Yuxu uçqunu
Sən yuxuda ikən
yuxundan oyansam,
gözündəki bir damla
dənizə dönüb daşsa,
mən də göyləri
dəniz sansam,
yer ayağımız altından
qaçmazmı?
Sularda yuyunan külək
bu qədim düşərgəni
başımıza uçurmazmı?
Kim xilas edər bizi
bu yuxu uçqunundan?
Yuxumda dəniz görünür,
sahilində
bir ağbəniz görünür,
xatirələr sularından daha dərin,
üfüqündə Ay kimi
saralan üzün...
kor qayalar görə bilməz
üfüqdə batanları,
qayaların yuxusunda
daşa dönüb yatanları
Günəş də oyada bilməz...
sənin yuxundan oyana bilsəm...
Yaddaşın dörd fəsli
Yaddaşın payızında
saralan xatirələr
qopub düşər
ömrün budaqlarından,
xatirəsiz qalarsan,
ömür də çılpaqlaşar,
qış ömrün oğlan çağında
don vurar ümidləri,
ruhun üşüyər, üşüyər...
Yaza çıxmaz arzular,
günəş it-bata düşər
yayın cırhacırında,
alnındakı yazını
Tanrı yazıb,
çiynindəki mələklər
üzünü köçürürlər...
Qəlbin heç vaxt boş qalmaz,
sevinc gedər, qəm gələr,
bu Allah qonaqları
ömrü ikiyə bölər,
birinə azı düşər,
birinə çoxu düşər...
Yaddaşının qışında
kirpiyinin ucunda
xatirələr sırsıra bağlar,
azca soyuqdəymədən
hərarətin yüksələndə
qopub düşər,
kirpiklərin qapanar...
Partizan sevgi
Qürub çağı
kölgəsini biçirəm yorğun ağacın,
qürub çağı
uzunluğunu ölçürəm günün, saatın,
ayaqlarımı sürüyüb keçirəm
vaxt körpüsündən,
ancaq keçə bilmirəm
sənin üzündən...
vaxt məndən belə öc alır,
gəncliyin şirin neməti
gözüm önündə qocalır...
O üzdə ayrılıq bal dadır, gülüm,
bu üzdə nəğməmiz
bir qırıq valdadır, gülüm.
Ürək heybəsinə bu uzun yola
bir çimdik sevinc qoymuşam,
bir tikə təbəssümündən,
ikimiz birlikdə keçirik
həsrət düzündən...
Körpü vəfalıdı,
çöl vəfalıdı,
mənə torba tikən
vaxt vəfalıdı.
Biz körpünü keçən kimi
partladacaq onu
bir sevgi partizanı!..
Adsız qadın
Etibarsız qadının
oğlu oldu,
adını Etibar qoydu,
qızı oldu,
Vəfa adı verdi ona.
Özü çevrildi adsız qadına...
Kimdənsə eşitmişdi:
Adlar
insanın taleyinə çevrilir nə vaxtsa...
Özü taleyindən qaçaq düşmüşdü
nə vaxtsa...
bəxt körpüsündən keçəndə
ayağı sürüşmüşdü,
üstündən adı düşmüşdü,
adsız qalıb üşüyürdü
etibarsız qadın,
vəfasız qadın...
***
Bu uşaq qartopu oynamaq istəyir,
qışı daşa basmaq istəyir,
qar isə yağmır ki yağmır...
Adamlar, yollar, atlar, bayquşlar, itlər
Azğın atların qamaşan nalları altında
unudulmuş kəndlərə uzanan
torpaq yollar
qəflət yuxusunun tozunu çırpır,
başqasının yatağında
başqa adla uyuyan tənbəl sərsəri kimi...
yoxluğun varlığa çevrildiyi,
ümid bulağından içib həyata qayıdan yollar,
atların ayaq səsini eşidincə
təkr etdi bu yerləri kor bayquşlar,
ac qalmış itlər atlara cumdu,
atların üstündə adamlar vardı,
itlərin ağzı yandı,
itlər adamlar tərəfindən zəncirləndi,
aclıqdan qurtuldu itlər,
tapdandıqca sevindi yollar...
Adamlar,
yollar və atlar
azdırılmış həyatı kəndinə qaytardı...
Öncəgörmələr
İlhaməyə
Yuxun bərkə-boşa düşür,
Uşaq kmi ağlayırsan,
Səhər durub yastığını
Yaş görürsən.
Sənin yuxuna
Heç vaxt baş verməyəcək
fəlakətlər sızır,
bədənin zəlzələöncəsi
yer kimi titrəyir, qadın.
Bir dəfə yuxuda
Fil görmüşdün,
üstünə su püskürürdü,
Demişdin evimiz olacaq.
Oldu.
Sənin timsalında
inandım möcüzələrə.
Sən əməli-sahel adamsan,
bəlkə də yuxunda Tanrını görən
yeganə qadınsan.
Sentyabrda demişdin:
noyabrda Şuşaya bayrağımızı sancacağıq!
Çoxları sənə inanmadı,
Oktyabrda dözməyib bunu yazıya çevirdin.
Sonra: hər kəs bu yazını oxusun, - deyirdin.
Bütün müqəddəslərin ruhları
Cıdır düzündə idi.
Yazıya pozu yoxdur!
Mən yuxularımda
Keçmişi görürəm,
sən gələcəyi!
***
Mənim içimdə
bir cavan oğlan,
bir tənha qoca var,
cavanın sevgiyə,
qocanın mərhəmətə
ehtiyacı var...
***
Bu dəyişməyən mənzildə
yerin rahatdımı, ana?
Yaylıq da yoxdur cibimdə,
göz yaşımı daşla silirəm, ana...
səndən sonra
çox mənzillər dəyişdim,
hələ də rahat deyiləm,
axır aramızdan vaxt çayı, axır,
donuq baxışların
ardımca baxır,
mən bir gün gəlməsəm,
narahat olma,
məni gətirəcəklər sənin yanına,
o zaman kimsə bizi
ayıra bilməyəcək,
hələlik, ana, görüşənədək...
Ekspress qatarında
eksperimental mozaika
"Qəzəb salxımları"ndan çəkilmiş
"Gürgan şərabı"ndan içib
unutdum "Bulanıq dünya"nı,
"Fələk qırmancı"nın yaralarını,
"Tarix və tale" oyununda
taleyə uduzdum,
"Fəlsəfi oyunlar"la yola verdim həyatı,
fəqət "Yaşamaq yanğısı"
məni tərk etmədi,
arada sözarası
məsləhət verənlər də oldu:
"Ürəyinin apardığı yerə get",
Tanrıya ibadət et,
"İçimizdəki şeytan"a uyma...
"Həyatın dibində" gördüyün "Səfillər"i,
onların həyat tərzini,
bir vaxtlar sən də
onlardan biri olduğunu unutma.
"Tənha"lığın damında ulayan
"Kor bayquş"a inanma,
"Ölülər"in "Qiyamət" günü
"Dirilmə"sinə inan...
"Yaddaş kartı"ndakı "Pozuq fotoşəkillər"
sənə xatırladar faniliyin əyaniliyini,
"Daş evlər"də sona yetər "Ömür kitabı"n.
Düşünərsən:
"Fironun dəftəri"ndə
niyə Musanın adı yoxdur?
Axı qoca tarix deyir ki,
"İsanın qadını" yoxdur...
"Yeraltı külək"lər səni
"Metro vadisi"nə gətirib çıxarar,
"Qan-tər içində" enərsən
"Nəfəs yelləncəyi"ndən,
qalarsan "Yenə iki od arasında",
bu an "Sehrli dağ"ın
qımıldandığını eşidərsən -
"Və dağlardan səda gəldi"!
"Tanrı dağları"na xoş gəldin!
"Axirət sevdası"
"Tərsinə addımlayan kölgələr" kimi
təqib edər səni,
səni, məni...
Mən "Günah keçisi" deyiləm axı,
bəs niyə "Günəşə sarı gedəndə"
gözlərim yenə arxada qalır?!
Və...
"Tanatos mehmanxanası"na
zəng vurub deyərsən:
- Lütfən, mənə bir "Otel otağı" ayırın.
Yenə və...
orada "Mehmanxana sahibəsi"nə
aşiq olarsan,
səninçün "Həyat" yenidən başlayar...
Sehrbaz təbiət
Mən gülüşümü
qapının çölündə unutmuşdum,
eyvanda durub dənizə baxanda
gülüşünü dalğalara atıb-tutan
adanı gördüm,
təbiətin bu sehrbazlığı
itmiş təbəssümü
üzümə qaytardı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!