Söz ilahi eşqdi, söz adi şəhvət... - Şeirlər. Faiq Hüseynbəyli

***

Ürəyim bir eşqin piri, məbədi,

Açıqdır pəncərəm, odam adama.

Kimsə anlamaz ki, dilimdən mənim,

Doğmayam Allaha, yadam adama.

 

Başımın üstündə şeirdəndi dam,

Mən adda piyada, atlı min adam...

Var bircə istəyim, var bircə duam,

Dəyməsin qoy ağrım-qadam adama.

 

Dünyaya səs salıb füsnkarlığı,

Bu geniş dünyanın nədir darlığı?

Hər dəfə gördükdə ali varlığı,

Gülərüz, sevincək, şadam adama.

 

Bu yolun sonunda əyləyimmi mən,

Solan çiçəkləri iyləyimmi mən?

Dayanıb yanıltmac söyləyimmi mən

Bu ağac adama, badam adama?

 

Hər kəsin deyəsi sözü var əlbət,

Söz ilahi eşqdi, söz adi şəhvət...

Yağışa çevrilə sevgi-məhəbbət,

Gözündən, könlündən dama adama.

 

Nəğməyə çevrilir sətir əllərin,

Buludlar içində itir əllərin.

İslanmış bəxtinə çətir əllərin -

Üstünə leysanlar amma a dama...

 

Bu ruh bu bədənə gəlmədi, ey dost,

Ruh getdi, nə yaxşı ölmədim, ey dost.

Mən gölə çevrilə bilmədim, ey dost,

Sən qal yağa-yağa, qal dama-dama.

 

Arzular yağışdı, adam islanır -

Arzular ilğımdı - yanında sanır...

Uzaqda bir damın işığı yanır,

Saxlayıb sabahı o dam adama.

 

Getmə, qaragözlüm, getmə dərinə,

Bu ömrü kim sürər sənin yerinə?

Kədərim əkizdi hər kədərinə,

Bu qədər oxşamaz adam adama.

 

***

Dünən sıxıb göz yaşımı balınca,

Ağlamışam uşaq kimi, qayıt gəl.

Öpüşlərin dodağımda, üzümdə

Pambıq kimi, yumşaq kimi, qayıt gəl.

 

İçək sevgi şərabını, xumarlan,

Eşq misalı, ətlə dırnaq, damar-qan...

Sığalımla qollarımda tumarlan,

Pişik kimi, vaşaq kimi qayıt gəl.

 

Dayanmışam əlimdə bir Sur ilə,

Sənsiz keçən günlərimi vur ilə.

Gəl, aydınlat zülmətləri nur ilə,

Gözlərimə işıq kimi qayıt gəl.

 

Aman-zaman gümanın yox bu eşqdə,

Məndən özgə pənahın yox bu eşqdə...

Sanki sənin günahın yox bu eşqdə,

Süddən çıxan qaşıq kimi qayıt gəl.

 

Qalmayıb ki, şairində hal indi,

Çəkir sənə bu ruhumu yol indi.

Sıx köksünə ürəyimi, çal indi,

Qayıt ey yar, aşıq kimi qayıt gəl.

 

Bağlamağa tələsmə bu kitabı,

Eşqin ilə başlayıram xitabı.

Dilə gəlib sevgilərin rübabı,

Mahur kimi, üşşaq kimi qayıt gəl.

 

Qayıt mənə özün kimi, sən kimi,

Yollarıma duman kimi, çən kimi.

Ahıl vaxtı saçlarıma dən kimi -

Ömrümə yaraşıq kimi qayıt gəl.

 

Bir tən imiş, bir can imiş bu Faiq,

Öz dərdinə sultan imiş bu Faiq.

Dur qəsdinə, düşman imiş bu Faiq,

Bir dost kimi, aşiq kimi qayıt gəl.

 

***

Şair, sevgi dediyin adama qanad verər,

Hər qayğıya satmazlar.

Adam sevgi sözünə nəfəs verər, dad verər,

Yarı yolda atmazlar.

Bu dünyada nə varsa, öz adıyla çağrılar,

Malı mala qatmazlar.

Nə qədər dərin olsa bu qüssələr, ağrılar,

Qəm gölündə batmazlar.

Vədlər uymaq üçündür, yalanlar qucağında

şirin-şirin yatmazlar.

Ayrılıq bir sükutdur, ömrün payız çağını

Söz ilə ovutmazlar.

Xəyanət dediyin də sənin gördüyün deyil,

Əl üstündə tutmazlar.

Xəyanət qüruruna əmr eləməkdir: - əyil!

Keçmişi unutmazlar!!!

 

***

Çox gördüm bu dünyada səbr edən dərvişləri,

                        Daşdan aşdı işləri.

Yetim qaldı arsuzu murada "varmışların",

                        Unutma olmuşları!!!

Dirildir hərdən səni içindəki ölüm də,

                        Sərtdi davranışları.

Gəl götür bu günəşin yarısını əlimdən,

                        Ərit bütün qışları.

Sən əvvələ qayıtdın, mən sonu izləyirəm,

                        Qoy yerinə daşları.

Məktub yazdım, göylərə aparsın... gözləyirəm

                        qumruları, quşları...

Qürur əyilir, sınır, yeni düzən qurulur,

                        Sil daha yaddaşları...

Edam kürsülərində həqiqətlər vurulur -

                        Kətil üstə başları...

 

***

Hamının üzündə bir iztirab var,

Hamı qanadlanır umud üstünə.

Deyirəm, dünyanı tərs çevirəsən,

Adamlar yıxıla bulud üstünə.

 

Qovuşa arzular ənginliklərə,

Yerdə yer tapmayan süzə göyləri.

Min ildi yazırdıq yerin dərdini,

Gətirə bilmirdik sözə göyləri.

 

Deyirəm, dünyanı tərs çevirəsən,

Quşlarla balıqlar verə baş-başa.

Buludlar saxlaya dağların yükün,

Çaşdıra Allahı bu tərs tamaşa.

O da əsəbləşə, coşa, kükrəyə,

Əfv edə, çəkməyə sözü dərinə.

Deyə, kim tərsinə çevirib rəsmi? -

Fırladıb yenidən asa yerinə.

 

***

Ürəyimi söz kimi,

Əllərində bük saxla.

Ürəyimdə eşq yükü -

Bir az da sən yük yaxla.

 

Günəşindir bu baca,

Ömür sirli bulmaca...

Balacanı balaca,

Böyüyü böyük saxla.

 

Bu şad daşı, şən daşı,

Mənə yetişən daşı,

Başıma düşən daşı,

Ətəyinə tök saxla.

 

Çıxıb dünya qəmindən,

Üzün gülsün sənin də.

Saçlarımın dənindən

Torpağına ək, saxla.

 

Qərar ver hər gününə,

Axşam-səhər gününə -

Sözü məşhər gününə,

Tənha saxla, tək saxla.

 

Keçdi neçə el məndən,

Ömür məndən, il məndən.

Ətək səndən, əl məndən,

Əlimə ətək saxla.

 

Demirəm, yan Faiqə,

Bu ruh, bu can Faiqə.

Bir az inan Faiqə,

Bir azca da şəkk saxla.

 

***

Salam olsun şadlığına,

Gözündən güldüyün günə.

Salam olsun Yer üzünə

Göydən töküldüyün günə.

 

Gəlsin dünyanı xəlq edən,

Rizası yarpaq titrədən.

Salam olsun, ey ruh, bədən,

Özünü bildiyin günə.

 

Tən əmanət, can sadağa...

Göl olmusan yağa-yağa.

Toxum kimi bu torpağa,

Şükür əkildiyin günə.

 

Sən adda ölkə saldılar,

Dünyanı şəkə saldılar...

Mələklər kölgə saldılar

Gəlib dincəldiyin günə.

 

Səssiz, sözzsüz ağ çağından,

Qopdun - qopar gül tağından...

Həmd olsun bağlar bağından,

Qopub incəldiyin günə.

 

Sözdü - güldən yüngül kimi,

Üzün niqabı tül kimi...

Ömrümü səpdim gül kimi

Dünyaya gəldiyin günə.

 

***

Bəzən ayaqlarım alır,

Bəzən alır baş gücümü.

Yorub yenə əldən salır

Ötüb keçən yaş gücümü.

 

Ürəyimdə dağ saxlayır,

Bir üzümü ağ saxlayır.

Min ildi torpaq saxlayır,

Saxlayır bu daş gücümü.

 

Faiq ruhun ad parçası,

Gah qəmgin, gah şad parçası.

Kaş olaydım od parçası,

Toparlasam kaş gücümü.

 

Dərdi-qəmi ata bilsəm,

Beş-on şeir sata bilsəm.

Gücümə güc qata bilsəm,

Bir eyləsəm beş gücümü.

 

Üstümüzü ah almasın -

Şeytanı günah almasın.

Arzumdu, Allah almasın,

Mənim bu yaddaş gücümü.

 

Sözdü, səsdi, eşqdi nəşəm,

Belə olsun qoy həmişə.

Səni düşünməkdi peşəm,

Buraxmışam iş-gücümü.

 

***

İçimdə müharibə,

Köhnə-yeni savaşlar...

Sənə olan hisslərim

Hər gün yenidən başlar.

 

Çox getmişəm dərinə,

Çıxar məni sərinə.

Oturmayır yerinə,

Oturmayır bu daşlar.

 

Burda bir eşq mürgülər,

Kim ağlayar, kim gülər...

Köhnəlirmi sevgilər,

Korşalanda yaddaşlar?

 

Rəsmini çəkdim ahın,

Dünən, bu gün, sabahın...

Ayəsidi Allahın

O dodaqlar, o qaşlar.

 

***

Mən könül vermişəm həqiqətlərə,

Bir eşqin içinnən keçib gəlmişəm.

Xızırtək varmışam ölümsüzlüyə,

Dirilik şərbətin içib gəlmişəm.

 

Allah verən ömrü eylədim yarı,

Axtardım insanda insanlıqları.

Geridə qoymuşam qaranlıqları,

Simruq qanadında uçub gəlmişəm.

 

Bir az kövrəlmişəm, bir az dolmuşam,

Sözə vurulmuşam, ilham almışam.

Bir zaman "un idim, qoğal olmuşam,

Atadan-anadan qaçıb gəlmişəm".

 

Söz özü bakirə qız imiş demə,

Sadəcə bəxtini uduzmuş demə.

Dünyanın bir üzü boz imiş demə,

Mən ağı qaradan seçib gəlmişəm.

 

Ortaq et acına, ağrına məni,

Haqqına, düzünə, doğruna məni...

Qucaqla, həyat, bas bağrına məni,

Sənə qollarımı açıb gəlmişəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!