnə bədəndə.

 

Günlərin birində yolların üstə

Çıxar qismətinə dərdin ənindən;

Vədəsi çatdımı ayrılmaq istər

İlan qabığından, ruh bədənindən...

 

 

Keçmək

 

Və... beləcə

gözləri kor, qulaqları sağırlarla dolu

Bu Bakı küçələrindən

Dodağa gəlməsi müşkül

səs kimi keçmək.

Gözə görünə-görünə

Gözəgörünməz kimi keçmək

Öləziyən şam,

Bir qərib yolçu, qərib axşam kimi keçmək.

Doğmalar arasından

Yad oğlu yad kimi keçmək

Otuz yeddinci illərin dolaylarından

XXI əsrin dolaylarına

Hüseyn Cavid, Əhməd Cavad kimi keçmək...

 

 

Şükür

 

Evrən dənizində məchul bir ada...

Gəlirdin, gəlişin doğmaydı yada,

Könüllər Tanrıda, əllər səmada

Ata da şükürdü, ana da şükür.

 

Dərindən dərinsə düşdüyün quyu

Allaha təvəkkül edib də uyu

Sən susub dursan da şükür oxuyur

Düşdüyün daş-divar, bina da, şükür.

 

Hər kəs öz işində, niyə mən demə

Dərdini dəsən də ürəkdən demə

Sınağa çəkilmək buymuş sən demə,

Qədərlə düşdüyün inada, şükür.

 

Nə haqqa asi ol, nə özünü yor

Qızsınmı qaranlıq dünyalara kor

Dərdlər görərsən ki, sağalması zor

Şükür oxuyarsan buna da şükür.

 

Hələlik deyimmi nəymiş hələlik

Çatmaz harayıma poladdan çəlik.

Nə günə saldın ki, məchul xətəlik

Şükür oxuyuram sana da, şükür.

 

 

Bu dünya qürbətdən

nə qaldı yadda

 

O nə yollar idi çıxdın səfərə

Yolunu gözləyən nəydi yarında?

Səksən illik ömrün getdi hədərə

Söndü əsrlərin dolaylarında.

 

Açdı ayağını yol uzaqları

Sənə danışmağa dillər öyrətdi.

Başından keçməyi payız çağları,

Başını itirən yellər öyrətdi...

 

İllər arxasında qaldı gəncliyin

Qaldı ortalıqda orta yaşın da.

Hardasa didərgin düşdü dincliyin

Amansız bir ömür, gün savaşında.

 

Niyə inlədirdi aşıq o sazı

Tarçı çılınladırdı o tarı niyə?

Sirliydi alnına yazılan yazı,

Haçaydı durnanın qatarı niyə?

 

Əlin işə yatmaz, gözün gözlüyə

Gecələr qəhətə çıxar yuxun da

Kövrək qocalığın qışı gözləyər

Pərişan payızın qonşuluğunda.

 

Bu dünya toruymuş, tələymiş məgər

Hər yanda tuzaq var, hər yanda pusu.

Bizi asta-asta ölümə çəkər

Bizimlə yaşayan ölüm qorxusu.

 

Seçənlər seçibmiş gəldiyin yeri

Oxuyan bəxtini oxumuş sənin

Axırda bildin ki, Allahdan qeyri

Heç kimin, heç nəyin yoxuymuş sənin...

 

Ya adna axşamı, ya da ki, cümə

Naməlum gələcək, məlum gələcək

Yəqin, son anıma, son görüşümə

Hamının önündə ölüm gələcək...

 

Bu dünya qürbətdən nə qaldı yadda

Geriyə boylanıb baxsan min kərə:

Köhnə iş otağın ikinci qatda

Gözləri yol çəkən küskün pəncərə...

 

 

Kim çəkəcək qış şəklimi...

 

Hayana baxsan

Tanrının şəkli -

dünənin, bu günün,

yarının şəkli...

Ömür albomumu hazırlayanların

Əlləri boşda;

Yetimlik çəkdi gözlərindən

            nisgil yağan yaz şəklimi.

Nə şəkillər və nisgillər qalıb

Ömrün yayından.

Dardanel boğazı bomboş

Yarıbikef, yarımeyxoş Egə suları

Payız payından.

Əsrikdə

Hər yan başdan-başa həsrət iqlimi

Çəkmək qəbirqazanlaramı qaldı

Qış şəklimi?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!