Tunay
Bütün nəvələrə
xoşbəxtlik arzusuyla!
Həsrətlər çəkdim nə ki!..
Günlər ötdü, ay oldu;
Üç oğlumdan sonrakı
ilk nəvəm Tunay oldu...
Ümid dalınca qaçdım,
Çatdı həsrət sonu da;
Bir qız arzulamışdım;
Tanrım verdi onu da.
Böyük oğlumun qızı -
Qaranlıqda nur - Tunay.
Arzumun dan ulduzu,
Köksümdə qürur - Tunay!
...Qoca, xəstə atama
bacılarım baxanda,
anladım qız nə demək -
Çətində əldən tuta
zərif, müqəddəs kömək!..
...Çağıranda, uçunub
qucağa gəlməsə də,
Danışıb-gülməsə də,
"ötüb" - sevinir Tunay.
Hələ dil bilməsə də,
Dünyanın anladığı
"dillər"də "dinir" Tunay...
Üçaylıq körpə ikən
sığmır heç ev-eşiyə...
Bizi səfərbər edir
özünəcə keşiyə...
Cikkəsi, uğultusu
çağırış əminimizdir.
"Simfonik" qığıltısı
Ailə himnimizdir!
Bu da Şuşa!
Bir vaxtlar saralıb-soldun...
Öldün... haşa, ay Nəğməkar!..
Tək əldən səs çıxmaz... oldun
qəmlə qoşa, ay Nəğməkar...
Yollar yoluna bağlandı...
Qollar qoluna bağlandı...
Çağın uluna bağlandı,
Ömür yaşa, ay Nəğməkar...
Bu tale naxışdı, güldü,
Həsrət həm ocaq, həm küldü.
Qürbətdə "Xarıbülbül"dü...
Aça kaş, a, ay Nəğməkar!..
Dözdü quruyub, yanası
Cıdır düzü, Topxanası...
İsabulaq - döş anası
Axdı boşa, ay Nəğməkar...
Ümid halın hala gəldi;
Şəhid-şəhid qala gəldi...
Torpaq istiqlala gəldi,
İşğal başa, ay Nəğməkar!..
İnam igid, ərdən keçdi,
Sevgi hər nəfərdən keçdi.
Səfərin zəfərdən keçdi,
Oldun paşa, ay Nəğməkar!
- Düşdük bəd qışa - deyirdin...
Dərdini daşa deyirdin...
Nisgilim Şuşa... deyirdin,
Bu da Şuşa, ay Nəğməkar!
Dərdə dibsiz dərya deyən dildar, ey!
Mənzum dua
İstər nökər, şah olsun,
İstər fəryad, ah olsun...
Min fərddən nicat umma,
Sənlə bir Allah olsun!
Təkəri Yer şarı yol çantaları -
Uzaq yolçuların hal yoldaşları.
Bir əldə "sirab"ı, ya "fanta"ları
Suçamı susayıb pürğəm başları?!
Uçaq meydanında uçunan ürək
Girinc göynəklərin təzyiq yüküdür.
Tənsiz tansiona sakitlik gərək,
Dalğınlıq, alğınlıq qafa bürküdür.
Dərd şimşək qanadla çaxır göylərə,
Havada fırlanır ağrı pərləri.
Təbiblər töhfəsi inad səylərə
İnam əl bağlayır hünərvərləri...
Ərşin arşınında dövrə qəsdi nə -
Yelləncək təyyarə, diyircək dünya?!
Dolanar qəm tiyə iyin üstünə
İplik düyçə kimi əyircək dünya.
Yerdə yağrı basan səqfə sürünər,
İlac ulduzları sönməsin barı.
Gecə Ay işıqlı yola bürünər,
Yol da yol yolundan dönməsin barı.
Uçar xəyalım da qoşa qanadlı,
Uca ümidlərə, ön an geriyə.
Qalxan qəti qayəm çılğın yel atlı
Dönə sevincimə, könlüm kiriyə.
Müjdə sərnişinli hava gəmisi
Enə həsrətimin təşnə qoynuna.
O dua qolları - dəva hamisi
Sarıla uçağın qutsal boynuna.
Üfiqlər od ala dualarımdan,
Ayətim arzumun can yeri ola.
Qalam qibləm ilə üzbəüz an-an,
O can canım üçün dan yeri ola!..
Sevgi yoxsa, qalan nə var daş-divar;
Bu dünyanı başımıza bil dar, ey!
Min dərd varsa, min bir də çarəsi var,
Dərdə dibsiz dərya deyən dildar, ey!..
İlğım pərdə çəkər gözümə qan-qan,
Soraq ibadətim, sidqim də pakdan.
Məqamın yazdığı tarixlə ünvan -
Şifa İstanbuldan, dilək Bakıdan...
Gözüm yol çəkirkən yol məni çəkir,
Çəkdiyim yüz fikir bir borca dəyməz.
Uçaq enişində bir qartal səkir,
Bu vüsal, inşallah, alnımı düyməz!..
Üzün güldü!..
Üzün güldü, Günəş doğdu üzümə,
Gülümsəyən aləmə bax, sirrə bax!
Ürəyindən işıq düşdü sözümə,
İndi sənə yazacağım şeirə bax!
Bu şeiri sən yazdırdın, sənindi,
Payız önü sən yaz durdun, sənindi...
Hər misraya üz tutanda sən indi
Gözün sözü qamaşdırar, yerə bax!
Şux nəzərin - can odamın qalası,
Talemdə od xatirəsi qalası!..
O baxışdan doyan namərd balası;
Bax, bax yenə, bax, elə min kərə bax!
Sən hər zaman belə boylan, belə gül,
Elə tutqun bulanma gəl, belə gül,
Açmamışdı heç könlümdə belə gül,
Bu sübh çağı onu açan birə bax!
Şairlər
Keçər ən sərt qışlardan,
Yazdan keçməz şairlər.
Sevdalı baxışlardan,
Nazdan keçməz şairlər.
Uçqun zirvəyə uçar -
Min bir əzaba düçar...
Yeni, çətin yol açar,
İzdən keçməz şairlər.
Tanrısı göz olmasa,
Özlüyü öz olmasa...
Düzlər də düz olmasa,
Düzdən keçməz şairlər.
Ətəyi daşdan atar,
Sübhdən, obaşdan atar...
Çox fikri başdan atar...
Azdan keçməz şairlər...
Vətən közü odlayıb,
Kamanlayıb, udlayıb...
Məndən, səndən adlayıb -
Bizdən keçməz şairlər.
Ay ötüb, gün tutarlar,
Hər dərddən ün tutarlar...
Dərinə yön tutarlar,
Üzdən keçməz şairlər.
Keçər ümid danından,
Vaxt-vədənin anından.
Keçər əziz canından,
Sözdən keçməz şairlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!