Dairəvi suallar
Bir gün
bir küçə darıxar yol üçün,
bir səki, - qaraltı...
Bütün fikirlər çarpaz kəsişir
dairəvi yolayrıcındakı
paralel xətləri seyr edərkən mürgü içində.
Oyaqsansa fikrini,
yatmısansa yuxunu qat, adam,
zənn etmə ki, mənəm səni gözləyən...
Ya da zənn et, nə fərqi,
bir cüt göz dolusu boşluqdursa kainat?!
Konturu tükənmiş telefonla
zəng etmə ki, gələcəyəm,
ya da zəng et,
çatmırsa çatmır, nə qəm...
Əslində o qaraltı mən deyiləm,
yəni gözləyən.
...Və kvadrat gözlərini açıb
seyr et dairəvari dünyanı, -
boşluqlarda da yaşamaq olurmuş
baxıb-baxıb sonsuzluqlara...
...Yaşamaq olurmuş boşluqları...
Dayanmışam üzü divara
anlaya bilmirəm, bu küçə hara,
bu yol hara,
bu divar hara...
...Mən hara?
Gül kimi söz
Dünya bahalıqdan qovrularkən
sözün ucuzuna qaçır adamlar.
Hikmətin axşam bazarıdır,
xarablarından şirə çəkir eşşəkarıları.
Üfunət iyi gəlir
sözü zibilqabına atanların fərəhindən...
Bir azdan biri
tənqid adına tərif deyərək qurdalayacaq
nəsə tapmağa turşumuşların arasında...
İndi söz bazarında üç şey daha çox hakim;
- kasıbçılıq,
- ucuzçuluq,
- keyfiyyətsizlik...
Həzzin şit yerində artar kiminsə bomj iştahası,
kim nə atarsa atar öz "xəzinə"sindən zibilliyə,
Kim nə taparsa tapar qurdaladıqca...
Birinin yükü yüngülləşər,
digərinin gözü doyar.
Bəlkə nə vaxtsa ucuzluqdan qurtular söz,
gül açar zibilqabıların yerində nə vaxtsa, bəlkə...
Bir ömür belə
Söndü işığına can atdığım şam,
Zülməti kösövlə aldatmaq olmur.
Hər gün bir az da çox təklənir adam,
Daha şeirlə də baş qatmaq olmur.
Tale də adamı pis sıxır küncə
Gərək ürəyi də qoyasan dincə.
Bir gün arxasınca, bir gün önüncə,
Nə qədər qaçırsan, qaç, çatmaq olmur.
Heç nə, cavanlığı verdik ta fötə,
Düşdü ömrümüzün düz yolu şötə.
O qədər doğma var özgədən ötə,
Nə sinəyə çəkmək, nə atmaq olmur.
Elə doğru var ki, düşməlisən qac,
Sən ondan doymusan, o sənədir ac.
Bu elə bazardır, o elə hərrac,
Düşmən almaq olmur, dost satmaq olmur.
Bir gün qəza gələr, iki gün qada,
Verdik çiçək ömrü gül kimi bada.
Narahat yaşadıq nahaq dünyada,
Heyif, haqq dünyada dinc yatmaq olmur.
Yaz axşamı payız şeiri
Sabah tezdən yağış yağan üfüqdə
axşam batmaqdadı günəş,
günorta isə üstünü çırpmışdı
gözü şehli cəmənliyə yemişan kolu.
Bilmək olmur nə zaman ötəcək torağay,
"hop-hop" quşunun nəğməsi
bir topa bulud deyil ki, köç edə şərqdən qərbə.
Çiynimə yarpaqqurdu düşmüş fıstıq ağacından
sürünür qolumaşağı yığılıb-açılaraq...
Anlamadım,
hansı ağacla səhv salmış məni...
Oysa ki,
ömrümün payızındayam bu yaz axşamı.
Mən,
ancaq xəzəllərə salam apara bilərəm
gözlərimin alatoranında yosunvari.
Kölgələrin öləziyən çağıdır şər qarışan vaxt,
Günəş şəfəqlərini yığmış yer üzündən,
çox uzaqlarda bir dalğın bulud
ağuşuna almaqdadır sonuncu qızılı şüaları...
Gedəcəyim səmtə üz tuturam əl havasına,
nə şimal, nə cənub? -
bilirəm,
çox gözəl bilirəm,
bütün yollar qüruba çıxır hansı yönə üz tutsam.
Bir azdan
qaranlıq çökəcək yarpaqların yuxusuna...
...Və mən əllərimi yumacam bir ovuc sükuta.
Bir də...
sabah olacaqmı, Tanrı bilər!
Yoxun şeiri
Daha unutmaqlıq bir dərdimiz yox,
Nə də ağrısı var unudulmağın.
Başını buraxdım ömrün yellərə,
Fikrini çəkmirəm bir çəm bulmağın.
Sabah günəş doğmaz, axşam düşməz şər,
Güvəndiyim dağa qəfil çən gəlməz.
Gözümdən, könlümdən keçib gedənlər
Daha əllərimin içindən gəlməz.
Gözümün işığı zülmət kimidi,
Dönər öz yerinə qolay gecələr.
Çıxarıb atmışam eynəyimi də,
Nə ulduz araram, nə Ay gecələr.
Ayağım altına düşüb ucalar,
Gözlərim aramaz bir də hul-filan.
Deyirlər son anda yenə ümid var,
Yox e, axtarmıram stimul-filan.
Gücümdü tükənən gördüm ki, son gün,
Nə o bilək qalıb, nə də o diz yox.
Səbəb də qalmayıb cığallıq üçün,
Daha unutmaqlıq bir dərdimiz yox.
Üzü qüruba şeir
Batırsansa, nə fərqi var, - dənizdimi, səhramı...
Cəsədinə daraşacaq ağ qarışqa, ağ balıq...
Dərya olsun, ya bir damla boğulmağa, ya da qum,
Su içində kim geyinir ümidindən arxalıq.
Qurtulmağa kömək olmaz xilasedici kəmər,
Ümmanlarda ağ dəvə var, səhralarda ağ gəmi.
Heyrət etmə susuzluqdan pörşələnsə dalğalar,
Ürəyindən keçən nədir, - odda buzlu kilkəmi?
Bəlli deyil bu dünyanın üzüləni, üzəni...
Bir damla su, bir dənə qum olduğum.
Tanrı necə yaradıbsa yaşarıq bu düzəni.
Su üzündə şəkil qalmaz, şəkil altındasa qum.
Fırtınalar qopacaqsa çəkinməyə səbəb yox,
Mənim canım torpaqlıqdır, nə suluqdur, nə qumluq...
Səhralardan, dənizlərdən keçməsəm də sinəmdə
Daşıyıram ürək boyda vətən adlı sorumluq...
Gücüm çatsa ümmanlarda üzməyə,
Qanad tapsam ənginlikdə süzməyə...
Dizimdə güc, - səhralardan keçməyə...
Canımda tab, - özümə yurd seçməyə...
Ürəyimdə sevgi çağlar batmağa,
Səbrim çatsa son arzuya çatmağa…
...Və batmaqsa, qərq olaram özümdə...
Qarışıq şeir
Bir az havasızlıq var çəkisizlik içində
Görünür, sinən altda bir ağrılıq ürək yox.
Gileylənirsən: - hanı itirib-axtaran kəs,
Şübhələr arasında sən arayan o şəkk yox.
Ayın neçəsi idi ən zülmətli gecənin,
Ulduzları seyr elə sərt üzü sərxoşluğa.
Cazibə qüvvəsinin dəyişib kəmiyyəti,
Göy üzündə buludlar axışmada boşluğa.
Yox, daha yıxılmağa qalmamış başqa çəm də,
Söykənib kölgəsinə yastı-yapalaq damın.
Qaraltısı qeyb olur...
xilasıdır şər vaxtı,
İşıqların düşməsi toranına axşamın.
Ümid adına heç nə közərtmir əl fənəri,
Hər kəs kölgəsiz çıxır sabahına birtəhər.
Düzü, bilmirəm nədir gözlədiyi çoxluğun,
Sənin üçün tənhalıq ünvanıdır bu şəhər.
Arzularla olanlar üst-üstə düşmür çox vaxt,
Bir qədər sən höcətsən, bir qədər həyat çətin.
Barmaqarası axır zaman lilli su kimi,
Ovucla içmək olmur sükutunu heyrətin.
Canın sıxıntısıdır doğmalıq sifətində,
Axır ki, dönə bildin bu dünyanın yadına.
Özünü itirməyə gərək yoxdur darıxıb,
Bir qəriblik dolaşır küçəboyu adına.
Sonacan kim yaşadı qulağı dinc, əli dinc,
Öz dilin olacaqdır öz düşmənin, - nə bəlli?!
Bu dünyada əvəzsiz nə kədər var, nə sevinc
Sən kiminsə qınağı, kimsə sənin, - nə bəlli?!
Ən xırda şübhədən də qəlbə düşər qara xal,
Qəlbində qar yağanlar durmaz ocaq başında.
Ürək titrər, bilinməz, amma duyular dərhal,
Bir çiçəyin əsməsi gözlərinin yaşında...
Çoxu çoxdan unudub ağ günlərin rəngini,
Adamların üzündə qayğıları nur olmur.
Bir sümükdür, bir dəri qeybət üçün qaraltı,
Nə vaxtdır ac itləri susdurmaq olmur, olmur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!