O gecə...
2020-ci ilin oktyabrında
Gəncə raket atəşinə tutulmuşdu...
Zaman çərtib barmağını
duz bağlasa da,
Gələn qan-qadanı qoymuşdu gözdən...
Neçəsinin əcəli
Qanad çala-çala keçmişdi
neçə-meçə dərədən, düzdən...
O gecə
Mənzillər dönmüşdü
Ölüm pətəyinə...
Daşlar-divarlar
həyatın üstə axnamışdı...
Gözəgörünməz qatilin əlləriylə
Ürəklərdəki ümid, inam laxlamışdı...
O gecə
Havanın dizini yerə gətirmişdi
Tüstü qoxusu...
O gecə gözlərində dəfn olunmuşdu
Neçə uşağın,
Neçə ata-ananın yuxusu..
O gecə
Nizami sığmırdı məqbərəsinə,
Şerinin hər sözü, hər hecası diksinmişdi...
Şahə qalxmışdı Cavad xanın qəzəbi,
Qılıncının dəstəyi
əl içi boyda isinmişdi...
O gecə ölüm saçan işıqdan,
Ulduzlar da dönüb fağır olmuşdu.
O gecə Atlantın sərpmişdi beli,
Bircə anın içində
Yerin ağırlığından
Çiyni yağır olmuşdu!..
Füzuli qoymadı
şair olmağa
Füzulişünaslara ehtiramla
Söz-söz pöhrələdi gözümdə aləm,
Misraya düzüldü gah sevinc, gah qəm...
Amma heç əlimə yatmadı qələm,-
Füzuli qoymadı şair olmağa.
Duyğular köksümü döydü qapıtək,
Heca-heca açdı hər gül, hər çiçək...
Qovrulub qalsa da sinəmdə ürək,
Füzuli qoymadı şair olmağa...
Min yol alışsam da,
Min yol yansam da,
Şeiri ən əziz balam sansam da;
Tanrının gözündən oğurlansam da,
Füzuli qoymadı şair olmağa!..
Şairlər yaşayır
bu yer üzündə
Özünə, sözünə bel bağlamayan,
Bircə misrası da heç buğlanmayan;
Sinəsi dərd-qəmlə burğulanmayan,
Şairlər yaşayır bu yer üzündə.
Şairlər yaşayır bu yer üzündə,
İşarmır göyündə bircə ulduzu...
Duyğusu ucuzdur, hissi ucuzdur,
Bilmir ki,
İlhamı udur, uduzur...
Şairlər yaşayır bu yer üzündə,-
Elə üzüyola, başıaşağı...
Yatır mağazada beş arşın ağı!..
Şairlər yaşayır bu yer üzündə!..
***
Bu gül kolu
Azadlığı andıran
Günəşin işartısına
Aldanıb.
Arzusunda, istəyində olduğu
Baharı anıb,
Yazı anıb.
Qönçələyib minbir həvəslə;
Gül açıb...
Sanki girəvələyib,
Məhbəsdən
Bir məhbus qaçıb...
Amma qışın da adı qışdır,-
Yenidən tutulub hava,
Yenidən buz bağlayıb su.
Şaxta axır ki,
Keçirib ələ,
Məhbəsdən qaçan bu məhbusu!..
***
Günahlarımı
xəyalımdakı
başdaşıma yazdım.
...Və günlərin bir günü
Özümü günahlarımdan asdım...
***
Dörd yol ayrıcında
Nəhəng bir çinar...
Nə tufan, nə şimşək qırmaz gözünü.
Əvvəl-axır tənhalıq gətirər yerə,
Onun dizini!..
İlk sevgi şeirim
İlk qarmış sinəmdə qəmim, qəhərim,
Çoxları kənardan gülürmüş bir vaxt.
Mən sənə yazdığım o sətirlərin
Ağzından süd iyi gəlirmiş bir vaxt.
Hələ seçilmirmiş üzüm, astarım,
Dəyişmirmiş cildi, qiyafəni də...
Ötən o hisslərim, o duyğularım
Şikəst eləyibmiş qafiyəni də...
İndi nə şeir um, nə də söz istə,
Cəzam taleyimə yazılıb daha.
Ürəyimin giriş qapısı üstə
O şeirin cəsədi asılıb daha...
Qoşmasayağı
Bu necə dünyadı, necə əyyamdı,
Filə söylədilər naşıdı, xamdı...
Qutulardan çıxdı milçəyin adı,
Qoymadı bir getsin huşa dərdimi.
Görən gözlər baxıb haqqı görmədi,
Bilmədim qarnının ağrısı nədi...
Yaz da ətəyini ələ vermədi,
Söylədim axırda qışa dərdimi.
Bu gediş-gəlişi gözüm almadı,
Şeytanın yolunda izi qalmadı...
Məni bir anlayan, duyan olmadı,
Açdım bircə-bircə daşa dərdimi.
Baxmadılar taleyə də dən düşər,
Bədxah ürəklərə duman-çən düşər...
Düşündülər uçub gözdən gen düşər,
Axır döndərdilər quşa dərdimi.
Vaxt ötdü...
Yolumu bağlasalar da,
Sinəmi yüz yerdən dağlasalar da;
Özümü ayaqda saxlasalar da,
Çəkdiklər həmişə başa dərdimi.
Bircə istəyim var...
"Ukrayna dəftəri"ndən
Vinnitsa şəhərinə düşən qanadlı raket
dörd yaşlı Lizanı və anasını həlak etdi...
Çərpələng qanadına toxunmalı vaxtınıydı,
Nə deyim...
Raket qanadına toxundun, Liza!
"Özün rənglə" albomunda
Raket şəklini
qırmızı rəngə boyamışdın,-
Fırçanı həvəslə çəkə-çəkə...
Günlərin birində Raket də
səni qirmızı rəngə boyadı
al qanını tökə-tökə...
Anan da canını tapşırdı səninlə birgə,
Eh!.. Kim öldü, kim qaldı...
Qucağına sıxdığın kuklan da,
Bu dünyada yetim qaldı...
Bircə istəyim var,
Sənin şəklinlə qoşa,
Qatilin də şəkli böyüdülsün gərək.
Sənin şəklini göz yaşı isladacaq,
Qatilinkini tüpürcək!..
Buça
"Ukrayna dəftəri"ndən
Bu yaxınlarda bizim Xocalının gününə salınmış Buçayla bağlı sosial şəbəkələrdə bir foto və mətnlə qarşılaşdım. Ev sahibi arvadını və uşağını götürüb güllə, mərmi yağışı altda bir təhər canını qurtarır... Gedərkən qapıdakı itin xaltasını açıb buraxır və onu özü ilə götürə bilmir... Bir neçə gündən sonra geri qayıdan həmin adam iti uçub-dağılmış evinin həndəvərində tapır...
Səksəkəli döndüm öz oymağıma,
Səni sağ-salamat görüb sevindim.
Gözlərim çevrildi qan çanağına,
Hikkəmi səbrimlə hörüb sevindim.
Ay itim, üzünə mən necə baxım,
Tufanlar ağzında sanki sovruldum...
Səni belə günə kim saldı axı?
İynə ulduzundan keçəsi oldun.
Taleyinmi güldü üzinə burda,
Sağ-salamat qaldın, bu nə sirdir, sirr...
Səngər yeri tapdın özünə burda,
Şükür ki, düşmənə düşmədin əsir...
Sənsizlikdən dinclik tapammadım bir,
Həkk oldu sinəmə əzabın sənin.
Bəlkə Moskvada azlıq eləyir,
Ora aparıldı yal qabın sənin!?
Öz yuvana olan məhəbbətinlə,
De, təhnizmi vurdun mənə yüz kərə!?
Doğma od-ocağa sədaqətinlə,
Düşmənin dizini gətirdin yerə...
Axtardım, aradım həndəvərimi,
İynə itirsəydim tapardım, ay it.
Zəncirini hərbi qənimət kimi,
Yəqin rus əsgəri apardı, ay it!
Düşünmə Buçanın daim yasıdır,
Mən qisas atımı minib çaparam.
Xaltan da tarixin bir parçasıdır,
Sabah Ermitajdan gedib taparam...
Səksəkəli döndüm öz oymağıma,
Səni sağ-salamat görüb sevindim.
Gözlərim çevrildi qan çanağına,
Hikkəmi səbrimlə hörüb sevindim!..
Daş dili
Ömür-gün yoldaşım
İradə xanımın xatirəsinə
Beş ildir ki, gəlib dolanıram
məzarının başına,
Hər dəfə də
Özün deyil,-
Şəklin çıxır qarşıma...
Daşla dil tapıram,
Daşla danışıram.
Gah buz bağlayır fikirlərim,
donuram,
Gah da od tuturam,
Alışıram, yanıram...
...Ömür boyu
yaxşı öyrənə bilmədim mən,
Nə rus, nə də ingilis dilini...
Bu sevdadan götürdüm əl...
Amma beş ildə
Daş dilini öyrəndim
Çox səlis,çox mükəmməl...
Varlığımda yaşadıram,
Daş sevgisini,
Daş məhəbbətini...
Hətta ürəyimdə tərtib etmişəm
Daş dilinin izahlı lüğətini...
Daha
Yoxsa məhşər günü çatırıb indi,
Şeytanın sayını artırb indi...
Daş atmaq gözümü bərk qırıb indi,
Daşı ətəyimdən tökürəm daha.
Yaxşı anlayıram, yaxşı qanıram,
Dərd-qəmin qolunu çətin qanıram...
Ünvan soruşsalar, susub qalıram,
Gözümü torpağa dikirəm daha.
Ömrüm çəhlim salır yetmiş yaşıma,
Gah qobu, gah qolpun çıxır qarşıma...
Ürəyi buraxıb başlı-başına,
Əlimi köksümdən çəkirəm daha.
***
Zamanın şaxtası dondurur məni,
Günəşə əlimi yelləyənmirəm.
Götürdüyüm belin sınıb təfkəci,
Şər-böhtanı dibdən belləyənmirəm.
Yerini dəyişir aran da, dağ da,
Sanki havanın da yolu dolaşır.
Bahalaşır un da, şəkər də, yağ da,
Söz qiymətdən düşür,
Söz ucuzlaşır...
Görəsən bu dəblə gedirik hara,
Gözü qamaşdırır bədən sərgisi...
Şıdırğı satılan ağ yalanlara,
Qoyulmur əlavə dəyər vergisi...
Çoxları yaşayır muzdlu həyatı,
Üzündən, gözündən qəhər çəkilmir.
Sanayır aldığı beş-on manatı,
Ovcunda qabarı sanaya bilmir.
Bağ evləri ilə sədd çəkə-çəkə,
Xəzəri alırlar mühasirəyə.
Yolu kəsirlər ki,
Dənizdə bəlkə
İntiharın sayı azalar deyə...
Dəli şeytan tərs-tərs baxır üzümə,
Ağzına yiyəlik elə deyir sən!
Ağlına gələni kağıza düzmə,
Görünür məndən də hələ dəlisən!
Zamanın şaxtası dondurur məni,
Günəşə əlimi yelləyənmirəm.
Götürdüyüm belin sınıb təfkəci,
Şər-böhtanı dibdən belləyənmirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!